"Bu 60 ili narahat, amma
mənalı yaşamışam"
Tanınmış jurnalist, Demokratik
Jurnalistlər Liqasının
sədri, Bakı Beynəlxalq Mulltikulturalizm
Mərkəzinin İnformasiya
Təminatı və Sənədlərlə İş
şöbəsinin müdiri
Yadigar Məmmədlinin
bu günlərdə
60 yaşı tamam olub. Y.Məmmədli 1961-ci ildə Astaranın
Qapıçıməhlə kəndində dünyaya gəlib. 1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində
təhsil alıb.
Aktiv jurnalist fəaliyyəti ilə məşğul olan Y.Məmmədli bir sıra qəzetlərin
baş redaktoru, Sovet dönəmində
"Kimyasənaye" İstehsalat
Birliyi radio verilişləri
redaksiyasının redaktoru
işləyib. Media ilə bağlı müxtəlif beynəlxalq
və yerli seminarların təşkilatçısı,
media sahəsində bir
sıra layihələrin
də media üzrə
eksperti olub.
Y.Məmmədli 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan mətbuatının
inkişafında xidmətlərinə
görə "Tərəqqi"
medalı ilə təltif edilib.
"Geriyə dönüb baxanda, bəzi addımlarımın daha məqsədli, daha qətiyyətli, uğurlu
olduğunun fərqinə
varıram" deyir Yadigar müəllim:
"Bu 60 ili, indiyə
qədər olan həyatımı şüurlu
şəkildə yaşamışam
və bununla fəxr edirəm, qürur hissi keçirirəm. Bütün
səhvlərimlə, çətinliklərim
və problemlərimlə
bir yerdə yaşamışam bu 60 ili. Qənaətim budur ki, çox
şərəfli ömür
yolu keçmişəm".
Acılı, şirinli 60 yaş
Yadigar Məmmədlinin sözlərinə
görə, 60 yaşı
tamam olanda bir az diksinib: "Düzdür,
illəri yaşayıb
gəlirsən. Hər
il yaşın
üstünə yaş
gəlir. Amma 60 elə bir yaşdır
ki, ilk baxışda insan bir az heyrətlənir ki, gəlib bu yaşa çatdım
yəni?! Amma ötən illərə
nəzər salanda baxıb görürsən
ki, birdən-birə gəlib çatmamısan
bu yaşa. 60 yaşın arxasında
uzun bir həyat var, həyat hekayələri var, şirini, acısıyla, yaxşısı,
pisiylə. Bu ötən 60 ildə həyatımda yadda qalan məqamlar çox olub. Bu illər ərzində
həyatın məndən
apardıqları da var, verdikləri də. Mən naşükür insan deyiləm. Mən bu həyatı anlayaraq, istəyərək
keçməkeşli, məşəqqətli
həyat yolu keçmişəm. Qazandıqlarım da olub, itirdiklərim
də. Lakin yenə də
xatırlayanda qürurlu
hisslər yaşayıram,
xoş təəssüratlara
qapılıram. Yaşadıqlarımdan isə heç vaxt peşmançılıq
hissi keçirmirəm.
Mən atamı
gənc yaşımda
itirmişəm. O, 56 yaşında
dünyasını dəyişib.
Mən o
zaman elə fikriləşirdim ki, atam qocalıqdan rəhmətə gedib.
Görüntüsü elə idi.
Amma indi özüm ondan daha yaşlıyam
və baxıb görürəm ki, o, çox erkən dünyasını dəyişib.
Atamdan sonra ən böyük
itkim kiçik qardaşımım 30 yaşında
yol qəzasında həlak olması olub. Qardaşım Qamət hərbçi
idi. Akademiyanı bitirdikdən sonra
ön cəbhədə
zabit kimi xidmət edib. Çox çətinliklərdən, ağır
vəziyyətlərdən çıxıb. Təəssüf ki, adi bir
yol-nəqliyyat hadisəsi
zamanı dünyasını
dəyişdi. Onun
ölümü taleyin
bir istehzası idi elə bil,
uzun illər düşmənlə üz-üzə
qalıb sağ çıxasan, burnun da qanamaya, amma
adi qəzada avtomobildəki 4 nəfərdən
hamı sağ qala, sən isə öləsən.
Bu 60 ilim keşməkeşli
olub, narahat, amma mənalı yaşamışam. Lakin təskinliyim
odur ki, bu həyatı mən özüm seçmişəm, buna düçar olmamışam.
Gileyli də deyiləm. Çox gənc yaşlarımda, milli hərəkatın o gizli dövründən fəaliyyətə başlamışam.
1980-ci ildən isə jurnalist olaraq ardıcıl fəaliyyət göstərmişəm.
Sovet dövründə, hər
şeyin qadağan olunduğu bir dövrdə mən evimdə "samizdat" qəzet
çıxarmışam. Sonra qəzet redaktoru olaraq fəaliyyətimi davam etdirmişəm.
"Cümhuriyyət" qəzetinin baş redaktoru olmuşam. Uzun müddət AXC İnformasiya
Mərkəzinin direktoru
vəzifəsində çalışmışam.
Bu illərdə mənim fəaliyyətim sırf jurnalistika ilə bağlı olub. Bu da
məni çox sevindirir ki, daim öz peşəmlə
cəmiyyətə töhfə
verməyə çalışmışam.
Nə dərəcədə bu işin öhdəsindən
gəlmişəm, alınıb,
ya alınmayıb, bunu artıq ətrafımda, hadisələrə
şahidlik edən insanlar deyə bilərlər".
"Jurnalistika mənə çox şey verdi"
Yadigar Məmmədli deyir ki, həyatı daim mübarizədə keçib: "Mən jurnalist kimi fəaliyyətə başladığım
illərdə meydan hərəkatı var idi. Bu yolda hər kəs öz qabiliyyətini ortaya qoymağa çalışırdı. Vətən sevgisi, milli kimlik, müstəqillik məsələləri çox
önəmli idi.
Həmin
dövdrə bəzi insanlar öz peşəsindən uzaqlaşıb
siyasətçi də
oldular. Zorən siyasətçi. Çox şükür ki, mən siyasətçi kimi yox, öz
peşəmlə tanındım,
jurnalist kimi fəaliyyətimi davam etdirdim. Nə etdimsə, jurnalist
kimi etdim. Cəmiyyətdəki mövqeyimi, insanların
mənə qarşı
müsbət fikirlərini
məhz jurnalist kimi qazanmışam.
Düşünürəm ki, bəlkə
başqa sahədə
olsaydım, bu qədər tanınmazdım.
Jurnalistika mənə
çox şey verdi. Təbii ki,
mən də jurnalistikada müəyyən
işlər görməyə
çalışdım, bunun
üçün mücadilə
apardım. Ortada görülən
işlər var. Düzdü
fəaliyyət göstərdiyim
jurnalistika sahəsində
də bir çox problemlərlə,
çətinliklərlə qarşılaşmışam. Həbs olunmuşam. Amma heç
zaman usanmamışam,
məqsədimdən, düz
yolumdan dönməmişəm.
Jurnalist kimi fəaliyyətimi davam etdirmişəm, gördüyüm işlər
və nailiyyətlərimlə
fəxr edirəm".
Peşəyə sadiq olmaq
17 yaşında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş yubilyar hər zaman jurnalistikanı sevdiyini, sevərək, öz istəyilə bu ixtisasa yiyələndiyini deyir. Bu sahəni seçməyinə qəti peşman olmayıb: "Bəzi insanlar var ki, hər hansı bir yolu keçəndən sonra peşmançılıq çəkirlər. Mən düşünürəm ki, onlar təsadüfən həmin sahəyə gələnlərdir. Ancaq mən təsadüfən jurnalist olan insanlardan deyiləm. Jurnalist olmağı çox istədiyim üçün bu peşədəyəm. İşimi çox sevmişəm və daim peşəmə sadiq olmağa çalışmışam. Bu yolda 40 ilə yaxın fəaliyyətim var. Azərbaycanda mətbuatın inkişafı ilə bağlı bir çox mərhələlər keçilib. Bu yolun hər addımında mənim də dəsti-xəttim var. Mən buna görə də qürurluyam".
Xaricdən gələn təklif
Fəaliyyəti dövründə üzləşdiyi hadisələr, başına gələn olaylar barədə xatirələrini bölüşən Yadigar Məmmədli 1990-cı illərdə üzləşdiyi maraqlı bir epizodu təbəssümlə xatırlayır: "90-cı illər idi. Həbsdən yenicə azad olunmuşdum. O vaxt bizim redaksiya "Turan" İnformasiya Agentliyinə yaxın bir yerdə idi. Bir gün redaksiyada mənə dedilər ki, səni İngiltərə səfirliyinə vacib iş üçün çağırırlar. Mən bunun zarafat olduğunu zənn edib inanmadım. Səfirlikdən mənə zəng gələndən sonra inanıb ora getdim. O vaxt İspaniya ilə diplomatik əlaqələrimiz də İngiltərə səfirliyi vasitəsilə həyata keçirilirdi. Səfir bildirdi ki, İspaniya vətəndaşı olan bir azərbaycanlı mənə məktub yazıb. Onun soyadı Yadigarovdur. Məktubda yazılmışdı: "Bəlkə də biz qohumuq. Mən sənin həbs olunmandan çox pis olmuşam. Səni İspaniyaya dəvət edirəm". Məktubda uzun-uzadı ürək sözləri qeyd olunmuşdu. Mən səfirə dedim ki, "mənim soyadım yox, adım Yadigardır".
Səfir isə təkid etdi ki, mən İspaniyaya gedim. Hətta mənim orada hər cür şəraitlə təmin ediləcəyimə söz verdi. Mən bunun boş bir şey olduğunu fikirləşdim. Geri dönüb əhvalatı redaksiyada danışdım. Həmkarlarım məni qınadılar ki, bu şansı əlindən buraxma. Sonra yenə dəfələrlə səfirlikdən mənə zəng edib soruşdular ki, getmək fikrim var, ya yox. Ancaq mən buna ciddi bir iş kimi baxmadım".
"Həm media, həm də QHT sahəsində fəaliyyət qurmağa çalışmışam"
Demokratik Jurnalistlər Liqasına sədrlik edən Yadigar Məmmədli uzun müddətdir ki, aktiv QHT fəaliyyəti ilə də məşğuldur: "Demokratik Jurnalistlər Liqası 1998-ci ildə təsis olunub. Zakir Abbas və bir qrup jurnalist yığışıb bu Liqanı təsis etdik. İlk rəhbəri bizim hörmətli jurnalistimiz Vaqif Vəlixanlı oldu. 2000-ci ildən isə Liqaya mən sədrlik edirəm. Liqa jurnalist təşkilatı olsa da, QHT kimi qeydiyyata alınıb. Azərbaycan qanunvericiliyində jurnalist təşkilatları QHT kimi qeydiyyatdan keçir. Biz, həm də QHT sektorunun üzvləri sayılırıq. Fikrimcə, vətəndaş cəmiyyətinin sütunları QHT-lər, media və siyasi partiyalardır. Mən də həm media, həm də QHT sahəsində fəaliyyətimi qurmağa çalışmışam. Mən liqaya rəhbərlik etməyə başladığım 2000-ci ildən çox məhsuldar dövr başladı. Çox böyük layihələr həyata keçirdik. Cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən işlər gördük".
"Yubileyimi qalib ölkənin vətəndaşı olaraq qeyd etdim"
Y.Məmmədli 60 illik yubileyini torpaqları işğaldan azad olunan bir ölkənin vətəndaşı olaraq qeyd edib. Deyir ki, yubileyinin Qarabağın işğaldan azad olunmasına təsadüf etməsi onu çox sevindirib: "Kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ötən ilki 44 günlük Vətən müharibəsindən sonra daxilən dəyişib. Vətən müharibəsi Azərbaycanın dövlət olaraq imicini yüksəldib. Mən bunu düşündükcə qürur hissi keçirirəm ki, bu hadisələr baş verdi. 44 günlük Vətən müharibəsi birdən başlamadı ki. Bu hadisələr qəfil baş vermədi. Azərbaycan 28 il idi, buna doğru gedirdi, buna hazırlaşırdı. Hər kəs bunu arzulayır, gözləyirdi. Bu müharibə Ali Baş Komandan İlham Əliyev başda olmaqla, bütün xalqımızda vəhdət yaratdı. Əsgəri, zabiti, komandiri hər kəs bir idi, bütöv idi. Bu 44 gün ərzində hər kəs daxilən arındı, təmizləndi, tamam başqalaşdı. Hamı bir yumruq kim birləşdi, bərabər oldu. Qazanılan qələbə, Qarabağın işğaldan azad olunması hər kəsi ürəkdən sevindirdi. Mən bu gün 60 yaşımı qalib ölkənin vətəndaşı olaraq qeyd etdim. Böyük qürur hissi ilə. Böyük sevinc içində".
Hədəfə doğru
Bundan sonra görəcəyi işlərdən, arzularından söz açan Yadigar Məmmədli vurğulayır k, hər kəs bir missiya üçün gəlir bu həyata və bu məqsədinə çatmaq üçün çalışır, mübarizə aparır. O da daim hədəfinə doğru irəliləyib, çətinliklərə rəğmən ruhdan düşməyib: "Mən öz missiyamı həyata keçirmək üçün uzun bir yol keçmişəm. Bundan sonra qarşıya qoyduğum hədəflərim bu günədək gəldiyi yolun davamıdır. Yarımçıq qalan işlərimi tamamlamaq istəyirəm. Jurnalistika sahəsi ilə bağlı arzularım var. Çox istəyirəm ki, ölkədə aparılan köklü islahatlar kimi, media sahəsində mövcud olan problemlər də tədricən həllini tapsın, aradan qalxsın. Jurnalistikadakı peşəkar insanlara geniş imkanlar yaradılsın".
Sevinc QARAYEVA
525-ci qəzet.-2021.- 4 sentyabr.- S.14.