Bir qərinədən sonra...
Salam, Məkkəmiz,
Mədinəmiz, Qüdsümüz gözəl Şuşa!
Salam,
dilimizin, şeiriyyətimizin böyük ustadı, iki od arasında çarpışan Qarabağ
xanlığının cəfakeş dövlət adamı
Molla Pənah Vaqif!
Şuşada, yenidən bərpa olunan ənənəvi
Vaqif Poeziya Günlərinə gedirik.
Yuxudur, yoxsa həqiqət?
Bu görüşü otuz ildən çox gözləmək
lazım gəldi.
Şuşada sonuncu ümumittifaq miqyaslı Vaqif Poeziya
Günləri 1987-ci ilin iyulunda keçirilmişdi. Həmin ilin iyununda Nizami adına Ədəbiyyat İnstitutunun elmi
işlər üzrə direktor müavini təyin
edilmişdim. Yəqin bu səbəbdən
şair olmasam da, adım Vaqif Poeziya Günlərinin
iştirakçıları sırasına
salınmışdı. O dövrdə Moskvadan,
Leninqraddan, keçmiş SSRİ-nin bir sıra
respublikalarından gəlmiş şair və
yazıçıların, ədəbiyyatşünasların
iştirakı ilə keçirilən bu mötəbər tədbirə
dəvət almaq elə də asan məsələ deyildi. Siyahı Mərkəzi Komitə ilə
razılaşdırılırdı. Nə
isə, mən də yeni statusum sayəsində
seçilmişlər arasında idim.
Axşam qatarla Bakıdan Ağstafaya yola
düşdük. Başabəla Sovet rəhbəri
Qorbaçovun antialkoqol kampaniyasının
şıdırğı vaxtı idi. Şairlərin
ilham mənbələrindən olan içki qəhətə
çıxmışdı. Amma deyəsən,
hamı ehtiyatını əvvəldən
görmüşdü. Ona görə də
gecədən xeyli keçənə qədər kupelərdə
sağlıqlar deyilirdi. Şeir, mahnı
oxunurdu. Yanılmıramsa, mən də həyatımda
ilk dəfə mərhum Yusif Səmədoğlunun yola
götürdüyü "Hennesi" konyakının
dadına baxdım.
Qazaxda Səməd
Vurğun adına
"Poeziya evində" olduq. Şəhər
Mədəniyyət sarayında görüş keçirildi.
Sonra nahar etmək üçün "Göyəzən"
restoranına yola düşdük. Təbii
ki, rayon partiya komitəsi birinci katibinin də iştirak etdiyi məclisdə
spirtli içki vermək olmazdı. Hamı,
xüsusən də "böyük qardaşlar" ziyafətin
"suxoy" keçəcəyindən narahat idilər.
Amma diribaş qazaxlılar bunun da yolunu
tapmışdılar. Masaya
"Badamlı" şüşələrinə
doldurulmuş zoğal arağı qoyulmuşdu. Ofisiantlar
pıçıltı ilə məclis əhlini vəziyyətdən
hali edir, badə toqquşdurmamaq, sağlıq deməmək
şərti ilə hər kəsin ürəyi istəyən
qədər içə biləcəyini deyirdilər. Şübhəsiz, bu, həm daxili, həm də
qarşılıqlı nəzarətin itirilməsinə gətirib
çıxardı. Guya içkisiz keçən məclisdən bəzi
qonaqları sürüyə-sürüyə aparmaq lazım gəldi.
Gecəni Qazaxda keçirib ertəsi gün sübh
saatlarında Şuşaya yol aldıq. O zamankı Stepanakert, indiki
Xankəndində bizi Azərbaycan Yazıçılar
İttifaqı Qarabağ şöbəsinin üzvləri
qarşıladılar. Xəyanətin
başlanmasına bir neçə ay qalırdı -
A.Aqabeqyanın siqnal xarakterli yazısı noyabr ayında
çap olunacaqdı. Ermənilər hələ
ki, qonaqpərvər "ev sahibi" rolunu oynayırdılar.
İndi adını unutduğum rəhbərləri
"Xoş gəlmisiniz!" dedi. Dəqiq yadımdadır ki,
məndən bir neçə addım aralıda
dayanmış Levon Adyan adlı heyvərə görkəmli
bir erməni yazıçısı, yaxud şairi istehzalı
səslə Azərbaycan dilində "Xoş gəliblər,
amma əli boş gəliblər" - deyə söz atdı.
Ətrafdakılar bunu zarafata yozub güldülər.
Bilmirəm, nədənsə onun duruşunda və
səsində özümüzə qarşı bir
düşmənçilik hiss etdim.
"Qarabağ" mehmanxanasında yerləşdik. Gecənin gec
saatlarına qədər şəhəri dolaşdım.
Yolun yorğunluğundan, bürküdən sonra
Şuşanın dağ havası adamı məst edirdi.
O gecə bəlkə də həyatımın ən rahat
yuxusunu yatdım...
Səhər
köhnə şuşalı və Şuşa
təəssübkeşi kimi tanıdığım
musiqişünas Firudin Şuşinskinin otelin
qarşısındakı bağçada gəzişdiyini
gördüm. Yaxınlaşıb salam
verdim, deyəsən, bir balaca yarınmaq da istədim:
-
Şuşa çox gözəldir, - dedim.
Reaksiyası gözlədiyimin əksinə oldu. Hirslə, hətta qəzəblə
dilləndi:
- Nə
gözəllikbazlıqdır? Şuşa əldən
gedir. Şuşanın yiyəsi yoxdur.
Söhbəti uzatmayıb aralandım.
Vaqif məqbərəsinin ətrafında xeyli adam toplaşmışdı. Meydan sözə, poeziyaya verildi. Şairlər bir-birlərini əvəz edirdilər. Müxtəlif dillərdə dostluğa, sevgiyə, Vətənə həsr olunmuş şeirlər səslənirdi. Sıra Xəlil Rzaya çatdı. Tribun şair ətrafdakı dağlarda əks-səda verən gur səsi ilə oxuyacağı şeirin adın elan etdi: "Türk sözündən qorxan alçaqlara!"
Dilimizi bilən ermənilərin bir-birləri ilə baxışdıqlarını gördüm. Deyəsən, söz ünvanına çatmışdı. Amma şairi dayandırmaq da olmazdı. Çünki "yenidənqurma" və "aşkarlıq" dövrü idi.
Xəlil Rza nə etdiyini yaxşı bilirdi. Erməniləri onların öz silahı ilə vururdu. Bəşər tarixində dəmirdən, kömürdən tutmuş atom silahına qədər bütün ixtira və kəşfləri türklərin adına bağlayırdı. Etimologiyasını "ər üz" (kişi sifətli) kimi açıqladığı rusları türklüyünü unutmuş türklər adlandırır, onları türk sözlərini mənimsəyib əcaib dillərinə uyğunlaşdırmaqda ittiham edirdi:
Çelovekə çevirdin
Sən çələbəy sözümü!
Bu misralar səslənəndə şair-tərcüməçi Vladimir Qafarov özünü saxlaya bilməyib pıqqıltı ilə güldü. Xəlil Rza arxaya çevrilib ona ani bir nəzər fırlatdı. Sanki əvvəlcədən yazıbmış kimi bədahətən şeirinə davam etdi:
Vladimir Qafarov!
Çox bərəltmə gözünü,
İtirmə gəl özünü.
Çətin ki, anlayasan
Sözümün hikmətini!
Sən get təzədən öyrən,
Nəsil-nəcabətini!
Vladimir sadəcə əlini çılğın həmkarının kürəyinə vurub "Da poşel tı!" - deməklə kifayətləndi. Bəlkə də çoxları iki şair arasındakı bu ani hiss-söz duelinin fərqinə də varmadılar. Sadəcə mən yaxında dayandığımdan hər şeyi eşitdim.
Amma "çələbəy" sözü səfərimizin brendinə çevrildi. Xüsusən Molla Pənah Vaqifin şəxsiyyəti və həyatı haqqında qiymətli monoqrafiyanın müəllifi, özü də həqiqətən gözəl insan olan professor Araz Dadaşzadə həmkarlarına müraciət zamanı tez-tez işlətdiyi "gözəl insan" xitabını indi "gözəl çələbəy"lə əvəz etmişdi. Bu sözləri deyəndə hamıdan birinci özü uğunub gedirdi. Xəlil Rza isə nəinki incimir, əksinə, çox məmnun görünürdü...
Qonaqların şərəfinə ziyafət İsa bulağında idi. Dünən Qazaxdakı zoğal arağının məstliyindən ayılmayanlar ermənilərin də tut arağı çəkməkdə mahir olduqlarını deyir, fikrən yeni kef məclisinə hazırlaşırdılar.
Amma türklər demiş, ümidlər suya düşdü. Açıq havada üzərinə hər cür naz-nemət düzülmüş süfrə açılsa da, həsrətlə gözlənilən "odlu su" gəlib çıxmadı. Görünür, Şuşa rayon partiya komitəsinin birinci katibi Niyaz Hacıyev qazaxlı həmkarı Murad Aşurovdan daha intizamlı kommunist imiş...
Yadımdadır, qrafindəki bulaq suyunu böyük ümidlə qoxulayıb bir kənara itələyən şair Tofiq Bayram bir neçə dəqiqə həvəssiz oturub boşqabındakı quzu kababını çəngəllə o tərəf bu tərəfə çevirəndən sonra üzünü qonaqlarla söhbət edən birinci katibə tutdu:
- Niyaz müəllim, molla əmi gözümə dəymir?
Katib
karıxan kimi oldu:
- Molla
kimdir? Mollanın burada nə işi var?
- Əşi, bu ehsana bir "Fatihə" verən olacaq
ki, gedək başımıza çarə qılaq?
Şairin bu "qəlb fəryadı" da vəziyyəti
dəyişmədi. Amma məclis gözəl keçdi...
Qonaqların arasında İrəvandan olan iki erməni
şairi də vardı. Biri gənc qızı ilə gəlmişdi.
Göyçayda şam yeməyi vaxtı (Anar müəllimin
səyi ilə bu dəfə süfrədə hər şey
var idi!) təxminən belə sağlıq dedi:
- Arvadım Anaiti (məsəl üçün!) bura gətirməyimə
razı deyildi.
Deyirdi ki, siz şairlər bir yerə
yığışanda içməkdən başqa heç nə
ilə maraqlanmırsınız.
Sonra
özünüz də bilmirsiniz ki, kim
hardadır, kim kimlə yatdı, kim kimlə durdu... Yox, qızı buraxa bilmərəm. Dedim:
"Arvad, bir fikirləş gör biz hara gedirik. Biz Azərbaycana gedirik. Azərbaycanlı
qardaşlarımızla ümumi bir dəyərimiz, ortaq bir
anlayışımız var - namus! Ürəyini
buz kimi saxla. Dostlardan namərdlik gəlməz! Odur ki, badələrimizi
"namus" sözü, "namus" düşüncəsi
eyni olan iki qədim qonşu xalqın əbədi dostluğu və
qardaşlığının şərəfinə
qaldıraq!
Amma özü namərd çıxdı. Bir müddət sonra
redaktoru olduğu jurnal namussuzcasına ölkəmiz və
xalqımız haqda hədyanlar yaymağa başladı...
Erməni işğalından əvvəlki Şuşada sonuncu dəfə 1989-cu ilin oktyabrında olmuşdum. Şuşa qərib, tənha və kədərli görünürdü. Şəhərə rus hərbçilərinin müşayiəti ilə gəlmişdik. Yol boyu kəndlərdə ara-sıra rastımıza çıxan ermənilərin nifrət dolu baxışlarını hiss edirdik. Dünənə qədər imtiyazlı vətəndaşlarımız sayılan bu məxluqların hikkəsini başa düşmək mümkün deyildi. İstər-istəməz Yevtuşenkonun məşhur "Əlimizlə yemləyirik alçaqları, Tulalardan böyüdürük buldoqları..." misralarını xatırlamalı olurdum.
Hələ 1992-ci ilin dəhşətli may günlərinə çox qalsa da, Şuşa mənə taleyin ümidinə buraxılmış şəhər təsiri bağışladı. Tapıb danışa bildiyimiz bir neçə yerli ziyalı "yiyəsizlikdən" şikayətləndi. Vaqif Cəfərovla görüşdük. Kabinetində hələ də Qorbaçovun şəkli asılmışdı. Həyəcanımızı görüb bizə ürək-dirək verdi. Amma hiss etdim ki, sözlərində pəhləvan gövdəsinə yaraşmayan bir inamsızlıq var. Əslində, onun özünü də meydanda tək qoymuşdular.
Elə bil ürəyimə dammışdı - Şuşa ilə vidalaşırdım. O zaman İnstitutumuzun dissertantı olan adını unutduğum bir şuşalı gəncin bələdçiliyi ilə iki saatın içərisində şəhərin əksər tarixi yerlərini gəzib dolaşdıq. Hətta Xan qızı Natəvanın bağçasında çay içməyə də macal tapdıq.
Və o dəhşətli məqam gəlib çatdı... Fədakar oğulları son ana qədər döyüş meydanından çəkilməsə də, taleyin ümidinə buraxılmış Şuşa düşmənə təslim edildi. Qarabağ savaşının ən böyük itkisini verdik.
Şuşanın işğal olunduğu gün indiyə qədər bütün təfərrüatı ilə yadımdadır. Son ana qədər hamı kimi mən də ümidlə yaşayırdım. Bir möcüzə baş verəcəyini və bu dəhşətli milli həqarətin qarşısının alınacağını düşünürdüm. Xəbəri Moskva televiziyasından eşidəndə necə deyərlər, varımdan yox oldum. Evdən çıxıb bir neçə saat məqsədsiz halda küçələri dolaşdım. Canımı qoymağa yer tapmırdım. Qaranlıq qovuşanda Qaraşəhərdə olduğumu gördüm. Sanki dəhşətli məğlubiyyətin yeganə səbəbkarı mənəmmiş kimi çox sarsılmış, pəjmürdə halda evə döndüm. Özüm də fərqinə varmadan dərdli bir səslə məndən Şuşa haqqında yeni xəbərin olub-olmadığını soruşan qayınanam, tanınmış jurnalist, mənə həmişə ana münasibəti göstərən rəhmətlik Cahan xanımı acıladım.
Bilmirəm başqaları bu duyğuları necə yaşayıb. Amma mən Şuşa itkisinin ağrısını, əzabını elə bil fiziki şəkildə canımda hiss edirdim. Mənəvi əzablar isə daha dözülməz idi. Vəzirova soyadı daşıyan xanımımdan, uşaqlarımdan utanırdım...
***
Düşmən tapdağı altındakı Şuşanın mənzərələrini ilk dəfə 1999-cu ildə görə bildim. Tam yeni və çətin bir sahədə - Xarici İşlər Nazirliyində çalışmağa başlamışdım. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, özünü həm Bakının, həm də İrəvanın dostu kimi göstərməyə çalışan, əslində isə daha çox şəxsi qazancını və firavanlığını düşünən polşalı diplomat Ancey Kasprşik mənimlə isti münasibətlər yaratmağa çalışırdı. Bir dəfə Qarabağdan qayıdanda Şuşada çəkilmiş bir xeyli şəkil gətirmişdi. On il əvvəl gördüyüm Şuşaya indi şəkillərdə tamaşa edirdim. Şəhər acınacaqlı, xarabazar vəziyyətdə idi. İşğaldan keçən yeddi il ərzində şəhərin abadlığı üçün heç bir iş görülməmişdi. Tarixi memarlıq abidələri taleyin ümidinə buraxılmış, yaxud bilərəkdən dağıdılıb tar-mar edilmişdi. Ermənilərin guya "tarixi paytaxtlarından" biri kimi ağız dolusu söz açdıqları bu "Qafqaz incisinə" belə vandal münasibəti məni həqiqi mənada heyrətləndirdi.
Səfərimizin məqsədi işğaldan azad edilmiş Şuşada keçirilən ilk Vaqif Poeziya Günləri olduğundan başqa bir tarixi epizodu xatırladım.
2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlüyə qəbulu ilə əlaqədar Prezident Heydər Əliyev və Robert Koçaryan Strasburqa səfər etmişdilər. Bu panavropa qurumunun çətiri altında əslində, formal xarakter daşıyan və münaqişənin həllinə heç bir töhfə verməyən görüş keçirildi.
Rəsmi hissə başa çatandan sonra Heydər Əliyev vidalaşmaq üçün yaxınlaşan Koçaryanı saxlayaraq dedi:
- Yəqin xəbərsiz deyilsiniz - mənim təşəbbüsümlə Şuşada Vaqifin məqbərəsi tikilmişdi. Vaqif bizim böyük şairimizdir. Qarabağ xanlığının vəziri olub. İndi məqbərə nə vəziyyətdədir? Yoxsa onu da yer üzündən silmisiniz?
- Başımız açılana qədər mərmər üzlükləri, aliminium şəbəkələri söküb aparıblar. Amma karkası yerindədir, - deyə Koçaryan saxta təbəssümlə cavab verdi.
- Ümidvaram ki, şəxsən bu işə əl bulamamısan, - deyə Heydər Əliyev qəsdən diplomatik etiketi pozaraq istehzalı bir şəkildə "sizdən" "sənə" keçdi.
- Nə danışırsınız, Heydər Əliyeviç, - deyə özünü heyrətlənmiş kimi göstərən Koçaryan tələsik Prezidentin əlini sıxıb uzaqlaşdı.
Heydər Əliyev onun arxasınca baxaraq sanki öz-özü ilə danışırmış kimi, "Gözünün içinə qədər yalan danışır. Quldurbaşının böyüyü özüdür" - dedi.
Və budur - quldurlardan təmizlənmiş Şuşaya, Vaqifin qısa müddət ərzində zövqlə bərpa edilmiş məqbərəsini ziyarət etməyə, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Vaqif Poeziya Günləri keçirməyə gedirik.
Bu böyük şeir və mədəniyyət bayramına bizi Zəfər yolu aparır.
Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi iradəsi, qəhrəman ordumuzun şücaəti və fədakarlığı sayəsində açılmış Zəfər yolu ilə!
Ən əlçatmaz arzuların həqiqətə çevrildiyi günlərdə yaşayırıq.
Nə yaxşı ki, tale bu günlərə qədər yaşamağı, yenidən Şuşanı görməyi, onun müqəddəs torpağına qədəm basmağı bizə qismət elədi.
Məni qınamayın - "quldurbaşının" və əlaltılarının da ölməyib bu günlərə qədər yaşamalarına daxilən sevinirəm. Çünki onlar siyasi, hərbi, mənəvi ölümlərini xalqımızın Şuşa zəfəri ilə tapdılar. Türk qardaşlarımız demiş, dünyaya rəzil oldular. Bundan sonra daha hələ neçə il fiziki mövcudluqlarını qoruyub havanı zəhərləməyə davam etmələrinin heç bir əhəmiyyəti yoxdur.
Salam, Şuşa! Qəhrəmanlıq tariximizin ünvanı, mədəniyyətimizin paytaxtı! Sənin şəhid qanları çilənmiş torpağın biz Məkkə türbətindən daha əzizdir!
Biz erməni vandallarını sənin simanda təcəssüm edən mədəniyyətimiz, mənəviyyatımız, insanlığımız ilə bundan sonra da yenəcəyik!
30 avqust,
Şuşa
Vilayət
QULİYEV
525-ci qəzet.-2021.- 4 sentyabr.- S.12;13.