Şirvanşahlar sarayında Nizami Gəncəvi gecəsi

 

 

Sentyabrın 3-də Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun təşkilatçılığı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə qədim memarlıq abidələrindən olan Şirvanşahlar sarayında Azərbaycanın dünyaca məşhur şairi mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

 

525.az xəbər verir ki, şairin unikal yaradıcılığını əks etdirən musiqili ədəbi-bədii gecə çərçivəsində fondun himayəsi ilə yaradılmış "Dədə Qorqud" Kamera Orkestri Azərbaycanın görkəmli bəstəkarları tərəfindən Nizami Gəncəvinin şeirlərinə bəstələnən əsərləri ifa edib.

 

Tədbirdə dövlət rəsmiləri, Azərbaycanda akkreditə olunan səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış mədəniyyət incəsənət xadimləri iştirak ediblər.

 

Beynəlxalq Türk Mədəniyyət irsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq deyib: "Nizami Gəncəvi 68 illik bir ömür yaşayıb. Ancaq onun qoyub getdiyi miras nəinki 68 ilə, hətta aradan keçən 880 ilə sığmır. Ona görə Nizami Gəncəvi bizim daima müasirimiz olmaqla yanaşı, bütün zamanların müasiri olaraq qalacaq. Bu müddət ərzində dahi şairin yaradıcılığı haqqında yüzlərlə tədqiqat işləri aparılıb, kitablar yazılıb. Ancaq bu günün özündə Nizamişünaslıq yeni-yeni kəşflər edir, yeni fikirlər, yeni mülahizələr irəli sürür".

 

 "Nizami bütün türk dünyasının dahi sənətkarı idi" - deyən G.Əfəndiyeva vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilməsi yalnız klassik Azərbaycan ədəbiyyatına deyil, böyük Türk dünyasına olan ehtiramın parlaq ifadəsidir: "Nizami Gəncəvi yalnız Azərbaycan ədəbiyyatının inkişafında deyil digər incəsənət sahələrinin inkişafında da mühüm rol oynayıb. Bir çox görkəmli Azərbaycan bəstəkarları öz yaradıcılıqlarında Nizaminin əsərlərinə müraciət ediblər. Bu gün bu incilərdən bəziləri Beynəlxalq Türk Mədəniyyət İrsi Fondunun himayəsi ilə yaradılmış "Dədə Qorqud" Kamera Orkestrının ifasında səslənəcək. Biz orkestrın bədii rəhbəri Azərbaycanın Xalq artisti, görkəmli dirijor Yalçın Adıgözəlovla birlikdə bu yola çıxaraq Türk dünyasının zəngin mədəniyyətini, incəsənətini musiqi xəzinəsini bütün dünyaya təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq. Sizi bu qədim məkanda dahi Nizaminin, eləcədə ölməz bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun sehrli sənət dünyasına dəvət edirəm".

 

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyət irsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürlərini bildirərək deyib: "Biz hamımız bu cür tədbirlərin keçirilməsi üçün darıxmışıq. Belə bir fürsətin yaradılmasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü təqdirəlayiqdir". Mədəniyyət naziri qeyd edib ki, bu il Nizami Gəncəvinin qəzəllərinin çap olunması, əsərlərinin geniş şəkildə təbliği, beynəlxalq ədəbiyyat festivalının keçirilməsi, onun poemaları əsasında filmlərin çəkilməsi, Bakı Beynəlxalq Kitab Sərgisinə şairin adının verilməsi və sair silsilə tədbirlər nəzərdə tutulub. Sonra Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə "Dədə Qorqud" Kamera Orkestrinin konserti olub. Orkestr Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun Nizami Gəncəvinin şeirlərinə bəstələdikləri əsərləri ifa edib. Gecədə Xalq artisti Mircavad Cavadovun udda müşayiəti ilə Xalq artisti Nurəddin Mehdixanlı Nizaminin qəzəllərini səsləndirib. Əməkdar artist Anar Şuşalı Ü.Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romanslarını oxuyub. Konsertdə Xalq artisti Kamilla Hüseynovanın quruluş verdiyi xoreoqrafik səhnələr nümayiş olunub.

 

525-ci qəzet.- 2021.- 7 sentyabr.- S.9.