Qaranlığın işığında
Səlim Babullaoğluna
Axar çayı iki dəfə,
Düz iki dəfə
Keçə bildim...
Necə?..
Düşündüm ki, axar sular
Bulanmaz və beləcə
Ürəyimdə dinclik tapdım...
Taleyin sualları varsa,
Cavabları da var.
Cavab yoxdursa,
Demək,
tale deyil,
Ömürdü sadəcə...
Sükutumu ayrı dildə,
Ayrı
əlifbada, ya ayrı bir
musiqidə dinlədikcə
anlayıram ki,
mən yoxam...
***
Həyat
Həyat
bizlə yaxşı davrandıqca
Biz özümüzlə pis davranmağa başlayırıq...
Məsələn: Ən əziz adamları unudur,
Sonra niyə unutduğumuzu xatırlamırıq...
Ona görə də, həyat bizlə bir meşşan kimi
Yalnız
istəkləri uğrunda
nəzakətli olur...
İnsan
ömrü də bir yarpaq kimi
Düşür göy üzünün
budaqlarından...
Biz solmağa başlayanda
Uşaqlarımız tumurcuqlayır...
Hardasa xatirələr təsəlli
olur,
Ömrün qürub çağında.
Onu da danışmağa
Ürək qalmır, ürək...
***
30 yaşın şeiri
Qalmağa yerim yoxdu,
Getməyə bir yolum.
Ancaq keçmişlədi işim,
Nə axtarıram, nə itirmişəm,
Özüm də bilmirəm...
Bir şəkil var, o şəkildə
Bütün varlığınla yox olmusan...
Təkcə gözlərin danışır,
Əllərin susub,
Saçların susub,
Dodaqların susub
Təkliyim bir körpüdü,
Nifrət çayından keçirir
məni.
Uzaqlarda,
lap uzaqlarda
bir tanış səs duyulur:
daha heç kim əvvəlki kimi deyil,
daha hamı unutmağı bacarır...
***
Göyərçin dəni
Xırda
pulları uğur nişanəsi kimi
Saxlayıram cibimdə...
Elə bilirəm göyərçinlər
üçün
Dən yığıram...
Sonra bir parkda
O xırda pulları
Göyərçinlərə dən əvəzi bilirəm...
"Bağışlayın,
xırda pullar qəbul olunmur" - deyir
satıcı xanım...
Halbuki bilmir
O xırda pulların
Göyərçinlər üçün
Dən olduğunu...
Ölən kosmonavt qadının son sözləri
Tural Cəfərli
525-ci qəzet.- 2021.- 29 sentyabr.-
S.23.