Əzizlərimi bir-bir itirdim...  

 

İnsan oğlu təəssüf ki, ixtiyar çağında həyatı gəncliyindəki kimi dərk edə bilmir. Gənclik şənlik, gülüş, qəhqəhə, coşğun eşq-həvəs, çalışıb-vuruşmaq, məslək uğrunda uğurlar qazana bilmək  cəhdi deməkdir. gözəldi o günlər. Keçən günə gün çatarmı? Yox, yox, yox. Hər şey keçmişdə, gənclik illərində qaldı. əl çatar o günlərə, ün yetər o çağlara. Bilmirsən ki, irəlidə səni Məhəmməd Hüseyn Şəhriyar demişkən, ayrılıqlar, itkinliklər, ölümlər var. Həsrətlə, intizarla sənin yolunu - gəlişini gözləyir.

 

Son illər dostlarımın, əzizlərimin bir-birinin ardınca itkisi məni bu fikrə gətirdi, düşüncələrimi bu kəlmələrlə ifadə etməli oldum. 2013-cü ildə ortancıl qardaşım Müzadilin qəfil dünyasını dəyişməsi, 2016-cı ildə anam Firuzəni itirməyim, 2018-ci ildə Sazbənd Qəzənfər dostumuzu, kimya elmləri doktoru, professor Rza Abbasoğlunu, 2019-da böyük qardaşım Zakirin, on gün aradan keçəndən sonra qardaş qədər əziz olan professor Babək Qurbanovu xərçəng xəstəliyindən dünyasını dəyişməsinin üstündən indibir neçə gün olar ki, Şöhrət Səlimbəylinin də adının adlarını zikr etdiyim siyahıda olması məni həqiqətən çox sarsıtdı. Bir neçə gün gizli saxlasalar da, dərd tez yayılar deyiblər. Bu qara xəbər mənə çatanda anidən yerimdə dondum. Donub qaldım. tez getdi? Qardaşım Müzadil həkim kimi, 60 yaşını tamamlamadan əl götürdü bu dünyadan. Türkiyədə bir söz var, hər zaman xatırlamaqdayam. Deyir: "Əcəl gəlmiş cahanə, xəstəliklər bəhanə". Bir həftənin içində COVİD-19 deyilən qara kabus Şöhrət Səlimbəyli adlı əzizimizi apardı. Xəyalım çox gerilərə getdi. Rəna xanımla ailə həyatı qurandan 10 il sonra nəhayət, iki övladı dünyaya gələndə o sevinclərinə qədər sevinmişdik ailəmlə birlikdə. Çünki Pirə, müqəddəs Mir Möhsün Ağanın ziyarətinə gedərkən çox dua etmişdim onların arzusu yerinə yetsin deyə. 14 yaşlarında atasız qalmaq çox ağırdır, dözülməzdir. Qarşıda dayanan min bir problemin çözülməməsi deməkdir. Ata böyük arxa, qürur, hər bir övlad üçün inam deməkdir. Təəssüf ki, bu inam həyata olan inamsızlıqla nöqtələndi. Gözlərimin önündə ailəsi üçün necə həyəcan keçirən Şöhrət bəyin cüt balasının əllərini çörəyə çatdırmaq məramı yarımçıq qaldı. Çox təəssüf hissi keçirməkdəyəm. Allahım bilən məsləhətdir. Türklərin bir sözü var, Mövlam eyləsə, çox gözəl eylər. Bir bu sözlə razılaşa bilmirəm. Yenə təqdir İlahidəndir. Allah bilən məsləhətdir.

 

İsmini andığım əzizlərimin telefon nömrələrini siləməyə heç əlim gəlmir. Sanki zəng edib özləri ilə danışacağam. Heyhat, əfsus, mümkün olan şey deyil. əlim, ürəyim gəlir, gücüm yetir siləm. Nömrələrə baxa-baxa deyirəm, zəng etsəm, görüşə bilərəmmi? Bu arzum yerinə yetə bilərmi? Özümdə güc toplayıb 055 310 22 12 nömrəli telefonun düyməsini basanda düşündüm ki, Şöhrətin özünəməxsus tembrli səsini duyacam. Fəqət telefon açıldığında kiçik oğlunun səsini duyduğumda nə deyəcəyimi unutdum, anidən çaşıb qaldım. Tez özümü toparlayıb həyəcanlı, təlaşlı səslə danışmağa başladım. Nə dediyimi bilmədim, duruxdum. Anası Rəna xanımı sordum ki, başsağlığı verim. Fəqət aptekə dərman almağa getdiyini xəbər verdi. "İlqar əmindir, ay oğlum" - deyib başsağlığı verməli oldum körpə, həssas qəlbli övladına. Nə qədər ağırdır bu ani görüş mənim üçün. Yeniyetmə gəncin axı günahı nə? Arxası-dayağı olan atasına görə övladına başsağlığı vermək olarmı? Bu vəziyyətin həyəcanını bir neçə gündür ki, ata bilmirəm. Ata da bilməyəcəyəm yəqin ki...

 

 

 

Şöhrətin Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına töhfələri gözlərim önünə gəlir. Bir çox elm, sənət  adamlarımızı, şairlərimiz, nasirlərimizi, yazarlarımızı təsisçisi olduğu "Sərbəst düşüncə" qəzetində mütəmadi çap edib xalqımıza tanıtmaqla savab əməllərə imza atardı bu Vətən oğlumuz. Mənim bir çox məqalələrimin işıq üzü görməsində Şöhrət bəyin xidmətini heç unutmuram. 1997-ci ildə "Ansambl üçün pyeslər məcmuəsi", 2008-ci ildə "Azərbaycan və İran türklərinin  aşıq ifaçılıq sənətinin səciyyəvi xüsusiyyətləri" adlı doktorluq dissertasiyamın kitab halında yayımlanmasında nə qədər canfəşanlıq göstərdiyi o xoş günlərin bir anı kimi xatirəmdə yaşamaqdadır. Çalışdığı nəşriyyatda hər görüşüm zamanı masada yeni-yeni kitabların sərgiləndiyini görəndə bilirdim ki, bu yayımda Şöhrətin zəhməti, əməyi var. "Avropa Nəşr Mətbu Evi"nin təsis etdiyi qızıl medalı da sayılıb-seçilən şəxsiyətlərə təqqim etməkdən qürur duyardı. Bu mükafatın birini də mənə uyğun gördü 2016-cı ildə. Professor Babək müəllim Qaziantepdə bu mükafatı mənə təqdim etdiyi vaxt xəstə idim. Mükafatı kirayədə qaldığım evə gətirib təqdim etdi ki, ümidsiz olmayım, gələcəyə inamla baxım. "Keçib gedər bu xəstəlik, ay İlqar" - deyib qızıl medalı mənə təqdim etdi. Təbii ki, Babək müəllimlə Şöhrət bəyin bu diqqəti ömrümün sonuna kimi xatirəmdə qalacaq. Təəssüf ki, artıq bu təsisçilər yoxdur, aramızdan ayrılıb Haqq dünyasına qovuşublar. Yayımladığı məqalələr, kitablar, medal var arxivimdə, fəqət sahibləri nə yazıq ki, daha yoxdur. Fani dünya bu imiş, indi anladım. Xatirələri yaşayır, özləri isə daha yoxdur. Babək müəllimin bir çox kitablarının yayımlanmasında Şöhrət Səlimbəylinin xüsusi rolu və xidmətləri olub. 20-yə yaxın elmi məqaləsinin "Sərbəst düşüncə" qəzetində çap etdirdiyini də bilirəm.  Babək müəllimlə Şöhrət Səlimbəylinin münasibəti sağlam ünsiyyət, elmi yaradıcılıq müstəvisində qurulmuşdu. Bu səbəblə də Şöhrət bəyin kitablarına ön söz yazması təbii ki, elm xadimi, professor Babək Osmanoğlunun Şöhrətin yaradıcılığına olan diqqətin nəticəsi idi. Bütün bunlar iki xoşamallı insanın bir-birinə etibarının, məhəbbətinin göstəricisi idi. Bir gün Qazaxdan Ərdahana kimi Babək müəllimi xüsusi bir avtomobillə qohumu Rasimlə birlikdə yolçuluq etməklə, iki ölkənin sərhədini aşması və həmin güngeri dönməsi bu ülvi dostluğun aliliyindən xəbər verirdi. 

 

Vətənpərvər oğlumuz dedikdə Şöhrət Səlimbəyli ağlıma gəlir. Yayımladığı neçə kitablarda yer alan mövzuları gördükcə heyrət edirdim.

 

Günümüzün tarixi olaylarını əks etdirən mövzular var idi. Neçə-neçə şəhid övladlarımız haqda bilgilər, şəkillər tarixi fakt olaraq bu kitablarda yer alırdı. İndi isə mənim xatirəmdə yer alır Şöhrət Səlimbəyli adlı elm xadimimiz. Allah rəhmət eləsin əzizim Şöhrət Səlimbəyliyə. İnanıram ki, pak əməllərini, ömür yolunu çüt övladı yaşadacaq. Əzizim Şöhrət, bil ki, uyuduğun torpaq Qarabağımızın işğaldan azad olunan torpağın bir parçasıdır və torpaqlar şəhid qanları ilə suvarılıb. Ruhun şad olsun, xalqımızın təmənnasız, gözü tox, amalı pak övladı!..

 

 

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV

Sənətşünaslıq elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi

 

525-ci qəzet.-2021.- 4 sentyabr.- S.22.