"Ana, şəhid olsam, ağlama"  

 

 

Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi dairəsinə daxil olan  kəndlərdən biridir. İkinci Qarabağ savaşında beş nəfər şəhidi var bu kiçik kəndin.

 

2000-ci ildə bu kənddə dünyaya göz açan Nihad Fuad oğlu İbrahimov 2020-ci il oktyabrın 10-da şəhid olub. İndi doğma kəndində uyuyur.

"Mən Azərbaycan əsgəri olub, ermənilərin tankını vuraram!" arzusu ilə böyüyən Nihad Fuad oğlu Əhmədov arzusuna çatıb... 

 

Mübariz İbrahimovun adı dilindən düşməyən, onun şəkillərini toplayan, Pəncəli Teymurovun qəhrəmanlıqlarını öyrənməkdən yorulmayan Nihad himnimizə, bayrağa, Vətənə sevgiylə böyüyüb.

 

Doqquzillik təhsilini Alaşa kənd məktəbində alıb. Sonra Birinci Qarabağ savaşının şəhidi Elman Ağayev adını daşıyan Səncərədi tam orta məktəbini bitirib. Çalışqan, yaxşı oxuyan şagird  kimi seçilənlərdən olub Nihad. 

 

2017-ci ildə orta təhsilini başa vuraraq Bakı Rabitə Nəqliyyat kollecinə daxil olur. Birinci kursu müvəffəqiyyətlə başa vurur. 2018-ci ildə həqiqi hərbi xidmətə gedir. Həqiqi hərbi xidmətdən sonra  hərbçi olmağa qərar verir müddətdən artıq hərbi xidmət üçün sənədlərini hərbi komissarlığa təqdim edir.

 

"Uşaqlıqda "mən əsgər olaram, döyüşərəm, erməniləri qıraram" deyirdi tez-tez. Böyüdükcə, hadisələri öyrəndikcə "Qarabağa gedəcəm" deyirdi. Ona görə kollecdə oxumağına baxmayaraq, təhsilinə davam etdirmədi. İyul hadisələrindən sonra qayıtmağı düşünmədi. Biz bilmirdik, hərbdə olanlar yəqin müharibə olacağını bilirmiş. "Ata, torpağımızı azad etməliyik, indi hamı əsgər olmalıdır" deyirdi. İsrar etmədim, haqlıydı. Şəhid olmaq istəyirdi özü. Döyüşdən əvvəl məzuniyyətə gəlmişdi. Namaz qılırdı, tez-tez məscidə gedirdi. "Mən bayrağa bürünüb dönəcəm bir bu kəndə" deyibmiş kəndin axunduna" - atası Fuad Əhmədovun səsindəki ağrıda oğlunun mərdliyindən, müharibə olacağını bilərək hərbdə qalmaq arzusunun böyüklüyündən yaşadığı qüruru da duydum.

 

 

 

5 ay xidmətdən sonra müharibə başlayır. Hərbi xidmət boyu məsuliyyəti, silahlara yiyələnmə, onlardan istifadə etmə qabiliyyəti ilə seçilir. Nihad ən sərrast qranatamyot, iri çaplı pulemyot atıcısı kimi həmlə taborunda döyüşə qatılır.

 

Hazırda Laçında hərbi xidmətdə olan Əli Şahmarov: "Dost idik. Əsgər dostluğu fərqli olur. Burada həm bir-birimizə sirdaş, yoldaş, qardaş, ata oluruq elə bil. Müddətdən artıq hərbi xidmətimiz bir yerdə keçib. Bütün günü birlikdə olurduq. Çox bacarıqlıydı. Sərrast atıcıydı. Sərrast atıcıları izləyir elə bil düşmən. Döyüşdəydik, 10 metr məsafə ayırırdı bizi. Məhz Nihad olan yerə mərmi düşdü. Onun şəhid olduğunu gördüm gözlərimlə. Döyüş başlamazdan yarım saat əvvəl şəkil çəkdirmişdik. Elə vüqarla dayanmışdı, elə xoşbəxt idi savaşda olacağına. Bir oktyabrın 2-də şəkil çəkdirdik. Birlikdə son şəklimiz oldu. Şəhidlik ona qismət oldu".

 

Döyüş yoldaşı Teymurun sözlərinə görə, Nihad ikinci qrupda olub, ancaq birinci qrupa keçirilməsini istəyib. İlk hücuma keçənlərlə birlikdə olmağı arzulayıb. "Vətən üçün şəhid olmaq müqəddəs idi onun üçün" - deyir Teymur.

 

Anası Elnarə xanımın xatirələrindən: "Hərbi xidmətə hazırlaşırdı. Bilirdi ki, narahatam, həyəcan keçirirəm. Tez-tez "Azərbaycan əsgəri" mahnısını oxuyurdu. Əsgərliyi Tərtərdə keçib. Orda xidmətdə olanda sevinə-sevinə zəng elədi ki, Mübariz İbrahimovun postundayam. Döyüş başlamadan öncə məzuniyyət vermişdilər. Əşyalarına baxmazdıq. Gedəndən sonra bir qeyd dəftərçəsi tapdı atası: "Ana, şəhid olsam, ağlama, bağışla" yazmışdı. Mənə göstərdi. Çox pis oldum, o vərəqi cırdım. Özü hiss eləmişdi. Əslində, şəhid olmağı gözə almışdı".

 

Hər gün ailə üzvləri ilə əlaqə saxlayan Nihad döyüşlərin ağırlığından anasına söz açmazdı. Subiyə nənənin əziz nəvəsi düşündüklərini daha çox nənəylə bölüşərdi: "Nənə, burada qırğın gedir. Nənə, heç bilmirsən nələr edirəm. O çaqqallar elə qaçır ki... Mənimlə fəxr edəcəksən. Narahat olanda "Mən ölən oğlan deyiləm, gələndə hamısını danışacam" - deyirdi. Balam şəhid oldu. Bu yolu seçdi". Kövrəlir və "Təki Vətən sağ olsun. Prezidentimiz İlham Əliyev sağ olsun. Allah Ali Baş Komandanı qorusun" - deyir.

 

Talış kəndinin, Kəlbəcərin kəndlərinin, Suqovuşanın, Murovdağın azad olunmasında ilk həmlə taborunun ən sərrast atıcısı kimi igidcəsinə döyüşüb Nihad Əhmədov. Murov yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub.

 

Əhmədovlar ailəsində iki oğul böyüyüb. Ailə başçısı, şəhid atası Fuad Əhmədov 2015-ci ildən nevroz xəstəliyindən əziyyət çəkir. Elə ciddi müalicə almaq imkanı da yoxdur. Ona görə də Nihad atasının işləməsinə razı olmurdu. Tikintisi yarım qalan evlərini də özü tikdirmək istəyirdi. "Ata, sən işləmə, artıq işləyirəm, evimizi də tikdirəcəm" deyirmiş atasına.

 

İgidimizin qardaşı, Birinci Qarabağ savaşının iştirakçısı Milli Qəhrəman Riyad Əhmədovun adını qürurla daşıyır. Naxçıvanda keçən hərbi xidmətdən bir-neçə aydır qayıdıb. Hələ ki özünə axtarır. Ailə üzvlərinin heç biri işləmir. Atanın hərbi xidmətdən qayıdan oğlunu işə düzəltmək üçün etdiyi müraciətlər nəticəsizdir.

 

İlk günlər ailəyə baş çəkən, başsağlığı verən, "Nihad hamımızın oğlu, hamımızın fəxridir" deyən məsul şəxslər olub. "Çox söz verdilər, amma vaxt keçdi, hamısı unuduldu" - deyir atası. Müraciət etdiyi dövlət qurumlarından heç bir cavab gəlmədiyini deyir. Astara Rayon İcra Hakimiyyəti isə hələ də susur.

 

20 yaşını müharibədən 20 gün əvvəl hərbi xidmətdə döyüş dostları ilə birlikdə qeyd edən Nihad həmin gün nigaran olan anasına zəng edib, "Ana, narahat olma, doğum günümü burada çox gözəl qeyd edirik" - deyib.

 

Bu il sentyabrın 7-də 21 yaşını qeyd edəcək doğma kəndi. "Ruhun şad olsun" deyəcəklər...

 

Ruhu şad olsun!..

 

 

 

Kamalə ABİYEVA

 

525-ci qəzet.- 2021.- 7 sentyabr.- S.15.