Dağların dəvə yerişi...
Əhməd Oğuzun xatirəsinə
"...Onu bu qədər
çox istədiyimi bilməzdim..." Bu, Əhməd Oğuzun vay xəbərini telefonda bölüşərkən
Günel Natiqin mənə söylədiyi
ilk cümləydi. Amma bu da danılmaz həqiqətdir ki, Əhmədi hamı çox istəyirdi.
Bu hörməti, sayqını necə qazanmasının fərqində
deyiləm, amma etiraf edim ki,
acılı məqamlarımda
arxalandığım qələm
dostlarımdan biri və bəlkə də birincisi idi. Bu ünsiyyət
otuz ilin sınağından çıxmışdı;
son illərəcən Azərbaycan
Dövlət radiosunda
eyni Baş redaksiyada işləyirdik.
İlkin tanışlığımız isə çox uzaqlara gedib çıxır. O, hələ tələbə ikən
"Azərbaycan" jurnalı
redaksiyasına, həmkəndlisi
Mövlud Süleymanlının
yanına gəlib gedirdi, əsasən, nahar fasiləsində Mövludla oynadığımız
şahmat partiyalarını
təmkinlə izləyirdi,
amma mən hiss eləyirdim ki, Mövludun arabir məğlub olmasına dözə bilmir. Onların yaradıcılığı
isə çox sonralar kəsişdi, Mövlüdun Azərbaycan
radiosunda başladığı
məşhur "Bulaq"
verilişini günlərin
birində Əhməd
Oğuz davam etdirməyə başladı,
xalqın çeşməsi
ilə sulanan bu "yolu" ot-alaf basmağa qoymadı. Sonralar Əhmədin şeirlərini
incələyərkən sezdim
ki, o, bədii yaradıcılıqda da Mövludun cazibəsinə
düşüb.
Şanapipiklə bağlı şeirlərini
sanki Mövludun "Şanapipik" povestinə
cavab olaraq yazmışdı.
Şairlər də bu dünyanın
Şanapipik quşlarıdı -
Özü özünü axtaran,
Ömrü uzunu axtaran...
Ölümün, ayrılıqların
O biri üzünü axtaran...
İndi mən ayrılıqların
"o biri üzündə
qalan" Əhmədin
yaradıcılığına yenidən göz atıram. Göz atıram ki,
bu yadigarlar mənə bir ipucu versin, bu
ağını tamamlayım.
Məndən sonrakı günlərin
Qulağıma səsi gəlir:
Oxuyur şanapipiklər...
Təəssüflənirəm: kaş onun yaradıcılığını
sağlığında incələyəydim
və o, biləydi ki, onun az saylı şeirlərini çox bəyənənlərdən biri
də mənəm.
Yəqin ki, aşıq şeirini, Türk dünyası folklorunu Əhməd Oğuz qədər mükəmməl
bilən insanları barmaqla saymaq olar, amma o, şeir
ənənəsinə yeni
don biçməyi bacardı. Yazdı
ki...
Sevgi mənim ömrümə də
On beşimdə gəlmişdi,
Yaz gücündə gəlmişdi
Dünya
qızıl boyanmışdı:
Gözümə günmü düşmüşdü?
İşıq, ağrı, güc...
Nə işdi?!
Ot deyildim cücərəydim,
İçimi üzə çıxaraydım...
Çarəm yoxdu qurtulaydım...
Olan olmuşdu.
Azərbaycan poeziyasında tək-tək
şair ola
bilər ki, dağlara xitabən nə isə yazmasın. Əhməd Oğuz da bu
çevrədən öz
sözünü deyib,
amma yeni poeziyanın ozanı kimi:
Bu dəvə yerişi ilə
Bu dəvə duruşu ilə
Hara gedirsiniz, dağlar?
Hardan gəlirsiniz,
dağlar?
İndi mən bu sətirləri ipə-sapa düzə-düzə Əhməd Oğuzu o dağların ucalığında gürürəm.
Heç kimsə bilməz,
Axşamüstüləri
Bizim ocağın tüstüləri
Uzaq dağlaracan
gələr.
Darıxma, ana,
Evimizdən tüstü çıxsın,
Ocağımız isti olsun -
Qürbət də çəkilməz
dərd deyil...
Əslində, o, etiraf etdiyi kimi,
taleyi ilə barışmış, həm
məcazi, həm müstəqim mənada qürbətə alışmışdı. Yadımdadır:
1995-ci ildə Borçalıya,
sonra da Qarayazıya, Qaraçöpə
etdiyimiz bir neçə günlük
səfər zamanı
qarşı yatan dağlara baxırdı, sinə dolusu köks ötürürdü
və hərdən də deyirdi: Cücəkəndin, yaşıl
obaların qoxusu gəlir...
Nə bilim, inanmıram ki, belə yazılarla
Əhməd Oğuzun
ruhunu ovundura bilim, hər halda yenə də nə isə yazmalıyam...
P.S. Bu yazını notbukumda yığarkən, daha
bir istəkli qələm dostumun
- rusdilli yazarımız Nadir
Ağasiyevin vay xəbərini
aldım. Mənə telefon açan isə "Literaturnıy Azerbaydjan" jurnalının Baş
redaktoru Solmaz xanım
İbrahimova idi. Dedi ki, koronaviusdan
dünyasını dəyişib Nadir. Və
bir də söylədi ki,
həyat yoldaşı Mədinə xanımla Truskavesə
müalicəyə getməyə
hazırlaşırmış. Sonra da bildirdi ki,
jurnalın ən yaxın nömrəsində Nadir
haqqında yazılar verəcəklər... Mən ürəyimdən
keçən bir kəlməni dilimə gətirə
bildim...
Məmməd ORUC
525-ci qəzet.- 2021.- 8 sentyabr.- S.21.