Əsrlərdən soraq verən 75 il  

 

Tərcümə, getdikcə daralan dünyada dillər və  mədəniyyətlərarası əlaqələrə zəmin yaradan, sevgisi, nifrəti, mənəvi dəyərləri ilə dünyanın hər yerində eyni olan insanı simvolizə edən ədəbi əsərlərin ortaq nöqtələrini ortaya qoyan, fərqli irq, millət və dinlərə mənsub olan insanların bir-birinə yaxınlaşmalarını təmin edən əhəmiyyətli bir mədəniyyət körpüsüdür desək yanılmarıq. Tərcümə istər oxucu, istər müəllif qarşısında yeni üfüqlər açan və onu yeni dünya ilə tanış edən bir pəncərədir. Məşhur fransız yazıçısı, Nobel mükafatçısı Andre Pol Jid "hər bir yazar xarici əsəri tərcümə edərək öz ədəbiyyatını zənginləşdirir" fikri ilə, demək olar ki, tərcümənin ədəbiyyat, mədəniyyət tarixindəki mövqeyini tam işıqlandırıb.

 

Şərqşünas alim, akademik Möhsün Nağısoylu tərcümə etdiyi fundamental əsərlərlə ədəbiyyatımıza, ümumilikdə mədəniyyətimizə dəyərli töhfələr verib. 1972-ci ildən ömrünü şərq əlyazma mətnlərinin, xüsusən də, farsdilli əlyazmaların araşdırılmasına, Azərbaycan filololoji elminə tanıdılmasına həsr edən alim həm orta əsr Azərbaycan-türk tərcümə abidələrinin aşkara çıxarılması, nəşri və tədqiqi sahəsində, həm də şərq dünyasının mənəvi sərvətləri, orta əsr Türk-İslam mədəniyyətinin mühüm qaynaqları olan əsərlərin tərcüməsi işində uğurlu nailiyyətlər qazanıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan zəngin farsdilli qaynaqları, dəyərli nümunələri elmi ictimaiyyətə tanıtmaq, gələcək tədqiqatçıların diqqətinə çatdırmaq üçün kataloqlaşdırma işinin əhəmiyyətini nəzərə alan alim, həm farsdilli abidələrin kataloqlarının hazırlanmasında, həm də bu əsərlərin tək-tək öyrənilib, nəşr olunmasında böyük əmək, zəhmət sərf edib. Orta əsrlərdə qələmə alınan müxtəlif məzmunlu türkdilli və farsdilli abidələrin tədqiqi sahəsində mütəxəssis kimi yetişən akademik Möhsün Nağısoylu ayrı-ayrı illərdə şərq fəlsəfi fikrini, islam dinini tərənnüm edən, orta əsrlər şərq dünyasının sahib olduğu milli-mənəvi dəyərlər kodeksi olan bir çox əsəri: Sədrəddin Bəlağinin "Quran qissələri", Əqiqi Bəxşayişinin "Sidiqiye-Tahirə" və Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərlərini fars dilindən ana dilimizə tərcümə edib, həm də monoqrafik şəkildə əhatəli izahlarla təhlilini verib.

 

1992-ci ildə Sədrəddin Bəlağinin "Quran qissələri" əsərini ana dilimizə tərcümə edən Möhsün Nağısoylu əsərin birinci nəşrini Bakıda, II nəşrini 2001-ci ildə İranın paytaxtı Tehranda, III nəşrini İranın Qum şəhərində həyata keçirmişdir. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə bəhsi keçən hekayələrdən ibarət olan qissələr dini termin və ritualların zənginliyi baxımından da diqqət çəkir. Həm elmi, həm də bədii tərcümə ilə məşğul olan görkəmli mütərcim fars dilinə dərindən bələd olduğu, orta əsrlər tərcümə sənətinin incəliklərini, şərq tərcümə sənətinin zəngin elmi-nəzəri prinsiplərini bildiyi üçün əsəri orijinalı ilə eyni şəkildə tərcümə edib, izahlı olaraq ərsəyə gətirib. Hər bir tərcümə əsərində tərcüməçinin üslubu, imzası aydın seçilir, onun dəsti-xətti, ruhunu görmək olur. Fars dilinin incəliklərinə vaqif olan mətnşünas-dilçi alim tərcümənin prinsiplərinə və tərcümə zamanı iki fərqli dil arasındakı uyğunsuzluqları, fərqlilikləri, fikrin ifadəsi zamanı qarşılaşılan çətinlikləri nəzərə alaraq bir çox əsəri peşəkarlıqla dilimizə çevirib, elmimizə, mədəniyyətimizə töhfə etdiyi bu əsərlərə öz ruhunu qataraq tərcümə tarixində özünəməxsus mövqe qazanıb.

 

1996-cı ildə başqa bir farsdilli abidəni - Əqiqi Bəxşayeşinin "Siddiqeyi Tahirə" əsərini dilimizə tərcümə edən akademik Möhsün Nağısoylu bu işi ilə Azərbaycanda İslam tarixi və İslam dininin müqəddəsləri haqqında olan bilgilərin artmasına, islami elmlərin inkişafına da təsir göstərib. Əsərin tərcüməsi ilk dəfə 1996-cı ildə Bakıda, sonra isə 1997-ci ildə İranın Qum şəhərində nəşr olunub. 228 səhifədən ibarət olan tərcümə əsəri tərkibindəki dini termin, istilah və zəngin tarixi informativ bilgiləri ilə diqqət çəkir. Kitabın əvvəlində Fatimə adının "sadə bir ad qəlibindən çıxaraq İslam məktəbi, İslam mədəniyyəti çərçivəsində" müqəddəs və ali bir ada çevrildiyi, onu yalnız pak bir qəlblə yad etmək, adını yalnız pak bir ağızla dilə gətirmək mümkün olduğu, kitabda onun haqqında ehtiramla bəhs edildiyi qeyd olunur. Əsərin məzmunu, dil-üslub xüsusiyyətləri göstərir ki, mütərcim "bir müsəlman qadını, əxlaq müəllimi, fərdi və ictimai həyat müəllimi, İslam cəmiyyətinin tale yolunu quran bir şəxs"in "qısa və canlara od salan, lakin səmərəli və parlaq, insansevər və ali həyatından, Allah yolunda və Allah üçün sürdüyü mənalı ömründən" bəhs edən əsəri Hz.Fatimənin şanına və şəxsinə layiqli şəkildə tərcümə edib. Əsərin məzmunu ilə əlaqədar olaraq Qurani-Kərimdən gətirilən ayələrin tərcüməsinə müəllif olduqca diqqətli, məsuliyyətli və həssaslıqla yanaşıb, hər bir dini termin, istilah, deyim, müəyyən dini-fəlsəfi məzmun daşıyan söz və ifadənin tərcüməsində ən uğurlu variantlar seçilib.

 

Orta əsrlər Türk-İslam məfkurəsinin, dini-fəlsəfi, sufi-panteist ədəbiyyatın böyük nümayəndəsi, Azərbaycan fəlsəfi fikir tarixinin inkişafında önəmli xidməti olan Şeyx Mahmud Şəbüstərinin ən məşhur əsərində - "Sir bağçası" kimi tərcümə edilən "Gülşəni-raz"da sufizmin mahiyyəti açıqlanır, bir sıra mətləbləri və rəmzləri işıqlandırılır. Təsəvvüfə aid yazılan əsərlərin təməl qaynaqlarından biri olmaqla bərabər, həm də bu ədəbiyyatın ilkin nümunələri sırasında olan əsəri mətnşünas-dilçi alim 2005-ci ildə fars dilindən Azərbaycan türkcəsinə tərcümə edib. Fəlsəfi məzmuna malik olan bu əsər sufizmlə bağlı termin və anlayışlarla zəngindir. Bu cür əsərin ana dilimizə tərcüməsinin yüksək elmi dəyəri olduğu qədər, onun Azərbaycan ədəbi-bədii tərcümə ədəbiyyatının inkişafına təsiri, bu cür tərcümələrə qoyulan prinsiplərin tətbiqində ədəbi-nəzəri və praktik baxımdan da əhəmiyyəti böyükdür. 

 

Qeyd etmək lazımdır ki, şərqşünas alim Möhsün Nağısoylu hər hansı bir əsərin tərcüməsi zamanı öncə orijinal mətni filoloji tədqiqata cəlb edir, onun yazılma tarixi və nüsxələri, əgər varsa digər tərcümə variantları haqqında geniş bilgilər verir, elmi-nəzəri baxış süzgəcindən keçirir. Tərcümə etdiyi əsərə bu prizmadan yanaşma bir tərəfdən mütərcimin dəsti-xəttini müəyyənləşdirir, həm də gözəl elmi nəticələr əldə etməyə imkan yaradır. Əsərlərin tərcüməsinin həm bədii tərtibatı, həm dillərinin sadəliyi və bədii estetik keyfiyyəti tərcüməçinin fars dilinin ən sadə tutmuş ən mürəkkəb konstruksiyalarına, dilin daxili incəliklərinə nə qədər vaqif olduğunu nümayiş etdirir. Alim çətin anlaşılan, farsdilli oxucunun belə idrak edə bilməyəcəyi dərin məzmuna malik olan əsərlərin tərcüməsi zamanı orijinal mətnin hər bir cümləsinin, xüsusən istilah və terminlərin, dini məfhumların mahiyyətinin dərin qatlarına nüfuz edə bilib, İslamın əsas prinsiplərini tərənnüm edən anlamların incə mətləblərini zərgər dəqiqliyi ilə ana dilimizə çevirmiş və əsərin orijinal anlamının tam şəkildə ifadəsinə müvəffəq olub. Tərcümə zamanı nəzm formasında yazılan əsərlərin nəsr əsərlərindən daha çox diqqət, məsuliyyət və ustalıq tələb etdiyi məlumdur. Bu mənada şərqşünas alim Möhsün Nağısoylunun məzmunu sufizmin şərhindən ibarət olan və mənzum şəkildə yazılan "Güşəni-raz" əsərinin tərcüməsi zamanı necə əmək, zəhmət sərf etdiyini, hansı məsuliyyəti çiyinlərinə götürdüyünü görərik. Son zamanlar orta əsrlər Azərbaycan-türk yazılı abidələrinə, xüsusən də klassik tərcümə əsərlərinə dair yazdığı elmi monoqrafiyalar içində "Şeyx Səfi Təzkirəsi", Nişatinin "Şühədanamə"si xüsusi yerə sahibdir. Bu əsərlər həm mətnşünaslıq, həm də klassik mətn üzərində linqvistik təhlil prinsiplərinin hansı qaydalar üzrə aparılması baxımından diqqət çəkir. Qeyd edək ki, bu monoqrafiyalarda alimin araşdırma texnikası, tədqiqatçı mövqeyi öz əksini tapıb. Bir çox klassik ədəbi mətnin həm tərcüməsini, həm filoloji-tekstoloji təhlilini aparan alim, həmin əsərlərin əksərini Azərbaycan elminə ilk dəfə tanıdıb, bir insan ömrünə əsrləri sığdırıb. Bu mənada orta əsrlər tərcümə abidələrinin yorulmaz tədqiqatçısı, dəyərli əsərləri tanıdan alim olan akademik Möhsün Nağısoylu, sözün həqiqi mənasında bir məktəb yaradıb, tərcüməşünaslıqda sistemlilik və ardıcıllığın üstün olduğu özünəməxsus bir yol açıb.

 

Tərcümə edilən hər bir əsərin dilinin gözəlliyi və onun elmi dəyəri, estetik keyfiyyəti onun orijinala nə qədər sadiq qalması ilə müqayisə oluna bilər. Tərcümələrdə fikrin (istər fəlsəfi olsun, istər bədii olsun) dəqiq ifadəsi naminə incə söz oyununa diqqət edilməsi tərcümanın bu sahədəki peşəkarlıq və bacarığından xəbər verir. Özünəməxsus dil və üslubu olan mütəxəssis farsca ibarələrin, ifadələrin, frazeoloji birləşmələrin, məcazların ana dilimizdə uğurlu qarşılıqlarını taparaq, sadə dillə ifadə etməyə çalışmışdır. Akademik hər bir tərcümə zamanı hər hansı bir müddəa və fəlsəfi anlayışları bədii tərcümənin elmi-nəzəri prinsiplərinə söykənərək tərcümə etmiş, ədəbi-bədii tərcümə prinsiplərini gözləməklə, əsərlərin məzmununa uyğun olaraq elmi dili, üslubu da unutmamışdır. Ümumiyyətlə, M.Nağısoylunun tərcümə etdiyi əsərləri həm də elmi cəhətdən tədqiq etməsi, hətta əsərin müəllifi, yazılma səbəbləri, ədəbiyyat tarixindəki yeri, nüsxələri və s. haqqında da dolğun və dəqiq informativ məlumatlar verməsi diqqətçəkən məqamlardandır.

 

Tərcümə edilən əsərlər araşdırılarkən üzərində dayanılması vacib olan başqa bir cəhət tərcümənin necə edildiyindən daha çox, "tərcümə mətninin həqiqəti"dir. Orijinal mətn ilə tərcümənin müqayisəli tədqiqi tərcümədə hansı dəyişikliklərin edildiyini, tərcümə edilən və edilməyən nöqtələrin, fərqlər və əlavələrin təsbiti mütərcimin mətn qarşısında mövqeyini ortaya qoyur. Hər bir tərcümə əsərində tərcüməçinin üslubu, imzası aydın seçilir, daha doğrusu, seçilməlidir. Görkəmli dilçi alim bir mütəxəssis kimi tərcümə edərək elmimizə, mədəniyyətimizə töhfə etdiyi şərq fəlsəfi fikir tarixinin, şərq ədəbiyyatının fundamental örnəkləri sayılan bu əsərlərə öz ruhunu hopdurmuş, yaradıcı istedadını nümayiş etdirmiş, "tərcümə mətninin həqiqəti"ndən uzaqlaşmamışdır. Həqiqətən də, bu nümunələrin bədii sənətkarlıq xüsusiyyətləri, stilistikası, özünəməxsus sadə və rəvan dili Azərbaycan tərcümə ədəbiyyatı tarixində akademik Möhsün Nağısoylu dəsti-xəttinin, Möhsün Nağısoylu məktəbinin var olduğunu göstərir.

Müxtəlif məzmunlu iclaslarda, televiziya verilişlərində, müzakirə və seminarlarda, ayrı-ayrı mötəbər məclislərdə məruzə edən, söz deyən alim akademik Vasim Məmmədəliyevin təbirincə desək, "sinədəftər" olmaqla yanaşı, verdiyi məlumatlarda da dəqiqliyə və məntiqə əsaslanır. 

Tanınmış şərqşünas, mətnşünas-dilçi alim, Türk dünyasında da kifayət qədər tanınan və tədbirlərdə, beynəlxalq elmi toplantılarda ehtiramla qarşılanan, akademik Möhsün Nağısoylu 75 illik ömür yolunun əlli ildən çoxunu elmə, maarifə, milli-mənəvi sərvətimiz olan əlyazmaların tədqiqinə həsr edib. Sadəliyi, təvazökarlığı, insanpərvərliyi, zəngin mənəvi keyfiyyətləri ilə olduğu bütün mühitlərdə hörmət görən, zəhmətsevərliyi, elmə həvəsi ilə həm də gənc alimlərin sevgisini qazanan, ömrünün ən müdrik çağlarına qədəm qoyan görkəmli alim bundan sonra tədqiqatlarını davam etdirəcək, milli mədəniyyətimizin inkişafına qiymətli töhfələrini verəcək, neçə-neçə alim, elm adamı yetişdirəcəkdir. 

 

Qətibə VAQİFQIZI

AMEA Nəsimi adına Dilçilik İnstitutu Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.-2021.- 4 sentyabr.- S.20.