Bir fincan çay  

 

Esse

 

Ürəyimin döyüntülərini eşidirəm: tıp... tıp... tıp... Divardakı saatın çıqqıltısı lap zəhləmi töküb, bir də dörd divarın səssizliyindəki ruhumu üşüdən səs-küy... Saat sübhün yarısıdır. Bir azdan dan atacaq, Azan səsi günahkar ruhları namaza çağıracaq və bir də şəhərin harasındasa uzağında xoruz banlayacaq... Mən hələ də yuxudan qorxağam... Deyirlər, gözünü yum, qoyunları say, yüz qoyunun olanda yatacaqsan... Sayıram: bir, iki, üç...  yüz... yüz əlli... Vallah acgöz olduğumdan deyil, qoyun o qədərdir ki, saymaqla bitmir. Beləcə qoyunların çoxluğuna da əsəbiləşib daha da yuxusuzlaşıram.

 

Saat yuxuya getdi. Şəhər oyandı. Günəş otağıma boylanıb elə indi... Adətkar olaraq çay dolu fincanımla pəncərəmə yaxınlaşıram...

 

- Sabahın xeyir, çinar ağacı, bu gün yarpaqların dünənkindən daha təravətli görünür...

 

- Sabahın xeyir, şəhərin uğultusundan sərsəm oyanan sərçə balaları...

 

- Sabahın xeyir, mavi səma, tutqun günəş, axşamdan yağan yağışın islatdığı ilıq torpaq...

 

Bütün sabahların hamısında qaranlıqdan sıyrılan bir ahəngdarlıq hökm sürür... Küçənin o başında süpürgəsini sağa-sola yelləyib yol kənarlarını süpürə-süpürə tini dönən Məsmə xala pəncərəmin altındakı çinar ağacına yaxınlaşanda dayanıb aşağıdan yuxarı ağacı uzunca bir izlədi. Dilinin altında deyindi bir xeyli... Yəqin ki, bu ağac bu yarpaqları nə vaxt tökəcək deyirdi astadan... Əslində, nə Məsmə xalanın ağacdan narazılığı yeniydi, nə də çinarın Məsmə xalaya inad yarpağını tökməməsi... Bəlkə də beş-altı il olardı ki, çinarla Məsmə xala arasında bu inadlaşma hər il beləcə təkrarlanırdı...

 

Ağac sinədəftəriydi... Nə sevgilərə, nə ayrılıqlara, nə sevinclərə şahid olmuşdu zaman-zaman...

 

Sabahların birində gözlərini ovuşdura-ovuşdura uşaq ədası ilə nişanlısını əsgərliyə yola salan nazlı Səmanın əzizi idi bu ağac...

 

Körpəsi qucağında saatlarla həyat yoldaşının döyüşün, odun-alovun içindən yazdığı əsgər məktublarını oxuyarkən, həsrətdən qopan ahlarının şahidiydi bu səssiz uca çinar.

 

Dizində taqət olan kimi çinara pənah aparan Yasəmən ananın dilindən əskik olmayan duasını əzbərdən bilirdi bu ağac... Ananın duası balasına düşmən qabağında sipəriydi, qalxanıydı... Yasəmən ana da, çinar da bunu belə bilirdi.

 

Mən hələ də pəncərədəyəm. Düşüncələr ağlımı elə qarışdırıb ki, neçə saatdı pəncərə önündə olduğumu unutmuşam... Bir az üşüdüm deyəsən... Bu fəsildə bir fincan çay günəşdən daha çox istidir. Çay isindirər içimi də, əllərimi də... Yenə fərqində olmadan bu dəfə də bir fincan çayımla pəncərə önünə gəlirəm... Məsmə xala süpürgəsi ilə ağacın yarpaqlarını birdəfəlik tökməyə çalışır  deyinə-deyinə... Əsgər formasında biri kimi isə gözləyir deyəsən... Çinar, yoxsa Səmanın nişanlısıdı bu əsgər... Gözün aydın, çinar, gözü yolda qalan birinin gözü yollardan yığışdı nəhayət... Bəs görəsən, hər gün körpəsiylə kölgəndə daldalanan adını bilmədiyim o gəlinin və bir   Yasəmən ananın gözləri nə vaxt sevinəcək?..

Təsəlli torpaqdır, torpağa ana deyib qorumaqdır... Təsəlli üç rəngin sinəsindəki ay ulduzu vətən səmasında azan səsi ilə birlikdə dalğalandırmaqdır... Və bir də təsəlli körpə təbəssümlərin gələcəyində qəhrəman kimi ideala çevrilməkdir... Analar bax bu təsəllilərlə ovundurar oğul həsrətli ürəklərini... Və elə bir mübariz, məğrur dayanarlar ki, bu duruş düşməni ürəyindən vuran güllədən belə daha öldürücüdür...

 

Hərdən məktub oxuyan əsgər yoldaşı o gənc ana, həm də körpəsi ilə danışa-danışa onu addım atdırmağa çalışırdı: "Şirin balam, sən ata gələnə qədər addım at ki, ata gələndə qucağına özün yeriyib gedəsən. Atamız da görüb sevinsin ki, o gedəndə hələ ayaqları qorxaq olan balası artıq yeriyir atasına sarı" - deyib qızının ayaq açması üçün xeyli səy göstərirdi... 

 

Elə pəncərədən yenicə aralanmışdım ki, əsgər addımlarının səsini eşitdim və elə o saat pəncərədən çölə boylandım... Əsgər salamı və sevincdən yaşaran bir cüt göz və o salama addımlayan kiçik ayaqlar... Gözün aydın, ay çinar, gözümüz aydın, əsgər atamız da gəldi...

 

Yasəmən ana ağır addımlarla ağacın altına yaxınlaşdı, gözlərini yumub əllərini göyə açdı, səssiz dualar bircə bircə ürəyindən Tanrıya ucaldı... Elə bil, ana bu bir ayda oğul həsrətindən qocalmışdı, beli bükülmüşdü oğul yolu gözləyən başqa analar kimi...

 

Gün yenə qüruba enir... Yasəmən ana sabaha ümidlənərək sabahadək deyir çinara...

 

Bütün gecəni o ümidin sevincini görməyi arzu edərək nə zaman yuxuya getdiyimi də bilməmişəm. Günəş gözlərimi salamlayanda ixtiyarsız oyandım. Öncə yerimdən qalxmaq istəmədim, sonra birdən yadıma düşdü ki, axı bu günə kökləmişik ümidlərimizi... Yasəmən ana da, mən də...

Bəli, mən də, çünki mən də gözləyirdim ana-bala həsrətinin elə həmin bu çinar altında sona çatmağını, o sevincdən elə pay umurdum ki, özümə...

Dünyada ən gözəl pay, məncə, birinin gözlərində sevinc işığına səbəb olmaqdır...

 

Bir həftə sonra məzuniyyətim bitir və mən hər sabah Günəşə sabahın xeyir deyib, axşam Günəşdən sonra evə gəlməliyəm. Kaş deyirəm, kaş Yasəmən ananın da gözü yoldan yığıla... Çinar, sən dua edə bilirsən? Ruhundan qopanı Tanrıya göndər. De ki, mənim kölgəmə pənah gətirənlərimin hamısını sevindirdin, bircə bu qərib ananı da sevindir Cənnətin xətrinə.

 

Öz-özümlə çox danışıram son zamanlar... Yazdığım yazılar da, çəkdiyim rəsmlər də məndən ümidi üzüblər... Hətta küsüblər də... Onların ruhu ilə mənim ruhumun ortaq nöqtəsi yoxdur bu aralar...

 

Məsmə xala deyinir yenə. Bu gün deyəsən, o da gecikib çinarın qarasına danışmağa. Əslində, Məsmə xalanın da elə çinar boyda dərdi var.

Əlim yandı deyəsən. Deyirəm də, bu aralar ruhum özümdən qaçaqdır. Fincanımı çayla doldurub, pəncərədən həyətə nə zaman baxmağa başlamışam, bilmirəm...

 

Əsgər paltarında təxminən 10-12 yaşlarında iki uşaq həyətdəki yelləncəkdə oturub söhbət edirlər. Böyüklər kimi nəyi isə müzakirə edirlər. Biri o birinə "Bu gün atamı yuxuda görmüşəm" deyir, o biri isə  "Atam mənim yuxuma heç gəlmir" deyir: "Atam yuxuma gəlməsə də, mən onun üçün hər gecə dua edirəm ki, güclü olsun, düşməni torpaqlarımızdan qovub qəhrəman olsun"...

 

Birdən ikisi də "Nənəm gəldi, nənəm gəldi" deyib, nənələrinin qabağına qaçanda bu iki böyük ürəkli balaca əsgərlərin Yasəmən ananın gözünü yolda qoyan əsgər oğlunun yadigarları olduğunu anladım... 

 

Nənə nəvələrini qucaqlayıb, öpüb oxşadı. Gözləri doldu. Nigaran ürəyini susdura bilməyən ana özünü toplayıb nəvələrinə nağıl danışmağa başladı...

 

Çayımın yarısı bitmişdi, fincanda qalan yarısı isə soyumuşdu... İnsanlar  özlərinin hekayələrini çoxaldıb, çoxaldıb bir dastan, ya da qalın bir roman yazırlar... Nöqtəni isə zaman qoyur...

 

Deyəsən, bu gün Yasəmən ananın hekayələrindən birinin, ən  duyğulu olanının günüdür.

 

Həyətdə dayanan hərbi maşın və maşından  ağır-ağır düşən zabitin əlində bayrağımızı görəndə donub qaldım sevincimdən. Zabit Yasəmən anaya yaxınlaşıb hərbi salam verərək bayrağı ananın onsuz da taqəti olmayan dizlərinin üstünə qoydu, "Oğlun torpağa, siz bizə əmanətsiniz" dedi... Və ananın əllərini öpüb geriyə dönərək sanki düşmən gülləsindən də iti sual dolu baxışlardan qaçırmış kimi tələsik maşına minim uzaqlaşdı...

 

"Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir!" Ana əlləri ilə bayrağı sığalladıqca bu misralar keçdi ağlımdan...

Sonumuz torpaqdır, günün birində hər kəsin hekayələrinin son nöqtəsi qoyulur, dünyanın hansısa bir isti və ya soyuq yerində... Torpaqda əbədiyyətə qovuşuruq, Bayraqla əbədiyyətin zirvəsi olan Cənnətə isə yalnız şəhidlər qovuşur... Üç rəngin ayında, ulduzunda, üç rəngin özündə şəhid ruhlarının hüzurlu, qürurlu, məğrur duruşu var. Bu hüzur, bu qürur, bu məğrurluq mən vətənimin səmasını azan səsinə, Xarıbülbülünə, Cıdır düzünə, bütöv azadlığına qovuşdurdum deməkdir...

 

"Nənə, ay nənə, ağlama" deyən əsgər geyimli uşağın səsinə diksindim... Uşaq nənəsinin dizinin üstündəki bayrağı götürüb çinara sarı yeridi, altdan yuxarı baxdı və ağaca çıxmağa başladı... Uşağa elə bil, ağac özü qol qanad verirdi ki, həm yıxılmasın, həm də istədiyi, çatmaq istədiyi ucalığa çatsın. 

 

Nənə dinmirdi, dolmuş gözlərlə nəvəsini izləyirdi. Mənə elə gəldi ki, onun ürəyindən keçəni eşitdim: "Atası kimi inadkardır".

 

Uşaq çinarın ən uca budağına çatdığından əmin olub, əlindəki bayrağı budağa asdı, sonra necə asanca çıxmışdısa, elə asanca da düşdü. Başını qaldırıb bayrağa hərbi salam verərək nənəsinə tərəf döndü. Gülümsəyərək nənəsinin gözlərinin içinə baxıb ona da hərbi salam verdi. Sonra gəlib nənəsinin qarşısında dayanaraq, "Nənə, atam bax odur, o rənglərdə, ay ulduzdadır atam və onun döyüş yoldaşları".

 

Əyilib yerdən torpaq götürən uşaq "Gəl, gedək evimizə nənə, oğlun sənə bax bu müqəddəs torpağı  hədiyyə, bizlərə isə bu şanlı bayrağı əmanət etdi, - dedi - atam da, onun döyüş yoldaşları da bizlərə sonsuz azadlıq dolu gələcəyimizi verdilər... Sən Cənnət qoxulu qəhrəman atamın Cənnət qoxulu məğrur anasısan"...

 

Yasəmən ananın gözlərindəki yaş çoxdan qurumuşdu. Başını qaldırıb Çinarın ən uca budağında dalğalanan Bayrağa sarı baxdı. Sonra nəvəsinin əlindən tutub evə sarı üz tutdu...

 

Mənə elə gəldi ki, ana o Bayraqda balasının qəhrəmanlığını, gözlərindəki bala sevgisini və bir də ürəyindəki vətən eşqini gördü.

 

Çinar, gözün aydın!..

 

Əfruz SEYİDOVA

Naxçıvan Televiziyasının əməkdaşı

 

525-ci qəzet.- 2021.- 9 sentyabr.- S.13.