Ədib Səlmanın iki qanadı -
Müqbil və Bəşir
ANADAN
OLMASININ 90 İLİ TAMAM OLAN GÖRKƏMLİ
SƏNƏTKARIMIZ MOBİL ƏHMƏDOVUN VƏ ONUNLA DAİM
MƏSLƏK BİRLİYİNDƏ OLMUŞ QARDAŞI
BƏŞİRİN ƏZİZ
XATİRƏLƏRİNƏ İTHAF OLUNUR
Gəncənin
tarixi məhəllələrinin adları əksərən bu
hüdudlarda yaşayanların mənşəyi və məşğuliyyəti,
eləcə də ərazinin digər məziyyətləri
haqda bilgilər verir: Şahsevən, Sofulu, Bağman, Dabbaqlar,
Toyuqçu, Ozan, Mollacəlilli və s. Amma şəhərin
lap mərkəzinə bitişik, iki əsas yolun kəsişməsində
qərar tutan
"Dördyol" məhəlləsi həmişə
bu baxımdan, indiki leksika ilə desək, universal məna
daşıyıb. Mərkəzdə yerləşməsiylə
yanaşı, şübhəsiz, bu çoxmənalı
xüsusiyyətinə görə digər məhəllələrin
adları şəhərin müasir həyatında nadir
hallarda işlədilsə də, "Dördyol" və
onun həndəvəri yalnız bu adla tanınır. Alış-veriş üçün əlverişli
olan "dördyolun ağzında" yerləşdiyindən,
bu məkanda yüz illər boyu əsasən tacirlər,
baqqallar, eləcə də dəmirçilər, misgərlər,
qalayçılar və digər peşə sahibləri məskunlaşıblarmış.
Məhəllədə həmçinin, sənətin
xəttatlıq və zərgərlik kimi daha zərif növləri
ilə məşğul olanlar da yaşayırdılar.
İndi "Dördyol"da çox şey dəyişib. Amma məhəllədəki
gözəl binalardan biri bu günümüzədək öz
əzəmətini saxlayır. Bu, adı Gəncədən
kənarda da tanınan, hətta bir neçə işi
hazırda Rusiya muzeylərində də saxlanılan zərgər
Ağamirzənin evidir.
Amma bu ev yalnız məşədi Ağamirzənin
adı ilə deyil, onun nəvəsi, musiqili teatr sənətimizim
görkəmli nümayəndəsi, aktyor və müğənni,
Xalq artisti Mobil Əhmədovun baba yurdu kimi də
tanınır. 1931-ci ilin sentyabrın 10-da bu ocaqda dünyaya
göz açan və elə zərgər babasının ona
qoyduğu, xoşbəxt, bəxtəvər mənası verən Müqbil adı ilə 75 illik mənalı
və yaddaqalan bir sənətkar həyatı yaşadıqdan
sonra o, 2006-cı ilin bir yay günü elə bu ocaqdan da son mənzilə,
baba və valideynlərinin yanına, Gəncənin qədim
"Səbzikar" qəbiristanlığına yola
çıxdı.
Dağətəyi
Gəncənin doğma havasını hər cür kurortlardan
üstün bilib öz yay məzuniyyətini bir qayda olaraq
doğma ata evində keçirən Mobil Əhmədovu da
"Ağamirzənin eyvanı"ndan şəhəri seyr
etdiyini tez-tez görmək mümkün idi. İndikindən fərqli
olaraq ən azı on beş-iyirmi il bundan əvvəlki şəhər
"publika"sı -
özünün tez-tez işlətdiyi ifadə ilə
desək, "məmə deyəndən pəpə yeyənədək"
- hər kəs, burdan keçərkən, eyvanda oturan Mobili
tanıyar, onunla şəstlə, havada əl yelləyərək
qarşılıqlı salamlaşardı.
Mobil müəllim danışardı ki, babası onun zərgər
olmağını arzulayarmış, odur ki, Müqbil 10-12
yaşlarında ona şagirdlik də edibmiş. Universitet təhsilli
müəllim və ədib atası isə oğlunun
özü kimi poeziya və ədəbiyyata bağlı bir
insan kimi böyüməyini istəyirmiş. İki tutarlı fikrin arasında qalan anası isə
oğlunun gələcəyindən söhbət düşəndə
əsl müsəlman qadın kimi, "Allaha pənah"
deyirmiş. Belə baxanda, Müqbil
onların hər üçünün arzusunu yerinə
yetirib. Çünki "...Aktyor
ustalığı elə romantik, poetik dərin hisslərin,
ümid və şübhələrin zərgər dəqiqliyi
ilə cilalanaraq birləşməsindən fərdi obrazın
yaradılmasıdır" - bu, Mobil Əhmədovun vaxtilə
bu məqalənin müəllifinə bir televiziya süjeti
üçün müsahibə verərkən söylədiyi
fikirlərdəndir (Elə qarşınızdakı yazıda
da yeri düşdükcə, həmin müsahibədən
iqtibaslar edəcəyik).
Yüzlərlə
xarakterin yaradıcısının "aktyor-obraz"
münasibətləri haqda mülahizələri də sanki
bir məktəbdir: "Hamı tərəfinən qəbul
olunan belə bir "standart" fikir mövcuddur ki, artist
yaratdığı obrazın bütün xarakterik
çalarlarını tamaşaçıya
çatdırmalıdır. Bu, əlbəttə,
belədir. Amma mənim fikrimcə, aktyor
istənilən rolu ifa edərkən, yaratdığı
obrazdan daha çox öz şəxsiyyətini, öz tutumunu,
öz ruhi aləmini tamaşaçı üçün
aydınlaşdırır. Və bunun nəticəsində,
tamaşaçı ya aktyoru sevir, ya da ona uzun illər sadəcə,
dözür. Üçüncü variant
yoxdur!"
Mübaliğəsiz demək olar ki, Azərbaycan
tamaşaçısı öz Mobilini demək olar ki, ilk
baxışda sevib. O, operetta səhnəmizə ilk dəfə sərbəst,
yaraşıqlı, hətta desəniz, Avropa tərzli gənc
obrazı gətirdi - gözəl, azad manera,
çılğın jestlər, zərif plastika. Üstəgəl, büllur kimi tenor, geniş
diapazona malik qüsursuz vokal.
Görkəmli
bəstəkarımız Vasif Adıgözəlovun bu qiymətli
sözlərinə diqqət edin:
"Mobil Əhmədovun Musiqili Komediya Teatrına gəlişindən
sonra bizim bəstəkarlarımız mürəkkəb vokal
partiyalara malik operettalar yazmaqdan daha çəkinmirdilər. Çünki
bilirdilər ki, burada artıq belə çətinliklərlə
bacara bilən sənətkar var. Odur ki, musiqili teatr sənətimizin
inkişafının müəyyən mərhələsi
Mobil Əhmədovun adı ilə bağlıdır!"
Sevimli bəstəkarımız
bu yüksək mülahizələrini 20 il
əvvəl, 2001-ci ildə Mobil Əhmədovun Bakıda
keçirilən 70 illik yubiley gecəsində səsləndirmişdi.
Maraqlıdır ki, gənc Müqbil Gəncədən
Bakıya rəssamlıq bacarığını
artırmağa yollanmışdı. Onu bu addımı
atmağa öz müəllimi, Gəncənin köklü bəy
nəslindən olan rəssam Böyükbəy Əliyarbəyli
sövq etmişdi. Çəkdiyi rəsmləri yüksək
qiyməyləndirərək, Müqbili Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbinin
birbaşa 2-ci kursuna qəbul ediblər. Amma taleyin hökmü
başqa imiş...
"Bir gün Konservatoriyanın yanından keçərkən,
içəridən, pəncərələrdən
süzülən, könlümü dinləndirən doğma
melodiyaları eşitdim. Axı mən Gəncədə orta məktəbdə
oxuyarkən özfəaliyyət dərnəyinin fəallarından
olmaqla, xalq mahnılarımızın ən gözəl
ifaçısı sayılırdım. Hansısa
qüvvənin hökmü ilə içəri daxil oldum və...
qaldım. Hər şey elə bil
nağıldakı kimi idi. Böyük
Bülbül özü ifamı dinlədi və məni
öz sinfinə qəbul etdi. Və bizə
"bülbülsayağı" səsi könüllə
birləşdirməyi öyrətdi", - deyə o
xatırlayardı.
Konservatoriyanı bitirdikdən sonra, 1961-ci ildən Mobil
Əhmədov taleyini Musiqili Komediya Teatrı ilə
bağlayıb. Həm də Konservatoriyada və İncəsənət
İnstitutunda vokal, aktyorluq və rəssamlıqdan dərs
deyib.
Mobil müəllim hər zaman səthi yanaşmalardan,
formalizmdən, basmaqəlibçilikdən, "yolavermə"
fikirlərindən uzaq olan, yaradıcılığa və həyata
orijinal baxışlı insan olub. Bu xarakterdə
yetişməyinin əsas səbəbini onun uşaqlıqdan həmin
"Dördyol"dakı ata-baba ocağında
görüb-götürdüklərində axtarmaq
lazımdır.
"Uşaqlığım və yeniyetməlik illərim
Gəncədə, "Dördyol"dakı evimizdə
keçib. Bu evin divarları kimləri xatırlamır?
Burada Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl
Müşfiqin öz şeirlərini oxuduğu vaxtlar olub.
Müşfiq, Cavad və Səməd Vurğun bir müddət
atamla həmkar, Gəncə Pedaqoji Texnikumun müəllimləri
olublar" , - deyə Mobil müəllim
xatırlayırdı.
Mobilin atası Səlman Əhmədli Azərbaycan
Pedaqoji Universitetinin ilk məzunlarından olb. Ərəb və fars dillərini mükəmməl bilən Səlman
özü də nəzm əsərləri yazırdı. Onun yaradıcı işlərinin ən mükəmməli
isə "Leyli və Məcnun" əhvalatının fəlsəfi-sufi
motivlərlə dolu olan öz versiyası, eyni adlı mənzum
romanıdır. Əsərin ideyasını 1933-cü
ildə gənc əlmanın
beyninə "Leyli-Məcnun əhvalatını
dünyada ilk dəfə Gəncədə Nizami nəzmə
çəkib, gəlsənə, bu işi elə Gəncədə
də bitirən sən olasan", deyə Müşfiq və Cavad
salmışdılar. Dostlarını gedər-gəlməzə
aparan repressiya qasırğası ondan da yan keçə bilməzdi.
Onu "pantürkistləri təqlid edən
arzuolunmaz element" kimi ailəsi - həyat yoldaşı
Xuraman və 7 yaşlı oğlu Müqbil ilə birgə
dörd illiyinə Krasnovodska, Türkmənistana sürdülər.
Qayıtdıqdan sonra da əzab və məhrumiyyətlərlə,
ən ağırı isə könül tənhalığı
ilə üzləşən Ədib Səlman (Gəncədə
onu məhz belə çağırırdılar) artıq
öz "Leyli-Məcnun"unu yalnız öz qəlbinin
ehtiyacı üçün, ürəyi istədiyi anlarda
yazaraq 33 il ərzində, ömrünün bitməyinə bir
neçə il qalmış, 1967-ci ildə
yekunlaşdırıb.
Səlman hələ tələbə ikən, 1926-cı
ildə Türkiyədən Bakıya, Birinci Türkoloji
Qurultaya gələn və bir neçə gün universitetdə
mühazirə oxuyan Əli bəy Hüseynzadə ilə
tanışlıq yaradıbmış. Əli bəy
onun Azərbaycan Cümhuruiyyətinin təhlükəsizlik
naziri olmuş Nağı bəy Şeyxzamanlının
bacısı oğlu olduğunu bildikdən sonra ona xüsusi rəğbət
göstəribmiş. Buna görə NKVD gənc
tələbəni sorğu-suala da tutub. Onu
da deyək ki, "köhnə cümhuriyyətçilər
nəslindən" olduğundan, sovetin "əmin-amanlıq"
dövründə Mobil də təzyiq olmasa da, məhdudiyyətləri
hiss edib. Onu qastrol və ya turist səfərlərinə
yalnız sosialist ölkələrinə buraxıblar.
Bakı əhli o qədər bilməsə də, Gəncədə
hamı Mobilin obrazını daim onun qardaşı Bəşir
ilə birgə təsəvvür edib. Ailənin iki
oğlunun arasında 15 yaş fərq olmasına baxmayaraq,
onların istək, əməl və amalları hər zaman
bir olub. Mobil kimi yüksək zövqlü
incəsənət bilicisi olması ilə yanaşı, Bəşir
Əhmədov həm də dərin erudisiyalı, zərgərlikdən
tutmuş tarixi araşdırmaçılığa qədər
işlərdə ən təsəvvürəgəlməz səviyyədə
əməli bacarıqlara malik bir insan idi. Gəncədə
kimin musiqiyə, rəssamlığa, kinoya, tarixi hadisələrə,
görkəmli şəxsiyyətlərə dair istənilən
sualı yaransaydı, mütləq Bəşirə üz
tutardı.
Mobilin və
Bəşirin yaxın dostu və sirdaşı, 83
yaşlı professor Zaur Həsənov xatırlayır:
"Gərək ki, 1948-ci il idi. O vaxtkı Sabir küçəsindəki
ikimərtəbəli binada yerləşən klubda gənclərin
özfəaliyyət dərnəklərinin konserti gedirdi.
Dalbadal bir neçə mahnını belə elan etdilər:
"Oxuyur Mobil Əhmədov, müşayiət edir Mobil
Əhmədov". İkinci Mobil də sonralar
şəhərin tanınan şərabçı mütəxəssislərindən
olan bir dostumuz idi. Bəşiri isə səhv etmirəmsə,
1957-ci ildə, o, lap uşaq olanda, sözün əsl mənasında
əlindən tutaraq ilk dəfə Dəmiryolçular Klubunda
özfəaliyyət dərnəyinə aparmışam. Mən artıq necə deyərlər,
dərnəklərin bilicisi idim, hətta rəqs kollektivində
maaş da alırdım. Sonralar
Kənd Təsərrüfatı İnstitutuna daxil
olmağı və burada tələbə bədii-özfəaliyyət
işinin təşkili istiqamətində də fəal
çalışmağı Bəşirə mən tövsiyə
etmişəm. O, hər zaman bu məsələləri dəqiqliklə
və özünəməxsus duzlu ifadələri ilə
xatırlamağı sevərdi. Gəncliyindən
ömrünün sonunadək hazırda Azərbaycan Dövlət
Aqrar Universiteti adlanan təhsil ocağında
çalışan Bəşir hələ 70-ci illərdən
həmin ali məktəbdə tələbələrin
özfəaliyyət yaradıcılığının
inkişafı üçün ictimai fakültənin
yaradılmasının təşəbüskarı və dekanı
olmuşdu. Mobil və Bəşir, həqiqətən
də ata-ananın fəxarət yeri olmaları ilə
yanaşı, Gəncənin ziyalı mühitinin qoşa
qanadı, Azərbaycan incəsənətinin biliciləri və
yorulmaz təbliğatçıları idilər. Gəncədə neçə-neçə adam yay
aylarını gözləyirdi ki, Mobil uzun müddətə
bura gələcək, Bəşirlə birgə doğma
şəhərini hərlənəcək, onlara şirin və
dəyərli söhbətlərlə dolu görüşlər
bəxş edəcək".
Səsi heç də Mobilinkindən geri qalmayan Bəşir Gəncənin müxtəlif incəsənət kollektivlərinin, o cümlədən, məşhur "Göy göl" ansamblının vokalçı solisti kimi Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində, eləcə də Çexoslovakiya və Polşada neçə-neçə konsertlərin və festivalların içtirakçısı və laureatı da olub. Təəssüf ki, amansız xəstəlik onu qəfil yaxaladı... Azərbaycan və onun Nizami, Füzuli, Üzeyir, Müslüm, Fikrət, Qara, Səttar, Toğrul, Rəşid kimi ismlərinin sevdalısı olan Bəşir 2012-ci ilin bir yay gecəsində sonuncu kərə elə Rəşidin oxuduğu "Gülə bilməz gülüm, bahar sənsiz..." mahnısına dönə-dönə, bir neçə dəfə, üzündə təbəssüm və qəm qarışıq işıqlı bir ifadə ilə qulaq asaraq nəmli gözlərini həmişəlik yumdu.
Bəşir öz atasının mənzum romanını uzun illərdən sonra kitab halına salmaq, çap etdirmək arzusunu nəhayət, gerçəkləşdirə bildi. Amma "Leyli-Məcnun" Gəncəyə onun vəfatının 3-cü günündə yetişdi...
"Bu gün açılacaq möhürlənmiş mey,
Bu gün faş olacaq dünyada hər şey.
Bu gün kainatın doğar gündüzü,
Baxar Böyük Nura günəşin özü.
Qəribə
bir qurğu qurular bu gün,
Eşq özü, özünə vurular bu gün!"
Bəşir
müəllim söyləyərdi ki, uşaqlıqda, gecə
yataqlarına uzanarkən, ataları Səlman onların
çarpayılarının yanına gələr, titrək,
lakin avazlı bir səslə Mobilə və ona nəyisə
anlatmaq istəyirmiş kimi, öz "Leyli-Məcnun"undan
həmən bu və digər misraları oxuyarmış. Sonra ata həmin məşhur eyvana çəkilər
və gecənin dərin qatlarına kimi
yazıb-pozarmış.
Zərgər məşədi
Ağamirzə layihəsini Bakıda yaşayan bir polyak memara
sifariş etdiyi evini tikdirərkən, onun qarşısında
gəncəli adətinə uyğun olaraq, bir çinar da əkib.
İndi "Dördyol"un ən hündür ağacı
halına gəlmiş bu çinar nəql etdiyimiz əhvalatların
iştirakçılarının hamısının
yeganə Əbədi Dostudur.
Zakir
MURADOV
525-ci qəzet.-
2021.- 8 sentyabr.- S.16-17.