Odu-alovu gözləriylə görən həkim
Nədənsə
tez-tez Azərbaycanın xalq şairi, vətənpərvər,
təbiət vurğunu, dağlar sevdalısı, unudulmaz Musa
Yaqubun illər öncə yazdığı,
hamımızın hisslərinin oyadan, bizi doğma
torpaqlarımıza daha sıx
bağlayan ölməz misraları yadıma
düşür:
Bəlkə
də borcundan çıxmadım vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm
də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir qarış torpağın
artsın.
Bu misraları bir dəfə Səttar həkimin dilindən
eşitdim. Bu
misraları dədə-babalarının, qohum-əqrəbalarının
yaşadığı, soy-kökü ilə bağlı
olduğu, vətənini candan artıq sevən adam
əzbər deyər. Hətta əzbərləmək
yox, misraların ruhunu duymaq, onları anlamaq önəmlidir.
Bu misralar Vətənə məhəbbət,
torpağa bağlılıq, əsl vətənpərvərlik
və milli qürur hissinin ifadəsidir desəm, yanılmaram.
Xalqın vətənpərvər, əxlaqlı
insanlarını hər kəs tanımalıdır. Tarixin ən
ağır sınaqlarından üzüağ, şərəflə
çıxmaq hər adama qismət olmaz. Azərbaycan
adında məmləkətimizin var olmasının
kökündə dayanan ən başlıca səbəblərdən
biri bu insanlarımızın Vətənə sonsuz məhəbbəti
olub. İnsanlarımız ləyaqətli,
iradəli, əqidəli, vətənpərvər
övladlaıyla həmişə fəxr edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
müharibəsi başlayanda həmin günlərin
reallıqlarını anlayan və öz xalqının taleyinə
biganə olmayan insanlarımız özlərini irəli verdilər. Bu
insanların arasında hərbçilərlə
yanaşı, müxtəlif peşə sahibləri, peşəkar
həkimlərimiz də var idi. Yüzlərlə,
minlərlə Qarabağ müharibəsinə
könüllü gedən insanların bir qisminin taleyi nəməlum
səbəblər ucabatından hələ də bizim
üçün qaranlıq qalıb. Elə
şəxslər haqqında, onların aqibəti barədə
hələ də məlumat yoxdur. Ermənilər və
onların havadarları Qarabağda törətdikləri
qanlı cinayətlə sinəmizə dönə-dönə sağalmaz
yaralar vurublar, sinəmizə dağ çəkiblər.
Mən Səttar
həkimi tanımırdım, onunla
tanışlığımız da gözlənilmədən
oldu, bir neçə il əvvəl
yaxın dostum, məşhur cərrah Sabir Həbibov mənə
zəng elədi, məni bir maraqlı insanla tanış edəcəyini
dedi. Görüşümüz o qədər
maraqlı alınmışdı ki, elə bil bu adamı uzun
illərdir tanıyırdım. Mən onun
dediklərinə diqqətlə qulaq asırdım. Səttar həkimin danışıqlarını
ürəyimdə mütləq bunları yazacağımı
deyirdim. Sonralar bir neçə dəfə
də görüşdük. Hər
görüşümüzdə yalnız Qarabağdan, ermən
faşistlərinin törətdikləri cinayətlərdən,
xalqımızın başına gətirilən müsibətlərdən
qovrula-qovrula danışırdıq. Biz Azərbaycanın
o vaxt necə təkləndiyini, ermənilərin
havadarlarının ucbatından necə ağır fəlakətlə
üzləşdiyini dərk edirdik. İşğal olunmuş
torpaqlarımız taleyi necə olacaqdı? Bu sual haqqında düşünürdük. Səttar həkimin həmişə Qarabağdan
danışdığından, əvvəlcə elə bildim
ki, qarabağlıdır. Amma onun
Quba-Xaçmaz ləhcəsi ilə
danışdığnı duyub fikrimdən
daşındım.
Nəhayət,
bir neçə dəfə Səttar həkimin nağıl
etdiyi hadisələrin, əhvalatların dinləyicisi oldum və
kövrək duyduqlarımın mənəvi aləmimə od tutan, təsir edən, görüşlərimizin
birində mənə bir neçə şəkil verdi. Şəkillər çox keyfiyyətsiz idi. Bu şəkillər peşəkar fotoşəkil
deyildi, amma başa düşürdüm ki, diqqət
yalnız fotoşəkilin keyfiyyəti ilə deyil, həm də
özünəməxsusluğu, tarixi ilə qiymətlidir.
Səttar həkim o şəkilləri elə əzizləyirdi
ki, sanki o zaman Qarabağda çəkilən, indi
saralmış, köhnəlmiş, əzik-üzük
solğun şəkillər, haçansa ümidlər əks
etdirən fotolar sanki gizli bir xəzinə idi, qoruyub
saxlamışdı.
Qarabağ
sevdalısı Səttar həkimə sevdiyi bu torpağı ona
unutdurmaq, yaddaşından silinmək, mümkün deyil. Elə
ilk günlərdən Azərbaycan torpaqlarının haqsız, ədalətsiz işğalı təcavüzü
ona rahatlıq verməyib. Birinci Qarabağ
savaşının ilk günlərində Qarabağa gəlib.
Bir vətənpərvər azərbaycanlı
kimi, bir həkim kimi hər şeydən əvvəl öz vətəndaşlıq
borcunu vermək istəyib. Lazım gələndə belə
sinəsini güllə qabağına verməyi
düşünüb! O ağır, məşəqqətli
günlərdə Qarabağda bir həkim kimi əlindən gələni
edib.
"Azərbaycanın hər qarışı Vətəndir. Hər
qarışını sevirik, əziləyirik. Amma Qarabağ başqadı. Qarabağ bizim
canımız, bizim ruhumuzdur, - deyir Səttar həkim. Hər dəfə Şuşanın, Ağdamın,
Laçının, Kəlbəcərin adı çəkildikcə
Səttar həkimin necə də kövrəldiyini,
duyğulandığını görürdüm. Mən onun bu torpaqları necə sevdiyini
görürdüm. Birinci Qarabağ savaşında Şuşanın,
Ağdamın əldən verdiyimizə çox heyifsilənirdi, uduzmağımızla, bu
torpaqları itirməyimizlə barışmırdı. Və
inamla deyirdi ki, biz nə zaman Şuşanı, Ağdamı, Kəlbəcəri
azad etsək, Qarabağı bütünlüklə
işğaldan azad etmiş olacağıq.
Mən
Qarabağ boyu məni
sürükləyən, bu ibrətamiz, həm də
ağrı-acılı söbbətləri olduğu kimi qələmə
almağıma qərar verdim.
Səttar
həkim o günləri belə xatırlayır:
"...1991-ci
ilin oktyabr ayında Azərbaycanda müstəqillliyimiz elan
olunandan sonra, milli ordumuzun yaradılması istiqamətində
işlər görülməyə başlamışdı. Azərbaycan ordusunun tibb xidmətinin təşkilində
də işlər aparılırdı. Ağdam
bölgəsində yeni yaranmış ordumuzun tibbi
yardımlarını vaxtında keyfiyyətli səviyyədə
təmin olunması üçün Müdafiə Nazirliyi tərəfindən
hərbi-sanitar qatarın yaradılması və onun
döyüşlər gedən Ağdam bölgəsinə
göndərilməsinə qərar verilmişdir.
1991-ci ilin yanvar ayının əvvəllərində tələbə
dostum, travmatoloq Alı Qurbanovla görüşdüm. O, mənə belə bir
qatarın yaradılmaqda olduğunu bildirdi, könüllü
oraya döyüş bölgəsinə gedəcəyini dedi.
Mən də onunla gedəcəyimi dedim və mənə də
bu işdə köməklik göstərməsini xahiş
etdim. Biz birlikdə Bayılda yerləşən Xəzər hərbi
flotiliyasının
hospitalına gəldik (İndi o hospital ləğv
edilib). O, məni orada səyyari tibb qatarının
yaradılması ilə məşğul olan polkovnik Qurbanovla tanış etdi. Həmin vaxt heyətin
yaradılmasıyla bağlı gərgin iş gedirdi. Sonra bir
neçə gün orada olduq, hərbi-səhra qatarının
görəcəyi iş, heyət,
qarşıya qoyulan məqsəd, fəaliyyətimiz barədə
məlumatlar verildi. 1991-ci ilin fevral ayının
15-də bizə hərbi rütbələr, hərbi forma
verildi. Mənə də baş leytenant
rütbəsi verildi. 1991-ci ilin fevral
ayının 21-də Bakı dəniz yol vağzalından yola
çıxdıq".
Qatarımız
uzaq səfərə hazırlaşan dəvə karvanına bənzəyirdi,
səf çəkib dayanmış
"Bakı-Qarabağ" elektrik qatarı
zamanın hökmünü gözləyirdi. Zamanın
özütək qocalmış qatar polad
relslər üzəriylə inildəyə-inildəyə hərəkətə
gəldi. Amma bu qatar ümid, şəfa
qatarı olacaqdı, Qarabağ müharibəsində yaralanan əsgər
və zabitlərimizin son ümidi olacaqdı.
Həmin qatar-hospital bu gün də o qanlı-qadalı
dövrün şahidi kimi gözlərimin önündən
çəkilmir. Qarabağ müharibəsinin ilk günlərində
fəaliyyət göstərən ilk qatar-hospital idi. Həmin dəhşətli günlərdə
qatar-hospitalın əməkdaşları böyük rəşadət
göstərdilər. Azərbaycanda həyata
keçirilən hərbi səyyari xidmət müharibənin
ilk aylarından başlanıldı. Ağdamda
bu səyyari hospitalın da mühüm rolu olmuşdur. Həmin hospitalda döyüş əməliyyatlarında
yaralanmış əsgər və zabitlərimizə, hətta
adi mülki şəxslərə gecə-gündüz tibbi
yardımlar edilirdi. Düşmən
hücumları nəticəsində yaralanmış yüzlərlə
hərbçi və yerli sakinlər hərbi maşınlarda
hospitala gətirilirdi.
Hərbi-sanitar qatarımızda həkimlər, əməliyyat
tibb bacıları, xidmət edəcək feldşerlər,
qatarın silahla mühafizə xidməti əsgərləri
daxil idi. Komandirimiz Qurbanov idi. Qatarımızda
bir vaqonda ərzaq üçün soyuducular, bir yeməkxana,
bir cərrah əməliyyatı vaqonu, təhcizat vaqonu
vardı. Həkimlərin qalması
üçün iki vaqon, 5 vaqon isə yaralılar
üçün hazırlanmışdır. Bu əməliyyat vaqonun üzərində 1941-ci ildə
düzəldiyi qeyd olunmuşdur. 22.02.1992-ci il - səhər erkən qatarımız
Ağdam dəmiryolu stansiyasına çatıb dayandı. Nəhayət,
qatar öz "ümid yüküylə"
mənzil başına çatdı. Mənə elə gəldi
ki, sürətini azaldan tək bu qatar
ümid qatarı deyil, bütünlüklə ümid
dünyamızdır.
Komandir tərəfindən səyyar hərbi-sanitar
qatarın işlək hala gətirilməsinə əmr verildi
və biz işə başladıq. Bu işlərə təyinata
uyğun bütün vaqonların silinib təmizlənməsi,
mal və materialla təchizi, yaralılar üçün
vaqonlara yataq ləvazımatları, dərman təchizatıları
gətirildi. Hospitalda bütün cərrahi,
terapevtik avadanlıqlar, sarğı materialları var idi, yerli
rəhbərliklə əlaqə yaradıb heyətin ərzaq
ehtiyatının yaradılmasını da təmin etdik.
Qatardan
bir az aralıda baxımsız
atılmış bir anbar var idi. Hardasa 200 kv.
metr olardı. Anbar çox
pis halda idi, illərlə quşlar yuva salmışdı,
lazımsız avadanlıqlar tökülüb
dağılmışdı. Biz bir gün ərzində
anbarı təmizlədik, su çiləyib
süpürdük, səliqə-səhmana saldıq. Lakin soyuq havalarda, küləkli günlərdə
qapısı belə olmayan anbarı hərbi hospital kimi isifadə
etmək çətin idi. Başqa
çıxış yolumuz yox idi.
Ən
ağır günümüz 1992-ci il
fevralın 26-da baş verdi. XX əsrin sonunda baş vermiş
Xocalı faciəsi
təkcə Azərbaycan xalqına deyil,
bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biriydi. Xocalı soyqırımı böyük
bir faciə, dözülməyən sitəmlər,
insanların fəryadı, anaların ah-naləsi,
günahsız körpələrin
qışqırtısıdır. Xocalıya
gecə vaxtı girib insanları yatdığı yerdə
gülləbaran etdilər, bu, yaddan çıxası dərd
deyil. Xocalılar zorakılıqdan,
ölümdən qaçıb qurtulmaq istəyərkən əvvəlcədən
qurulmuş pusqularda qətlə yetirilib. Soyqırımı
törədənlər Xocalı sakinlərini misli
görünməmiş qəddarlıqla
öldürmüş, diri-diri yandırmış,
başlarının dərisini soymuş, gözlərini
çıxarmışdılar.
Bizim ilk gücümüzlə başladığımız gün həmin gün oldu. Xocalı faciəsi artıq baş vermişdi və xilas olanlar arasında yaralı olanlar, ayaqları don vurulanlar, qadınlar, uşaqlar hospitala gətirilirdi. Onların vəziyyəti çox dəhşətli idi. Anaların fəryadına dözmək çox çətin idi. Hamımız işimizi göz yaşı töküb görürdük. Əziz insanlarını itirənləri sakitləşdirmək üçün söz tapa bilmirdik. Həmin gün axşamüstü bizim ordu "Quru binə" deyilən yerdən ermənilərin Naxcivanik kəndini Qrad raketləri ilə uzun müddət atəşə tutdu. Biz raketlərin axşam toranlığında necə alovla uçub kəndi vurduğunu görürdük. Partlayışların səsini eşidirdik. Xocalıda girovluqdan xilas edilənlər də bizim hospitala gətirilirdi, onları plaskart vaqonlarda yerləşdirib isti çay və yeməklə təmin edirdik. Kupe yataqlarımızda hərbi formada yatırdıq, yalnız isti geyimimiz olan puşlatı çıxarırdıq. Bu, həm soyuq olmasın deyə, həm də yaralılar gətirilərkən gecikmədən onlara çatmaq, təcili yardım etməyə görə idi. Vaqonlar daş kömürlə isidildiyinə görə həm vaqonlarda, həm də vaqonların ətrafı kömür tozuyla doluydu. Burnumuzu içi, üz-gözümüz, bədənimiz kömür tozu içindəydi.
Müharibə zamanı hərbi həkimlərimizin üzərinə mühüm vəzifələr düşürdü. Onlar döyüşlərdə yaralanmış zabit və əsgərlərin həyatını xilas etmək üçün əllərindən gələni əsirgəmədilər. Məhz onların peşəkarlığı və bacarığı sayəsində neçə-neçə döyüşçü ölümdən xilas oldu. Ağır döyüşlər getdiyi günlərdə yaralılarımız, hətta mülki şəxslər tibbi yardımları almaq üçün bizim hərbi səyyar hospitala üz tuturdular.
Gərgin hərbi əməliyyatlar dövründə hospitala daxil olan yaralıların əksəriyyətinin həyatını gücümüz çatan səviyyədə xilas edə bilirdik. Yaralılara həm cərrahi, həm də başqa tibbi yardımların göstərilməsi üçün hospitalda əlimizdən gələni əsirgəmədik.
Yaralanaraq ölən əsgərlərin və mülkü vətəndaşların meyitlərini müvəqqəti saxlamaq üçün anbarın bir tərəfinə yığmışdıq. Buraya ağır döyüşlərdə Ağdamın və kəndlərinin artilleriya atəşlərinə tutulanda yaralanaraq ölmüş insanların meyitləriydi. Sonra da hərbi hissələrdən gəlib meyitləri aparıb yiyələrinə təhvil verirdilər. Ya da, meyitlərin sahibləri gəlib aparırdılar. Əsgəran postunda BMP üstündən olan bir əsgərimizin başını mina qəlpəsi aparmışdı. Çox dəhşət idi, meyitin başı və boynunun bir tərəfi yox idi. Əsgərin meyitini gətirib anbara qoymuşdular. Orada 6 meyit vardı, meyitlər tanınmaz haldaydılar, üstlərini örtüb yan-yana yığmışdıq. Bir az keçməmiş yanımıza 50-55 yaşlarında bir kişi və 20-25 yaşlarında iki gənc gəldi. Onlar öz meyitlərinin dalıyca gəlmişdilər. Mən meyitləri bir-bir onlara göstərirdim. Yaşlı kişi meyitə baxanda dayandı, əliylə həmin meyiti uşaqlara göstərib dedi: - Gedin maşın gətirin! Mən gənclərdən bu kişinin kim olduğunu soruşdum. Onlar bu əsgərin atasıdır, - dedilər. Mən bu insandakı dözümə məəttəl qalmışdım, kişi ağlamırdı, sızlamırdı, amma onun üz-gözündən qəzəb və matəm yağırdı. Sonradan bizimlə işləyən Ağdamın kəndlərindən olan feldşer Məhəmməd mənə dedi ki, bu kişini yaxşı tanıyır. Bu, onun şəhid olan üçüncü oğludur.
Şükürlər olsun ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu keçən ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində qələbə qazanaraq, işğal altında olan Qarabağımızı yağı tapdağından azad etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciət edərək bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olaraq Ağdam rayonu işğaldan azad olunub. Mən Prezidentimizin bu şad xəbərini sevinc göz yaşlarıyla qarşılamışam. Kəlbəcər, Ağdam və Laçın rayonlarını da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verildi. Düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcək. Bir arzum da odur ki, gəncliyimdə məni sarsıdan, qəlbimdə sağalmaz yaralar buraxan müharibənin baş verdiyi o yerlərə gedim. Oraları ziyarət etməklə bir az təskinlik taparam.
Moskva-Bakı
Nəsib
NƏBİOĞLU
525-ci qəzet.- 2021.- 7 sentyabr.- S.14;15.