ŞUŞADAN
TÜRK DÜNYASINA...
Bu günlərdə Türk Keneşinin təşkil
etdiyi 4 günlük mediaturda mən də iştirak etdim. Mediatur Ermənistanın
vandalizmini, erməni barbarlığını, Azərbaycanın
dinc quruculuq siyasətini, azadlıqdan abadlığa
keçidi Keneş üzvü olan ölkələrin
jurnalistlərinin biləvasitə görməsinə və
göstərməsinə (yazmasına) xidmət edirdi.
Mediatur iştirakçıları üçün tərtib
olunan marşrut, proqram qısa şəkildə dörd
sözlə ifadə oluna bilər: gəldik, gördük,
çəkdik, yazdıq...
Bəli, hələ 2012-ci ildə "Gəldik,
gördük, yazdıq" layihəsi ilə
çıxış etmiş, eyni adlı kitab tərtib
etmiş qardaşınız olaraq, bu mediaturun fəlsəfəsi,
tərtibi mənə çox məntiqli gəldi - məncə,
bütün iştirakçılara da müsbət təsir
göstərdi.
İş elə alındı ki, mən qonaqlara
Şuşada qoşuldum (Vaqif Poeziya Günlərində
iştirak etdiyimçün Şuşadaydım). Mediatur
iştirakçılarını, o cümlədən, özbək,
qazax, qırğız və digər
qardaşlarımızı Şuşada salamlamaq xoş idi.
Bəri başdan deyim, heyətdəki azərbaycanlı
jurnalistlər, habelə bir gənc qazax, bir gənc özbək
də daxil olmaqla, daha öncə tanış
olduğumuz jurnalistlərlə məhz Şuşada
görüşmək gözəl oldu.
Türk Keneşinin ölkəmizin işğal,
müharibə və müharibə sonrası gerçəklərini
əyani göstərməyə imkan verən mediatur təşkil
etməsi çox anlamlıdır. İnşallah, son
olmaz; hər kəs razılaşar ki, belə mediaturlar hər
ay təşkil olunmalıdır. Qoy daha çox jurnalist
həqiqətlərlə yerindəcə tanış
olsun, daha çox insan Azərbaycanı tanısın. Zatən tanıdıqca sevəcəklər,
inanacaqlar. Azərbaycan bir başqadır.
Azərbaycanın Şuşası bir
başqadır. Bir başqadır 44 günlük
müharibəmiz, müharibədəki qızıl ləyaqətimiz,
müharibə sonrası ildırım sürətli quruculuq
işlərimiz...
Ümumiyyətcə, hər hansı ölkənin
konstruktiv mövqeli jurnalistinin işğaldan azad edilmiş
bölgələrimizə gətirilməsi məqsədəuyğundur;
lakin məhz Türk Keneşi xətti ilə təşkil edilən
mediaturların öz yeri var.
Ayrıca, ortaq türk qurumlarında təmsilçimiz
olan həmvətənlərimizin çalışmaları nə
qədər güclü olarsa, bu, həm ölkəmizə, həm
də türk dünyasına (bütün tərəqqipərvər
bəşəriyyətə) xeyirlidir.
Yol boyu qədim dostumuz-qardaşımız, Əməkdar
jurnalist Azər Həsrətlə elə hey bu mövzularda
danışırdıq. Sağolmuş rusdilli ilə rusca,
ingilisdili ilə ingiliscə, hələ bir arada almanca
danışır, tərcüməçi, politoloq, kulturoloq,
türkoloq kimi performans göstərərək, hansı tərəfdən
baxsan, ordan görünürdü. "Daily Sabah"dan
Kənan Kıran, Özbəkistanın "Xalq
sözü" qəzetindən gənc jurnalist Dilşad, Azərbaycan
jurnalistləri, Media Agentliyinin departament rəisi Rasim
Bağırov, Türk Keneşi Baş katibinin müavini Qismət
Gözəlov və başqaları ilə söhbətlər,
dərdləşmələr, uğurlaşmalar xoş idi.
Şuşa
izlənimləri
Şuşanın
azad olunacağını ağıllarına gətirməyən,
"Dağlarda əbədi toy çaldıqlarına"
inanan işğalçıların iç üzünü,
saxta mədəniliklərini, saxta qəhrəmanlıqlarını,
dünyanın dörd tərəfində Azərbaycan əleyhində
saxta təbliğatlarını... görmək, göstərmək,
çəkmək, yazmaq bir başqadır...
Yaxşı
xatırlayırıq: 10 ay öncələri Şuşa
şəhər komendantlığını öz üzərinə
götürəcəyini, bununla Şuşanı keçilməz
edəcəyini söyləyən bir Seyran Ohanyan vardı. Adam general-polkovnikdi guya, "qalib ordu"ya rəhbərlik
etmişdi, neynəmişdi... - bəlli oldu ki, Azərbaycan
vulkanı qalxınca, Azərbaycan Ordusu şahlanınca Ohanyan
bir şəhərin komendantlığına da
yaramırmış. Ohanyan və onun kimi
neçə ohanyan-mohanyanlar rəzil oldu bizim aslan igidlərimizin
qarşısında. Bu, Ali Baş Komandan
İlham Əliyevin başçılıq etdiyi müzəffər
Azərbaycan Ordusunun yaratdığı tarixi gerçəklikdir.
İşğalçılar çox keçilməz
maneələr quraşdırmışdı; bu barədə
jurnalistlərə Füzlidə, Ağdamda, Hərbi Qənimətlər
Parkında izahat verildi. İşğalçıların Ağdam istiqamətində
7 qat, Füzuli istiqamətində 5 qat keçilməz sədlər
silsiləsi quraşdırdığını bilincə,
görüncə Azərbaycan Ordusunun əks-hücumda da,
sülhə məcburetmədə də nə qədər
fövqəladə uğur qazandığı əyani
müstəviyə keçir. Amma işğalçılar Azərbaycanda
onların keçilməz sandıqlarını, onların 30
ilə quraşdırdıqlarını 44 gün içində
darmadağın edən bir mükəmməl ordu
yetişdiyinin fərqində olmamışdılar, qaliba.
Qaliba, bizim məğlubiyyətlə barışa biləcəyimizi
düşünmüşdülər;
düşünmüşdülər ki, əgər bu
barışıq baş tutmayıb da, hücuma keçərsək,
silsilə maneələr arasında qalıb, çoxsayda itkilərlə
yeni məğlubiyyətlərə uğrayacağıq...
Bunlardan başqa fikirdə olanları belə, Şuşa,
Laçın, Kəlbəcərə yetə bilməyəcəyimizi,
ən uzağı, Ağdam, Cəbrayıl, Füzuli istiqamətində
irəliləməklə yetinəcəyimizi
düşünürdülər bəlkə. Bunları
niyə yazıram? Türk ölkə və
topluluqlarından olan qardaşlarımıza, bölgə
dövlətlərinə, hər kəsə Azərbaycanın
necə bir dəhşətli, məkrli, həyasız,
arxalı düşməni yendiyini bildirməmiz çox
önəmlidir. Bilinsin ki, 44 günlük
müharibənin nəticəsi etibarı ilə Zəngəzur
dəhlizinin də açılışı olacaq. O dəhlizin
xeyri bütün qardaşlarımızın həyatına təsir
edəcək.
Zəngəzur
dəhlizinin işə düşməsi bir yana,
onun haqqında düşünmək belə bir il öncəyədək
xəyal kimiydi. "Böyük xəyalı
olmayanın böyük gələcəyi olmaz" deyiblər.
Təbii, biz yalnız xəyal qurmadıq, ordu qurduq! İndi
ildırımsürətli təmir-bərpa, quruculuq,
abadlıq gedən Qarabağ torpaqlarında yeni bir Azərbaycan
möcüzəsi yaşanır!
Füzuli
Biz Zəfər yolu ilə gedib-gəldik. Zəfər
yolu Füzulidən başlayır. Füzuli
şəhəri yoxdur, Füzuli şəhər yeri,
Füzuli şəhər yaddaşımız var. O
yaddaşdır ki, bizi ildırımsürəti ilə hava
limanı tikməyə sövq etdi. Dövlət
başçımızın qətiyyəti, uzaqgörənliyi
sayəsində hava yollarımızın,
limanlarımızın xəritəsi dəyişdi, artıq
Füzuli hava limanına uçuş həyata keçirilib;
bu gün-sabah Zəngilan, Laçın hava limanlarının
açılışı olacaq.
70 il
içində SSRİ-nin, 30 il işğal müddətində
işğalçı Ermənistanın Qarabağda, o
cümlədən, Füzulidə, Laçında,
Şuşada, Kəlbəcərdə, Ağdamda, Cəbrayılda,
Zəngilanda, Qubadlıda... qurmadığı,
yaratmadığı infrastruktur çox qısa zamanda müstəqil
Azərbaycan dövləti tərəfindən
yaradılmaqdadır. Ermənilərlə məsələ
aydındır - onlar vandallardır, onlar qurmaqçün yox,
dağıtmaqçün mövcuddur, enində-sonunda öz
uğursuz dövlətləri də başlarına
uçacaq, günlərin bir günü Qafqaza gəldikləri
(gətirildikləri) kimi, Qafqazdan cəhənnəm olub gedəcəklər...
Ancaq SSRİ kimi qüdrətli bir dövlət 70 il içində Laçında hava limanı
tikmişdimi? - Yox. SSRİ Kəlbəcərə
ehtiyac olan körpüləri çəkmiş, tunelləri
açmışdımı? - Yox. SSRİ Zəngilanda,
Ağdamda ağıllı qəsəbə, ağıllı
şəhərmi salmışdı? - Yox, yox. Bu gün-sabah
Ağdam şəhəri Qarabağın da, Azərbaycanın
da, Qafqazların da ən ağ, ən gözəl,
ən çağdaş, ağıllı şəhəri
olacaq!
Bəlkə SSRİ Yollar Nazirliyinin Füzulidən
Şuşaya yol çəkmək imkanı yoxuydu? Müstəqil
Azərbaycan 7 aya Zəfər yolu çəkdi. Yəni
ölkə, şəhər, xalq özünün olanda,
dövlət milli olanda, dövlət başçısı vətəncanlı
olanda belə olur: yol da çəkilir, körpü də
tikilir, tunellər də vurulur, hava limanları da işə
salınır! Bax, biz bu fərqi
görürük, göstəririk, öyünürük.
Yəni biz yalnız müharibə
aparmağı deyil, müharibədən sonrakı
qurucluğu - azadlıqdan abadlığa keçidi də ləyaqətlə,
şərəflə yerinə yetirə bilirik. Ötən
il hərbçi qardaşlarının
döyüş meydanında göstərdiyi şücaəti,
fədakarlığı, ləyaqəti indi dinc quruculuq
meydanında inşaatçılar, energetiklər, təmir-bərpa
ilə məşğul olan bütün
qardaş-bacılarımız özünəməxsus şəkildə
davam etdirir.
Biz nə müharibə edərkən, nə də indi
insanlığa, ən ümumi bəşəri dəyərlərə
qarşı heç bir addım atmadıq, atmırıq, gələcəkdə
də atmayacağıq - bu, bizim xarakterimizdir. Qardaş, dost ölkələrdən
gələn jurnalistlərə də bunu deyir, bunu göstəririk...
Gəncə
Bəllidir ki, Gəncə döyüş bölgəsindən
uzaqlarda, heç bir hərbi əməliyyat zərurəti
olmayan, dinc Azərbaycan şəhəridir. Jurnalistlərin məhz Gəncəyə
atılmış raketlərlə dağıdılmış
evləri görməsi, raket zərbələrinin
günahsız qurbanları - gecəyarısı yuxudaykən
öldürülmüş körpələr, qadınlar,
qocalar haqqında bilgiləndirilməsi Azərbaycanın necə
bir ləyaqətsiz, kuraltanımaz düşmən üzərində
qələbə qazandığını göstərmək
baxımından çox önəmlidir. Bəzən
başqa-başqa informasiya agentliklərinin yanlış
yönləndirməsinə məruz qalmış qardaş
ölkə jurnalistlərinin çəkingən
tavırlarını görürük.
Görürük ki, bizim jurnalistlər onlardan müsahibə
almaq istərkən könülsüz olurlar, yaxud "siyasi
sual olmasın" deyirlər və s... Ancaq
döyüş bölgəsindən uzaqdakı bir qədim mədəniyyət
beşiyinin heç bir hərbi zərurət olmadan, sırf təşviş
yaratmaq, günahsız azərbaycanlıları öldürmək
məqsədi ilə raket zərbələrinə məruz
qoyulduğunu görüb, susmaq çox çətindir.
O acı mənzərə artıq siyasi deyil, insani münasibət
tələb edir...
Ağdam
Gəncədən sonra Ağdam şəhərinə,
daha doğrusu, şəhər yerinə səfər etdik. Bu, mənim
Ağdama ikinci səfərim idi. Bu il
martın əvvəlində etdiyim birinci səfərlə
müqayisədə, maşallah, şəhər planlaması,
quruculuq prosesi, infrastruktur müəyyənləşmələri
açıq-aydın görünür. Çoxmərtəbəli
bina tikintisi üçün işlək kran,
ağıllı şəhərin baş planına uyğun təməlatmalar,
yeni ünvanların göstəriciləri, nişanlar...
Ağdamın gələcək ağ
günlərinin xəbərçisidir. Dünyada Ağdam
kimi Ağdam olmayacaq! Ağdamlı dostlarımı indidən
təbrik edirəm! Cəmi bir neçə ildən
sonra "Keşkə Ağdamda evim olsaydı" deyəcəyik.
Deyək. Deyə-gülə
gedək Ağdama. Qara günlərin keçmişdə
qaldığına, ağgünlərin əbədi
olacağına sarsılmaz inamımız var. Bu inamı bizə
bəxş edən şəhidlərimizin əziz ruhu
qarşısında baş əyir, torpağını
öpürəm...
Ağdamda Prezidentin xüsusi nümayəndəsi Emin
Hüseynovun jurnalistlərin suallarına aydın, səmimi
cavabları xüsusi yaddaqalan oldu. Necə deyərlər,
ənənəvi məmur tipindən çox uzaq,
çağdaş, səmimi, işıqlı, əlçatan
bir yerli rəhbər (doğrudan da, xüsusi nümayəndə)
olaraq gördük Emin Hüseynovu. Prezidentin
Şuşadakı Xüsusi nümayəndəsi Aydın Kərimovu
da, hər iki Xüsusi nümayəndəlikdə
çalışan köhnə dostları da
çağdaş çağırışlara
açıq, səmimi, dövlətcanlı, vətəncanlı,
xalqcanlı gördük, şad olduq. İşləri nə
qədər məsuliyyətli olsa da, bir o qədər də
şərəflidir! Avand olsun işləri!
Hərbi
Qənimətlər Parkı
Mədəniyyət
Paytaxtından Qarabağın yeni hava limanına ev sahibliyi edən
Füzuli üzərindən Gəncəyə - 880 illiyi bu il
qeyd olunan Nizaminin yurduna, oradan Qarabağımızın
Ağdamına, oradan da ölkəmizin paytaxtı Bakıya səfər
etdik. "Bizim Bakı - bizim ürək!" Qonaqların
son işçi günündə ziyarətlərimiz Hərbi
Qənimətlər Parkından başladı. Mükəmməl konsepsiyalı Hərbi Qənimətlər
Parkında diqqətimi xüsusi çəkən bəzi məqamları
bölüşmək istərdim. Parkda
işıqlandırma dirəkcikləri olaraq
işğalçıların top mərmilərinin gilizindən,
oturacaq olaraq düşmən sursat saxlanclarından (yeşiklərindən)
istifadə edilib. Kiçik atıqlar
üçün silindirik qablar yenə düşmən hərbi
sursatlarından irdələnib, tasarlanıb.
Düşmənin bizim üzüm tənəklərindən
istifadə edərək, yaratdığı səngərlər,
hərbi müşahidə mövqeləri də ustalıqla
canlandırılıb. Yəni işğalçılar bizim
üzüm tənəklərini hərbi məqsədlər
üçün, qan-qada üçün, işğal siyasəti
üçün istifadə edib, biz isə onların
işğalçün istifadə etdiyi silah-sursatdan dinc məqsədlər
üçün yararlanırıq. Hərbi
qənimətlərə sənətin estetik dəyərləri
ilə yanaşmışıq, əla da alınıb.
Üzəri
QARABAĞ AZƏRBAYCANDIR! Şüarlı erməni
hərbi texnikalarına aid çoxsaylı fərqlənmə
nömrələri də, ermənilərin azərbaycanlıların
mülki avtomobillərinin nömrələrindən düzəltdiyi
və şövqlə turistlərə göstərdiyi məlum
lövhəyə sərrast cavabdır. Ziyarətçilər
belə fərqli yanaşmalar əsasında (da) iki xalqın,
iki dövlətin fərqini, hadisələrə, insana, dəyərlərə,
dünyaya münasibətini açıq-aydın görə
bilir. Məncə, budəfəki mediatur
iştirakçıları məhz bu fərqi xüsusi fərq
etdilər...
Heydər
Əliyev Mərkəzi
Qonaqların
yalnız müharibə, yaxud müharibə sonrası hadisələrlə
deyil, Azərbaycanın tarix, mədəniyyət və digər
həqiqətləri, uğurları, bəşəri töhfələri
ilə tanış edilməsi çox
gözəl düşüncədir. Onlar görür, onlar
soruşur, onlar çəkir, yazır, yayır... Bu isə sövq-təbii tərənnümə, təbliğata
çevrilir. Azərbaycan olduğu kimi
tanıdılmağı və sevilməyi artıqlaması ilə
haqq edir. Azərbaycanı tanıyıb, sevməmək
sadəcə mümkün deyil!
Çağdaş
sənət örnəklərinin sərgiləndiyi Heydər
Əliyev Mərkəzində Azərbaycanın qədim
yaşayış məskənlərinə ev
sahibliyi edən unikal ölkə olduğu əyani vəsaitlərlə
nümayiş olunur:
Azıx mağarası, Qobustan Qayaüstü abidələri
və sair buna sübutdur. Azərbaycan bir sıra dəyərləri
ilə yalnız aid olduğu Qafqazlara, Türk-İslam
dünyasına deyil, Avropaya, Qərb ölkələrinə
örnəkdir:
-
Dünya ədəbiyyatında ilk "Xəmsə" şəkilli
bədii yaradıcılıq örnəyini dahi Azərbaycan
şairi Nizami Gəncəvi yaradıb. Dahi şairin 880 illik
yubileyi şərəfinə 2021-ci il
respublikamızda Nizami ili adlandırılıb;
- Şərqdə ilk diplomat qadın Qaraqoyunlar dövlətinin
qurucusu Uzun Həsənin anası Sara Xatundur.
- Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq
Cümhuriyyətidir. Xalq Cümhuriyyətimiz Şərqdə qadınlara
seçki hüququnun verilməsi ilə də ölkəmizə
bir ilk yaşadıb;
- Müsəlman
aləmində ilk dünyəvi qızlar məktəbi Azərbaycanda
açılıb.
- Müsəlman
Şərqində opera sənətinin əsası Üzeyir bəyin
"Leyli və Məcnun" operası ilə qoyulub. Şərqdə ilk opera yazan qadın bəstəkar
da azərbaycanlı xanım bəstəkar Şəfiqə
Axundovadır.
-
Dünya tarixində ilk dərin neft quyusu 1844-cü ildə
qazma üsulu ilə Bakı mədənlərində
qazılıb. Bu hadisə əllə
qazmanın sonu olub. Dünyada ilk dəfə
açıq dənizdə neft platforması Xəzər Dənizinin
Azərbaycan sektorunda salınan Neft Daşları
platformasıdır.
- Keçmiş SSRİ-nin kosmik proqramlarının
qurucusu soydaşımız general Kərim Kərimov olub.
- Azərbaycanın
dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən
biri qeyri-səlis məntiq nəzəriyyəsinin
yaradıcısı (bu sətirlər yazılarkən ad
günü olan) Lütfi Zadədir.
-
Dünyada ilk və yeganə Beynəlxalq Muğam Mərkəzi
də Bakı şəhərində yerləşir, 2009-cu ildə
fəaliyyətə başlayıb.
Əlbəttə, bu, Azərbaycan İLKlərinin tam
siyahısı deyil.
Azərbaycanın
"Avroviziya" mahnı yarışmasında qalibiyyəti
və bu yarışmaya ev sahibliyi etməsi,
"Bakı-2015" - I Avropa Oyunlarının (ardınca IV
İslam Həmrəyliyi
Oyunlarının, eləcə də, "Formula-1"
yarışlarının və s.) keçirilməsi -
yüksək səviyyədə keçirilməsi ölkəmizi
Avrasiya və dünya miqyasında daha çox tanıdıb,
xarici ölkə vətəndaşlarının diqqətini cəlb
edib.
Heydər Əliyev Mərkəzinin sərgi salonları
Azərbaycan İLKləri də daxil olmaqla, Azərbaycanın
bəşər mədəniyyətinə töhfələrini,
özünəməxsusluğunu, potensialını,
multikultural dəyərlərini universal şəkildə,
çağdaş İKT tətbiqi ilə nümayiş
etdirir.
Bizim görəvlərimizdən biri də məhz
müstəqilliyimizi, milli dəyərlərimizi qoruyub onlara
sahib çıxmaq, onları tanıtmaqdır.
Elə Heydər Əliyev Mərkəzinin özü bir
İLKdir - dünyanın nadir memarlıq incisidir.
Bakı Kristal Zalı
Türk Keneşi xətti ilə ölkəmizə səfər edən jurnalistlərin başqa bir duracağı da paytaxtımızın böyük mədəniyyət müəssisəsi - Bakı Kristal Zalı oldu. Qonaqlara Azərbaycan gənc sənətçilərinin "Avroviziya" mahnı yarışmasında başarılı iştirakı, 2012-ci ildə qısa müddət içində istifadəyə verilmiş memarlıq hadisəsi Bakı Kristal Zalı haqqında bilgi verildi.
İTV-nin Baş direktoru Balakişi Qasımovla çay süfrəsi arxasında görüş də Bakı Kristal Zalında baş tutdu. Balakişi Qasımov İTV-nin fəaliyyəti daxil olmaqla, qonaqları maraqlandıran bir sıra suallara cavab verdi.
Və sonda, bu mediaturların gələcəyinə yönəlik təkliflərimi sıralamaq istərdim:
- Mediaturların marşrutu elə cızılmalı, vaxt elə ayarlanmalı ki, yolda keçən saatlar, ziyarətlərə, işgüzarlığa həsr olunmuş saatlara nisbətdə daha az olsun;
- Mediatur iştirakçılarından arzu edənlərin qatıldığı sosial media qrupları yaradılsın və o qruplarda müzakirələr gələcəkdə də davam etsin;
- Belə mediaturlardan sonra bir kataloq, hansısa
jurnalın xüsusi buraxılışı, yaxud kitab nəşri,
sənədli film hazırlanması məqsəduyğun
olardı.
Əkbər
QOŞALI
525-ci qəzet.- 2021.- 9 sentyabr.- S.10-11.