Saralmiş kədərin səssiz harayi...  

 

 

... Yunisin kitabı çox kövrəltdi məni. Təkcə ona görə yox ki, bu, türk insanının qəhrəmanlığını, milli ruhunu, dəyanətini, düşmən əlində əsirkən belə əyilməkdənsə, onun gözünə kişi kimi dimdik baxıb ölümü seçmək böyüklüyünü özündə yaşadan bir tarixdir. Təkcə ona görə yox ki, türklərlə azərbaycanlıların qarı düşməninə qarşı, bax elə bugünkü kimi çiyin-çiyinə dayandığı, kürək-kürəyə söykəndiyi bir dövrü, bir zamanı gətirir göz önünə. Təkcə ona görə yox ki, Narginin dərd yükü çox ağırdır... Həm də ona görə ki, Yunis bir qələm sahibi, bir ziyalı, bir vətəndaş yanğısı ilə bu dərd yükünü çiyninə alıb və bu yükü çəkə bilib. Bu dərdi yaza bilib. Bunu yazmağı bacarmaq lazımdır! Yunis bacarıb!.. Bu, kitab deyil, bu, Narginin ilan mələyən çöllərində saralıb-solan ömürlərə çalınan layladır. Bu, heç bir günahı olmayan insanların ahını alan günahsız Narginə deyilən ağıdır! Bu, yaşanmış o tarixə, o tarixi tarixə yazanlara hörmətdir, türk əsirlərinə, dar günlərində onlara əl tutanların xatirəsinə ehtiramdır...

 

Məni kövrəldən, həm də möhtəşəm Qarabağ zəfərinin qüruru idi! Yunis bu kitabı çox zamanında yazıb. Çünki 30 illik işğaldan sonra igid övladlarının qanı ilə torpaqlarını azad edən Azərbaycanın Qarabağa, Şuşaya asdığı üçrəngli bayraq "bir millət, iki dövlət"in düşməndən sorduğu hesabdır, aldığı qisasdır - elə hər şeyə görə, həm dünənə, həm bu günə görə...

 

Yunis Orucov - jurnalistikanın üzünü ağardan imza. Yaxşı ki, bizim payımıza, AzTV-nin bəxtinə düşüb. Əməkdar jurnalistdir. Həqiqətən, peşəkardır, böyük istedad sahibidir. Usta aparıcıdır, itigöz redaktordur, analitikdir, intellekti, siyasi, elmi təfəkkürü, bədii zövqü olan jurnalistdir, gözəl publisistdir, ssenaristdir, bir sözlə, əsl söz adamıdır...

 

 

 

Təxminən iki il əvvəl Yunis AzTV-nin efirində, həm də "Jurnalist araşdırması" müəllif proqramıyla göründü. Tezliklə geniş auditoriya qazanan veriliş teleməkanın ən baxımlı layihələrindən birinə çevrildi. Çünki müəllif günün nəbzini tuta bildi, aktual mövzuları peşəkarlıqla gündəmə gətirdi, mühüm tarixi hadisələrin mükəmməl araşdırmasını ortaya qoydu. Bu gün tamaşaçı televiziya məkanında belə bir ciddi, sanballı araşdırmadan məmnun qalır. Müəllif təkcə araşdırdığı mövzuya dərindən bələdliyi ilə yox, səlis və aydın danışığı, axıcı və rəvan nitqi, ciddi görkəmi, xarizması ilə də tamaşaçını inandırır, diqqətli, həssas tamaşaçı isə bütün bunları ekranda anındaca duyur. Yunis "Jurnalist araşdırması" ilə televiziya publisistikasının çox uğurlu nümunəsini təqdim edir. Bu publisistikanın onu nə vaxtsa yazılı ədəbiyyata gətirəcəyi də gözlənilən idi. Zənnimdə yanılmadım. "Nargin - saralmış kədər" "Jurnalist araşdırması"nın övladıdır, məncə...

 

"Jurnalist araşdırması"nın bir buraxılışında Yunis, bəlkə də, çoxdan "kadr arxasında qalan" Nargini ekrana gətirmişdi, "Xəzərin qoynunda dərdə dönən" bu adanı yenidən gündəm eləmişdi, tarixin qaranlıq bir bucağına işıq salmışdı, ötən əsrin əvvəllərində qətlə yetirilən minlərlə türk əsirinin acı taleyindən danışmışdı. O, boz qumsallıqların qoynunda bomboz bozarmış, payız Günəşi kimi sapsarı saralmış Nargindən danışırdı. Yox, sadəcə danışmırdı. Bizi də özü ilə bərabər yovşan qoxulu o adaya "aparmışdı", amansız xatirələrin hələ də cövlan etdiyi yerləri bir-bir "gəzdirir"di. Şahidləri də vardı - məkan, tarix və müsahiblər. Hər üç şahid Narginin dörd bir yanında ruhu dolaşan türk qardaşlarımızı "xatırladırdı". İnsanı varından yox edən sübut və dəlillər, günahsız mehmetçiklər, dözülməz ağrılar - elə izləmək də ağır idi... Bir sözlə, müəllif o amansız tarixin acığına o bəxtsiz "talelər"in ruhlarına rahatlıq bəxş edən bir araşdırma-veriliş hazırlamışdı...

 

Amma... görünür, ürəyi soyumayıb, Nargin dərdini bir verilişə sığışdıra bilməyib Yunis. Və "türklüyün əmanəti" olan bu adanın hüznünü sətirlərə səpələyib, qərib qəbirlərin sakinlərinin, illərin yasağında görünməz olsa da, xalqın qəlbində əbədi sevgiyə dönənlərin, həm də onların xilası üçün olmazın fədakarlıqlar göstərən Azərbaycan övladlarının adına kitab bağlayıb. "Nargin - saralmış kədər" tarixi romanı uzun illərin amansız qadağalarının Narginin üstündə qat bağlayan tozunu süpürüb atır, yaxın olduğu qədər də uzaq olan adanı əlçatan edir, onun gizlinlərini açır. Narginin səssiz harayını bu günə gətirməklə saralmış fotoşəkillərdən boylanan Osmanlı qəhrəmanlarına abidə qoyur - oxucuların və özünün ürəyində! Türkün düşmənini, dostunu tanıdır. Bu kitab, həm də müəllifin türk dünyasına İlahi bağlılığından, İlahi sevgisindən su içir...

 

Tarixin olduqca mürəkkəb dövründən bəhs edən roman yeddi hissədən ibarətdir, onları bir süjet xəttində birləşdirən isə Nargindir. Bu bölümlərin hər birində zamanın, dövrün, müharibələrin, məkrin, xəyanətin insan taleyində açdığı yaraların izini görürsən...

 

 

 

Müharibə igidi, ehtiyac dostu sınağa çəkər, deyirlər. Romanın ilk səhifəsi müharibə ilə başlayır. Və bu müharibənin içində qəhrəmanlar doğulur. Amma təkcə savaşın qəhrəmanları yox! Dostluğun, qardaşlığın, insanlığın, yardımsevərliyin, humanizmin qəhrəmanları! Birinci Dünya müharibəsinin, onun gözü qan çanağına dönən İblislərinin Narginə atdığı türk əsirlərinə yardım kampaniyasının qəhrəmanlarının qeyrəti heyrət doğurur. Türk qardaşlarının dərdi Bakıda hər kəsi: ziyalıları, milyonçuları, hətta sadə insanları da səfərbər edib. Türkiyənin adı gələndə hamının qanı qaynayır, bütöv xalq əsl qeyrət nümayiş etdirir. İmperiyanın "Domokl qılıncı" çiyinlərində olsa belə!.. Bu fədakarlıq böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə yaradılan Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyətində gözəl əks olunur. Yazıçı bu yolda qadınların rolunu da məhəbbətlə təsvir edir. Sona xanımın simasında Azərbaycan qadınının ağıl və cəsarətini, şəfqət və mərhəmətini böyük məharətlə romana gətirir.

 

Nargin isə Yunisin qələmində insan əzabının kulminasiya nöqtəsidir, xarabalıq aşiqi olan bayquşların dənizin ortasında yaratdığı cəhənnəmdir! Yunis insanın cızdağını çıxaran o "cəhənnəm"i, o "cəhənnəm"in sakinlərinin yaşantılarını peşəkar yazıçı qələmi ilə yazır. Elə yazır ki, oxucu, sanki o "cəhənnəm"in içinə düşür, o cəhənnəmin istisi onun da üz-gözünü qarsır, taxta barakların üfunətində boğulur, susuzluqdan ciyəri yanır, acılar içində can verən minlərlə əsirin harayından qulağı tutulur. "Ölüm düşərgəsi"ndə də bir-birinə bərk-bərk sarılan, qan qardaşına edilən həqarətin cavabını canı ilə verən türk əsirlərinin cəsarətindən gözləri dolur. Heç şübhəsiz, mühit zəifi əzir, məğrurlar isə hər ümidsiz durumdan belə qalib kimi ayrıla bilir. Bu qorxunc adadan öz azadlığına qaçmağı bacaran cəsur Vecihi Hürkuş kimi. Dövrün sərt küləkləri atıb onu Narginə. Amma təslim olmaq istəmir, çünki göylər adamıdır, peşəsi Vətənin səmasını qorumaqdır. "Vətən sağ olsun!" kəlməsi" bizimçün fatihədi, fatihə!" - onun bu fikri isə bir insanın yurd sevgisinin zirvəsidir...

 

Yunisin tarixdən aldığı qəhrəmanların hər biri Vətən, millət sevdalısıdır. Osmanlı generalı, Turan imperiyası yaratmaq arzusu ilə alışıb-yanan Ənvər paşa. Onun qardaşı, Qafqaz İslam Ordusunun komandanı, Bakını daşnak-bolşeviklərdən azad edən Nuru paşa. Yazıçı onların da məmləkətinə vurğunluğunu parlaq boyalarla təsvir edir.

 

Romanda xalqımızın iki böyük övladının obrazı da diqqət çəkir. Nəriman Nərimanov və Məhəmməd Əmin Rəsulzadə. Hər ikisi əsl vətənpərvərdir, Azərbaycan üçün hər cür fədakarlığa hazırdır. Hər ikisi türkdür, Nargin əsirlərinə biganə deyil. Hər ikisi seçdiyi yola, əqidəsinə, məsləkinə sadiqdir - siyasi baxışları fərqli olsa da. Dövrün, zəmanənin üz-üzə qoyduğu bu iki tarixi şəxsiyyəti Yunisin də qarşı-qarşıya gətirməsi səhnəsi olduqca təsirlidir. Yox, yazıçı onların heç birini ittiham etmir, onları tarixi həqiqətlər fonunda "üzləşdirir". Demək istədiyi isə budur: bu iki insanın həyatı, fəaliyyəti Azərbaycan xalqının üzləşdiyi faciələrdən nəticə çıxarmaq üçün bir dərsdir, bu dərsi yaxşı oxumaq lazımdır. Yunis Nəriman Nərimanovun Vətəndən uzaqlarda onu məngənə kimi sıxan mənəvi yaşantılarını, nigarançılığını, əzablı düşüncələrini, özünü ittihamlarını, bəraətlərini, tərəddüdlərini, etiraflarını... ustalıqla təsvir edir.

 

Tarixi faktlara, mənbələrə istinadlar isə romanı daha da dolğunlaşdırır. Müəllif tarixi əsərin ağırlıq yükünü isə qəhrəmanların oxucunun ürəyinə toxunan unudulmaz uşaqlıq, gənclik, sevgi xatirələri, insani duyğuları ilə yüngülləşdirir. Bu epizodlar tarixin mürəkkəb ab-havasına həzinlik qatır, qəhrəmanları, həm də bir insan olaraq tanıdır.

 

Oxucu Bakının tarixi obrazını da "görəcək" əsərdə. Yunis sevimli şəhərimizin ötən əsrin əvvəllərindəki simasını, Bakı milyonçularının təşəbbüsü, var-dövləti hesabına formalaşan memarlığının əzəmətli nümunələrini də mahir rəssam kimi "çəkir", hətta küçələrin əvvəlki adlarını belə xatırladır. Bu, yazıçının indi dünyanın ən əsrarəngiz şəhərlərindən birinə çevrilən Bakının dünənini yaddaşda saxlamaq arzusudur.

 

Romanı suiçimi kimi oxuyursan, Yunisin təhkiyəsi sadədir, dili oxunaqlıdır, dialoqları canlıdır.

 

"Nargin - saralmış kədər"... Kədərlə yox, nikbin notlarla bitir əsər. Son cümlə isə insanın qəlbini titrədir: "Qarabağ Azərbaycandır!" Və bu kəlmə romandakı bir Vətən sevdalısını yenidən xatırladır mənə: Hacı İbrahimoğlu Xəlili. Qarabağdakı möhtəşəm Zəfərimizi gətirən oğulların sələfini. O Xəlil ki Ənvər paşanın əsgəri idi, Azərbaycandan, Şuşadan gəlmişdi, atasının qisasını almaq istəyirdi. Allahu əkbər dağlarının sazağında donub şəhid olanda cibindən bir məktub çıxmışdı: "Mənim əziz Anam... Burada dili bizdən, dini bizdən olanlarla bir yerdəyəm. Nigaran qalma. Sabah döyüşə gedəcəyik. İnşallah, qalib gələrik. Şəhid olsam, fikir eləmə. Deyərsən ki, balam atasının qanını yerdə qoymadı. Sənin xınalı quzun Xəlil..."

"Xınalı quzu"... 2015-ci ildə Çanaqqqala ziyarətimdə tarixə öz qanları ilə böyük "Çanaqqala zəfəri" yazan "xınalı quzu"lar da eynilə həkk olunmuşdu yaddaşıma. Analarının "xınalı quzu"ları. Amansız savaşa şahidlik edən və savaşdan qəhrəman kimi ayrılan o müqəddəs məkanı, yenilməz Çanaqqalanı Çanaqqala zəfərinin qüruru, Qarabağ nisgili və "dəlicəsinə" sevgi ilə dolaşmışdım. Məni, sözün yaxşı mənasında, "dəli" edən türkün "dəlicəsinə" yurd sevgisi idi! Yoxsa ölümü gözə alıb meydana atılmaz, Türkiyəni böyük güclərdən qoruya bilməzdilər ki! O vaxt Qarabağ nisgilim vardı və düşünmüşdüm ki, bəlkə, onu azad etmək üçün bizim də bir "dəlicəsinə" sevgimiz çatmır? 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu düşüncəmə görə utandırdı məni!..

 

Məmləkətinin vurğunu olan neçə-neçə Xəlillər, neçə-neçə "xınalı quzu"lar Şəhid oldu Qarabağ savaşında! Minlərlə cəsur, igid, qorxmaz Azərbaycan əsgəri gördük Vətən müharibəsində! Onlar Vətəni necə "dəlicəsinə" sevirmişlər, İlahi!.. Müzəffər Ali Baş Komandanın bircə əmri ilə yenilməz Şuşanı o yenilməz oğullar əsarətdən qurtardılar və Yunisin kitabının son kəlməsini dilimizin əzbərinə çevirdilər... 

 

15 iyul 2021-ci il. Şuşa Azərbaycan və Türkiyə bayraqları ilə bəzənib. "Bir millət, iki dövlət"in, Türkiyə və Azərbaycanın Prezidentləri, türk dünyasının iki böyük Lideri azad Şuşada görüşür. Qars Bəyannaməsindən yüz il sonra Şuşa Bəyannaməsi imzalanır. Bu, Qarabağ Zəfərinin zirvə günüdür. Bu, Türkiyə-Azərbaycan dostluğunun əbədiliyinin nida işarəsidir! Dünyaya, düşmənə bir mesajdır! Artıq iki yox, tək dövlət kimi görünür Türkiyə-Azərbaycan!..

 

Mən Yunisin kitabı haqqında qeydlərimə belə bir tarixi gündə nöqtə qoyuram. Şuşadakı bu əzəmətli tədbiri sonsuz qürurla izləyə-izləyə, sanki əsəri ilk səhifəsindən sonadək yenidən oxuyuram, bütün obrazlar canlanır gözümün önündə. Bu sarsılmaz birlik Atatürkün arzusu idi, Ulu öndər Heydər Əliyevin arzusu idi! Bu, Ənvər paşanın, Nuru paşanın, Çanaqqala şəhidlərinin, Qarabağ şəhidlərinin, "xınalı quzu"ların... arzusu idi! Bu, türkün arzusu idi!..

 

Və... Bir məqam da təsadüf ola bilməzdi - Şuşa Bəyannaməsinin imzalanması mərasimini türk dünyasının incisi Şuşadan birbaşa Yunis çatdırırdı televiziya tamaşaçılarına...

 

...İstedad, peşəkarlıq və zəhmətin gözəl bir nəticəsi qarşımızdadır. Kitabı təkrar-təkrar açıb-bağlayırsan, təəssüratların qapısı isə bağlanmır ki, bağlanmır. Türkün yenilməz ruhu səni tərk etmir. Türkün öz qardaşını, öz Vətənini, öz məmləkətini sevə bilmək böyüklüyünü əks etdirən bu kitabın söz sənətimizin bir parçası olacağına şübhə etmirsən...

 

Gözün aydın, Azərbaycan ədəbiyyatı, sənin içindən çıxıb, səni yazan biri gəlir...

 

Ədəbiyyatımıza xoş gəldin, Yunis!..

 

 

Firuzə NADİR

 

525-ci qəzet.-2021.- 4 sentyabr.- S.18;19.