Naxçıvanın Kəngərli
süvariləri: yeni arxiv sənədinin
işığında
kuliyevm@yandex.ru
Naxçıvan
Kəngərli süvarilərinin hərb tarixi çox qədimdir.
Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlərdən
məlum olur ki, I Şah Abbas öz hakimiyyətinin son illərində,
yəni 1587-1629-cu illərdə, Maqsud Sultan Kəngərlini
Naxçıvana hakim təyin edib. İskəndər bəy
Münşinin yazdığına görə, 1628-ci ildə
Maqsud Sultan Naxçıvan Kəngərli süvarilərinin
başçısı olmaqla bərabər, həm də
Xorasan kəngərlilərinin də başçısı
idi. Qeyd edək ki, Xorasan kəngərliləri də
Naxçıvandan köçürülmüşdü. Səfəvi
dövlətinin sərhədlərini köçəri
türkmənlərdən qorumaq üçün I Şah
Abbas kəngərli süvarilərini dövlətin şərqində,
ən çətin sərhəddə yerləşdirmişdi.
Sərhədi qoruyan Kəngərli süvariləri ən
bacarıqlı hərbi qüvvələr
sayılırdılar.
Naxçıvan
kəngərlilərinin arxivində saxlanılan sənədlərdən
(sənəd ¹2) məlum olur ki, Naxçıvan uzun müddət
Səfəvi dövlətinin xidmətinə
"Naxçıvan süvariləri" adı altında Kəngərli
tayfalarından yığma atlı dəstələr göndərirdi.
Monqollar dövründə 10 000 əsgərdən ibarət hərbi
dəstələr "tümən" adlanırdı.
Tümən eyni zamanda, inzibati-ərazi bölgüsü vahidi
də hesab olunurdu. Naxçıvan da 10 000-dən çox
süvari dəstələr göndərdiyinə görə
tümən adlanırdı.
Naxçıvan
xanlığının yaradıcısı Heydərqulu xan Kəngərlinin
oğlu Şükrülla xan Kərim xan Zəndin hakimiyyəti
dövründə, hicri 1182 (miladi 1768-ci il) tarixli fərmana əsasən
"Müstəqil xan" tituluna layiq görülmüş
və Naxçıvanın Kəngərli süvarilərinə
sərkərdə təyin edilmiş və həmin vaxtdan da
Naxçıvan tüməninin hakimi kimi şöhrət
tapmışdı .
Tarixə
azacıq da olsa ekskurs etməyimiz Naxçıvanda süvari hərb
tarixinin qədimliyini sübuta yetirir. Amma çox təəssüflər
ki, bəzi tədqiqatçılar Kəngərli süvari hərb
tarixinin Rusiyanın Naxçıvanı tutmasından sonra
başlandığını yazırlar və qeyd edirlər
ki, Naxçıvanın süvari dəstələri 1828-ci
ildən sonra Rusiya çarının fərmanı ilə
yaradılıb. Bu məsələyə də aydınlıq
gətirmək yerinə düşərdi.
1828-ci
ilin martında Peterburqdan Qafqaza gələn xəbərlərdən
aydın olurdu ki, Rusiyanın qonşu dövlətlərlə
münasibətləri kəsilib. Buna görə də Rusiya
qoşunlarının hərbi rəisi İ.F.Paskeviç qərara
aldı ki, müsəlmanlardan ibarət qoşun dəstələri
yaradılsın. 4 müsəlman atlı dəstələri
yaradıldı. Kəngərli süvari dəstəsi əvvəldən
var idi. Ona görə də bunun yenilənməsinə diqqət
yetirildi. Naxçıvanın Kəngərli süvari dəstəsi
may ayında Naxçıvandan İrəvana yola
düşdü. Kəngərli süvari yüzlüyünə
I Kalbalı xanın oğlu Fərəculla xan
başçılıq edirdi. Onun köməkçisi kapitan
Zeynalabdin Sultan Şahtaxtinski təyin edildi. Fərəc
xanın qardaşı Mehdiqulu xan da bu dəstədə idi.
General Paskeviç Naxçıvanın Kəngərli
süvarilərini Qara Dəniz kazaklarının yüzlükləri
ilə birlikdə süvari polk yaratdı. 1828-ci ildən sonra
Çar Rusiyası Azərbaycanda nizamlı süvari
qoşunları - atlı dəstələri yaratmaq işinə
ciddi cəhdlə girişdi. Çünki bu alayların
döyüş hünərlərinə çar süvarilərinin
özləri belə həsəd aparırdılar.
Dağlıq yerlərdə Kəngərli süvariləri
qorxmadan, özü də çox çevik döyüşlər
nümayiş etdirirdilər. XIX əsrdə Rusiyanın
Avropada apardığı müharibələrdə iştirak
etmiş Kəngərli süvarilərinin qəhrəmanlıqları
haqqında bu gün də həmin ölkələrdə
söhbət açanlar var.
Süvari
qoşunlara çox ehtiyacı olan Çar Rusiyası buna görə
Naxçıvana xüsusi imtiyazlar verir, onları özündən
incik salmaq istəmirdi. Çünki rus hərbçiləri,
xüsusən qraf Paskeviç bilirdi ki, Kəngərli
süvarilərinin 1828-ci ildə Fətəli şah Qacardan
inciklikləri olmasaydı, onlar Abbasabad döyüşlərini
udmayacaqdılar.
Kəngərli
süvariləri ilə bağlı məsələlərin
araşdırılmasında diqqət veriləcək
xüsusi sahələrdən biri onların geyimləri və
silahlarının formasıdır. Kəngərli süvarilərinin
hərbi geyimləri və silahlarının formasıdır.
Bu barədə əlimizə gəlib çatan mənbələr
əsasən XIX yüzilliyə aiddir. Bəs görəsən,
onların əvvəllər hərbi geyimləri necə olub?
XVII-XVIII əsrdə
yaşamış müəlliflər az da olsa bu haqda məlumatlar
veriblər. Hələ digər vacib mənbələrə əsasən,
Kəngərli süvarilərinin qədim silahları
haqqında yazmaq mümkündür. Bunun üçün
köhnə qəbirüstü təsvirlər, arxeoloji
qazıntılar zamanı tapılan şəxsi əşyalar
və silahlar, həmçinin, toplanılan etnoqrafik söhbətlər
köməyə çata bilər.
Aparılan
araşdırmalara əsasən deyə bilərik ki, XVIII əsrin
sonlarında artıq süvarilər odlu silahlardan istifadə
edirmişlər. Yəni bu dövrdə tədricən soyuq
silah odlu silahla əvəz olunurmuş.
XVIII əsrdə
Rusiyanın artilleriya kapitanı Herber Qafqazda olan
xanlıqların hamısında süvari qoşunların odlu
silahlara malik olduğunu yazırdı. O qeyd edirdi ki, süvarilərin
atları çox qəşəng və iti sürətlidir,
həmçinin, hamısının odlu silahı və
qılıncı var, az bir qismində isə ox-kamana rast gəlmək
olur.
Gürcüstan
Mərkəzi Dövlət Tarix Arxivinin fondlarında qorunan
qalın bir qovluqda (521 səhifəlik) ancaq müsəlman
atlı dəstələri-süvariləri haqqında
geniş və maraqlı məlumatlar var. Burada əsasən
Dağıstan və Azərbaycanda təşkil edilmiş
atlı alayları haqqında bilgilər üstünlük təşkil
edir. Arxivdə Naxçıvan süvariləri, onların
geyimləri (sadə və bayram geyimləri), silahları,
döyüş atları haqqında sənədlər toplusu
da vardır. Həmin sənəd 1841-ci ildə
Naxçıvandan Varşavaya göndərilən Kəngərli
süvariləri haqqındadır. Sənədlərdə
süvarilərin Kəngərli tayfasının hansı qoluna
mənsubluğu, yaşı, geyimi, atı, silahı və
yaşadığı ünvanı haqqındakı məlumatlar
çox incə mətləblərdən xəbər verir.
Orada Naxçıvandan Tiflisə, sonra isə Varşavaya
müsəlman atlı alayına göndəriləcək Kəngərli
süvarilərinin 18 aprel 1841-ci ildə yazılmış
geniş siyahısı verilib.
18 aprel
1841-ci ildə tərtib edilən Kəngərli
atlıların siyahısı əsasən Naxçıvan
şəhərində və ətraf kəndlərdə
yaşayan kəngərlilərin adları yazılıb.
Kəngərli
süvari dəstəsinin başçısı I Kalbalı
xanın sonbeşik oğlu İskəndər xandır. Onun hərbi
rütbəsi sultan kimi qeyd edilib, yaşının isə 26
olduğu göstərilib.
Dəstənin
naibi Hüseynqulu bəy (25 yaş) Məmmədxan oğlu, Məmmədxan
Sultan Lütfəli Sultanın oğludur.
Dəstənin
vəkilləri: 1) İbrahim Xəlil bəy Hacı Vəli bəy
oğlu 29 yaşında.
2) Məmməd
bəy İbrahim Sultan oğlu 22 yaşında.
İbrahim
Sultan Naxçıvan xanlığının vəziri Zaman
xanın varisidir.
Siyahıda
qeyd edilib ki, adlarını çəkdiyimiz gənc hərbçilərin
kifayət qədər malikanələri və mülkədar
hüquqları var.
Sonra isə
atlı süvari dəstəsinin adlı siyahısı
verilib. Süvarilər Kəngərli tayfasının
aşağıdakı qollarından süvari dəstəyə
qəbul edilmişlər: Bilici, Salahı, Kəclər,
Qaradolaq, Qızılqışlaq, Cümşütlü,
Qızıllı, Pirhəsənli, Yurçu,
Cığataylı, Qaraxanbəyli, Qarabağlar, Xalxallı. Bu
maraqlı tarixi sənəddə adları çəkilən
gənc döyüşçülərin çoxu sonralar
Çar Rusiyasında məşhur hərbçilər
olmuşlar. Məsələn: Prmurad bəy, Murtuzaqulu bəy,
Məmmədqulu bəy Səfər Sultan oğlu və b.
Həmin
ildə podpolkovnik Nəzərəli xanın oğlu
podporuçik Nəcəfqulu ağa Varşavaya
könüllü olaraq yola düşüb.
Varşavaya
gedən süvarilərə ümumi rəhbərliyi I
Kalbalı xanın oğlu İskəndər xan edirdi. Arxiv sənədinə
görə, atlı dəstəsinin rəhbərliyi
aşağıdakı tərkibdə idi: 1 nəfər sultan,
bir nəfər naib və iki nəfər vəkil. Bu atlı dəstəsi
ümumilikdə 40 nəfərdən ibarət olub. Burada dəstəyə
qulluq edən 6 nökər də Kəngərlidir. Bu sənəddə
hələ rus komandanlığı altında təşkil
edilməyən milli süvarilərimiz, onların hərbi
geyimləri və digər maraqlı məsələlər
haqqında geniş məlumat vardır. Çünki sonralar
süvari dəstələri rus kazaklarının dəstələri
şəklində təşkil olunub.
Varşavaya göndərilən süvarilərinin hərbi geyimlərinə gəlincə qeyd edək ki, bu, onların bayram və hərbi parad geyimləridir: tünd yaşıl rəngli zərif mahud çuxa. Bu çuxanın astarı, qolları da daxil olmaqla qırmızı qanovuzdandır. Şalvarları yarımipəkdir. Köynəkləri qırmızı (şilədən), döş hissəsi qanovuzdandır. Alt paltarları göy rəngli çitdən, geydikləri çəkmələr uzunboğaz və çox yüngüldür. Bu çəkmələrə "Qarabağ çəkmələri" deyirlər. Çiyinlərinə saldıqları yapıncı qara rənglidir. Dağıstanın qara mahudundan tikilmiş başlıqları da var. Papaqları da bayramsayağıdır. Qeyd edək ki, Kəngərli süvarilərinin atlarına məxsus ləvazimatlar bunlardır: yüyən, noxta, gəm, yəhərin qaşı, qoltaq, qantarğa, yedək, cilov, döşbağı,üzəngi qayışı, tapqır, qarınaltı, üzəngi, nal, yəhər, döşəkçə, quşqun, tərlik, təkaltı, qırmızı rəngli kapor. Döyüş atları Qarabağ kəhərləridir.
Sənədlərdə atların rəngi, nişanələri, boylarının hündürlüyü, hətta bəzəkləri haqqında ətraflı məlumatlar yazılıb. Orada deyilir ki, atların yüyənləri və sinəsindəki bəzəklər təmiz gümüşdəndir. Hətta atın sahiblərinin, yəni süvarilərin çiyinlərindəki aşırmadakı patrondaş (patron qabı da deyilir) gümüşlə bəzədilib. Aşırmanın özü də təmiz gümüşdən hazırlanır. Süvarilərin çiyinlərinə asdıqları tüfənglər yüngül və gödək lüləlidir, qundağında gümüşlə bəzəklər işlənmişdir. Onların tapançaları "Danisxa" markalıdır. Deməli, onlar üçün silahlar xüsusi hazırlanmışdır.
Kəngərli süvarilərinin milli hərbi geyimləri və silahları bütün Avropanı heyrətə gətirirdi. Naxçıvandan Tiflisə, oradan da Varşavaya gedən Naxçıvan süvariləri həmişə diqqət mərkəzində saxlanılırdı. Bu süvarilərin özünəməxsus döyüş taktikaları var idi. Həmin süvari dəstəsindən düşmən üzərinə qəflətən hücum etmək, düşməni mühasirəyə almaq, döyüş zamanı düşmən arxasına keçib gözlənilmədən zərbə endirmək üçün istifadə olunurdu.
Kəngərli süvarilərinin hərbçi
varisləri Azərbaycanda və Rusiyada, eləcə də
Türkiyə və İranda da hərb sənətinin
inkişafında böyük rol oynamışlar. Təbii ki,
bir kiçik məqalədə bu məsələləri
genişliyi ilə şərh etmək mümkün deyil. Ona
görə də gələcəkdə bu sahədə daha
geniş araşdırmalara ehtiyac var.
Musa QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi
işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 9 sentyabr.-
S.12.