Süleyman Rüstəmin dövrə və
mühitə satirik baxışı
Azərbaycan ədəbiyyatında satira
xüsusi yer tutur. Bu janrda yazan ədiblərdən,
ilk növbədə, S.Ə.Şirvaninin,
M.Ə.Sabirin, C.Cabbarlının,
C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin və digərlərinin adlarını
çəkmək olar.
Azərbaycan satirik poeziyasının
zirvəsi sayılan M.Ə.Sabir "Molla Nəsrəddin" jurnalının
satirik şeir məktəbinin yaradıcısı,
C.Məmmədquluzadə isə
satirik nəsrin banisi, XX əsrin əvvəlləri Azərbaycandakı
satirik yazıçıların
müəllimi olub.
Zaman-zaman ədiblərimiz bu janrdan məharətlə bəhrələnərək, öz
yaradıcılıqlarında maraqlı əsərlər
ərsəyə gətiriblər.
Bu baxımdan, Xalq
şairi Süleyman Rüstəmin satirik şeirlərindən söz
açmaq yerinə düşər. O, həm də mahir, qüvvətli bir satirik şairdir. Təbiətcə çox zarafatcıl,
yumorlu, məzəli bir insan olan
S.Rüstəm dəyərli,
kəskin, kəsərli,
yaddaqalan satirik şeirlər də yaradıb. Sovet senzurası rejimində
satirik şeirlər yazmaq hər kişinin hünəri deyildi. Bu şeirlərdə
S.Rüstəm həmin
dövrdəki avaraları,
bədxahları, boşboğazları,
xalq, millət malını talayanları,
müti, ikiüzlü
və yaltaq insanları, mənsəbpərəstləri,
pul düşkünlərini,
vəzifə hərislərini
qamçılayır, məmur
özbaşınalığını ifşa edirdi.
S.Rüstəmin satirik dünyasından bəzi nümunələrə
nəzər yetirdikdə
bunları açıq
şəkildə görmək
mümkündür.
Vəzifə başında olanlara
yaltaqlıq etmək, onların daimi həndəvərində dolanmaq,
vəzifədən gedəndən
sonra isə onların yolunda görünməmək kimi
davranışları adətə
çevirənləri şair
"Qeyri-şairanə bir
mənzərə" şeirində
belə təsvir edirdi:
Artıq
bir vəzifə daşımıram mən,
Gözümə dəymirsən-qəribədir, sən
Sağıma baxıram-sağımda yoxsan,
Soluma baxıram-solumda
yoxsan.
Bağıma baxıram-bağımda yoxsan.
Yoluma baxıram-yolumda
yoxsan.
Yaxşı ki, yoxsan.
Şair
"Dünya bir şey itirməzdi" şeirində həyatda doğru yol seçənlərin ayağına
dolaşan, boş-boş
giley-güzar edən,
insanları bezdirən,
cana gətirən,
mənəm-mənəm deyən
ünsürlərə tutarlı
cavab verib:
Gəl özünü adlandırma
millətimin görən
gözü,
Sənə övlad dediyinə peşimandır Vətən
özü.
Qoy eşitsin qulaqların Süleymandan bu haqq sözü,
Dünya bir şey itirməzdi,
sən dünyaya gəlməsəydin.
Gündə bir cildə girib, yalana çirkinliyə,
həsədə, pozğunluğa
xidmət edən ünsürlərə qəzəbini,
nifrətini dilə gətirən şair varlığını, həyatının
mənasını, ad-sanını
cibində görənlərə
tutarlı cavab verir:
... Sağa, sola parası çox ciblərini göstərərdin.
Bir peyğəmbər əbasına
bürünürsən hər
yerdə sən,
İnsan
kimi yaşamırsan, sürünürsən hər
yerdə sən,
Gözlərimə çox eybəcər
görünürsən hər
yerdə sən,
Mənası bir heçə dəyməz "adın",
"sanın" cibindədir.
Ömrünü mənasız keçirərək,
beş-on nadanın xoşuna gəlmək üçün bir oyunbaz kimi atılıb-düşən,
danışanda ağzı
köpüklənən, gözləri
bərələn, ətrafındakı
insanları gözündə
çör-çöp sayanlar
da şairin satirik qələmindən
yan keçmir.
Xüsusilə, heç bir səviyyəsi olmayan, təşkilatçılıq, rəhbərlik, natiqlik nə olduğunu bilməyən, min cür əyri yolla vəzifəyə yiyələnən,
vəzifənin məsuliyyətini
və əhəmiyyətini
anlamayan, insanları saatlarla qəbul otağında gözləməyə
vadar edərək, sonda onları qəbul etməyən antipodlara şair çox maraqlı cavab verib:
Ömürlük zənn etdin öz vəzifəni
Sandın qəbrə qədər keçəcək belə.
Görmədin qəlbini yeyən
düşməni,
Günləri toz kimi sovurdun
yelə.
Bir gün yadındamı, gözlətdin məni,
Qəbul otağında saatlarla sən.
İş vaxtı qurtardı
görmədim səni,
Bundan zərrə
qədər incimədim
mən.
Bax indi atından enmisən yerə,
Qaçıb məddahların dövrəndən
artıq.
Bir adam olardın
özünə görə,
Vaxtında bunları görsəydin,
yazıq!
Bəzi dostbazlar dəllal cildinə girərək, öz dostlarından istifadə etməklə işlər düzəldir,
pul qazanırlar. Bu zaman onlar "xəcalətli qalmaram",
"gör məni, görüm səni", ifadələrindən məharətlə
istifadə edirlər.
Şair bu cür insanlara da etinasız qalmır:
Deyirsən ki, "mənimçin
dosttək düzəlt
bu işi,
Xəcalətli qalmaram axı, kişiyəm, kişi"...
...Dostluq əgər budursa, tüpürüm bu dostluğa,
İş belə baş tutursa, tüpürüm bu dostluğa.
...Düşmənidir gözümün,
düşmənidir, düşməni:
"Gör məni,
görüm səni, görüm səni, gör məni".
Lovğalıq xəstəliyinə tutulanlar, "mənəm-mənəm"
deyənlər, özünü
ifrat dərəcədə
bəyənənlər şairin
satirik qamçısından
yayına bilmir;
Hey özündən deyirsən
hər yerdə,
Təpəyə dağ deməklə dağ olmaz.
Yediyindən də razısan
xeyli,
Pendirə yağ deməklə yağ olmaz
Görməyirsən alaq basıb bağını,
Kolluğa bağ deməklə
bağ olmaz...
S.Rüstəmin satirik şeirləri içərisində "Böhtanzadə"
şeiri öz məzmunu ilə seçilir. Şeirdə imzasız məktubları
ilə iftiralar ataraq insanları məhkəməyə çəkən
Böhtanzadə Ramazanın
"xidmətləri"ndən bəhs olunur. Bu "qəhrəmanın" iftira dolu imzasız
məktublarının ünvanı
kifayət qədər
çoxdur. Şair
bu satirik qəhrəmanını belə
qamçılayır:
Ton-ton kağız korlayıb, milyon böhtan yazıb o
Bəs o kimdən
yazmayıb? Yox, hamıdan yazıb
o.
Dostundan, aşnasından, qohum-əqrəbasından.
Sümüyü sürmə olmuş rəhmətlik babasından.
Oğlundan, gəlinindən, arvadından,
qızından,
Heyvərə xalasından, nazəndə
baldızından,
Qonşuların çırağban evindən-eşiyindən.
Ördəyindən, qazından, itindən, pişiyindən.
Orda oturanlardan.
Burda oturanlardan.
Gorda oturanlardan.
Hamıdan və hamıdan...
Böhtanzadə Ramazan.
S.Rüstəmin satirik şeirlərini vərəqləyərkən pul
hərislərini ifşa
edən "Mən varlıyam, sən yoxsul" şeirində yuxarıda qeyd etdiyim serlə bir həmahənglik diqqətimi çəkdi. Ədib
böyük məharətlə
həyatın mənasını
yalnız pulda görənləri öz satirik qələminə hədəf alıb:
Ey məclislər başında
vardan söz açan adam,
Ciblərindəki cansız yardan söz açan adam.
Dilin pul, nəfəsin pul,
Eşqin
pul, həvəsin pul
Sözündən pul tökülür.
Gözündən pul tökülür...
Baxıb
sənə gülürəm,
Mən çox
gözəl bilirəm.
Yoxdur zərrə hörmətin,
El içində şöhrətin.
... Atalar əcəb deyib, ömrə bəzək deyil pul,
Xoşbəxtlər xoşbəxtiyəm
- mən varlıyam, sən yoxsul!
Bununla yanaşı, Süleyman Rüstəmin bəzi serlərində bu günün işini sabaha qoyanlar, astagəllik edənlər,
tənbəllər, "inşallah",
"Allah qoysa", düzələr
deyib yola verənlər də şairin satirik qələminə tuş gəlib:
Mən desəm haqqını al, sən demə: "Allah qoysa",
Vətənin dərdinə qal,
sən demə:
"Allah qoysa".
Mən desəm yaxşı düşün, xalqımı
inkar edənə
Ayıq
ol, vermə, macal, sən demə: "Allah qoysa".
Mən Süleyman bilirəm dərdimizin çarəsini,
Söyləsəm, qardaş, ucal,
sən demə:
"Allah qoysa"...
Məncə, Azərbaycan ədəbiyyatında
lirik şeirləri, qəzəlləri, nəsr
və dram əsərləri, siyasi, vətənpərvərlik, müharibə
və cənub mövzusunda
yazdıqları ilə ehtiram qazanan Xalq şairi
Süleyman Rüstəmin satirik
şeirləri də oxucuların, ədəbiyyatsevərlərin
diqqətindən kənarda qalmamalıdır.
Qafar
ƏSGƏRZADƏ
Əməkdar jurnalist, Pedaqogika
üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2021.- 8 sentyabr.- S.18.