Ləzzət dolu bir
günah...
Dini bir ölkə düşünün: qadın
haqlarının rədd
edildiyi, hüquqlarının
çeynəndiyi, sırf
qadındır deyə
heç bir məhkəmədə lehinə
qərar verilməyən
bir cəmiyyət... Bir də həmin
ölkədə rejimə
qarşı çıxan,
atasının "qəfəsindən"
qurtulan, ərindən
boşanan, qadının
küçədə sərbəst
gəzməyi qəbahət
sayıldığı halda
açıq-saçıq şeirlər yazan, kitablar çap etdirən, film çəkən,
dünyanın hər
yerində yaşamaq fürsəti varkən yenə öz ölkəsini seçən
və bütün bunlarla yanaşı, evli, iki uşaq
atası ilə sevgili olan və
bunu gizləməyən
bir qadın fikirləşin... Təsəvvür eləmək belə çətindir, elə deyilmi?
Amma belə
bir qadın olub, özü də İranda. Bütün dünyanın
tanıdığı Füruğ
Fərruhzaddır o qadın.
Şeirləri ilə
damarda axan qanı tərs çevirən, tük ürpədən misralar yazan, xarakteri ilə heyrətləndirən,
cəsarəti ilə
ayaq üstə alqışlanan Fərruhzad!
Rza Şahın ordusunda polkovnik atanın qızı olaraq dünyaya gəlmişdi.
Qadınla kişi
arasındakı balansın
anormal dərəcədə
pozulduğunu qardaşları
ilə fərqli haqlara sahib olduğunu görərkən dərk
etmişdi. Bu, içində azadlığa
qarşı böyük
istəyin təməli
olmuşdu. Azadlıq üçün
qovrulurdu, bu ümidlə 16 yaşında
özündən xeyli
böyük və o dönəmin tanınmışlarından
olan Pərviz Şapura ərə gedir. Hesab edir ki, ata evindəki qədər basqıya məruz qalmayacaq. Amma yağışdan qaçarkən doluya tutulduğunu dərk etməyi çox yox, bircə il çəkir.
Oğlu Kamyar doğulandan sonra ər evi
onun üçün barmaqlıqsız zindana, odsuz cəhənnəmə
çevrilir. İkinci
il tamam
olmamış ayrılır.
Şapur
Kamyarı əlindən
alır və ölənə qədər
Füruğa üzünü
göstərmir. Çünki
İranda qanunlar kişidən və gücdən yana
idi və qərarlar qadına heç bir haqq tanımırdı. Füruğ özünü
yaradıcılığa verdi. Ard-arda kitablar çap
elədi. Yazdığı hər şeiri böyük hay-küyə
səbəb oldu.
Aləmi
bir-birinə qatan ən güclü şeiri isə "Günah" oldu. Bu şeirlərə ilk dəfə aşkar şəkildə atasına,
keçmiş ərinə,
rejimə, mühafizəkar
cəmiyyətə meydan
oxudu.
Günah
işlədim, ləzzət
dolu bir günah,
Titrəyən bir bədənin yanında.
Tanrım,
bilmirəm nə etdim,
o qaranlıq, susqun gecədə...
Ehtiras, etiraf dolu bu şeirlə
böyük tənqidlərə,
lənətlərə məruz
qaldı, cəmiyyət
və ailəsi tərəfindən rədd
edildi, əxlaqsız damğası vuruldu. "Günah" daxil olmaqla digər şeirlərində də
yalnız kişilərin
danışmağı məqbul
sayılan sözləri
o, sətir-sətir yazırdı.
Bütün yaşadıqları tezliklə Füruğu ağır depressiyaya salır və bir müddət xəstəxanada yatır.
Başda
oğlunun həsrəti
olmaqla məruz qaldığı çətinliklər
onu yolundan döndərə bilmir.
Şeirdən əl çəkmir,
"Mənim şeirə
olan hörmətim inanclı bir insanın dininə olan hörmətindən fərqlənmir" deyir,
bununla da şeirə ibadətini sübut edir.
Tezliklə dönəmin mübarizə, özgürlük simvoluna çevrilir. Çox keçmədən Almaniyaya qardaşının yanına gedir, bir il orada yaşayır. Dil öyrənir, dünyanın İrandan baxanda görünməyən üzü ilə tanış olur. Bir gün atasına məktub yazır: "Mənim ən böyük dərdim sizin məni tanımamış olmanızdır, heç vaxt da tanımaq istəmədiniz. Bəlkə hələ də sevgi romanları, hekayələr oxuya-oxuya beyni axmaq fikirlərlə dolmuş bir qadın olaraq tanıyırsınız. Kaş elə olaydım, inanın, onda çox xoşbəxt olardım. Dünyam kiçicik bir otaqdan ibarət olardı, ziyafətlərə getməklə, gözəl və şıq qiyafətlər geyinməklə, qonşu qadınlarla dedi-qodu etməklə, qayınana ilə dalaşmaqla qısacası mənasız və bəsit minlərlə məşğuliyyətlə yetinərdim və dünyanın daha gözəl bir yer olduğundan bixəbər yaşayıb gedərdim. Fəqət mən belə yaşaya bilmərəm. Çünki özümü tanıyandan bəri üsyanım bu axmaqlıqlara qarşıdır. Həmişə böyük olmaq istəyirdim və istəyirəm. Mən bir gün doğulub, nə vaxtsa bu dünyadan gedən və arxalarında heç bir iz qoymayan milyonlardan biri kimi yaşaya bilmərəm..."
Təbii ki, bu dərin cümlələrə cavab gəlmir. Alman şeirlərinə marağı artır. Tərcümə etmək istəyir. Birlikdə yaşadığı qardaşı bunun üçün ona kömək edəcəyini deyir. Amma anidən İrana dönməyə qərar verdiyi üçün iş yarımçıq qalır.
Bu ərəfədə dövrün tanınmış yazar və rejissorlarından olan
İbrahim Gülistani
ilə tanış olur. Bu
tanışlıq tezliklə hərarətli sevgiyə çevrilir. Gülistani evli və iki uşaq atası olması Füruğu
cəmiyyətin gözündə daha betər
vəziyyətə salır. Kimin nə dediyi onu
maraqlandırmırdı, həmişə olduğu
kimi... Qəlbində İbrahimin xüsusi yeri vardı. Lakin İbrahimin həyat yoldaşına
yazdığı məktub onu xəyal
qırıqlığına uğratmışdı. Məktubda
Füruğla sadəcə zaman keçirdiyi, onunla olan münasibətinin
heç bir dəyəri
olmadığı yazılmış və ayrılıq sözü verilmişdi.
Ancaq əksinə olur.
Aralarında eşq daha
da alovlanır. Hətta İbrahim
Füruğa dəfələrlə evlilik təklif edir, ancaq rədd cavabı alır. O da Füruğu itirməmək
üçün əlindən gələni
edir, hətta ona kino sahəsinin incəliklərini öyrədir.
Təkmilləşməsi üçün
dəfələrlə Avropaya göndərir.
Cüzam xəstələrindən bəhs
edən "Qara ev"
adlı ilk sənədli filmini
çəkir. Həmin ərəfədə cüzamlı bir ailənin uşağı olan
Hüseyn Mansuru
övladlığa götürür və
onunla Kamiyarın həsrətini ovutmağa çalışır. Yeni ideyalar, zəngin
yaradıcılıqla həyatına davam
edir. Amma bütün bunlar uzun sürmür.
Yağışlı bir gündə
anasını görməyə gedir. Geri dönərkən qəza keçirir,
32 yaşında xəstəxanaya çatmadan
dünyasını dəyişir... Mollalar
onun cənazəsini götürməkdən
imtina edirlər. İki
gün sonra yazar dostunun vasitəsi ilə
dəfn mərasimi baş tutur.
Füruğ Şərqdə qadın
olmağın cəzasını təkcə həyatı boyu deyil, öldükdən
sonra da çəkdi.
Amma 32 illik ömrünü hər şeyə rəğmən
dilədiyi, istədiyi kimi dopdolu
yaşadı. Acı, ağrı, sevgi,
mübarizə, özgürlüklə dolu
bir yaşamdı onunku.
O, İran kimi ölkədə
doğulan və azad
yaşamağı bacaran nadir
qadınlardan idi. Dünyanın
gözündə böyük şair, öz cəmiyyətinin
gözündə "ləzzət dolu bir günah" idi. O, Füruğ Fərruhzad
idi!..
Türkan
TURAN
525-ci qəzet.-2021.- 4 sentyabr.- S.17.