Pilot Ekzüperinin yazıçı
Ekzüperiyə hədiyyəsi
Məni
yazdığım yerlərdə axtarın...
Bu kitabı yaşlı adama həsr etdiyim
üçün uşaqlardan məni
bağışlamalarını xahiş edirəm. Özümə haqq
qazandırmaq üçün deməliyəm ki, bu
yaşlı adam mənim ən
yaxşı dostumdur. Bundan əlavə, o,
dünyada hər şeyi başa düşür, hətta
uşaq kitablarını da. Özü də Fransada
yaşayır, orada isə bu saat aclıqdır, soyuqdur... Onun təsəlliyə çox-çox ehtiyacı
var. Əgər bütün bunlar mənə bəraət
qazandırmırsa, onda bu kitabı həmin uşağa həsr
edirəm ki, o, indi mənim ən yaşlı dostumdur.
Axı bütün yaşlılar əvvəlcə uşaq
olmuşlar...
Hər şey, əslində, təyyarənin mühərrikinin
xarab olması ilə başladı. Böyük səhrada canıyla əlləşən
pilot balaca həmsöhbətini əvvəlcə təəccüblə
qarşılasa da, sonradan onun hər dediyini etdi, hər
sözünü dinlədi... Və beləliklə,
onu dünyanın ən balaca və ən böyük qəhrəmanına
çevirdi.
Söhbət
fransız pilot, şair və yazıçı
Antuan dö Sent-Ekzüperinin "Balaca Şahzadə"sindən
gedir. Hansı ki dünyada ən çox
satılan və ən çox dilə tərcümə olunan
kitablardan biridir və çox yəqin ki, birincisidir.
- 200-ə
yaxın dil və ayrı-ayrı dialektlər...
Yəni
bu gün "Balaca Şahzadə" elə bir dildə
danışır ki, onu hamı başa düşür: azərbaycanlı
da, rus da, ingilis də, yapon da. Və o, hamını başa
düşür: azərbaycanlını da, rusu da, ingilisi də,
yaponu da.
Ekzüperinin
pilotunun (oxu: özünün) rastlaşdığı
"balaca qəhrəman" həm də bizim öz
içimizdəki uşaq obrazımızdır. Hansı ki yeri gələndə o obrazla fəxr edər,
yeri gəldikdə isə biryolluq onu gizlətməyə
çalışarıq. Ondan qaçmaq
üçün və hətta onu "öldürmək"
üçün, az qala, hər yola əl
atarıq. Yazıçının birinci
növbədə uğuru o idi ki, "Balaca Şahzadə"
vasitəsilə hamının uşaq "mən"inini bir
andaca oyada və ortaya çıxara bildi. Qəti
və amansız bir şəkildə bizi yaşadan, bizi insan
edən, bizi biz edənin məhz həmin o "Balaca Şahzadəliyimiz"
olmasını güzgü kimi qarşımıza qoydu. Əsəri
oxuyan adam üçünsə bu
güzgüdən qaçış yoxdur.
Müəllifin həyatının dönüş
nöqtəsi 1921-ci ildə Fransa ordu sıralarına
çağrılmağı və daha sonra təyyarəçi
olmağıdırsa, yaradıcılığında da eyni
sözü "Balaca Şahzadə" haqqında deyə bilərik.
"Balaca Şahzadə" və onun təhkiyə dili
Ekzüperinin tapıntısı idi. Bəli, bu, birmənalı
olaraq, tapıntıdır. Əsər
başdan-sona elə bir dillə nəql olunur ki, yazıdan
qopmaq qeyri-mümkündür (Bunun istənilən tərcümədə
eyni effekt verdiyini xüsusilə vurğulamaq istəyirəm).
Bəs
"Balaca Şahzadə"ni özəl
qılan, dünyanın dörd bir tərəfində 200-ə
yaxın dildə danışdıran təkcə təhkiyə
məsələsidirmi? Məncə, yox.
Əsər
hər gün, hər saat, hər dəqiqə
rastlaşdığımız, həyatımızın, bəlkə
də, lazımsız köşələrində itib-batan məfhumlara
elə bir "yük" (bu "yük"ü həm də
"sevgi" kimi oxuyun) verir ki, o obrazı əsərin
içərisindən çıxarıb bir də öz
gözünlə baxmağı lazım bilirsən. Məsələn,
ən adicə bir gülün insanlarda oyada biləcəyi
müsbət təəssüratı Ekzüperi və onun qəhrəmanının
dilindən təqdim olunmasına baxaq:
Mən bir planet tanıyıram, orada qırmızısifət
bir cənab var. O, ömründə heç gül iyləməyib,
heç zaman heç bir ulduza baxmayıb, heç vaxt kimsəni
sevməyib, rəqəmləri cəmləməkdən
başqa heç bir məşğuliyyəti olmayıb. Və bütün
günü sənin kimi hey təkrar edir: "Mən ciddi
adamam! Mən ciddi adamam!" Bununla da fəxr edir, təkəbbüründən
şişib dağılır.
"O,
ömründə heç gül iyləməyib". İlk baxışdan, bu ifadədə təəccüblü
nəsə tapmırsan. Kiminsə həyatı
boyunca gül iyləməməsinə fəlakət kimi
baxmağa cəhd belə eləmirsən. Amma
bir də özünü həmin adamın yerinə qoyursan.
"Mən ömrüm boyu bir gülü iyləmə
ehtiyacı duymasam, nə olardı?"
Bax əsl möcüzə də bundan sonra
başlayır. "Balaca Şahzadə"nin də
dediyi kimi...
Qəhrəmanımızın əsər boyunca fərqli-fərqli
planetlərə səyahəti sırasında
rastlaşıdığı obrazlarınsa hər biri
hansısa bir çatışmazlığın
qurbanıdır. Hansı ki bu obrazlar hər gün müxtəlif
vaxt və məkanlarda rastlaşa biləcəyimiz adamların
xarakter və insani keyfiyyəti ilə səsləşir.
Məsələn, kral ancaq və ancaq hökm
etmək, idarəedici qüvvə olmaq üçün
yaşayırsa, sərxoş obrazın həyatı
sönük, ümidsiz və məyusluqla doludur. "Balaca Şahzadə" yeri gəldikdə bu
obrazları öz diliylə, öz ağıl və
düşüncəsi ilə tənqid eləməkdən də
çəkinmir.
Bəzən isə bu tənqid dialoqun məzmununda gizlənir. Əlavə şərhə,
əlavə izaha ehtiyac hissi olmadan:
Balaca
Şahzadə: Mənim bir çiçəyim var.
Coğrafiyaçı:
Biz çiçəkləri qeydiyyata almırıq.
Balaca
Şahzadə: Niyə axı? Axı o, çox
gözəldir.
Coğrafiyaçı:
Çiçəklər gəldi-gedərdi.
Balaca
Şahzadə: Gəldi-gedər nə deməkdir axı?..
Qəhrəmanımızın
insanlarda görmək istədiyi başlıca hiss sevgidir, sədaqətdir,
xoşbəxt olmaq üçün hər hansısa bir səbəbi
axtarmaqdır, tapmaqdır. Bu, adicə bir gül qoxusu da ola bilər, günəşin batışı
da, ulduzun axışı da...
Eyni saatda gəlməyin daha yaxşı olardı. Məsələn,
sən əgər saat dörddə gələcəksənsə,
mən saat üçdən xoşbəxt olmağa
başlayıram.
"Balaca
Şahzadə"nin həmsöhbətlərindən
biri olan tülkünün dilindən səslənən bu
fikir, əslində, əsərin ümumi mahiyyətinin əsas
açarlarından biridir. "Xoşbəxt olmaq
üçün səbəb..." Sən kiminsə gəlişindən
xoşbəxt olmaqdan əlavə, onu gözləməkdən
və o gözləntinin yaşanıla biləcək
uğurlu finalından da xoşbəxt ola
bilərsən.
Epizodik
obrazların hər birinin başlıca vəzifəsi var ki,
"Balaca Şahzadə"nin onlarla
görüşünün əsas qayəsini həmin vəzifəyə,
yaxud da xarakterə özünəməxsus rəy verməsidir.
Bu baxımdan, bütün kənar obrazlar
içərisində qəhrəmanımızın müsbət
reaksiya verdiyi ən başlıca obraz fənərçidir.
Fənərçi xarakter olaraq, çox kobud və
qırıcı təsir bağışlayır. Amma istənilən halda, onun işi, hər nə qədər
mənasız olsa da, şikayətlənməmək prinsipi, sədaqət
prinsipi onu digərlərindən çox-çox fərqləndirir.
Və sevdirir. Haqq
qazandırır.
Əsər
haqqında bir sıra maraqlı nüanslar olsa da, bunlar
içərisində ən diqqət çəkəni
Ekzüperinin "Balaca Şahzadə"ni
həyatının ən depressiv vaxtında yazmasıdır.
Fransa ordusunun buraxılması və Parisin təslim
olmasından sonra bir müddət özünə qapanan pilot az sonra ölməz bir əsər
yazacağından, yəqin ki, özü də xəbərsiz
idi. Və əslində, Ekzüperinin məhz həmin
situasiyada ehtiyac duyduğu tək şey içindəki
uşaq məsumluğu, uşaq inancı və uşaq
ümidi idi. Ki onu "Balaca Şahzadə"
obrazında yarada bildi.
Sözügedən əsər zaman-zaman həm uşaq ədəbiyyatının,
həm də böyüklər üçün olan ədəbiyyatın
bir parçası kimi təqdim edilib. Qəribəsi odur ki, bu kitab
insanın hər yaş dövrü üçün oxunulacaq
kitab ola bilər. Amma bir
şərtlə ki, oxucu içində
uşaqlığını qoruya bilsin. Onun
var olmasından çəkinməsin, böyüsə belə,
onu içində həmişə yaşatsın və hiss eləsin.
Bundan sonrası isə "Balaca Şahzadə"nin boynuna. O, səninlə mütləq şəkildə
dil tapacaq. Mütləq şəkildə!
Ümumiyyətlə,
"Balaca Şahzadə"nin
böyüklərlə (bəlkə də, ruhən
böyüməklə) münasibəti o qədər də
yaxşı deyil. Bunu Ekzüperi, az qala, qəhrəmanın hər
səyahəti sonrası dilə gətiririr:
"Böyük
adamlar çox qəribədir..."
"Böyüklər bir şeyi tək başına
anlamırlar, onlara hər şeyi izah etmək də çox
cansıxıcı bir şeydir".
"Bütün böyüklər uşaq olublar, amma
bunu hamısı xatırlamır".
Əsərdə Balaca Şahzadənin bəhs elədiyi
və göz bəbəyi kimi qoruduğu qızılgül isə
Ekzüperinin həyat yoldaşını simvolizə edir ki, bu
baxımdan, əsərin ərsəyə gəlməsində
xanım Kansuelonun ilham mənbəyi olmasını da qeyd eləmək
yerinə düşər. Ekzüperinin pilot həyatına və
vəzifəsindən dolayı həyat yoldaşından
mütəmadi və uzun zamanları əhatə edən
ayrılıqlara dözməsi, onu tərk etməməsi,
yanında qalması məsələsi də ciddi bir sədaqət
mövzusudur. Və bu baxımdan, əsərdəki
qızılgülün Ekzüperinin həyat
yoldaşının proobrazı olduğunu dediyimiz kimi, ona
sadiqlik nümayiş etdirən Balaca Şahzadənin də elə
məhz Ekzüperi olması nəticəsinə gəlmək
mümkündür. Hər nə qədər
şübhə doğursa da.
Bir sözlə, "dünyanın bütün dillərində
danışan bu əsəri Ekzüperiyə və onun həyat
yoldaşına olan sevgi və sədaqətinə
borcluyuq" fikri ümümi əsər haqqında gəlinə
biləcək ən yaxşı qənaətdir.
Bəs bu sevgi və sədaqət nədir?
Onun cavabı isə kitabdadır. Əsas odur
ki, kitabı ürəklə vərəqləyin. Balaca
qəhrəmanın da dediyi kimi:
Həqiqəti gözlər görə bilməz. İnsan
ürəyi ilə anlamağa çalışmalıdır.
Nihat Piri
525-ci qəzet.-2021.- 3 sentyabr.- S.15.