Zərif səsli skripkanın mahir
ifaçısı
Sənətsevərlər skripka səsini, yəqin ki,
yaxşı xatırlayırlar. Zərif, incə, məlahətli
tembrə malik, insanı duyğulandıran, lirik hissləri
dolğun ifadə edə bilən professional bir musiqi alətidir
skripka. 16-cı əsrdə meydana gəlmiş
bu alətin ən məşhur, ustad ifaçısı17-ci əsrin
mahir skripkaçısı Antonio Stradivari olub. Zərif və kövrək səsi əsrlərlə
səsləşən skripka zamanların sınağından
çıxaraq, ölkələri adlayaraq Azərbaycana da qədəm
qoyub. İlk dəfə skripka alətinin
orkestr tərcümanı dahi Üzeyir Hacıbəylinin 1908-ci
ildə səhnəyə qoyulan "Leyli və Məcnun"
operası ilə bağlıdır. Belə
ki, əsərdə 1-ci skripkanı Üzeyir bəy
özü ifa edirdi. Bu yerdə onu da qeyd
etməliyik ki, Üzeyir bəy həmkarı Müslüm
Maqomayevlə birlikdə Qori Müəllimlər
Seminariyasında skripka sinfində bu alətin
ifaçılıq texnikasına yiyələnmişdilər.
Skripka simfonik orkestrdə aparıcı alət
olduğuna görə Üzeyir bəy musiqiyə qədəm
qoyan yeniyetmələrə də məhz bu aləti məsləhət
görüb. Məhz onun təşəbbüsü
ilə Azərbaycan bəstəkarlıq məktəbini təmsil
edən Tofiq Bakıxanov, Rəşid Şəfəq və
daha bir neçə sənətkarın musiqiyə ilk gəlişi
məhz skripka alətindən başlayıb. Bu mənada Üzeyir bəyin başqa şəhərlərdən
dəvət etdiyi digər mütəxəssislərlə
yanaşı, skripkaçıların da xidmətləri qeyd
olunmalıdır. Beləliklə də, Azərbaycanda
skripka məktəbinin də təməli qoyulur. Sərvər
Qəniyev, Azad Əliyev kimi mahir skripkaçılar yetişərək
onlar da öz ardıcıllarına bu ifaçılıq sənətinin
sirlərini öyrədirlər. Erkən yaşlarından
skripkaya xüsusi sevgi ilə yanaşaraq onu zərif
barmaqları və incə ruhu ilə dilləndirərək bu
sənətin peşəkarına çevrilənlərdən
biri də Respublikanın Xalq artisti, professor
Zəhra Quliyevadır.
Zəhra Quliyeva bir mahir skripkaçı kimi yalnız
respublikamızda deyil, dünyanın ən məşhur konsert
salonlarında da uğurlu çıxışları ilə əsl
professional ifa nümayiş etdirən ünlü sənətkardır. Bu
professionallığın əsas mənbəyi onun istedadı
və zəhmətidir. O, öz sevimli skripkasının
sədaları ilə dünya səhnələrindən Azərbaycan
adını ucaldıb. Onun sevimli skripkası
dünya musiqiçiləri ilə Zəhra xanım
arasında bir mənəvi körpü olub. Bu mənəvi körpünün də
dayağı məhz Zəhra Quliyevanın mahir
façılığıdır. Mahir
ifaçı olmaq da sənətin yüksək zirvəsini fəth
etmək deməkdir. Bu zirvəyə
yüksəlmək də neçə-neçə
enişli-yoxuşlu yollardan keçərək böyük zəhmət
tələb edir. Bu cəsarəti özündə
toplayan balaca Zəhra 1959-1970-ci illərdə Bülbül adına musiqi məktəbində oxuyarkən
skripka ilə tanış olur, dostlaşır və bu dostluq
sonsuz sevgiyə çevrilir ki, artıq bu sevginin yaşı
60 ildən çoxdur. Məhz bu sonsuz sevgi ilə
ömür edən, sehirli skripkası ilə baş-başa
illəri adlayan balaca Zəhra indi müqtədir bir sənətkardır.
Bir vaxtlar Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında (indiki BMA) müəllimləri
Sərvər Qəniyev, M.Tağıyev, (1970-75), sonra N.Rimski-Korsakov
adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət
Konservatoriyasında Boris Qutnikov (1976-78) kimi ustadlardan
aldığı sənət dərslərinə olan sevgi dolu
ciddi münasibəti onun bugünkü yüksək sənətkarlığının
təməli olub. 1978-ci ildən Azərbaycan
Dövlət Konservatoriyasında (indiki BMA) pedaqoji fəaliyyətə
başlayan Zəhra xanım da öz əmək və
ifaçılıq fəaliyyətini məhz həmin
özüllər əsasında həyata keçirərək
daha da inkişaf etdirir. Odur ki, artıq Zəhra
Quliyevanın sənətdə öz yeri, öz dəsti-xətti
var. Onun yaradıcılığı barədə
danışarkən bir neçə istiqamətə istinad
olunur. İfaçı, müəllim, tədqiqatçı
və təbliğatçı. İndi isə
qısa olaraq bu istiqamətlərdə Zəhra xanımın
fəaliyyətinə nəzər salaq.
Zəhra Quliyeva bir ifaçı kimi yalnız
respublikamızda deyil, dünyanın müxtəlif konsert
salonlarında uğurlu çıxışları ilə
daim alqışlarla qarşılanıb. Onun
repertuarında Azərbaycan və dünya klassiklərinin əsərləri
mühüm yer tutur. Onun mahir
ifaçılıq məziyyətləri təbliğatçılıq
fəaliyyətinin də əsasını təşkil edir.
Belə ki, hələ tələbəlik illərində
o, Rostovda, Sankt-Peterburqda solo konsert proqramları ilə
çıxış edərək zəngin repertuar
nümayiş etdirir. Məhz bu uğurlu səhnə
fəaliyyəti sonrakı illərdə Zəhra Quliyevanın
İngiltərədə Aberdin musiqi festivalında iştirak
etməsinə, Türkiyə, Almaniya, Portuqaliya, İtaliya,
Bolqarıstan, Amerika və bu kimi ölkələrdə qastrol
və işgüzar səfərlərdə olmasına təkan
verib. Bu səfərlərdə o,
yalnız bir ifaçı kimi deyil, Azərbaycanın layiqli
bir vətəndaşı və azərbaycanlı bəstəkarlarının
əsərlərinin də təbliğatçısı kimi
çıxış edib.
Zəhra Quliyevanın təbliğatçılıq fəaliyyətinə
onun 1983-1990-cı illər ərzində Azərbaycan
Televiziyasında hazırladığı "Zəriflik"
adlı müəllif proqramı da mühüm yer tutur. O, həqiqətən də
özünün zərif siması, incə ruhu və səlist
nitqi ilə tamaşaçıları özünə cəlb
edərək onlara Azərbaycan və dünya rəssamları,
musiqiçiləri haqqında maraqlı məlumatlar verməyə,
onları bu istiqamətdə maarifləndirməyə nail olub.
Bu xidmətlərini Zəhra xanımın
uğurlu ictimai fəaliyyəti kimi də dəyərləndirə
bilərik.
Zəhra Quliyevanın pedaqoji fəaliyyəti də
çox təqdirəlayiqdir. O, yalnız Azərbaycanda deyil, digər
ölkələrdə də bu işin əsl ustadı olaraq
mahir ifaçılar yetişdirib. Belə ki,
1993-cü ildə Türkiyənin Bilkənd Universitetinə dəvət
alaraq bir müddət orada müəllim və ifaçı
kimi çalışmış, hətta orada Beynəlxalq
orkestrin üzvü olmuşdur. 1998-ci ildə
isə Çin Xalq Respublikasının özəl inzibati
bölməsi olan Makao qubernatorluğuna dəvət alır.
Orada da Kamera orkestrinin konsertmeysteri vəzifəsində
çalışaraq eyni zamanda, Makao Konservatoriyasında
pedaqoji fəaliyyət də göstərib.
2001-ci ildə
Azərbaycana qayıdan Zəhra xanım Ü.Hacıbəyli adına BMA-da öz pedaqoji fəaliyyətini
davam etdirərək skripka kafedrasında ifaçılıq
sinfi ilə yanaşı, "Skripka sənəti tarixi" fənnindən
mühazirələr də oxuyur. İlk dəfə
Azərbaycan dilində "Skripka sənəti tarixi" dərsliyini
məhz Zəhra xanım qələmə alıb.
Zəhra Quliyevanın bu zəngin
yaradıcılığından bəhrələnən tələbələri
həm ölkəmizdə, həm də dünyanın musiqi həyatında
fəal iştirak edirlər. Bu yerdə Zəhra xanımın bir
neçə tələbəsi haqqında fikirlərini qələmə
alırıq:
"2007-ci ildən tələbələrim Beynəlxalq
miqyaslı tədbirlərdə fəal iştirak edirlər. Ümumiyyətlə,
Azərbaycana skripka üzrə ilk Beynəlxalq müsabiqə
laureatı verən müəllim olmağım məni
çox sevindirir. Belə ki, 2007-ci ildə
mənim tələbəm Cavad Tağızadə İtaliyada
keçirilən "İbla qran prayz" müsabiqəsində
laureant olaraq vətənimizə uğurla qayıdıb.
Hal-hazırda Cavad Tağızadə bir dirijor
kimi də fəaliyyət göstərir, artıq tanınmış
bir musiqiçidir.
Yenə də 2007-ci ildə Anar Seyidov və Mustafa
Mehmandarov Bolqarıstanda keçirilən Beynəlxalq
müsabiqədə birincilik qazandılar. Onların hər
biri indi əsl peşəkar ifaçılardır. Anar Seyidov Moskva Konservatoriyasını da bitirib.
Hal-hazırda BMA-da pedaqoji fəaliyyət
göstərir. Mustafa Mehmandarov da Vyanada dirijorluq sənətinə
də yiyələnərək hal-hazırda M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında çalışır. Daha bir
tələbəm Cəmilə Qarayusifli 2011-ci ildə
Portuqaliyada və İsraildə keçirilən müsabiqədə
1-ci yer tutub. O, hətta İsraildə məşhur
"tubimeda" məktəbinin müdavini olduqdan sonra, indi də
İsveçrədə aspiranturada təhsilini davam etdirir. Onun son uğurlarından biri dünyada məşhur
olan "Luzerne" festivalı ilə bağlıdır.
Növbəti adını çəkəcəyim tələbəm
unudulmaz bəstəkarımız Səid Rüstəmovun nəvəsi
Fəridə Rüstəmovadır. O da Beynəlxalq
müsabiqələr laureatıdır və təhsilini
Almaniyada davam etdirərək hazırda orada Münheym Opera
teatrının solistidir.
Digər tələbəm Mirqulamlı Xədicə 2013-cü ildə Maltada keçirilən Beynəlxalq müsabiqədə uğur qazandı. Həm Xədicə, həm də digər tələbəm Rəsulova Şükufə bu il ikisi birlikdə gözəl bir duetlə Amerikada keçirilən Beynəlxalq müsabiqədə laureant adını qazandılar. Bu ilin daha bir uğuru tələbəm Ləman Əsədova "Tessa müzik con test" Beynəlxalq müsabiqəsində "qran-pri" mükafatına layiq görüldü. Daha bir tələbəm Azərbaycanda ilk dəfə olaraq skripka üzrə 17 yaşlı Osman Mustafazadə Amerikada keçirilən Beynəlxalq müsabiqədə birincilik qazanaraq dünyada məşhur olan Nyu-Yorkun Kornegixol adlı məşhur konsert salonunun səhnəsində çıxış etmək şərəfinə nail oldu. 2020-ci ilin mart ayında Kornegixolun səhnəsində 17 yaşlı azərbaycanlının simasında ölkəmiz təmsil olundu. Osmanın 2020 və 2021-ci illərdə əldə etdiyi uğurlara İspaniyada Beynəlxalq müsabiqədə 1-ci yer və Tiflisdə keçirilən Yevgeni Mikeladze adına Beynəlxalq müsabiqədə "qran-pri" alması daxildir.
Hələ mən bu qısa vaxt ərzində tələbələrimin hamısı haqqında ətraflı danışa bilmirəm. Yalnız onu deyə bilərəm ki, mən onların uğurlarından çox ilhamlanıram, onlarla fəxr və qürur duyuram".
Əslində, əziz və hörmətli Zəhra xanım, biz də Sizin kimi sənətkarlarla fəxr edir və qürur duyuruq ki, siz belə layiqli vətəndaşlar yetişdirirsiniz. Onlar sənətimizin bu günü və gələcəyidirlər. Bu tələbələrin hər birinin uğur mənbəyi Xalq artisti, professor, Prezidentin fərdi təqaüdçüsü, ustad-ifaçı, müəllim, zərif səsli skripkanın mahir ifaçısı Zəhra Quliyevadır. Arzu edirik ki, Zəhra xanımın adı çəkilən və çəkilməyən tələbələri də onun nail olduğu uğurları əldə edə bilsinlər. Əminik ki, Zəhra xanım bu yolda yenə də yorulmadan çalışır, tələbələri ilə bir səhnəni bölüşür. Odur ki, ömrünün bu kamil, həyatının bu müdrik və yaşının bu yubiley çağında sevimli Zəhra xanıma cansağlığı və bol-bol yaradıcılıq uğurları arzulayırıq. Əziz Zəhra xanım ömrünüzün növbəti yaşanılacaq çağları da zərif səsli skripkanızın ahəngi kimi xoş və rəvan olsun. Bu da sizi sevənlər adından Sizə yubiley hədiyyəmiz.
Səadət TƏHMİRAZQIZI
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi
525-ci qəzet.- 2021.- 7 sentyabr.- S.11.