Tale romanlarının
müəllifi
Şövkət Zərin
Horovlunun yaradıcılığı haqqında qeydlər
Yazıçı, şairə, publisist Şövkət
Zərin Horovlu ilə tanışlığımız
qanqaraldıcı bir hadisə ilə başladı və
sonradan dostluğa çevrildi. Bu, xırda bir məişət
məsələsiydi və heç birimizə ciddi bir aidiyyəti
yox idi. Sonralar Şövkət xanım qələm
adamlarının bəzilərinə analıq, bəzilərinə
bacılıq elədi, bir növ himayəsinə
götürdü. Daha sonra onun həyat yoldaşı, rəhmətlik
eloğlum, professor Hüseyn Hüseynovla da
dostlaşdıq.
Bu xırda bir müəqqidimədən sonra Şövkət
xanımın həyatı haqda da qısa məlumat verim. Əlli ildən
çox müəllimə işləyən, dəfələrlə
dövlət tərəfindən təltif olunan
yazarımızın ədəbiyyatda da uğurları
çox olub ("Rəsul Rza", "Mahmud
Kaşğari" mükafatları, bir illik Prezident təqaüdü
və s.). O, qələmini üç janrda (poeziya, bədii-sənədli
əsərlər, yaxud publisistika və nəsr) sınayıb
və bir-birindən maraqlı əsərlər yazıb.
Şübhəsiz, onun bədii-sənədli nəsrinin
baş əsəri "Açılmamış zərf"dir.
Bu əsərdə o, Əfqanıstanda keçirdiyi günlərdən,
başına gələn müxtəlif olaylardan, həyatından,
ailəsindən, düşdükləri keşməkeşli
hadisələrdən, əfqan həyatından
danışır. Əzabkeş, bir az da
dikbaş əfqan xalqı onun həyatının bir
parçasıdır. Ömür-gün
yoldaşı Hüseyn müəllimin işi ilə
bağlı Əfqanıstanda olan Şövkət
xanımı indi daha yaxşı anlamaq olar. Təxminən
350 il müharibə şəraitində yaşayan,
döyüş poliqonuna çevrilən Əfqanıstanda
indi də vəziyyət gərgindir və bu gərginliyi o,
bizim çoxumuzdan yaxşı hiss edir. Amma bir
şeyi də yaxşı bilir ki, bu müsəlman ölkəsində
qarmaqarışıqlıq xarici güclərə sərf
edir. Çünki bütün müsəlman
dünyasına təhlükə daha çox oradan yarana bilər.
Mətləbdən uzaqlaşmayaq.
Şövkət Zərin Horovlunun daha çox üz
tutduğu janr poeziyadır. Bu barədə
müxtəlif tənqidçilər, ədəbiyyatşünaslar,
qələm adamları zaman-zaman çoxçeşidli
yazılar yazıblar. O, özü də mənə bir
eloğlu kimi şeir həsr edib və gələcək
kitablarımdan birində yer alacaq.
Dostlarımdan
biri Şövkət xanım haqqında yazı
yadığımı görəndə "yaxşı
yazır ha, şeirlərini oxumuşam" dedi. Mən "nəsri də maraqlıdır" deyə
cavab verdim.
Şövkət Zərinin poeziyası çoxsəslidir,
ənənəvi şeiriyyətə köklənsə də,
diridir, həyat həqiqətlərinə, ədəbi-bədii
mətləblərə özünəməxsus
düşüncəylə yanaşır.
Müəllifin üçcildliyini oxuyarkən çox
asan başa düşmək olar ki, Şövkət
xanımın istər nəsr, istərsə də nəzm əsərlərinin
dili sadə və özünəməxsusdur. Bədii təsvir
vasitələrindən gen-bol istifadə edir. Və bu təsvirlər hadisələrin,
obrazların düşdüyü vəziyyətə,
onların ovqatına, baş verən hadisələrə
düzmütənasibdir.
Onun
haqqında yazılmış bir məqalədən sitat gətirmək
istərdim: "Şövkət Zərinin əsərləri
keçən əsrin dəqiq salnaməsidir" (Nafilə
Abuzərli, şair-publisist).
Mən Şövkət xanımın poeziyasını
bir qırağa qoyub (bayaq dediyim kimi, bu barədə çox
yazılıb), onun nəsri barədə qısa icmal vermək
fikrindəyəm. Amma əsas diqqəti təhlilə çox az cəlb olunan və hazırda da
aktuallığını qoruyub saxlayan "Arazdan gələn
səs" romanına yönəldəcəm.
İndilikdə isə onun poeziyası haqqında daha bir
tənqidçinin - Balayar Sadiqin bu yaxınlarda oxuduğum məqaləsindən
bir seçməni vermək istərdim. Mənə görə, sizə
təqdim etdiyim bu misralar onun poeziyasını şərtləndirən
amillərdəndir: "Şövkət Zərinin şeirlərində
insanın daxili aləminin bədii-psixoloji mənzərələri,
zamanın, vaxtın poetik-fəlsəfi qatları, həyatın
sosial-ictimai təbəddülatları, həmçinin,
milli-mənəvi dəyərlərin müqəddəsliyinin
poetikası obrazlı ifadələrlə, dolğun bədii təfəkkür
işığında misraların məbədinə
çevrilir. Doğma yurdu Cəbrayılın
uzun müddət işğalda olması onun sənətkar qəlbini
həmişə göynədib. Vətəndaşlıq
yanğısı ilə qələmə aldığı
bütün şeirləri yurd həsrətinə bələnib".
Bəribaşdan onu da deyim ki, Şövkət xanım
modernist yazıçı deyil, heç buna can atmır da. O, klassik, epik nəsrin tərəfdarıdır
və bütün əsərlərində bunu nümayiş
etdirir. Bir şey dəqiqdir ki,
yazıçı nəsrin yolunu-yolağasına bələddir,
milli kökə bağlıdır və elə buna görə
də yazılarında Qarabağ (Cəbrayıl)
elatının şirin ləhcə və deyimlərindən,
zərb-məsəlindən gen-bol istifadə edir. Və
bəzən oxucunun, elə mənim də eşitmədiyim
xalq deyimindən istifadə edir: "Atası onları, necə
deyərlər "gözü yuxuda, ayağı küldə
qoyub" müharibəyə getmişdi" ("Arazdan gələn
səs" romanı). Onun povest və romanları nəsr
dilimizi zənginləşdirir, xalq danışıq dilinin
imkanlarından, şifahi ədəbiyyatımızdan, folklor və
dastan təfəkküründən geniş istifadə edir, vəziyyəti
anlatmaq, daha təsirli etmək üçün bayatılara
üz tutur:
Yurdumun
varı dağlar,
Könlümün
yarı dağlar,
Sənə
əmanət verdim,
Oğlumu
qoru, dağlar!
Şövkət xanım dünyamızı
bütöv qavramaq istəyən və onu oxucularına rəngarəng
mövzularda çatdıran yazarlardandır. Yazıçı
yaddaşdan bəhrələnir və uşaqlıq,
cavanlıq xatirələri onu heç zaman dinc buraxmır.
Bu mənada Şövkət xanım da xatirələrilə
yaşayan yazıçıdır və bu hissi, duyğunu
onun hər əsərində sezmək mümkündür: istər
sənədli nəsr olsun, istər bədii.
Yuxarıda
mən Əfqanıstanla bağlı yazdığı bədii-sənədli
"Açılmamış zərf" povestinin (müəllif
özü əsərin janrını "xatirə-povest"
kimi müəyyənləşdirib) adını çəkdim
və buna paralel olaraq yazdığı və Güneydən bəhs
edən "Tale yolu" romanını da xüsusi qeyd etməyə
dəyər. Mürəkkəb konstruksiyası
olan, çoxsaylı əhvalatlarla zənginləşən
romanı araya-ərsəyə gətirmək böyük zəhmət,
bacarıq və istedad tələb edir.
Onu da deyim
ki, istər "Arazdan gələn səs" olsun, istər
"Köynək", istərsə də "Tale yolu"
roman və povestlərində ermənilərn (hayların) Azərbaycana
gəlişi, burada məskunlaşmaları, daim nankorluq və
namərdlik etmələri, başımıza
açdıqları müsibətlər tarixi-publisistik ştrixlərlə
göstərilir. Uzun müddət torpağı
yağı tapdağında olan, insansızlıqdan,
ocaqsızlıqdan əziyyət çəkən doğma
Horovlu kəndi onu rahat buraxmır. Hətta
"Tale yolu" romanında belə, erməni
nadanlığına diqqəti yönəldir.
Amma bu o demək deyil ki, Şövkət xanım
başqa mövzularda yazmır. Mənə elə gəlir
ki, onun "Əbədiyyətə qədər" povesti ən
maraqlı və təsirli nəsr əsərlərindən
biridir. Mehin və Nihadın nakam məhəbbəti
adamı duyğulandırır və mənə elə gəlir
ki, gələcək yazılarımdan birində bu əsərə
yenidən və əhatəli qayıtmalı olacam.
İndi isə, bayaq dediyim kimi, "Arazdan gələn səs"
romanı haqda daha geniş danışmaq istəyirəm.
Roman bir
neçə cəhətdən diqqətimi çəkdi:
hadisələr mənim də doğulduğum Cəbrayıl
rayonunda baş verir: personajların bəzilərini
tanıyıram, məsələn, polis rəisini, baş həkimi;
yerlər mənə tanşdır, etnoqrafiya doğmadır və
s.
Əsərin süjet, məzmun və fabulası bir
neçə nəslin yaşadığı rayonun, elatın
işğalı üzərində qurulub və Birinci
Qarabağ müharibəsindən bəhs edir. İdeyası
"ermənilər türkün düşmənidir və
daim bizə qarşı nifrətlə yaşayıblar"
düşüncəsinə köklənib. Nəticəsi 30 illik qaçqınlıq həyatı,
əzablı günlər, sonda isə bizim qələbəmizdir.
Düzdür, qələbə barədə yazılmır,
amma əsərin sonunda buna inam ifadə edilir: "Səhər
Günəşinin şəfəqləri onların yolunu,
arzudolu ömür-günlərini bürüyürdü. Elə
bil ki, hər tərəfdə susan
sükut oyanıb onlara qələbə nəğməsini
oxuyurdu: "Marş irəli, marş irəli, Azərbaycan əsgəri!"
Mənə elə gəlir ki, məhz, bu cür əsərlər
bizi Zəfərə gətirən amillərdən biridir.
"Arazdan gələn səs" həm də tale
romanıdır. II Dünya müharibəsində həlak
olmuş Vəlinin nəvəsi Kamran Qarabağ savaşına
atılır və qəhrəmancasına həlak olur. Müəllif səbəb-nəticə məsələsinə
toxunanda ilk atılan güllənin ermənilər tərəfindən
gəldiyini, bu müharibənin Azərbaycan türklərinə
sırındığını detallarıyla açıb
göstərir. Və yenə də ermənilərin
himayədarları ruslarsız ötüşmür.
Əsərdə bir neçə sevgi xətti də var:
Ağamurad-Həvva, Fuad-Qumral, Kamran-Sevda. Və
bu mənada "Arazdan gələn səs"i "nakam sevgilər"
romanı da adlandırmaq olar.
Bu əsər həm də Cəbrayılın
coğrafi panoramıdır. Orda doğulmayan,
oraları tanımayanlar belə, bu ərazinin relyefini təsəvvür
edə bilirlər.
Romanda hadisələr şaxələnir və bəzən
roman içində hekayələr təsiri
bağışlayır. Sonda isə müəllif bu xətləri
birləşdirərək əsərə bitkin süjet verə
bilir.
Düzdü, əsərdə personajların
çoxluğu oxucunu yora bilər, məncə, bunun səbəbi
hadisələri və onun iştirakçılarını
unutmamaq istəyilə bağlıdır.
Əsərin
əsas qəhrəmanı olan Kamranın atası Teymur müəllimin,
anası Nərgizin, bacısı Qumralın keçirdikləri
hisslər, tərəddüdlər, komandirlərin,
döyüşçülərin ekstremal situasiyalarda etdiyi hərəkətlər
də inandırıcı detallarla oxucuya
çatdırılır.
Əsərdə məğlubiyyət acısı,
köçkün, qaçqın taleyi, qadın və
qızlarımızın öz namuslarını qorumaları
üçün canlarından keçmələri, Arazın
sularında qərq olmaları, erməni əlinə
düşən soydaşlarımıza verilən işgəncələr
(Teymur müəllimin timsalında), onların sinəsindən
qopan ürəkparçalayan haraylar ürəkağrısı
ilə təsvir edilmişdir.
"Arazdan gələn səs" kitabına ön
söz yazan şair və naşir Musa Ələkbərlinin qənaətinə
görə, "Arazdan gələn səs batmayan səsdir,
ölməyən səsdir və bu səs millətin
qulağında zaman-zaman çalınacaqdır!"
Şövkət xanım ömrünün ixtiyar
çağını yaşasa da, ruhən cavan və təzədir. İnanıram
ki, o, hələ öz əsərləri ilə bizi çox
sevindirəcək. Artıq bir roman bizə
tərəf yol gəlir. Ayağı düşərli
olsun!
Avqust, 2021
Elçin
HÜSEYNBƏYLİ
525-ci qəzet.- 2021.- 7 sentyabr.- S.13.