Tanrı dağlarından gələn şair  

 

Ya buyruq, ya yumruq altındadır,

Dünyanın vətən olmayan torpaqları...

Boyun üzülən yerdə boyunduruq böyüyür,

Boynu buruq böyüyür

Vətən olmayan torpaqların uşaqları...

Arzulara varmaq,

Qanla suvarılmaq, -

Vətən olmaq istəyir Torpaq!

 

Onun şeirlərində əzmkar döyüşçü ruhu var; yurdu sevməyə çağırış vətən şeirlərinin ana qayəsidir. İctimai-siyasi fəaliyyətiylə yaradıcılığı bu mənada bir-birini tamamlayır. Milli mənafeyi bütün varlığı ilə müdafiə edən şair böyük mücadilələrdən keçib hər dəfə fədakarlıq nümunəsi göstərib. Çünki o, "qələbə çalmaq məğlubları bağışlamaq arzusuyla döyünən bir ürəyin şair yiyəsi"dir.

 

Canım da adımın öğey vətəni,

Tükənən günləri bu gün sabahda.

Mənəm içinizdə suçunuz. Məni,

Unutmaq da çətin, xatırlamaq da...

 

Çoxəsrlik Azərbaycan ədəbiyyatına fərqli bir səs gətirən şair yeni söz dövrü yaradıb. Misraları ilahi eşqlə yazılıb, açılmayan qapıları aça bilib.

 

Qırxıncı qapıyam sirrim bilinməz,

Bir sirr ki, axşam, sabah bilər.

Mən elə yerdəyəm, yerim bilinməz,

Yerdəmi, göydəmi, bir Allah bilər.

 

Məmməd İsmayılın poetikası gerçəkliyi özünəməxsus tərzdə motivləndirir. Yeni poetik obrazlar, fərqli çalarlar əsərin orijinallığını təmin edir. Hər bəndinin sonunda isə ağıl oynadan bir sorğu var...

 

Şirinliyi hardan alır  

bal bilsin

Sora bilsən,

Gedib soruş,

arı bilər.

Axşam harda yatdığını

sən bilirsən

Sabah harda oyanarsan

Tanrı bilər.

 

Hardan başlayır Vətən? Şair dünyanın harasında olursa, saza-sözə sevdalı bir yeri - dünyaya göz açdığı Tovuzunu sorur, soraqlayır, boyunu sevir.

 

Anadolu yolunda

Yorulub yolda qalan Quzum,

Doqquz oğuzum,

Tovuzum - Ana yurdum.

 

"Tovuzdan o yana yol tanımıram" misrasından başlanan vətən konseptinin mikro modeli böyüyür bütövlükdə Türk dünyasını  əhatə edir. "Yurd sevgisi, Azərbaycanla sınırlanmır, bütün Türk dünyasını qucaqlayan bir sevgi seli halına gəlir". beləcə, Məmməd İsmayıl Türk dünyasına cığır açır.

 

Demə bura hara, oğul, sən hara,

Düşüb yaddaşımın izinə gəldim.

Əsrdən əsrə - üzü  bahara

Tanrı dağlarının özünə gəldim.

 

Şairin yaşı yaşayış yeri dəyişdikcə vətən konsepti dəyişir, yer insan bir-birindən ayrılır, şair söz özündə qürbəti birləşdirir, şairin sözü vətəndə, özü qürbətdə qalır.

 

Gedərsən, məchula yol gedər gedən,

Qürbət, bir açılmaz sirdən başlayar.

Burnunun ucunu göynədən vətən

Yadına düşdüyü yerdən başlayar.

 

Onun kədəri müqəddəs kədərdir. Özünün dediyi kimi, adilikdən aliliyə gedən yolun yolçusu bir dərviş çiləsinin yanğılarıdır.

 

Məmməd İsmayılın şeirlərində milli dəyərlərə qayıdış hələ Sovet dövrünün dinc səssiz vaxtlarında başlanmışdı. "Ağacdələn, döy qapımı" şeirilə yaddaşlara səs, ün salmışdı. Bu səs, bu səda milli oyanışa bir səsləniş, bir xitab idi.

 

elə tarixin o çətin vaxtında -  sovetlerin var olduğu, amansız yasaqların davam etdiyi 1990-cı ildə milli şairimiz milli bayrağımızı "Gənclik" jurnalının üz qapağında "ucalda" bildi.

 

Məmməd İsmayıl Bilgə Kağanın, İstemi Kağanın türk dövlətçilik tarixindəki rolunu öz şeirləri ilə həyata keçirirdi. Türk birliyinə çağırır bu yolda mübarizə aparırdı.

 

Mehmet Emin Yurdakul "Unutma ki, şairləri hayqırmayan bir millət, sevənləri torpaq olmuş öysüz çocuk kimidir" deyirdisə, Məmməd İsmayıl:

 

Şairləri susmayan bir vətən basılmayıb,

Qəlbimdə can yerinə buna ümid bəslədim.

Yolunda şəhid olmaq baxtıma yazılmayıb,

Bayrağına bükülüb dəfn olunmaq həsrətim...  

   

deyirdi özü tarixin çox çətin vaxtında deyirdi. 

 

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqları işğal olunmağa başlayır. Torpaqlar itirilir, vətən parçalanır, bölünür kiçildikcə kiçilir.

 

Halından çıxarıb insanı hədə,

Boş qalan yurdlarda ulaşır itlər.

Şair Qarabağda, şair Göyçədə,

Canını el üçün verən şəhidlər, -

Mən şair deyiləm, atam-qardaşım.

 

Milli dəyərlərin ciddi şəkildə zədələndiyi tarixi şəraitdə şair olmaq, dərdlərin tərcümanı olmaq da çox çətin idi. Şair böyük ağrı ilə "hələ millət olmanın ana bətni çatışmır" deyə yazırdı.

 

Milli dərd şairi üstələmiş, şairlik dərdin kölgəsində qalmışdı. Dərdin böyüklüyü şeiri , şairi ötüb keçmişdi.

 

Hələ arzuları toz içindədir,

Hələ demədiyi söz içindədir.

Bilmir çıxış yolu öz içindədir,

Özgə ümidinə yesir bu millət.

 

Qarabağ dərdi yenidən onun yaradıcılığına qəm ələyir. Şuşa yağmalanır - şairin "içini parçalayıb çıxan Şuşalı misraları" haray qoparır:

 

Tanrım, bu, keçmiş, gələcəkmiş,

Ona da ləkədi, buna da ləkə...

Yurdun sinəsində Şuşa ürəkmiş

Yaşaya bilərmi ürəksiz ölkə?!

 

Laçın yağmalanır: "Yolu yomrulmuş, yaralı quşunu" - Laçınını soraqlayır şair. tam əminliklə "Mən məğlub millətin məğlub şairi kimi dünyadan köçməyəcəyəm" deyir.

 

Bu Vətənin nəyi var - azı-çoxu döyüşər,

Dağı, daşı, torpağı, varı, yoxu döyüşər,

Neçə şəhid igidin nakam ruhu döyüşər,

Bir əsgərə çevrilər burda hər məzar daşı,

Yetər ki ayağa qalx, sən başla bu savaşı.

 

Xan əsgərimizin boyunu sevən,  "Boyuna qurban olum Azərbaycan əsgəri, dünyanın ən mübarək qələbəsi sənindir" deyən şair qoşmalarıyla haqqa qoşur, "Xan əsgəri"nə haqq savaşında qələbə qazandırır.

 

"Bir zamanlar "Hələ millət olmanın ana bətni çatışmır" yazmışdım. İndi o sözlərimi geri götürürəm. Millət olmanın ana bətni cəmi 40 gün ərzində gözümüzün önündəcə gerçəkləşdi. Vətən torpağı uğrunda döyüşlər cəmi 40 gün ərzində dünyanın gözü önündə xalqımızı millətə çevirdi, həm böyük bir millətə... Ölkəmiz döyünən ürəyini unutmayacaqdı. Ürəksiz bədən yaşaya bilməzdi ki?!"

 

Böyük şair Şuşanın fəthini İstanbulun fəthiylə müqayisə edir:

 

"Şuşanı fəth edən Ali Baş Komandan gözəl komandan, onu fərh edən ordu gözəl ordudur. Onlar bizə bu tarixi qələbəni yaşatdıqlarına görə hər cür təqdiri haqq etdilər. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bizi ruh bədənə qayıdan kimi ürəyimizə - Şuşaya qaytardı".

Haqq şairi əslində, qəlbinin dərinliyində bilirdi ki, qələbə uzaqda deyil, əgər savaş başlasa, bu vətənin təkcə əsgəri deyil, qocası, qadını, uşağı, lap dağı-daşı da torpaq uğrunda döyüşər zəfər qazanar.

 

"Əlini gözünün üstünə qoyub tanrı dağlarından tarixə baxan türk oğlu" gəldiyi yolları unutmadı. O yollar ki, onu həsrətin bitdiyi yerlərə çəkib aparır.

 

"Hədəfi - qızıl alma

Ünyetməz bir hədəfdi.

Bir ömür həsrət yolu"...

 

O, elə yoldur ki, çiləli, dərdli dərvişlər bilər onun əzabını qovuşmağın doyumsuzluğunu. O yol vətən yoludur... O yol Məmməd İsmayıl kimi haqq şairinin sevgi, istək, əbədiyyət yoludur...

 

Aynur AYDIN

 

525-ci qəzet.-2021.- 3 sentyabr.- S.10.