İsmayıl Şıxlı
yaradıcılığının son akkordu - "Ölən
dünyam"
"Ölən dünyam"ı oxudum; ikinci dəfə, yəni təkrar. Amma tanış əsər kimi
qavramadım. Sanki birinci dəfə əsər
mənə bu qədər təsir etməmişdi, belə
çatmamışdı. Bəlkə
yaşın da təsiri vardı bu oxunuşa. Həyata daha aydın, daha analitik baxırdım.
Dünyagörüşümün axarı,
baxarı da dəyişmişdi. Olanlara
düzgün qiymət vermək statusum artmışdı.
Bir də baş verənlər mənə
yaxın, doğma idi. Mən də bu
diyardan idim, mənim də ana şəcərəmin taleyi belə
acınacaqlı olmuşdu. Və mən əsəri
birbaşa təhlilə keçməzdən əvvəl
soy-kökə bağlılıqdan doğan ideyaya tərəfdar
çıxdığımı da vurğulamağı
lazım bildim. "Ölən dünyam"a
boylandım; burda çox tanış simalar gördüm,
zorla "mən"ini itirənlərin ulu babalarını
izlədim, mərdin qova-qova namərdə çevriləcəyinin
ilk cücərtilərinin şahidi oldum, keçmişinə
ağır bir zərbə vurulan xalqın səssiz fəryadını
eşitdim, kişilik məktəbinin son siniflərində əyləşənlərlə
üz-üzə gəldim və bu məktəbin uzun illər
"yaxşı şagirdlər" yetirə bilməyəcəyinə
təəssüf etdim. Mən romana acı həqiqətlərin
ən dolğun ifadəsi kimi baxdım.Və...
...İlk
səhifə, ilk tanışlıq: Həsən ağanın
və Ələddinin ən incə cizgilərlə çəkilmiş
portreti ilə qarşılaşma. Ələddinin
nakam, təsadüfi ölümündən doğan konflikt gələcəkdə
olan fəlakətlərə sanki başlanğıcdır.
Bir tayfanın, bir elin yer üzündən silinməsinə
səbəb olan hadisələrin yavaş-yavaş
inkişafı.
Yazıçı
yaşının ən yetkin çağında qələmə
aldığı bu əsərdə əvvəlki
romanlarında qoyduğu poblemləri daha da inkişaf etdirib,
son "övlad"ını gözünün nurunu itirsə
də, diktə yolu ilə yazdırsa da, daha sağlam şəkildə
ərsəyə gətirməyə nail olub. On
fəsildə qərarlaşan roman gah ailə dramasına, gah
da bu dramları törədən mövcud hökumətin
müxtəlif xarakterli işçilərinə söykənir,
əslində, bir-biri ilə sıx bağlı olan hadisələr
nəfəs kəsən əhvalatların rəvacına gətirib
çıxarır. Mövzu tarixi
olduğu qədər də müasirdir, bəşəridir.
Sovetlər İmperiyasının XX əsrin
20-30-cu illərdən başlayan "tuthatutu"nun törətdiyi
acı fəlakətlər əsərin əsasını təşkil
edir. Alqazaxlılarla Çıraqlılar
nəslinin gizli düşmənçilik və daha çox
dostluq mövqeyindən boylanan müəllif onların
özünəməxsus yaşam tərzinə
qarışanları pisləyir, bu iki nəslin yer
üzündən silinməsini bir xalqın başına gətirilən
ən dəhşətli faciə kimi qələmə verir.
İki nəslin başçısı geniş boyalarla
təsvir olunub. Maraqlı nüansdır ki, bu nəslin liderlərindən
biri qadın, biri də kişidir: Ömər koxa və
Güllü xanım. Müəllifin
başçıların sırasında qadını da təsvir
etməsi Azərbaycan xanımlarının kişilərdən
geri qalmadığını, cəmiyyətdə qadına
güvənmək, qadınla hesablaşmaq, ona olan sonsuz
hörmət, sevgi hissinin məhz bizim xalqa xas olmasını
göstərmək məqsədindən doğur.
Güllü xanım zəhmli, qürurlu, çətin
məqamlarda özünü itirməyən qadındır. İki
oğlu yetişkən, evli-baratlı olsa da, ana
sözünü, ana nəsihətini eşidəcək tərbiyədədir.
Əsərin heç bir məqamında onun ərindən
söhbət açılmır, keçmiş Güllü xanımın
ailə xatirələri ilə təqdim olunmur. Bu da əsərə yorucu tərz, əsas süjet xəttindən
kənara çıxma halları gətirmir. Əslində, keçmişə qayıdış
da əsas əhvalatlarla bağlıdır.
Güllünün qızlıq xatirələri Ömər
koxanın xarakterinin açılmasına yardımçı
olur, bu ağsaqqalın hansı yollardan gəlib keçdiyini
oxucunun gözləri qarşısında canlandırır:
"Ömər koxa enlikürəkli, uzun, qara saqqallı bir
kişi idi. Başına saçaqlı papaq
qoyardı. Uzun arxalığının
altından belinə enli qurşaq bağlardı. İri gümüş xəncəri vardı.
Güllü göz qoymuşdu: kişi hər
səhər örüşdən sağına qayıdan
mal-qara ilə birlikdə gəlir, dəyənin
qabağında atdan düşürdü... Güllü
bir neçə dəfə gəlinlərə qoşulub ona
qulluq da etmişdi. Görmüşdü
ki, kişi pörtdəmə bişirilmiş bir quzunun
yarım şaqqasını sarımsaqlı qatıqla yedikdən
sonra üstündən bir cəm ərinmiş yağla bal
içmiş, sonra da yastığa dirsəklənərək
çay istəmişdi".
Göründüyü kimi, iki başçının həyatı
bir-biri ilə qarşılıqlı şəkildə
verilir. Birinin həyatı o birinin yaşam tərzi ilə
sıx surətdə bağlıdır. Güllü
Ömər koxanın qızı yaşında olsa da, məqamında
bu ağır təbiətli kişi ilə
qarşı-qarşıya oturub problemləri
çözür, özü ilə hesablaşmağa onu vadar
edir: "...Güllü xanım qabağa yeridi. Ömər koxanın bərabərinə
çatanda əyilib kişinin əlindən öpdü.
Hamı susdu. Çiynində
cənazə darvazanın ağzında dayananlar da, həyətə
toplaşan arvad-uşaq da cınqırını çəkmədilər.
Güllü xanım dikəldi,
yaşarmış gözlərini kişinin zəhmli sifətinə
zillədi. Onlar uzaq uşaqlıq illərindən sonra
ilk dəfə idi ki, belə yaxından
qarşılaşırdılar... Ömər
koxa evin yuxarı başında döşəkçə
üstündə əyləşdi. Güllü
xanımı da yanında oturtdu. Düz bir
həftə, mərhumun yeddisi çıxana qədər
Çıraqlılarla Alqazaxlılar bir yerdə oldular".
Deməli, Güllü və Ömər koxa bütün
əsər boyu bərabər şəkildə təqdim olunurlar. Bu,
yazıçının yeni priyomu, yeni yazı
manerasıdır. "Dəli Kür" əsərində
isə obrazların təqdimatı tamam başqa səpgidə
idi. Burada hər obraz ayrı-ayrı planda
verilib. Elə bil xronoloji
ardıcıllıqla düzülüblər. Amma
"Ölən dünyam"da bir az xaos
var. Hadisələr fəsildən-fəslə
qırılır, ardıcıllıq itir, oxucu
qarşısında əhvalatlar təzələnir. Amma bütün bunlarla yanaşı, əsəri
müəllif vahid mövzu ətrafında birləşdirməyi
bacarır. Bəlkə də burada məqsəd
xaos dövrünü çatdırmaq üçün
dövrə uyğun tərz seçimidir. Yazıçı hadisədən-hadisəyə
qarmaqarışıq tərzdə keçir, bəzən
izaha, bəzən sadəcə olaraq təqdimata yer verməklə
əsərini sətirdən-sətrə nizamlayır.
Maraqlı
faktlardan biri də budur ki, Sovet İmperiyasının, dalı da, qabağı da kəsən
qılıncı obrazların təsvirində, hərəkətində
verilir. Əsas nəzəri çəkən
İnqilabi şuranın sədri Kəsəmənli və
Çekanın nümayəndəsi Fətullayevdir. Bu iki şəxs həm xasiyyətcə, həm də
əqidəcə bir-birlərinə əks insanlardır,
halbuki eyni quruluşun aparıcı nümayəndələridir.
Kabı dayı kimi tanınan yoldaş Kəsəmənli
xalq içindən çıxan namuslu, xeyirxah, haqqın tərəfdarı
hökumət işçisidir. O, haqqında
"Troyka"nın qərarları verilən
insanlara yanaşmada yüz ölçüb bir biçir. Çoban Kərəməlinin qaçaqlara
çörək aparması, aşıq Qarnetin qaçaqlara
saz çalması üstündə güllələnmək
kimi ağır cəzasını heç kimdən çəkinmədən
ləğv edir. Halay bəy kimi maarif
xadiminin xalq üçün gərəkli insan olduğunu dərk
edir, onun meşələrdən, dağlardan
yığışıb evinə gəlməsini israrla tələb
edir. Firidun bəy Köçərlinin qətlə
yetirilməsindən təəssüflənir. Təəssüflənir
ki, əlindən bir iş gəlmir bu mövzuda. Sonda o anlayır ki, yolunda vuruşub qanını
tökdüyü bu hökumət namərddir, bir andaca
Kabı dayıya da arxa çevirə bilər. Halay bəyə vediyi sözü tuta bilmədiyi
üçün daxili əzab hissi keçirir, hirsinin cilovunu
çəkə bilməyib xalqın qanını içən
Fətullayevi qətlə yetirir. Özü
isə təqib etdiyi qaçaqlara qoşulub qürbətə
üz tutur. Əslində,
yazıçı Kəsəmənlinin nisgilli taleyini göstərməklə
Sovet dövlətinə xidmət etmiş
çoxlarının acı aqibətini təsvir etmək istəmişdir. Diqqəti çəkən
obrazlardan biri də Fətullayevdir. Təpədən
dırnağa kimi Sovet dövləti ideyalarının təmsilçisi,
bu hökumətə sadiq, ancaq "Troyka"nın
nahaq qərarlarından çıxış edən Fətullayev
mənfi tipdir. Çünki o dövrün məsul
vəzifələrini tutmuş qaniçən, fürsətçi
adamları nümumiləşdirilmiş obrazıdır.
O, Kələntərlərin, Yarməmmədlərin, Yastı
Salmanların, Lal Hüseynlərin sələfidir, amma onlardan
da təhlükəlidir. Çünki o,
birbaşa insan qatilidir. Gələcək
hökuməti onun təbirincə desək, "müzür
ünsür"lərdən təmizləyir. Heç
kimə aman verməyən bu tip bircə Kəsəmənlidən
çəkinir, onun qarşısında bəzən güzəştə
getməyə məcbur olur. Qisasçı, hər
şeydən şübhələnən, bolşevik
ideyalarının kor-koranə icraçısı, milli dəyərlərə
qiymət verməyən, xalqın min illik adət-ənənələrinə
qarşı çıxan Fətullayev əsl bolşevikdir.
O, Sovet dövlətinin yetişdirdiyi
"yoldaş"lardandır.
Əsərdə "müzürünsür"ləri
təmsil edənlər də geniş planda verilmişdir. Bunlar
keçmiş müsavatçılar, Sovet hökumətindən
əvvəl yetişmiş ziyalılar, varlı bəylər,
hətta çobanlar, kəndlilərdir. Fətullayevlər
bu insanların ən kiçik səhvini belə
bağışlamaq istəmirlər. Hesab
edirlər ki, cəmiyyət belələrindən tamamilə təmizlənməsə,
sosializm quruluşu qələbə çala bilməz. Ancaq əslində, günahsız olan bu insanlar yeni
quruluşu daha sağlam, daha möhkəm qurmağa kömək
edə bilərdilər. Onların nəsibi
ölüm, sürgün və mühacirət oldu.
Əsərdə Müsavat hökumətinin
qurucularından general Cavad bəy Şıxlınskinin yavəri
Çapıq Əmrah, müəllim Halaybəy obrazları
çox maraqlı çalarlarla işlənib. Onlar əsl
kişilik məktəbinin yetirmələridir. Xalqabağlı, əqidəsi düzgün, xaraktercə
möhkəm bu insanlar yurdlarından dərbədər salınmışlar.
Onları təqsirləndirənlər əslində
qorxurlar. Qorxurlar ki, Halay bəylər,
Çapıq Əmrahlar Fətullayevlərin, Keçəl
Xonduluların yerini tutar, daha layiqli davamçı olarlar.
Çünki onlar daha mükəmməl
kadrlardır. Ölümün üzünə
dik baxan Çapıq Əmrah Fətullayevin
qarşısında əyilmir. Onu arxadan
vuran rus əsgərinə qəzəblənir, "Adamı
arxadan vurmazlar, ay namərd" - deyir. Halay
bəyin ölümü isə bir qədər fərqli
baş verir. Bəlkə də romantik səpgidə təsvir
olunmuş bu ölüm ömrünün son günlərini
yaşayan müəllifin ölüm haqqında öz
düşüncələridir: "El arasında "Karvan
yolu" deyilən kəhkəşan ulduzları
haçalanmış yol kimi uzanıb gedirdi... Halay
bəy qazılmış çuxurun kənarında dayanaraq
karvan yoluna səpələnmiş sayrışan ulduzlara
baxdı və yolun onun ruhunu haraya aparacağını
düşündü. Elə bu vaxt
ağacların başında yaşayan və indiyəcən
heç kəsin görmədiyi anadil quşlarının
bir-birini səsləyən məhzun səsi eşidildi. Halay bəyin bu dünyadan qəflətən gedərkən
eşitdiyi sonuncu səs ana dillərin məhzun, kədərli
səsi oldu. Şərq tərəfdə
isə iri şəffaf dan ulduzu parıldayırdı".
Əsərdə təbiət obrazı da var. "Dəli
Kür" romanında təsvirinə heyran
qaldığımız Kür yenə də həm sevimli, həm
qəzəbli, həm də qurbanlarını qoynunda gizlədən
cəllad məqamında görünür. Onun
qıjıltısı, hay-küyü, boz sifəti
arxasında insan taleləri gizlənir. İnsan
və Təbiət yenə də vəhdətdədir,
bir-birini tamamlayır, bəzən bir-birinə güzəştə
gedir, bəzən də bir-birini inkar edir. Amma
bu əsərdə Kür obrazından da qabarıq verilən
Alan var. Alan nakam dünyadan köçən Ələddinin
itinin adıdır. Bu it bütün roman
boyu əsas, aparıcı obrazlarla bağlı şəkildə
təsvir olunur. Hadisələrin
inkişafında bilavasitə onun da payı, rolu var. Sahibinin
ölümündən sonra təskinlik yeri qəbiristanlıq
olan vəfalı heyvan bu dəfə mehrini Qaratelə salır.
Qaratel Ələddinin nişanlısıdır.
Əsl vəfalı, sədaqətli Azərbaycan
qadınının timsalıdır. Nişanlısının
ölümü ilə barışmaq istəməyən
qız pənah yeri kimi qəbiristanlığı seçir və
burada Alanla qarşılaşır.
"Qaratel çala-çuxur qəbirlərin
yanından ehtiyatla keçdi, dilinə kəlmeyi-şəhadət
gətirdi. Hər şaqqıltıdan diksinə-diksinə
ucqardakı qəbirə yaxınlaşdı. Bir
neçə kərə "Bismillah" dedi. Sonra baş
daşına söykənib ağladı... Üçüncü
gün baş daşına söykənib
hıçqıranda gözlənilmədən yanında bir
hənirti duydu. Diksindi. Mat-məəttəl yanında çömbəltmə
oturmuş itə bənzər məxluqa baxdı. Yəqin
etdi ki, bu gələn şeytandı... İt
bunları duymuş kimi qıza yaxınlaşdı. Astadan zingildəyib, sanki nəsə demək istədi.
İtin zingiltisi qızı özünə gətirən
kimi oldu. Dili əsə-əsə "Alan, Alan" dedi.
Qaratel ehtiyatla əlini itin başına çəkdi.
"Mənim Alanım, mənim Ələddinimin
Alanı", - deyə hıçqırdı. O
gündən Alan ilə dost oldular".
Yazıçı zamanın qarışdığı, dövranın baş-ayaq olduğu bir məqamda itin vəfasını göstərməklə insanlara ibrət dərsi vermək istəyib. Yediyi çörəyə arxa çevirən Keçəl Xonduluların sədaqəti it qədər də deyil. Alan öz sahiblərinə sona qədər vəfalı qalır. Hətta onlar sürgünə göndəriləndə Alan son "vəzifə" borcunu yerinə yetirir: Güllü xanımı evindən-eşiyindən didərgin salan Keçəl Xondulunun boğazını dişləri ilə çeynəyib öldürür və Ələddinin, Qaratelin ölümlərinə şahid olan Kürün, təbiətin qoynuna qaçır. O gündən Alan da bir qaçağa çevrilir. Sahiblərinin evini dağıdanlardan, yurdunu boş qoyanlardan qaçır. Canavarlarla gün keçirir, meşənin dərinliklərində qurdlarla yoldaşlıq edir. Və bir gün Həsən ağa uzun illərin ayrılığından sonra elinə, obasına qayıdarkən onu ilk qarşılayan da Alan törəməsi olur. İtin gen yaddaşı insanların keçmişə ögey münasibətləri üçün bir ibrət dərsidir. İnsan unudur, amma heyvan keçmişi xatırlayır. Keçmişə söykənənlər gələcəyi də sağlam əsaslar üzərində qura bilərlər. Alanın canavar törəməsi insanın soyu, kökü zorla dəyişdirilən, cılızlaşdırılan keçmişi unutdurulan yeni nəslindən daha sağlamdır. O da nəslini qoruya bilməyib, canavarlara yoldaş olub, amma yaddaşını, genini saxlayıb.
"Deyəsən, Alan törəməsi də olanları başa düşdü. Başını astaca qaldırıb ağzını göyə tutdu. Ulamaq istədi. Amma ulamadı. Başını Həsən ağanın əlləri üstünə qoydu".
Əslində, Alan obrazı
yazıçının oxucuya demək, çatdırmaq istədiklərinin
vasitəçisidir. Bu vasitə bir heyvan olsa da, əsas ideyaya birbaşa xidmət
edir. Soy-kökə bağlılıq, keçmişə
isti münasibət, nəslin yaşadılması kimi məsələlər
Alanın simasında açılır, göstərilir.
Bu da bir yazıçı manerası,
yazıçı priyomudur. İnsanların
konfilikti heyvanların vasitəsilə
aydınlaşdırılır. Amma əsərdə
vəziyyətdən çıxış yolu yoxdur. Fəlakətə düçar olanlar bu bədbəxtliyin
qurbanlarıdır. Çünki
yaşanan dövr bunu tələb edir. Əsər
İsmayıl Şıxlı qələminin ən mükəmməl
nümunəsi, ən möhtəşəm varisidir. Oxuculara
romanı diqqətlə oxumağı və nəticə
çıxarmağı tövsiyə edirəm.
Ruhəngiz
ƏŞRƏFQIZI
Yazıçı-publisist
525-ci qəzet.-
2021.- 8 sentyabr.- S.14;21.