Xurşidbanu Natəvanın ədəbi-bədii yaddaşdakı portreti

 

XIX əsr Qarabağ ədəbi mühitinin ən görkəmli siması, əsrin bir çox istedadlı şəxsiyyətlərini özündə cəm edən "Məclisi-üns" ədəbi məclisinin yaradıcısı Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatında, ictimai həyatında və yaddaşlarda bir obrazı var. Müdrik, kübar, xeyirxah, mərhəmətli "Xan qızı", incə ruhlu şairə və rəssam, nisgilli və nakam qadın-ana. Xurşidbanunun müdrikliyi və kübarlığı təkcə mənsub olduğu şəcərədən (O, bir tərəfdən Cavanşirlərin, bir tərəfdən Ziyadoğlu Qacarların nəslindən olub, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı idi) gəlmirdi.

 

Natəvan hələ kiçik yaşlarından xüsusi dayə və mürəbbiyələrdən dərslər almışdı, 18 yaşında olarkən ailənin ixtiyarında olan kəndlərin, mülklərin idarəçiliyi onun öhdəsinə düşmüşdü. Çətin stiuasiyalarda ağıllı qərarlar vermək, vəziyyəti uğurla dəyərləndirmək, yeri gələndə özündən "güclülər"lə mücadilə aparmaq, yaşadığı ağır həyat ona dolğunluq və yetkinlik gətirib və adının Qarabağ tarixində bir şəxsiyyət kimi əbədi qalmasına səbəb olub. Natəvan "Xan qızı" ləqəbinə el anası statusu da qazandırıb və ömrünün sonuna qədər hər ikisini böyük məsuliyyət və ləyaqətlə daşıyıb. Tale xoşbəxtliyi və nisgili bu xanım şairəyə sanki bərabər payda vermişdi. İncə və zərif ruha, şairlik və rəssamlıq istedadına sahib olması, həyata keçirmək istədiyi ideyaları və görmək istədiyi işləri edə bilmək səlahiyyəti onun xoşbəxtliyi idisə, doğmalarının, o cümlədən, övladının vaxtsız itkisi, üzləşdiyi haqsız qınaqlar, mal mülkünün oğurlanması onun taleyinin nisgilli tərəfi idi. Şairənin həm yaradıcılığına, həm Qarabağın ictimai həyatındakı roluna xüsusi ehtiram bəsləyən yazıçı və şairlər əsərlərində Xan qızı ləqəbi ilə tanınan, Qarabağ xanlığının mənəvi varisi Xurşidbanunun bədii obrazını yaradıb, tarixdəki və yaddaşdakı portretini həm də ədəbi nümunələrdə əbədiləşdiriblər.

 

 

 

Xalq yazıçısı İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" pyesində, Əzizə Cəfərzadə şairə haqqında oxuduğu, eşitdiyi xatirələr əsasında  yazdığı silsilə hekayələrdə, Məmməd Rahim, Hüseyn Arif "Natəvan" adlı poemalarında, Səməd Vurğun və başqa müəlliflər öz əsərlərində onun bədii portretini yaratmışlar. Bu əsərlərdə Natəvan xeyriyyəçi,  Qarabağın ictimai-sosial, mədəni həyatında aparıcı sima, istedadlı şairə və rəssam kimi görünür. Natəvan öz şəxsi səadətini başqalarını xoşbəxt etməkdə görən, son dərəcə mərhəmətli və xeyirxah, geniş qəlb və zəngin mənəviyyat sahibi olub. Qeyd etdiyimiz kimi, zəngin mütaliəsi və aldığı təhsil, eyni zamanda, sahib olduğu şəcərə onun əsl şəxsiyyət kimi yetişməsinə təkan verib.

 

Natəvanın vaxtsız övlad itkisi onun həm həyatına, həm yaradıcılığına hüzn və kədər  çökdürmüşdü. Şairənin obrazını yaradanlar bu detallara da diqqət yetirmiş, onu həm də bir dərdli ana və qadın kimi təsvir etmişlər.

 

Natəvanın obrazına müraciət əsasən iki səbəbdən irəli gəlib: birinci şairənin özünün bir şəxsiyyət kimi maraqlı tale sahibi olmasıdırsa, ikinci səbəb Qarabağın tarixinə olan maraqdır. Belə ki, bu əsərlərdə həmçinin, Qarabağın tarixi keçmişi, ədəbi-mədəni mühiti ilə də tanış oluruq.

 

Xalq yazıçısı Əzizə Cəfərzadə Xan qızı haqqında eşitdiyi, oxuduğu xatirələr əsasında yazdığı silsilə hekayələri 1963-cü ildə kitab kimi çap etdirmişdi. "Dəniz... ah dəniz", "Dünyaya insan gəlir", "Cehizsiz qız", "Vergi", "Ağdam yolunda", "Xan qızı bulağı", "Bu gün sənin yaşıdını gördüm" adlı bu hekayələrdə Xurşidbanunun həyatının müxtəlif məqamlarına, əsasən fəaliyyətinə, yardımsevərliyinə, müdrikliyinə işıq salınmışdı. Ailə qurmaq, ev-eşik sahibi olmaq istəyən, amma maddi durumu buna imkan verməyən neçə-neçə gəncə kömək etməsi, cehizi olmayana cehiz, çörəyi olmayana çörək, işi olmayana iş verməsi, bulaq çəkdirməsi üçün at belində min bir əziyyətlə ən uğurlusunu tapmaq üçün  çəkdiyi çətinliklər bu hekayələrin əsas mövzusudur. Bu hekayələrdə onun tabeliyində olan işçilərlə xoş rəftarı, onların həm özlərinin, həm övladlarının qayğısına qalması, idarəçilik və təssərrüfat işlərindən vaxt tapanda isə incə duyğularını kağıza, kətana və bəzən də tikmələrlə parça üzərinə köçürməsindən də bəhs olunur.

 

"Vergi" adlı hekayədəki bir məqama diqqət çəkmək istəyirəm. Otağında oturub yaradıcılıqla məşğul olan  Xurşidbanu küçədəki səs-küyə çölə çıxır, vergi borcu olan bir erməni pinəçinin pristav tərəfindən döyüldüyünü görür. Pristavı tənbeh edən Natəvan ermənini və nəvəsini evinə gətirir. "Qəzəbi soyumuş Natəvan eyvanda əyləşmiş, Gülzamanın təzə paltar geydirdiyi balaca qızı da qucağında oturtmuşdu. Qızcığaz xanımdan aldığı şirniləri yeyir, qara gözlərilə altdan yuxarı bu mehriban xalaya baxırdı. O, hətta çiçi paltarına sevinməyi belə unutmuşdu.

 

- Qızım, adın nədir?

 

- Hayqanuş.

 

- Sən kimin qızısan?

 

- Babamın.

 

Aralıda diz çökmüş Havanes kirvə minnətdarlıqla deyirdi:

 

- Qurbanın olum, bəyim, bu, mənim bədbəxt Anuşumun yadigarıdır. Bəlkə eşitmiş olasan, üç il bundan əvvəl havalanıb özünü qayadan atmışdı.

 

- Eşitmişəm kirvə, sən fikir eləmə, sabah naçalniki çağırtdırıb borcunu özüm verərəm, - sonra da

 

Gülzamanın gətirib onun qarşısında qoyduğu boğçaya işarə ilə sözünə davam etdi:

 

- Bunu isə balaların üçün aparar. Bir az yavanlıq, bir az da xərclikdir. Sonra yenə nə lazım olsa, gəlib deyərsən.

 

- Çox sağ ol, bəyim, allah bağışlasın, allah səni bizə çox görməsin, əməyin yelə, diləyin selə getməsin, izn ver mürəxxəs olaq.

 

- Gedin, Allah amanında".

 

Mərhəmətli, səxavətli Azərbaycan xanımlarının simvolu olan Natəvan xanımın gün gəlir, nəinki eli, obası, yaşadığı malikanə, hətta qəbri də dizinin üstündə oturtduğu, yalın əyninə paltar, ac qarnına çörək verdiyi Hayqanuşun törəmələri tərəfindən dağıdılıb viran qoyulur, sümükləri belə işgəncəyə məruz qalır. Güllələnmiş abidəsi paytaxtda 30 il intizarla vətənə dönəcəyi günü gözləyir.

 

Bildiyimiz kimi, Xurşidbanu Natəvan əslən Dağıstandan olan general-mayor Xasay bəy Usmiyevlə evlənmiş və bir müddət Tiflisdə yaşadıqdan sonra Şuşaya köçmüşlər. Bir neçə ildən - təxminən 15 il sonra Xasay bəy Şuşanı, Xurşidbanunu və övladlarını tərk edib ata-baba yurdunda onu gözləyən, ona ehtiyacları olan həmvətənlərinin yanına - Dərbəndə qayıdır. İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesində görürük ki, Xasay bəy bu ayrılığa çox tab gətirməyib, Şuşaya gəlir və Natəvana deyir ki, mən də səndən öyrəndiklərimi öz vətənimdə həyata keçirmək istədim, imkansız gəncləri xaricə təhsil almağa göndərdim, bir çox xeyriyyəçilik, abadlıq işləri gördüm, amma millətçilikdə ittiham olundum, təqiblərə məruz qaldım. Bilmirəm, qarşımızda Paris, Peterburq var ikən biz niyə burdayıq, gəl əl-ələ verək, çıxıb başqa ölkəyə, xoşbəxtliyimizin arxasınca gedək. Natəvan, - gələcək nəsillər məni qınayar, yox, gedə bilmərəm,  -  deyib şəxsi səadətini deyil, Şuşada qalmağı, ona ehtiyacı olanların yanında olmağı seçir. Xan qızı gələcək nəsil deyəndə, bizləri nəzərdə tuturdu. Biz - bugünkü nəsil şəxsi xoşbəxtliyini seçdiyi üçün onu qınayardıq, qınamazdıq, bu, başqa mövzudur, amma Xasay bəylə getsəydi, Natəvanın ədəbi-bədii, tarixi yaddaşdakı obrazı bugünkü kimi tam və bütöv olmayacaqdı.

 

Natəvanın min əziyyətlə Şuşaya "Xan qızı" adıyla məşhur olan bulaq çəkdirməsi, məscidlər, mədrəsələr, körpülər inşa etdirməsi, yol saldırması, ehtiyacı olana əl tutması məlum faktlardır. Bütün bunlar onun haqqında yazılan əsərlərdə də öz əksini tapıb.

 

İlyas Əfəndiyevin pyesinin əvvəlində Natəvanın Tiflisdə Qafqaz canişini ilə əllərindən alınmış ata-baba torpaqlarını, mülklərini geri qaytarmaq məqsədiylə görüşü təsvir olunur. Ona, siz tək qızsınız, o qədər mülk nəyinizə lazımdır, sualına - mən tək deyiləm, mənim yaşadığım Şuşa şəhərinin içməli suyu, məktəbi, mədrəsəsi yoxdur, mən onlara kömək etməliyəm, -  deyir və yaşının az olmasına baxmayaraq, böyük bir elin qayğısını çəkməyə hazır olan iddialı bir xanım kimi görünür. Əsərin sonuna qədər də Xurşidbanu həmin iddiasında qalır. O, Şuşada çox sayda yaradıcı insanı - musiqiçi, şair, rəssam və xəttatı özündə cəm edən "Məclisi-üns" ədəbi məclisini yaradır, daha sonra geniş fəaliyyəti üçün məclisi sarayına köçürür. Şuşa əhalisinin maariflənməsinə, təhsilinə xüsusi diqqət yetirir.

 

Elmə, təhsilə, yaradıcılığa xüsusi önəm verən xan qızı məktəb və mədrəsələrin açılmasına yardım göstərməklə yanaşı, ana dilimizin qorunmasına da çalışır, hələ Aleksandr Dümanın Azərbaycana səfəri zamanı dilimizin lətafətinə, musiqililiyinə heyran olduğunu vurğulayır, klassik sənətkarlarımızın məcburən ərəb-fars dillərindən istifadə etmələrinin acısını bu gün də yaşadığımızı ürəkağrısı ilə desə də, böyük ümidlə "Ağalar, nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq! Mən Azərbaycan balalarının Homeri, Danteni, Şekspiri, Höteni, Puşkini öz doğma ana dillərində oxuyacaqları günü görürəm!" - deyirdi.

 

"Xurşidbanu Natəvan" pyesinin əvvəlində Qafqaz canişini şairəylə görüşündə "Mən azərbaycanlıların igidliyinə heyranam. Elə bil ki, Allah özü də onların qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb", - deyir. Əsərin sonuna doğru isə belə bir epizod var. Parisdə qaçağan atların yarışı keçirilir, Qarabağ atlarının da o yarışda iştirakı gözlənilir. Natəvan atlara baxan Muradəlini çağırıb tapşırır ki, "Yaxşı hazırlaşın! Gərək bizim atlarımız o yarışda birinci çıxsınlar. Eşidirsənmi, birinci! Qoy görsünlər Azərbaycanın yaxşı kişiləri yaxşı atları mərd oğullara tapşırıb gediblər!" Natəvan bununla həm də "Yaxşı kişilər yaxşı atları minib getdi" kimi məşhur el deyiminin əksinə olaraq bildirmək istəyir ki, Azərbaycanın tarixlər boyu mərdliyi, cəsarəti, hünəri ilə seçilən igidləri bir çox dəyərlərə ləyaqətlə sahib çıxdıqları kimi atlarına da sahib çıxıblar. Yaxşı kişilər atları yaxşı ərlərə qoyub gediblər. O ərlərə ki məhz onların sayəsində Xan qızının düşmən tapdağında qalan yurdu, tarixi torpaqları işğaldan azad edildi.

Natəvan haqqında yazılan əsərlərdə onun haqsız yerə dedi-qoduların obyekti olmasından da bəhs olunur, bu, o zaman idi ki, şairə bu söz-söhbətlərə son qoymaq üçün öz yanında bir həyat yoldaşına ehtiyac duyur və bu dəfə də təmənnalı elçilərə yox, sadə, xalq içindən çıxmış Seyid Hüseynlə ailə qurur. Düzdür, bu dəfə də bədxah və onun mal-mülkünə göz dikən qohumlarının tənə və qınaqlarıyla üzləşir, amma o, öz azadlığını həyat yoldaşının yanında görür.    

 

Xalq şairi Səməd Vurğun da Xurşidbanu Natəvan poeziyasına rəğbət bəsləyir, onun yaradıcılığını Azərbaycan qadınının hiss və yaşantılarının ifadəsi hesab edirdi. Zəmanənin düşüncə və duyğu adamlarına necə darlıq etdiyini, hisslərini çərçivəyə saldığını ürək ağrısı ilə söyləyən şair, Natəvan şeirində böyük insanın qüssə və faciəsinin duyulduğunu vurğulayırdı. Bu kədəri doğuran bir tərəfdən şairənin şəxsi faciəsi, övlad itkisi idisə, digər tərəfdən ictimai problemlər, haqsızlıqlar, bəzən ətrafı tərəfindən anlaşılmaması idi. Səməd Vurğun da lirik şairənin bütün yaradıcılığının Füzuli poeziyasının təsiri altında olduğunu söyləyir, onun ictimai fəaliyyətini, XIX əsrin bir çox böyük şairlərini özündə cəm edən "Məclisi-üns" ədəbi məclisini təşkil etməsini təqdirəlayiq hal sayır, şairənin bir çox söz adamları - o cümlədən, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani tərəfindən tərənnüm olduğunu qeyd edirdi. Səməd Vurğun Natəvan lirikasına, poeziyasına olan rəğbətini, həssas münasibətini ona həsr etdiyi şeirində də əks etdirirdi:

 

Söylə, şeirlərin can verir nədən?

Ağlayır dediyin dərdli qəzəllər.

Bir çiçək qopardı hər gəlib-gedən,

Sənin də payına düşdü xəzəllər.

 

Baxıb qərənfilin solğun rənginə,

O şəhla gözlərin incilər tökdü.

Bir qadın ruhunun dərinliyinə,

Hər axşam yeni bir qaranlıq çökdü...

 

Şairin bu şeirində həm də Natəvan şeirinin psixoloji çalarları, xarakterik manerası açıqlanır. Oğlunu vaxtsız itirən Xalq şairi Hüseyn Arif poeziyasında özünə həmdərd, həmsöhbət tapdığı Xurşidbanu haqqında "Natəvan" poemasını yazmış və onu oğlu Arifin xatirəsinə ithaf etmişdi. Dərdin, kədərin uzaqları yaxın etdiyini deyən şair poemada xan qızının dolğun portretini yaradıb, onun Şuşa üçün, Qarabağ üçün kim olduğunu, camalı ilə kamalının bir-birini tamamladığını vurğulayıb:

 

Alim dostlarıma bir sualım var,

Gözəllik adlanan ülvi zirvəyə,

Varmı Xan qızı tək yüksələn gözəl?!

Dərya kamalına günəş camalı,

Həyatda bu qədər tən gələn gözəl?!

 

Məmməd Rahim "Natəvan" poemasında xanım şairənin obrazını olduqca təbii boyalarla təqdim edib. Poemanın girişində Xurşidbanunun Şuşaya çəkdirdiyi bulağın açılış mərasimi təsvir olunur. Cıdır düzündə baş verən bu şənliyin təfərrüatları o qədər aydın təsvir olunur ki, oxucu özünü o törəni görürmüş kimi hiss edir. Qarabağ atları, ifa olunan "Bayatı-Şiraz", milli Azərbaycan geyimləri, sevinən gözlər və simalar, hətta igidlərin belindəki xəncərin təsviri poetik tablo xarakteri daşıyır. Amma bütün bu ürəkaçan gözəlliyin fonunda əsl səbəbkar - Xan qızı öz malikanəsində xəstə yatağındadır. Ətrafındakı gözügötürmüyənlər isə ona yeni zərbələr vurmaq üçün planlar cızır, haqqında həcvlər yazır, dedi-qodular yayırlar. Natəvanın yanına gələn axund ona ata-babasının xanlığını, hökmranlığını, mal-mülklərini, sahib olduğu torpaqları xatırladıb deyir ki, sənin qəzəlxanlığın xanlığı çökürtdü. Gəl, bu xeyriyyəçilik işlərindən əl çək, xanədanlığı yenidən dirçəldək. Natəvan isə cavabında:

 

Mənim əcdadımın ocağı, yurdu,

İndi başqa sayaq nur saçmalıdır.

Natəvan da bu gün öz sənətilə,

Xalqa olan dərin məhəbbətilə

İşıqlı günlərə yol açmalıdır

 

- deyir və həm tarixi, həm də ədəbi yaddaşda öz işıqlı obrazını həmişəlik həkk edir.

 

Natəvan haqqında yazılan əsərlər həm onun özünün portretini, həm də XIX əsr Şuşasının ədəbi-mədəni, ictimai-sosial mühitini əks etdirmək baxımından maraqlı və əhəmiyyətlidir. Biz bu əsərlər vasitəsilə Qarabağın həm təbiəti, həm etnoqrafiyası, həm etnopsixologiyası haqqında zəngin məlumatlar əldə etmiş oluruq. 

 

Aygün BAĞIRLI

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

 

525-ci qəzet.-2021.- 4 sentyabr.- S.16;17.