Yuxumdakı nur üzlü şəhidim
Bu yaşıma kimi həyatda təsadüflərə
inanmamışam. Bunu özümün və
başqalarının həyatında apardığım
müşahidələrə əsasən əminliklə deyə
bilərəm. Gec və ya tez dərk edirik ki,
yaşadığımız müddətdə
başımıza gələn pis və ya yaxşı hadisələrin,
aldığımız qərarların, təsadüf kimi
görünən, amma heç də belə olmayan və həyatımıza
anidən gələn tanışlıqların belə uca
yaradan tərəfindən bir hikməti var. Həyatı daha
diqqətli və dərin analiz edən insanlar, əslində,
hər şeyin Allah tərəfindən incə və zərgər
dəqiqliyi ilə hesablandığını qeyd edirlər.
Təqribən
5-6 il öncə qiyabi
tanıdığım, hətta bir dəfə belə olsun
ünsiyyətdə olmadığım biri - bu gün müqəddəs
amal uğrunda şəhid olmaqla əbədiyyətə
qovuşan Teymur Məcidzadə Tehran oğlu haqqında
yazacağım ağlıma belə gəlməzdi. Pak ruhu və zəngin mənəviyyatının
simasına vermiş olduğu nurla insanların qəlbinə
yol tapan Teymur Azərbaycanın qəhrəmanlıq salnaməsinə
adını qanı ilə yazanlardandır. Şəhidimizin yaddaşlarda qalan siması nə mənim,
nə də onu tanıyanların hafizəsindən silinir.
Teymuru bir dəfə görmək kifayət idi
ki, onun haqqında yüksək fikrə sahib olasan və
ünvanına yalnız müsbət sözlər söyləyəsən.
O, xoş aurası ilə onu görən həs kəsi
ovsunlayır, büllur tək pak baxışları ilə
ömürlük yaddaşlara həkk olurdu. Ağlınıza
gələ biləcək bütün müsbət fikirləri
Teymur haqqında söyləmək mümkündür. Şəhidimiz
xoşrəftar, xeyirxah, gülərüz, niyyəti
təmiz, cəsarətli, yüksək əxlaqi keyfiyyətlərə
malik, səmimi, ailəsinə, qohumlarına, dostlarına
bağlı və onlara qarşı daima diqqətcil olmaqla
yanaşı, vətənini canından artıq sevən Azərbaycan
oğulu idi.
Yalnız qiyabi olaraq tanıdığım və
haqqında heç bir məlumata sahib olmadığım
Teymurun mətbuatda Şuşanın azad olunması uğrunda
qəhrəmancasına şəhid olma xəbərini izlərkən
şəkillərdən tanıdım. Qismətdə
onun haqqında məlumları "Son döyüşün
son şəhidi" başlığı ilə yayımlanan
reportajdan öyrənmək varmış.
Şəhid Teymur Məcidzadə Tehran oğlu 1992-ci ilin
oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində
anadan olub. Ermənilərin torpaqlarımıza təcavüzü
nəticəsində Teymur səkkiz aylıqkən ailəsi
doğma yurdlarından didərgin salınıb. Azərbaycan
Dövlət İqtisad Universitetinə qəbul olan Teymur ali məktəbi yüksək nəticələrlə
bitirib. O, hələ orta məktəbdəykən dəfələrlə
olimpiadaların qalibi olub. Güclü hafizəyə
malik Teymur oxuduğu təhsil ocaqlarının fəxri idi.
Hərbi xidməti bitirdikdən sonra vətənə
olan böyük sevgisindən qaynaqlanan verdiyi qətiyyətli
qərar onun həyatında dönüş nöqtəsi
olub. Teymur hərbi hissədə qulluq edərək
vətənini canı bahasına qorumağı
qarşısına məqsəd qoyub və bu məqsədə
doğru addımlayıb. Vətən
müharibəsi başlayanda Baş leytenant Teymurun xidmət
etdiyi hərbi hissə cəbhə bögəsinə
yollanıb. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan
şəhərlərinin azad olunmasında rəşadətlə
döyüşüb. Teymurun ən böyük
arzularından biri də göz açdığı və hələ
səkkiz aylıqkən didərgin düşdüyü Gecəgözlü
kəndinin düşməndən azad etmək idi. Allah bu xoşbəxtliyi ona nəsib etdi. O, Füzuli rayonunun Gecəgözlü kəndi də
daxil olmaqla ətraf kəndlərinin düşmən
caynağından azad edilməsində xüsusi şücaətlə
döyüşdü. Hətta Teymura
doğum gününü göz açdığı Gecəgözlü
kəndində keçirməkdə nəsib oldu. Teymur yüksək elmi və hərbi biliyə sahib
olub. Şəhidimiz bu bacarıqları nəticəsində
taborun 104 nəfər əsgərini mühasirədən
tamamilə itkisiz çıxarıb. Əsgər
yoldaşlarını ən qızğın döyüşlərin
getdiyi məqamlarda belə qoruyub. Yaralı
əsgərləri, şəhid nəşini tək
başına qollarında daşıyıb. 44
günlük müharibənin 43-cü günü 2020-ci il noyabrın 8-də qələbə xəbərinə
saatlar qalmış Baş leytenant Teymur Məcidzadə
düşmən tərəfindən yaralanır. Ağır yaralanan Teymurun həyatını xilas etmək
mümkün olmur və o, şəhidlik məqamına
ucalır. Şəhidimiz bu yola çıxarkən
qarşısına qoyduğu məqsədinə nail olur. Teymur qanının son damlasına kimi
torpaqlarının azadlığı uğrunda xüsusi
şücaətlə döyüşür və Azərbaycanın
Zəfər tarixinə adını qanı ilə yazır.
Dövlətimiz Vətənimizin qəhrəman
oğlunun dəfn mərasimini Fəxri xiyabanda keçirdi. Teymur Məcidzadə
göstərdiyi şücaətə görə Prezident
İlham Əliyevin sərəncamına əsasən,
ölümündən sonra "Vətən uğrunda"
medalı ilə təltif edildi.
Teymurun şəhid xəbərini eşidən hər kəs
çox sarsıldı. Lakin Şəhidimizin
torpaqlarımızın azadlığı uğrunda göstərdiyi
rəşadət, döyüşlər zamanı onlarla əsgərin
həyatını xilas etməsi, əsgər
yoldaşlarının onun vətənpərvərliyi
haqqında böyük fəxrlə danışması bizləri
qürurlandırırdı.
Bütün bu məlumatlara sahib olmağıma baxmayaraq,
yenə nəsə əksik, yarım idi. Sanki, mən
yenə də Teymur haqqında eşitmək istəyirdim.
Böyük marketlərin birində olarkən
gözüm Teymura sataşır. Gözlərimə
inana bilmirəm. Sanki dünya dayanır.
Dizlərimin əsdiyini hiss edirəm.
- Teymur,
bu, sənsən? Sən yaşayırsan? (yanına qaçıram)
- Susur,
amma hər zamanki gözəl gülüşünü məndən
əsirgəmir.
- Axı
sən şəhid olmuşdun? Bu, necə oldu?
(Ağlayaraq boynuna sarılıram)
- O, yenə
də susur, təmkinli baxışlarla sanki məndən
nigaran qalmayın deyir.
Hönkürüb ağlayaraq yuxudan oyananda hər
şeyin fərqinə vardım. Bütün bunlar yuxu
imiş. Kim bilir bəlkə də
gerçək. Axı müqəddəs
amal sayılan vətən uğrunda canını fəda edənlər
ölmür, şəhadətə qovuşurlar. Uca yaradan tərəfindən onlar ən yüksək
mərtəbəyə ucalır və cənnətlə
mükafatlandırılırlar. Deməli,
mənim gördüyüm yuxu elə gerçəkdir. Belə bir söz var ki, şəhidlər yalnız
unudulanda ölürlər. Teymur əmindir
ki, xalqımız onu unutmayacaq, daim xatirələrində
yaşadacaqlar. Ona görə də mən
Teymuru yuxuda sağ gördüm.
Günlər keçməsinə baxmayaraq, hələ də
yuxunun təsirindəyəm. İçimdə
Teymurla bağlı xatirələrin yaşadığı evə
getmək və ailəsini ziyarət etmək istəyi hər
keçən gün daha da artır. Nəhayət,
bir gün bu istəyimi gerçəkləşdirmək
üçün Teymurun yaşadığı ünvana üz
tuturam. Həyətə daxil olanda sakinlərin
birindən evin tam olaraq yerini göstərmələrini
xahiş etdim. Mənə bir bağçanın həyətində
sadə, birmərtəbəli bir ev
göstərdilər. Evə
yaxınlaşdıqca bir zamanlar şəhid Teymurun bu yerlərə
qədəm qoyduğunu düşündüm. Artıq evin qarşısındayam və məni
çox mehriban və səmimi insanlar qarşılayır.
Yüksək qonaqpərvərliklə məni evə
dəvət edirlər. Teymurun ayaq izlərinin
soyumadığı həmin evə daxil oluram. Evin hər küncünda şəkillərinin, ona
aid əşyaların olduğunu görüb
duyğulanıram. Bu anda emosiyalarıma hakim ola bilmirəm. Kövrək səslə
Teymurun ailə üzvlərinə hər şeyi
danışıram. Lap başdan. Gördüyüm yuxunu danışmağa
başlayanda anası Yasəmən xanımın gözlərindən
axan yaşı, atası Tehran bəyin məğrur və bir
o qədər də kövrək baxışlarını görəndə
özümü günahlandırmağa başladım. Danışdıqlarım göz yaşlarına səbəb
olduğu üçün üzr istədim. Anamız
olduqca mədəni və təmkinli səslə məni
anladığını və Teymurun təkcə mənim yox,
qohum və tanışların çoxunun yuxusuna sağ olaraq
girdiyini, ondan nigaran qalmamağı, yerinin çox rahat və
gözəl olduğunu söylədiyini dedi.
Teymur bu dünyadan ayrılmasına baxmayaraq, yuxularda onu
sevənlərin üzülməsinə könlü razı
qalmır. O,
bizlərə cənnətdə olduğunun müjdəsini
verir.
Teymurun ailə üzvləri ilə birlikdə onunla bağlı
xatirələrdən söhbət açaraq bir xeyli söhbətləşdik. Anası Yasəmən
xanım oğlunun 28 ilə bir ömür sığdırdığını və danışmaqla bitməyəcək
xatirələrin olduğunu deyir. Sonra Teymurun
şəxsi otağında keçdik. Otaq Teymurun şəhid
olduqdan sonra ona aid şəkillər və şəxsi əşyalarla xüsusi ilə
hazırlanmışdı. Bu məqamda anası
Yasəmən xanım Teymura məxsus hərbi pencəyin
cibindən hələ də Teymurun qoxusunun gəldiyi
pilotkanı (əsgəri yay baş geyimi) çıxarıb
mənə göstərir. Teymurun ətrinin
zamanla pilotkadan itməməsi üçün onu qatlayaraq pencəyin
cibində saxladığını deyir. Bu
hal məni çox təsirləndirir. Gözyaşı
ilə dolu gözlərimi onlardan gizlədərək Teymurla
bağlı xatirələri özündə əks etdirən
güşəyə nəzər salıram. Bu məqamda atası Tehran bəy Teymura aid bayrağa
örtülmüş yatağın hər axşam səhmana
salınmasına baxmayaraq, səhərlər kimsə
yatmış kimi dağınıq olduğunu və oğlunun
sanki hər gecə öz yatağında
yatdığını hiss etdiyini söyləyir. Oğullarının ətrini evin hər
küncündə duyan, xatirələrilə yaşayan ailə
üzvlərinin tək təsəlliləri şəhidlərimizin
qisasının alınması, parlaq qələbə ilə
Azərbaycanın əzəli torpaqlarının düşmən
tapdağından azad edilməsi və övladlarının cənnətdə
olduğunu bilmələridir.
Saata baxıram. Dörd saatdan çoxdur ki, Teymurun evindəyəm.
Ailəyə təşəkkürümü bildirib,
vaxtaşırı gələcəyimə söz verdim və
yola düzəldim. Kədər, sevinc,
qürur kimi bir çox duyğuları eyni anda
yaşadığımı hiss etdim. Bununla
yanaşı, üzərimdə Şəhidimizin ruhu
qarşısında götürdüyüm bir öhdəliyi
yerinə yetirmiş olmanın rahatlığı da var. Əminəm
ki, bu gün həyatımda ən yadda qalan günlərdən
biridir. Şəhid Baş leytenant Teymur Məcidzadənin
timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət
və ruhlarının şad olmasını diləyirəm.
Onlar bizim
qəlbimizdə əbədi yaşayacaqlar!
Ceyran CƏFƏRLİ
525-ci qəzet.- 2021.- 10 sentyabr.-
S.16.