Yuxulardan qopub gələn Şuşa
nağılı...
Hər
bir azərbaycanlının düşüncəsində, xəyallarında
bir Şuşa obrazı vardı;
qayaların başında yerləşən əfsanələşmiş
şəhər... O şəhər ki, tarixin
qanlı-qadalı səhifələrindən
çal-çağırla boylanıb bizə. Ən
gözəl səslər, ən möhtəşəm musiqilər
də ordan yayılıb, ən qorxunc qılınc cingiltiləri
də. Şuşa deyəndə həm ən
qədim və unikal mədəniyyət, həm də tarixin
tozlu səhifələrində silinməz izlər
buraxmış ən dəhşətli müharibələr
düşür yada. Arzularımızın məkanı,
dualarımızın ünvanı, həsrətimizin
qalası, ağrımızın adıydı Şuşa.
Ta ki, 2020-ci il 8 noyabr tarixinə qədər.
Ali Baş Komandanın Şəhidlər xiyabanında təkcə
Şuşaya, Azərbaycana deyil, bütün dünyaya car
çəkirmiş kimi verdiyi o möhtəşəm xəbər
28 illik Şuşa həsrətimizin son nöqtəsi, qəlbimizin
Şuşa yarasının üzərinə çəkilmiş
məlhəm, Şuşalı dualarımıza Allahın
cavabı, yuxularımızın çin
çıxdığı an idi. Qürurlandıq, sevindik,
ağladıq, 28 il dualar üçün
açılan əllərimizi bu dəfə şükür
üçün açdıq.
Üstündən aylar keçdi. Azad olunan
torpaqlarımızda, eləcə də Şuşada quruculuq
işləri sürətlə başladı. Oralara gedənlər də oldu, ziyarət edənlər
də. Hamısının arxasıyca həm
qürurla, sevinclə, həm də qəlbimizin ən dərinindəki
həsədlə baxdıq. Amma bir şeyi etiraf edim:
öz adıma hələ də inanmadım. Bunun
bir yuxu olmadığına inandıra bilmədim
özümü. Bəlkə də
duyğularım ayağımın altındakı o
torpağın hərarətini, ciyərlərimə dolacaq o
havanın saflığını, dodaqlarımda yaş olacaq o
suyun sərinliyini gözləyirmiş.
Nəhayət...
Sizə çin olan yuxumdan, Allahın xoş vaxtında
qəbul etdiyi dualarımdan - Şuşadan
danışacağam. Deyirdilər ki, Şuşada Vaqif Poeziya
Günləri keçiriləcək. Nə gözəl!
39 il öncə Ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan, işğal
zamanında hər şey kimi yarımçıq qalan o
müdhiş ədəbiyyat festivalı yenidən bərpa
olunacaq. Bir neçə ay öncə bu xəbəri eşidəndə
Vaqif Poeziya Günlərinin tarixini araşdırdım,
şahidlərin xatirələrini dinlədim və haqqında
yazı yazdım... Bərpadan sonra ilk Poeziya
Günlərinin şahidlərindən birinin özüm
olacağıma inanmadan, sadəcə kiçik ümid
qırıntısına sığınaraq.
Bir gün tanımadığım nömrədən zəng
gəldi. Dünyanın ən gözəl zənglərindən
biri idi. Məni arzularımın şəhəri,
nağıllarımın paytaxtı Şuşaya
çağırırdı tədbirin təşkilatçısı
Heydər Əliyev Fondundan gələn o zəng. Cəmi
3 gün sonra Şuşada ola biləcəyimi
müjdələyirdi. O üç gün 30 ildən daha ləng,
daha uzun keçdi desəm, gülməzsiniz ki mənə?! Məncə,
yox! Axı sizə də çox yaxşı
tanışdır bu həsrət...
Vaxt gəlib yetdi. Qarşımızda uzanan bu yol bizi düz
Şuşaya doğru aparacaq. Yol
yoldaşlarım tanınmış qələm əhli, Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin
sayılıb-seçilən isimləridir. Aramızda gənclər azdır, amma elə gənclərdir
ki, müasir ədəbiyyatımızın istiqamətlənməsində
önəmli paya sahibdirlər. Gedirik... Söhbət
edə-edə, pəncərədən görünən mənzərələri
seyr edə-edə.
Hər bir rahatlığımız, təhlükəsizliyimiz
Heydər Əliyev Fondu və Fondun əməkdaşları tərəfindən
ən incəliyinə qədər düşünülüb
və təmin edilib. Bizi qarşıda polis maşını,
arxada isə təcili yardım maşını müşayiət
edir.
Yola düşməzdən öncə söhbət əsnasında
şair, əziz insan Dayandur Sevginin qıpqırmızı
qızarmış gözlərinə sual dolu nəzərlərlə
baxmışdım. Bunu görən şair dərindən ah çəkib
başlamışdı sözə: "Gecəni səhərə
qədər həyəcandan, sevincdən yata bilməmişəm.
O vaxtı - mənim gəncliyimdə, hələ Şuşa işğal olunmamışdan qabaq
hamı gəzməyə, istirahətə Şuşaya gedərdi.
Mən kasıb uşaq idim, kim idi məni
aparan? Həmişə həsrətlə
baxardım onlara, Şuşaya getməyi arzulayardım. Amma heç vaxt gedə bilməmişdim. Sonra Şuşa işğal olunanda o qədər
pis olmuşdum ki, bircə dəfə də görə bilmədim
deyə. İşğal uzandıqca da elə
hey fikirləşirdim, Şuşanı görmədən
öləcəyəm. Şükür bu
günə, mən ilk dəfədir Şuşaya gedirəm.
Uşaqlığımdan arzuladığım
Şuşaya..."
Bu səmimi sözlər elə bir ağrı
açmışdı ki, ürəyimdə, özümdən
də çox Dayandur müəllimin bu səfərdə
olmasına sevinmişdim. Tək mən və o deyildi ki, bu səfərdə
hamı gecəni həyəcandan, sevincdən
yatmadığını deyir, səbrsizliklə Şuşaya
qovuşmağı gözləyirdi. Və
biz gedirik.
Zəfər
yolunun əzəməti
Bizi Şuşaya böyük Zəfər yolu aparır. O Zəfər
yolu ki, ordan qəhrəman döyüşçülərimiz,
cəngavərlərimiz ağacları qıra-qıra, qayalara
dırmaşa-dırmaşa, əlləri, ayaqları,
dırnaqları hesabına qalxaraq gözəl
Şuşamızı yağı düşməndən azad
ediblər. Əvvəllər burda yol
olmayıb, təbii ki. Dağların,
meşələrin arasında, çətin relyefə malik
kiçik, tozlu-torpaqlı, bir maşının belə
güclə keçdiyi cığır olub. İgid Azərbaycan oğulları düşmənin
gözləntilərinin əksinə, məhz bu çətin,
ağır yolla Şuşaya qalxıb, canları, qanları
bahasına düşməni qeyd-şərtsiz məğlub
ediblər. Qələbədən sonra isə
cənab prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişiylə
igidlərimizin keçdiyi bu yolun əbədiləşdirilməsi
məqsədiylə həmin yerdə Zəfər yolu
salınıb. Üstündən
keçib getdiyimiz, bizi ta uzaqda, qayaların başında
bütün əzəmətiylə dayanmış
Şuşamıza doğru aparan bu yolun qısa zamanda əfsanələşmiş,
amma gerçəkdən də gerçək tarixini bilmək
isə köksümüzü daha da qabardır. Təkcə avtobusun pəncərəsindən
görünən o müdhiş mənzərəyə deyil,
həm də ayaqlarımız altında uzanıb gedən,
qıvrıla-qıvrıla arzularımızın
paytaxtına qalxan bu yola da sonsuz heyranlıq və qürurla
baxırıq.
Yer
üzündən silinən şəhər - Füzuli
Zəfər yolu Füzulidən keçir. Mən
Ağdamda olarkən, o dağıdılmış evləri,
binaları görərkən elə bilmişdim ki,
düşmənin işğal etdiyi şəhərlər
içərisində ən çox zülm verdiyi,
xarabalığa çevirdiyi şəhər Ağdamdır.
Sən demə, düşmən bizə
qarşı kinini, qisasını Füzulidən daha betər
şəkildə alıbmış. Göz
işlədikcə uzanan dümdüz çöllüyə
baxarkən buranın nə vaxtsa şəhər olduğuna
kimsə inanmazdı. Amma şəhərmiş.
Özü də bizim doğma, əzizdən əziz,
30 ilə yaxın həsrətiylə qovrulduğumuz şəhər
- Füzuli. Bir şəhər necə məhv
edilə bilər, necə Yer üzündən silinə bilər
- bunu barbar ermənilər Füzuli "nümunə"siylə
göstərib. Uzaqda tək-tük qaralan
uçuq-sökük divarlar vaxtilə burda
ucaldılmış hansısa dövlət əhəmiyyətli
binanın, abidənin, yaşayış evinin
qalıqlarıymış, inanmaq elə çətindir ki.
Yanımda oturub mənimlə birgə pəncərədən
görünən mənzərələri həm həyəcan,
həm də dərin təəssüflə izləyən ədəbiyyatşünas-tərcüməçi,
mənim də redaktorum Seyfəddin Hüseynli gördükləri
qarşısında səssiz qala bilmir: "Elə bil evləri
qurd, çəyirtkə yeyib. Cənab Prezident
tam dəqiq deyir ki, sanki vəhşi qəbilə keçib
burdan".
Hönkürüb ağlamaq, dizlərimə vura-vura
ağı demək istəyirəm Füzulinin bu miskin
halına. Elə
bu an gözümə traktor dəyir,
buralarda iş görən insanları görürəm. Çiçək açır qəlbimdə,
sevinc parıldayır gözümdə. Yox,
indi ağlamaq, ağı demək zamanı deyil. Bax, onlar sənin həmvətənlərindir, o
traktor, o inşaat maşını sənin dövlətinin
Füzulinin ağrılarına çəkdiyi
sığaldır, yaralarına səpdiyi məlhəmdir.
İndi Füzulinin də, onun kimi bağrı
yarılmış, köksü qazınmış
bütün şəhərlərimizin də
ağrıları keçmişdə qalıb. İndi onlar sürətlə sağalmağa
doğru gedirlər. Bu ağrılar
keçmişin tozlu səhifələrində itib-gedəcək,
sadəcə xatirəsi qalacaq. O da unutmayaq, unutdurmayaq deyə.
Unutmayaq ki, yenidən oxşar ağrıları
çəkməyək deyə.
Avtobusumuz qıvrılan yolları aram-aram qalxdıqca kəndlər
görünür gözümüzə. Adamsız kəndlər.
İndi burda bir neçə hərbçi və
inşaatla məşğul olan ustalardan başqa kimsə
yoxdur. Amma görünür ki,
işğal zamanında burda yaşayış olub. Ancaq necə bir yaşayış? Burda da Seyfəddin
müəllimin, mənfur düşmənə qəzəblə
dolu, səsini eşidirəm: "İndi Azərbaycanın
başqa heç yerində belə miskin kəndlər yoxdur. Yaşadıqları yerləri də
dağıdıblar ki o murdarlar!"
Şuşanın
dağları başı dumanlı...
Zəfər
yoluyla üzü yuxarıya qalxdıqca Yer üzündən
silinən və bu gün sürətlə bərpası
aparılan Füzuli də, o miskin kəndlər də
aşağıda qalır, bir az sonra lap
görünməz olurlar. Bizsə meşələrin
arasıyla qalxdıqca qalxırıq. Hey üzü
yuxarı. Bir an bu yolun bizi Şuşaya
yox, ondan da yuxarıya - Allaha apardığını
düşünürəm. Sanki qalib xalqın əli
qələmli nümayəndələri dualarını qəbul
etdiyi üçün Allaha təşəkkürə gedirdi.
Dumanlı dağların arasıyla uzanır
yol. Dumanından tanıyıram
Şuşanı. O məşhur mahnıdakı
başı dumanlı Şuşa
dağlarıdır ucalıb qarşımızda. Yamyaşıl ağaclar da əl eyləyir bizə,
gülümsəyir üzümüzə. "Xoş gəldiniz!" nidalarını
ucaldır təbiət öz dilində. Xoş gəlmişik!
Sol tərəfimizdəki uçurumun Daşaltı
olduğunu deyirlər. Boylanıram pəncərədən.
Birinci Qarabağ müharibəsində onlarla
igidimizə məzar olan, Şuşanın itirilməsində
həll edici rol oynayan Daşaltıdır bura. Qanlı
Daşaltı... Gözəl Daşaltı... Sənə də
salam olsun!
Dərdindən
ölməyə çoxdur gümanlı...
Biz
Şuşadayıq! Bir-iki mərtəbəli
binalar, aparılan quruculuq işlərinin nümunəsi olan
görüntülər bizə bunu deyir. Bizimlə bir
avtobusda olan Şuşa Mədəniyyət
şöbəsinin sədri Zahid müəllim avtobus
küçələrindən keçdikcə bizi şəhərlə
tanış edir, özlərinin vaxtiylə
yaşadıqları evi, düşmənin özü
üçün qurduğu qondarma respublikanın tərəfimizdən
dağıdılmış parlament binasını göstərir.
Nəhayət, qalacağımız otelə
çatırıq. Otaqlarımıza yerləşəndən
və nahar edəndən sonra asudə vaxtımızı
Şuşanı gəzməyə sərf edirik.
Düşürük Şuşanın küçələrinə
payi-piyada...
Düşmənin vandalizm izləri burda da
özünü göstərir. Hər tərəf
dağıdılıb, xaraba qoyulub. Amma Şuşa
bütün gözəlliyi, əfsanəvi sehri və xoş
aurasıyla öz yerindədir.
Burda ən
çox rastımıza çıxan isə az
qala hər binanın, hər tikilinin, hər daşın
üzərinə yazılmış adlar, cümlələrdir.
Məsələn, bax, yolun sonundakı bu yarımsökük
binanın divarına həkk olunub: "Tarix yazdıq, tarixə
yazıldıq". Bunlar Şuşanı 28
illik işğaldan azad edən, xalqımıza milli
qürurunu qaytaran igidlərimizin, bu torpağın dərdindən
ölməyə hazır gümanlılarımızın izləridir.
Hər rayonun, hər bölgənin adı var
burda. Yadıma müharibə zamanı dəmir
yumruğa çevrilmiş, bir bütün olmuş xalq
düşür. Burda da o bütünlük
ən gözəl şəkildə öz əkini tapıb.
Baxdıqca, qürur keçirməmək, fərəhlənməmək
mümkünsüz.
Döyüşçü və şair dostlarım Emin
Pirini, Oğuz Alparslanı xatırlayıram. Hər biri
müharibə dövründə bir qəhrəman
döyüşçü kimi keçiblər burdan. Bu
günləri yaşamağımızda ən böyük pay
sahibidirlər. Təəssüf ki, Emin səhhətindəki
problemdən, Oğuz da başqa bir səbəbdən bu
gün bu səfərdə aramızda deyillər. Görünür, onlar elə
döyüşçü kimi bu torpaqları gəzməlilərmiş.
Bu səfəri də, Şuşa ilə
bu görüşü də hər birimizdən daha çox
haqq etsələr də... Ən qısa zamanda
onlarla birgə yenidən buralara qayıdacağımıza,
onların döyüş xatirələrini yerindəcə
öz dillərindən dinləyəcəyimizə ümidimiz
də, inamımız da böyükdür. Sağlıq
olsun!
Qarşımıza lövhə çıxır. Üzərində
Ali Baş Komandanın "Əziz Şuşa, sən
azadsan!" sözləri yazılmış. Bir daha, təkrar-təkrar oxuyuruq yazını.
Doğrudan a, Şuşa azaddır və
biz Şuşadayıq!
Tarixini tapmağın sevinci
Kiril əlifbasıyla "Natəvan küçəsi" yazılmış, keçmişdən qalma lövhə Azərbaycan xalqının burda işğaldan öncəki izlərinin ən gözəl nümunəsi kimi vurulub küçənin başına. Görəndə çiçəyimiz çırtlayır. Şəkil çəkdirib davam edirik yolumuza.
Sonra əsas yoldan çıxıb yuxarıya, evlərə sarı gedirik. Böyürtkən dəririk kolların arasından. Qapısız bir ev çəkir diqqətimizi. Həyətində alma ağacı var. Pəncərəsindən boylanan hərbçimizdən icazə alıb içəri keçirik. Şuşada ağacdan alma dərib yeyirik. Nə gözəl, nə şirin dadı var, İlahi!
XVIII əsrə aid Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, onunla üzbəüz qəhrəman döyüşçülərimizin önündə Şuşanın azadlığını Ali Baş Komandana məruzə etdiyi İcra Hakimiyyətinin binası, ondan soldakı güllələnmiş heykəllər yaşadığımız bu günün, üstündən keçdiyimiz o küçənin, daddığımız o böyürtkənin, yediyimiz o almanın, yuxu yox, gerçəklik olduğunu müjdələyir bizə.
Faciəvi taleyə malik güllələnmiş heykəllər... Üzeyir bəy, Xan qızı Natəvan, Bülbül... Düz otuz il insanlarla bərabər köçkün həyatı yaşayan, əsir düşən, Şuşasız ordan ora, burdan bura sürgün olunan, bir yerdə qərar tuta bilməyən, qəlbi yaralı, sinəsi gülləli heykəllər. İndi necə hüzur, sevinc yağır üzündən, gözündən. Bitdi axı həsrət, qovuşdu axı aid olduğu yerə, yaralı ciyərinə çəkdi axı Şuşasının xarıbülbül qoxusunu...
Bu heykəllərin arxasında, 10-15 addımlıq məsafədə Natəvanın adına bulaq, ondan da solda Xan qızının sarayı var. Bulağın saf suyundan dadıb, sarayı ziyarətə yollanırıq.
Əkbər Qoşalının əhdi
Burda gözüm şair, publisist Əkbər Qoşalının yalın ayaqlarına sataşır. Ayaqqabısını da, corabını da çıxarıb. Torpağın üzərində yalın ayaqla gəzir. Daşı, çınqılı, şüşə qırıntılarını nəzərə alıb ayağını yaralayacağından narahat oluram. Onunsa bunların heç biri eyninə deyil. Biz ayaqqabısını geyinməyini istəyirik. O isə deyir: "Əhdim vardı, Şuşa azad olunsun, torpağında ayaqyalın gəzəcəm. Şükür, əhdim gerçək oldu. Qoyun bir az gəzim". Qəlbin ən dərin küncündən süzülüb gələn bu kövrək əhd, bu səmimi əməl qarşısında gözlərim dolur. Daha heç nə demirəm. Otuz il sonra yerinə yetən əhdə nə deyəsən ki?! Görən, daha kimlərin nə əhdləri var artıq gerçəkləşib, ya da gerçəkləşməməyi üçün heç bir əngəl qalmayıb. Şükür gününə, ya Rəbb!
Şuşalı ad günü təbrikim...
Natəvan bulağının arxasında XVIII əsrə aid Xan sarayından geriyə qalan xarabalıqları ziyarətə yollanırıq. Geniş həyəti, uçuq-sökük divarları tarix qoxur hələ də.
Burdaykən yadıma bu günlərdə ad günləri olan iki dostum düşür. Bu səfərə görə heç birinin yanında ola bilməyəcəyimdən elə burdanca təbrik etmək istəyirəm onları. Şuşalı ad günü təbrikindən gözəl nə ola bilər ki?
Biri üçün video çəkirəm. 29 avqust - şəhid jurnalistlər Çingiz Mustafayev və Sirac Abışovun ad günündə Şuşadan çəkilmiş videoda Şuşanın salamını, sevgisini, gözəl mənzərəsini hədiyyə edirəm dostuma.
Digər dostumla isə telefonla danışırıq. Sevinci, səsindəki
həyəcan yüzlərlə kilometr uzaqdan duyulur, hərarəti
soyuq telefon ekranı vasitəsiylə Bakıdan Şuşaya qədər
gəlib çıxa bilir.
Üzü
qalaya doğru...
Hava qaralmadan, Şuşada komendant saatı başlamadan tələsməliyik. Görmək
istədiyimiz yerlər hələ çoxdur. Xüsusən,
"Şuşa" yazılı qalanı və tarixi Şuşa türməsini ziyarət etməliyik.
Hamımız bura nabələd olduğumuzdan bir gənc əsgərdən xahiş edirik bizi Şuşa qalasına və Şuşa türməsinə aparmağı. Gendəndə olsa bu tarixi məkanları görməkdir arzumuz. Etiraz etmir. Söhbət edə-edə üzü aşağı düşürük. Budur, Pənahəli xanın nəfəsini, tarixin izini özündə saxlayan, canına-qanına hopmuş Azərbaycan sevdasını büküb-bürmələyib düz 30 il düşmənin silə, təcavüz edə bilməyəcəyi yerdə-ruhunda gizləyən Şuşa qalasının önündəyik. Videolardan, şəkillərdən gördüyümüz, həsrətlə, heyranlıqla baxdığımız qala və "Şuşa" yazısı mehribanlıqla salamlayır bizi. Hər daşında izimiz, hər küncündə tariximiz uyuyan əzəmətli qalanın 30 illik sədaqəti qarşısında minnətdarlıqla təzim edirik. Bəli, bizim unutmadığımız kimi o da bizi, kökünü, əsl sahiblərini unutmayıb və düşmənin bütün cəhdlərinə baxmayaraq, heç vaxt bizim olmaqdan imtina etməyib. Bunu o daşlar, o divarlar pıçıldadı ruhumuza...
Qaladan üzü aşağı düşərək qədim Şuşa həbsxanasına gedirik. O həbsxana ki, tarix boyunca burda neçə-neçə cinayətkarlar, günahlı-günahsız insanlar qalıblar. Ən önəmlisi isə vaxtilə anasının, atasının məzarını ziyarət etmək üçün öz yurduna - Kəlbəcərə gedən, orda düşmən tərəfindən əsir götürülən Dilqəm və Şahbaz saxlanılıblar. Tək günahları isə valideynlərinin məzarını ziyarət etmək, bir neçə dəqiqəlik də olsa, doğma yurdlarını görmək olub.
Rastlaşdığımız hərbçilərlə söhbətimizdə onların Şuşanı azad edənlərdən olduqlarını öyrənirik. Bir hərbçini göstərirlər, düz dörd dəfə yaralanıb və dörd dəfə də hospitalda yatmaqdan imtina edib, yenidən döyüşlərə qatılıb. İndi də Şuşada xidmətini davam etdirir. Bir daha, təkrar-təkrar oğullarımızla nə qədər qürur duysaq, fəxr eləsək, azdır deyə düşünürəm.
Tarixi Şuşa həbsxanasını da gendən seyr edib komendant saatı başlamadan otelimizə dönürük. Şuşadakı ilk günümüz otelin həyətində əziz dostlarla, həmkarlarla, xüsusən, dəyərli yazıçımız, millət vəkilimiz, vətən sevdalı Aqil Abbasla xoş söhbətlərin, maraqlı xatirələrin müşayiəti ilə yekunlaşır. Hələ qarşıda Şuşada keçirəcəyimiz iki günümüz və iştirakçısı olacağımız Vaqif Poeziya Günləri var...
(Ardı olacaq)
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2021.- 4 sentyabr.- S.10-11