Yuxulardan qopub gələn Şuşa nağılı...  

 

 

"Bir təzə nağıl başlar dünya...

Oyan, ey Günəş, oyan..."

 

Şuşanın dağlarından nurlanan günəşin "günaydın səda"sına göz açmaq da varmış qismətdə. Bu gözəl şəhərdə ikinci günümüzü, ilk səhərimizi qarşılayırıq. Bu gün bizi Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, tarixinin ən önəmli hadisələrindən biri - Vaqif Poeziya Günləri və dahi Azərbaycan şairi, dövlət xadimi Vaqifin məqbərəsinin bərpadan sonrakı açılışı gözləyir. Ondan öncə isə COVİD-19 testi verməli və səhər yeməyi yeməliyik.

 

Səhər yeməyi süfrəsi "525-ci qəzet"in kiçik redaksiyasını xatırladır. Qəzetin redaktorları Yusif Rzayev, Seyfəddin Hüseynli və müxbir olaraq mən "525-çi"lərin Şuşadakı təmsilçiləriyik axı. Bizə hörmətli Xalq şairimiz, sevimli Nəriman Həsənzadə də qoşulur. Süfrə arxasında Nəriman müəllimlə çox maraqlı söhbətimiz alınır. 39 il öncə özünün də iştirak etdiyi Vaqif Poeziya Günlərinin ilk açılışından bəhs edir. Eyni həyəcanla, coşğun qəlblə xatırlayır o günləri. Sonra bu gün burda olmağın sevincini bölüşür. Beləcə, xoş söhbətlə yekunlaşır yeməyimiz. Koronavirus testimizi verdikdən sonra avtobuslarımıza minib üzü Vaqif məqbərəsinə sarı yol alırıq.

 

Şuşalıların xoş dəvəti...

 

Bizimlə birgə Şuşaya bu şəhərin əvvəlki sakinlərindən də gələnlər var. Kitabxana əməkdaşları, Üzeyir Hacıbəyovun ev muzeyinin işçiləri də burdadırlar. Hazırda Vaqif məqbərəsinə gedərkən onların sayəsində Şuşanı daha yaxından tanımağa başlayıram. Hər küçədən keçdikcə bir-bir binaları, evləri, abidələri tanıdırlar bizə. Amma görürəm ki, hamısının gözü başqa bir şey axtarır. Qəfil xanımlardan biri dillənir: "Baxın, bura bizim evimizdir". Sonra bir başqası öz evlərini göstərir. Hamısı həsrətlə ən gözəl günlərini keçirdikləri o həyətlərə, evlərə baxırlar. Çox tez zamanda yenidən orda yaşamaq ümidiylə. O ümiddir ki, dilləndirir şuşalıları. Bizi sevinclə öz evlərinə qonaq da dəvət edirlər.

 

Onlar danışdıqca mən də pəncərədən evləri, həyətləri seyr edirəm. Dağıdılmışı da var, köhnəlmişi də. Görünür, düşmən hər zaman burda müvəqqəti olduğunu bilib. Heç zaman buranın özünün olduğuna özü də inanmayıb ki, əli gəlməyib oturduğu yerə "süpürgə çəkməyə". Ondandır evlərin, binaların bu nimdaş vəziyyəti, həyətlərdə adam boyunu keçən kol-koslar, qol-budağı illərdir budanmayan ağaclar. Hər evdə o qədər ağac bitib ki, bir-iki mərtəbəli evlərin heç biri görünmür. Sanki öz yurd-yuvalarından güclə didərgin salınmış, vətən həsrətiylə canını tapşırmış şuşalılar ağac olub bitiblər öz evlərində bu divarlara, bu torpağa hopmuş nəfəslərini qorumaq üçün. İndi onların ruhu da sevinclə dolaşır bu küçələrdə, hiss etmək heç də çətin deyil.

 

 

 

"Eşidənlər sözün səminə gəlmiş..."

 

Vaqifin müasiri Aşıq Əlinin ona xitabən yazdığı şeirdən olan bu misra üç əsr sonra Şuşada yenidən yada saldı özünü. Bu gün də burda hər kəs "sözün səminə" gəlmişdi. Elə "525-ci qəzet" də... Çox yox, cəmi 2 ay öncə 39 il əvvəlin bu möhtəşəm ədəbiyyat festivalı yenidən mövzu olmuşdu "525-ci qəzet"in səhifələrinə. Bakıdan Şuşaya yola düşərkən, illərdir Azərbaycan mətbuatının Qarabağdan, Şuşadan ən çox yazan, bu həsrəti unudulmağa qoymayan mətbuat orqanlarından biri olan "525-ci qəzet"in Qələbə müjdəli 11 noyabr 2020-ci il sayını da özümlə götürmüşdüm. Orda həmçinin, mənim "Salam, Şuşa... Yuxularımız çin oldu!" başlıqlı yazım da yer alıb. Və budur, Şuşa sevgili, Qarabağ yanğılı qəzet Şuşada - Vaqifin bərpa olunmuş məqbərəsinin önündədir. İllərdir onlarla yazarın bu mövzudakı əsərlərinə, ağrılarına qucaq açan qəzet bu gün öz səhifələrində həmin o yazarların salamını, sevgisini gətirib Şuşaya.

 

Vaqif Poeziya Günləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsirli nitqiylə başladı. Cənab Prezident isə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra çıxışına keçdi: "Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, Sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.

 

Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən, Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır.

 

Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi.

 

Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi.

 

Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk.

 

Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.

 

İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq".

 

Cənab Prezidentin bir neçə dəfə gurultulu alqışlarla müşayiət olunan bu təsirli nitqi Şuşanın daha gözəl və daha firavan gələcəyinin müjdəçisi idi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar 39 il öncə iştirak etdiyi Vaqif Poeziya Günlərini xatırladı, 10 il əvvəl böyük inamla dediyi "Biz Qarabağa qayıdacağıq!" cümləsini yada saldı.

 

Daha sonra Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist İlqar Fəhmi, Xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Yazıçılar Birliyin üzvləri şairə Günel Şamilqızı və şair Şəhriyar Del Gerani bir-birindən maraqlı çıxışlarla, səsləndirdikləri şeirlərlə əsl poeziya havası yaşatdılar.

 

 

 

"Qarabağın işğalından böyüyəm..."

 

Vaqif Poeziya Günləri illərlə həsrətimizin, ağrımızın ifadəsi olan "Qarabağ şikəstəsi"nin bugünki qürurlu ifasıyla yekunlaşdıqdan sonra cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şuşalılarla, yazıçı və şairlərlə qeyri-rəsmi xoş söhbətlər etdilər, onları bu gün münasibətiylə təbrik edib, duyğu və düşüncələrini dinlədilər.

 

Kənardan bütün bu prosesi sonsuz sevinc və qürurla izləyirdim. Bu Vətən müharibəsində və ondan sonrakı proseslərdə gənclərin rolu danılmazdır. Amma nədənsə, bu söhbətlərin içərisində gənclər gözümə dəymirdi. Tədbirdə gənc qələm yoldaşlarım Günel və Şəhriyar şeirlərini səsləndirsələr də, indi görünmürdülər. Bir anlıq Qarabağın işğalıyla yaşıd, o işğaldan kiçik gənclərimizin də sevincini, vətən sevgisini dilə gətirmək keçdi qəlbimdən. Düşündüm ki, gənclərin bu duyğularını cənab Prezident də bilməli, eşitməlidir.

 

İşğal zamanlarında Qarabağ haqqında yazdığım bir yazımda belə bir fikir qeyd etmişdim ki, Qarabağın işğalıyla yaşıdam və bundan çox utanıram. Özümü sanki bəduğur, bədayaq kimi hiss edirəm. Sanki mən doğulmasam, Qarabağ da, Şuşa da işğal olunmayacaqmış kimi. İllərlə içimdə gəzdirdiyim bu məhcupluq duyğusu məhz o an, Şuşadakı o tədbirdə birdən-birə silindi qəlbimdən və mən sevinclə fərqinə vardım ki, daha o işğalla yaşıd deyiləm, ondan böyüyəm. Fərqinə vardığım bu həqiqət könlümə elə bir sevinc doldurdu ki, bu gerçəyi bütün dünyaya hayqırmaq keçdi ürəyimdən və özüm də bilmədən, qəfil Prezidentimizi səslədim. Bu sevincimi onunla - qələbəmizin böyük memarıyla paylaşmaq istədiyim üçün dedim: "Cənab Prezident, mən Qarabağın işğalıyla yaşıd idim və indi sevinirəm ki, artıq o işğaldan böyüyəm". Və gənclərin də minnətdarlığını dilə gətirdim. Düşünmədən, hazırlaşmadan, ən səmimi hisslərimlə ifadə etdiyim bu tək cümlə günlərdir hər kəsin dilindədir və sevinirəm ki, hər kəs öz qəlbinin qələmiylə bu cümləni şərh edir.

 

Hərdən tamaşası... var...

 

Tədbirdən sonra yenidən otelimizə qayıdırıq. Nahar zamanı otelin bufetində qəfil piano səsi eşidirik. Xalq artisti Sərdar Fərəcov kənardakı pianoda "Şuşanın dağları" mahnısını ifa edir. Yazıçı-publisist Gülhüseyn Kazımov isə gözəl səslə mahnını oxuyur. Düzü, Gülhüseyn müəllimin musiqi araşdırmaçılığını bilsəm də, belə gözəl səsə sahib olduğunu bilmirdim. Onların xoş ifalarının sədasıyla naharımızı bitirib çıxırıq yenə Şuşanın küçələrini addım-addım gəzməyə.

 

Hər addımda qarşımıza bulaqlar çıxır. Cənab Prezident də çıxışında Şuşada 17 bulaq olduğunu və düşmənin bunların hamısını qurudub dağıtdığını demişdi. Dövlətimiz isə o bulaqları bərpa edib. Hər bulağın suyundan mütləq dadırıq. Gör neçə illərdir həsrətik bu dada.

 

Dünən (29 avqust) açılışı olan "Qarabağ" oteli ucalır qarşımızda bütün gözəlliyiylə. Onu da salamlayıb sağ küçəylə üzü aşağı düşürük. Küçələri dolana-dolana Yuxarı Gövhər ağa məscidini axtarırdıq. Qəfil hamımız dayandıq, hamı susdu. Bura gələndən bəri, demək olar ki, hər daşın, hər divarın üstündə qəhrəman döyüşçülərimizin adlarını oxuyurduq. Amma bu, tamam başqa mənzərəydi. Bu divarda yazılanlar şəhidlərimizin adları idi və ən üstdə "Qisasınız alındı" yazılmışdı. Bu mənzərə qarşısında nəfəsimi çəkmədən durmuşdum, adları bir-bir oxudum və gördüm ki, mən bu şəhid qəhrəmanlarımızın hər birini tanıyıram, haqlarında yazmışam, ailələrindən uşaqlıqlarını, arzularını dinləmişəm. Və bu gün sanki hər biri gözümün önündə canlandı, mən qəhrəman doğmalarımı Şuşada tikililərin divarında diri tapdım. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyib yolumuza davam edirik.

 

Bir az aralıda tarixi Şuşa bazarı var. Vaxtilə ətraf kəndlərin, rayonların camaatının da ən çox üz tutduğu alış-veriş məkanı olan ikimərtəbəli bu bazar indi suyu sovrulmuş dəyirman kimi bomboşdur. Amma qədim tarixini özündə qoruyub-saxlamağı yaxşı bacarıb, düşmən nə qədər bu tarixiliyi silməyə çalışsa da.

 

Nəhayət, 1786-1769-cu ilə aid Yuxarı Gövhər ağa məscidinin həyətindəyik. Məscidə girib şükrümüzü oxuduqdan, şəhidlərimizin ruhuna dualarımızı göndərdikdən sonra qovuşduğumuz mənəvi dincliklə gəzintimizi davam etdiririk. 

 

Məscidin sağ tərəfindəki küçədə stomotoloji klinika diqqətimizi cəlb edir. Həkimləri də həyətdədir. Onlarla söhbətdən öyrənirik ki, Bakıdakı işini yarımçıq qoyub müharibə vaxtı cəbhədə və müharibədən sonra burda xidmətdədirlər. Klinikanın içərisində tibb xidməti leytenantları, şəhid stomatoloqlar Tariyel Salmanov və Mirlətif Ağayevin portretləri diqqətimizi çəkir. Onlar şəhid həkimlərimizin təmsilçisi kimi gülümsəyirlər fotolardan.

Ümumiyyətlə, Şuşaya gələrkən burda bu qədər qaynar həyatın olduğunu düşünməmişdim. Tanımadığın küçələrdə, ilk dəfə gəldiyin şəhərdə çox rahatlıqla gəzə bilirsən. Çünki hər tərəfdə insanlar var və o insanlar Azərbaycanın qədim adət-ənənəsinə, qonaqpərvəliyinə ən yaxşı şəkildə sahib çıxırlar. Şuşanın hazırkı sakinləri olan hərbçilər, polislər, həkimlər, mağaza işçiləri, inşaatçılar səni o qədər gözəl səmimiyyət və mehribanlıqla salamlayır və "xoş gəlmisiniz!" deyir ki, özünü ən doğmalarının arasında hiss edir, rahatlıqla istəyini onlarla bölüşə, sualını verə bilirsən. Hələ tanımadığın yerlərə yanınca gedib səni aparanlar da olur. Bu da Şuşadakı Azərbaycan nəfəsinin daha bir nümunəsi idi.

 

 

 

İtmiş xatirələrin sorağıyla

 

Yolumuza davam edirik. Molla Pənah Vaqifin bir gün öncə açılışı keçirilmiş büstü çıxır qarşımıza. Onunla "görüşü" də telefonlarımızda əbədiləşdirdikdən sonra qələm dostumuz Ramil Əhmədin əlində tutduğu şəklin iziylə getməyə başlayırıq. Ramil Şuşaya gələndən bu şəkli əlindən yerə qoymur. Ana tərəfdən şuşalı olan dostumuzun valideynləri zamanında Şuşada kollecdə təhsil alarkən tanış olub, evləniblər. Həmin şəkildə də atası və dostları kollecin önündədirlər. Ramil də valideynlərinin taleyini birləşdirən, varlığına səbəb olan o kolleci soraqlayırdı.

 

Nəhayət, axtarışımız nəticə verir və biz o kolleci tapırıq. Divarındakı növbəti şəhid adı və "qisasın alındı" cümləsi yenidən diqqətimi cəlb edir. Ramil və mən dəstəmizdən ayrılıb kollecə daxil oluruq. O, əlindəki şəkillə birgə bu günü əbədiləşdirmək, valideynlərinə göndərmək üçün kolleci videoya çəkməyimi istəyir. Dağıdılmış, içərisi və əşyaları qırıq-sökük binanın iki mərtəbəsini də gəzə-gəzə gördüklərimizi lentə alıram, Ramil isə danışır. Görürük ki, binanın ikinci mərtəbəsində az qala, bütün otaqlarda piano var. Zənnimizcə, düşmən bu binanı işğaldan sonra musiqi məktəbi kimi istifadə edib. Bir otaqdakı pianoya yaxınlaşır və pianonun sağlam olduğunu görüb "Şuşanın dağları" mahnısını ifa edir. Qayıdışımızı bu doğma divarlara müjdələyən səda kimi ucalır bu tanış nəğmə.

 

Döşəməsinə dağılmış kitab, jurnal və xəritələrdən kitabxana olduğunu təxmin etdiyimiz otağa daxil oluruq. Erməni və rus əlifbasıyla kitablar var. Qəfil gözümə Homerin "Odisseya" əsərinin rusca variantı sataşır. Tozlu-torpaqlı kitabı düşdüyü yerdən götürüb Ramilə verirəm valideynlərinin gözəl keçmişindən xatirə kimi...

 

Kollecdən çıxandan sonra Ramil şəklə əsasən Rəssamlıq evi və onunla üzbəüz anasının yaşadığı evi axtarır. Kollecin sağındakı Rəssamlıq evi qalsa da, anasıgilin evinin yerində ağaclar var. O evin qalıb-qalmadığını dəqiq aydınlaşdıra bilmirik.

 

Biz çölə çıxanda heç kimi tapmadıq. Amma haranı axtardıqlarını yaxşı bilirdik: Bülbülün ev muzeyi. Biz də ev muzeyini axtara-axtara küçələri gəzirik. Qarşımıza bulaq, dağıdılmış məscidlər, xarabaya çevrilmiş evlər çıxır. Nəhayət, dahi sənətkarımız Bülbülün bərpa olunmuş ev muzeyini tapırıq. Bizi həyətində dostlarımız Fərid Hüseyn, Günel Şamilqızı və İntiqam Yaşar qarşılayır. Ev muzeyinin həyətində Bülbülün vandal ermənilər tərəfindən dağıdılmış büstüylə yeni büstü yanaşı qoyulub. Həyəti başdan-başa gül-çiçəklə bəzənib. Soldakı qollu-budaqlı, qalın gövdəli, ucaboy tut ağacı 1871-ci ildə əkilib. Qarşısındakı lövhədə yazılıb ki, uşaq ikən Murtuza bu ağacda cəh-cəh vuraraq böyük məharətlə quşların səsini təqlid etdiyindən xalq arasında ona Bülbül deyiblər. Günel və Ramil ev muzeyinin ətrafından Bakıdakı dostlarına Şuşa torpağı götürür və biz Cıdır düzünə getmək üçün yolumuza davam edirik...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 8 sentyabr.- S.10-11.