Ağdamlıların Ağdam ziyarəti

 

 

Bu günlərdə Ağdam sakinlərinin bir qrupu işğaldan azad olunan Agdam şəhərinə səfər ediblər.

 

Qeyd edək ki, "Yolumuz Ağdama" adlı səfər Ağdam şəhəri daxil olmaqla rayonun işğaldan azad edilən hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilib.

 

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, indiyə qədər bir çox qonaqları - xarici qonaqları, dövlət xadimlərini qəbul ediblər: "Amma bu gün çox fərqli gündür. Sevə-sevə bu səfərləri təşkil edirik. Bu səfərlər böyük qayıdışın başlanğıcı kimi qəbul olunur. Bu, kampaniya xarakteri daşımır, Ağdam bərpa olunan günə kimi bu səfərlər davam edəcək, onlar öz dədə-baba yurdlarına gəlib-gedəcəklər. Həm Ağdamda aparılan quruculuq işlərini öz gözləri ilə görəcəklər. Bərpa planı hazırlanır. Bərpa planında Ağdamın səfalı yerləri, dağlıq kəndləri var. Sözsüz ki, ermənilər o kəndləri talan edib, dağıdıblar. Dövlət orqanları, Əlaqələndirmə Qərargahı çərçivəsində dəymiş ziyanın hamısını siyahıya alıb. Abdal Gülablı kəndlərinin bərpası üçün geniş miqyaslı işlər aparılmalıdır. Hər kəs tam əmin ola bilər ki, biz Ağdamı cənnətə çevirəcəyik".

 

Səfər iştirakçıları əvvəlcə Ağdam şəhərinin Baş planı ilə tanış olublar. Onlara Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Ağdam sakinləri daha sonra Cümə məscidini, İmarət kompleksini, Çörək muzeyinin Dram teatrının qalıqlarını ziyarət ediblər. Şəhərin gəzintisi zamanı Prezidentin xüsusi nümayəndəsi ağdamlılara həyata keçiriləcək yenidənqurma işləri, o cümlədən, yaradılacaq Zəfər muzeyi, açıq hava altında İşğal muzeyi memorial bağ barədə məlumat verib.

 

Ağdam sakinləri səfər çərçivəsində Qiyaslı kənd məscidində Şahbulaq qalasında da olublar.

 

Ağdam səfəri haqqda təəssüratlarını bölüşən yazıçı-dramaturq Əli Əmirli bildirib ki, müqəddəs bir yer olan Ağdama səfər haqda təəssüratlar ancaq zəngin ola bilər: "Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın türbəsi var. Burada Qarabağ xanlarının əksəriyyətinin qəbirləri var. Bura bizim - hər bir ağdamlı üçün müqəddəs bir yer idi, bu gün müqəddəs olaraq qalır".

 

Əli Əmirlinin sözlərinə görə, Ağdam Qarabağda iqtisadi, mədəni cəhətdən ən seçilən rayon mərkəzlərindən biri idi. "Bu gün o Ağdam yoxdur, o, ancaq bizim xatirələrimizdə yaşayir. Yazılan yazılarda yaşayır. Mənim "Ağdamda nəyim qaldı" romanımda yaşayır. Bununla belə, bizim ürəyimizdə möhtəşəm qələbə sevinci var. Bu qələbə bizi ruhlandırır, bizə yaşamağa ümid verir. Biz bu kədərli mənzərələri - düşmən tərəfindən vəhşicəsinə dağıdılmış bu ərazini, şəhər qalıqlarını görəndə ürəyimizdən qara qanlar axır. Amma içimizdə ümid, inam var. Ağdam Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun göstərişi ilə sürətlə qurulur gələcəkdə burda müasir şəhər yaradılacaqdır. Tarixdə şəhərlər əmələ gəlir, silinir, onun qalxan, enən vaxtı olur. İndiki halda mənə elə gəlir ki, Ağdamın intibah dövrü başlayır. İnanıram ki, Ağdamın gələcəyi parlaq olacaq, bütün Qarabağın, Azərbaycanın taleyi kimi".

 

Ağdam şəhərinə səfər etmiş yazıçı-publisist Mustafa Çəmənli isə deyib ki, o, çox xoşbəxtdir ki, bu yaşında işğaldan azad olunan Ağdama səfər edib: "Bundan böyük xoşbəxtlik ola bilməz. Mən yenidən Ağdamda oldum. O müqəddəs torpaqları ziyarət etdim". Yazıçı-publisist 28 ildən sonra Ağdama gəlməklə həm böyük sevinc hissi yaşadığını, həm burada gördüklərindən kədərləndiyini bildirib: "Ermənilərin Ağdamda törətdikləri vəhşilikləri görəndə çox kədərli hisslər yaşadım. Ağdamı belə görmək çox ağırdır. Məşhur "Ağdam" mahnısında deyilir: Ağdam Qarabağın toy otağısan, Bülbüllər sayrışan gül yatağısan.

 

Ağdama gələsən bu mahnıda təsvir olunan Ağdamdan əsər-əlamət görməyəsən. Bundan ağır ola bilər? Mənə Ağdamı belə vəziyyətdə görmək çox ağırdır. Avtomobillə Ağdamın kəndlərinin yanından ötəsən o kəndləri tanımayasan. Bundan böyük fəlakət varmı?! Bu fəlakəti törədənlər özünü dünyaya mədəni, qədim xalq kimi tanıtmaq istəyən ermənilərdir. İmarət kompleksinin qabağında qədim çinar ağacları var idi. Deyilənə görə, Pənahəli xan əkmişdi. Orada gözəl meyvə ağacları da var idi. İndi oralar quru səhranı xatırladır. Evlər, binalar kimi, yaşıllıqlar da məhv edilib. Ancaq mən xoşbəxtəm ki, dağılmış olsa da, Ağdamı görə bildim. Biz Ağdamın Baş planı ilə tanış olduq. İnşallah ki, Ağdamın gözəl, abad, xoşbəxt günlərini görəcəyik".

 

Muğam ustası Firuz Səxavət qeyd edib ki, mənfur ermənilər ağdamlıları Ağdama 30 il həsrət qoyublar. Allah onlara lənət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, Allah Ali Baş Komandanın canın sağ eləsin ki, bu gözəl günləri bizə yaşatdı".

 

Firuz Səxavət çox sevindiyini bütün ağdamlıların, bütün qarabağlıların öz evlərinə qayıdacağına əmin olduğunu vurğulayıb: "Uzun müddət sürən ayrılıqdan sonra müqəddəs Qarabağ torpağına, Ağdama ayağımızı basdıq, doğma şəhərimizə qovuşduq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük müharibənin sonunda möhtəşəm Zəfər qazandı torpaqlarımız azad olundu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm. Ağdamlıları doğma torpaqlarında görmək həm qürurvericidir, həm xoşbəxtlikdir. Əminəm ki, bütün Qarabağ səsləri yenə dünyaya səs salacaq. O insanlar burda yaşamalıdır ki, o səs olsun. Ağdam tam yenidən qurulandan sonra burada təhsil müəssisələri açılacaq, biz gəlib burda tədrislə məşğul olacaq, dərslər verəcəyik. Səbirsizliklə Ağdamın bərpa olunacağı günü gözləyirəm. Məhz ondan sonra Qarabağ səsləri yenidən dünyaya səs salacaq".

 

28 ildən sonra Ağdam şəhərinə səfər edən rayon ziyalısı Həsən Əliyev isə bildirib ki, insan həyatda çox hadisələrlə qarşılaşır. Elə hadisələr var ki, o, insanın həyatında, yaddaşında həmişəlik qalır. İllər sonra Ağdama səfər ömürlük yaddaşlara həkk olunan hadisələrdəndir. O bildirib ki, ömründə indiki qədər həyəcanlı, xoş hisslər keçirməyib: "30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi qürurvericidir. Prezidentimiz bizə öz doğma yurdumuzu bəxş etdi. İllər sonra yenidən Ağdamdayıq. Bu sevincli günlərimiz heç vaxt yaddan çıxmayacaq". O deyib ki, Ağdam işğal olunan dövrdə rayon icra hakimiyyətində işləyib: "Mən Ağdama səfər zamanı doğma şəhərimin bir çox yerlərinə, o cümlədən, on il çalışdığım Ağdam Rayon İcra Hakimiyyətinin binası olan əraziyə baş çəkdim. Bina yerlə-yeksan edilib. Bu mənzərəni görmək mənə çox pis təsir etdi. Artıq torpaqlarımız azad edilib, biz Ağdama qayıtmışıq. İndi irəliyə - Ağdamın firavan gələcəyinə baxmalı, onu yenidən qurub-yaratmalıyıq. Bu gün çox sevincli bir gündür. Bu şərəfi, sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Bizə Şuşaya qayıtmaq sevincini bəxş edən Ali Baş Komandana minnətdarıq".

 

Ağdam sakini Çimnaz Rüstəmova söyləyib ki, 28 ildən sonar doğma şəhərini ziyarət etdiyi üçün çox sevinib: "Eyni zamanda, Ağdamı bu vəziyyətdə gördüyümüzə görə kədərliyik. Erməni vandalları burada hər şeyi məhv edib, şəhəri yer üzündən siliblər. Ancaq əminik ki, tezliklə Ağdamımız yenidən qurulacaq, əvvəlkindən gözəl bir şəhər olacaq. Mən Ağdam şəhərində doğulmuşam. Evimiz Ağdam şəhərində "Dostluq" kinoteatrı ilə üz-üzə idi. Uşaqlığım, gəncliyim doğma evimizdə, şəhərimizdə keçib. Ağdamla bağlı gözəl xatirələrim var. 30 ilə yaxındır bu xatirələrlə yaşayır, doğma şəhərimizi görməyi səbirsizliklə gözləyirdik. Çox şükürlər olsun ki, Prezidentimizin, şanlı ordumuzun sayəsində ən böyük arzumuza çatmışıq. Bu sevinci bizə bəxş etdiyinə, doğma şəhərimizi görməyə şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 8 sentyabr.- S.8.