"Televizor günü"  

 

"Bu gün əlimi ağdan qaraya vurmayıb özümə "televizor günü" elan etdim. Füzuliyə ilk uçuş, Şüşa sakinlərinin 3-cü qrupunun, Ağdam sakinlərinin isə ilk qrupunun doğma şəhərə səfəri vardı. Bütün kanalların xəbər buraxılışlarını diqqətlə izlədim.

 

Öncəki postda "Məni aparan olsaydı yaxşı reportaj hazırlayardım" yazarkən onu demək istəmirdim ki, məni aparmayıblar deyə küsmüşəm. Demək istəyirdim ki, səhərdən ekran qarşısındayam, bir dənə nəfəs kəsən reportaj görməmişəm.

 

Füzuli hava limanına tarixi uçuşundan bütün reportajlar bir-birinə bənzər, sözlər eyni, rakurslar eyni, heç bir maraqlı detal yox...süjetin strukturu da adi...

 

Şuşaya gedənlərin heç birinin bugünkü dumanı içinə çəkdiyini reportajlardan hiss etmədim...Ağdamda isə 28 illik həsrətin bitdiyini gösrətən bir detala belə rast gəlmədim reportajlarda. Ümumi planlardan ibarət görüntü ötürür müxbirlərimiz-sanki bu 50 nəfər buraya bir-biri ilə söhbətə gəlib. İnsanların doğma torpaqla, ətrafla təmasını hiss etdirən kadrlar görə dəymir.

 

Ümumiyyətlə, bizdə reportajçılıq ölməkdədir. Tək-tük hallarda TV-lərdə yaxşı, peşəkar reportajlar görmək mümkündür. Gənc müxbirlər hesab edir ki, onların əsas missiyası canlı bağlantıya çıxmaqdır. Bəzi TV rəhbərləri hesab edir ki, reportaj, süjet janrı köhnəlib, dünyada daha bunu etmirlər. Xəbər jurnalistikası canlı bağlantılar müxbir stand-uplarından ibarət olmalıdır. Bəli,  hansıda tədbirdən xəbər verirsənsə, bağlantı kifayətdir, çünki orada sıra ilə oturub danışan adamlardan başqa heç bir fərqli görüntü yoxdur. ya hansısa hadisə yerindən operativ xəbər verirsənsə, canlı bağlantı mütləqdir. Amma sonra o hadisədən müfəssəl bir reportajın hazırlanması da mütləqdir.

 

Bütün peşəkarlıq incəliklərini kənara qoyuram. Elə tarixi dönəmlər var ki, o hadisələrin əks etdirən görüntülər çəkilən yayılan kadrlarla əbədi arxivləşir, o hadisədən canlı bağlantı edən müxbirin sifəti ilə deyil. 44 günlük Vətən Müharibəsi zamanı baş verən hadisələrdə (Bərdə, Gəncə hadisələri) bəzi kanalların müxbirləri çox önəmli, hətta beynəlxalq hərbi tribunalda sübut kimi istifadə olunacaq videolar çəkmədən yalnız özlərinin kadrda danışması ilə işini bitmiş hesab edirdilər.

 

Dünyada reportaj janrı köhnəlməyib, əksinə daha da peşəkarlaşıb. Baxıb öyrənməkdə fayda var".

 

Qeyd: Bu yazı müəllifin Feysbuk səhifəsindən götürülüb.

 

 

Səadət Məmmədova

 

525-ci qəzet.- 2021.- 8 sentyabr.- S.12.