Ədəbiyyat - öldürən və...
yaşadan
Həmişə hesab etmişəm ki, həyat sonluğu əvvəlcədən
müəyyən edilmiş
faciədir.
Heminquey
Ernest Heminquey, Cek London,
Mayakovski... Əslində, siyahını çox
uzatmaq olar. Amma qayə eynidir deyə, birbaşa mətləbdən söz
açmağı lazım
bilirəm.
Adları çəkilənlər yazıya
başlığı seçərkən
ağlıma gələn
ilk şəxslərdir. Düşündüm ki, mözvunun içində "ədəbiyyat
və ölüm"
varsa, onda Cek Londonun, Heminqueyin,
Mayakovskinin adının
çəkilməsi mütləqdir.
Çünki onları yaşadan
da ədəbiyyat olub, öldürən də.
Hələlik Heminquey haqda...
Heminquey deyirdi ki, yazıçının
vəzifəsi dəyişməzdir. Bu, ondan ibarətdir ki, yazıçı həmişə həqiqətin
nə olduğunu dərk edərək yazmalı və onu elə təsvir
eləməlidir ki, oxucunun təfəkkürünə
birbaşa təsir eləsin. Bu təsir o qədər güclü olmalıdır
ki, oxucu həmin həqiqəti şəxsi təcrübəsinin
bir hissəsi bilsin.
Bu baxımdan, Heminquey oxucunun beyninə "mübarizə apar və yaşa" həqiqətini, az
qala, hər addımda pıçıldayır.
"İnsan məğlubiyyətlərə
dözmək üçün
yaranmayıb. Onu məhv etmək
olar, amma üzərində qələbə
çalmaq əsla mümkün deyil" - deyən Heminquey həyatın (bir çox mənada ədəbiyyatın) onu məhv edəcəyini sanki duymuşdu. Amma istənilən halda, o, bu mübarizədən
çəkinmirdi və
bunu bütöv insan obrazı adına "insan məğlubiyyətə
dözmək üçün
yaranmayıb" şəklində
ifadə edirdi.
Məgər o boyda dəryadan, o boyda mübarizə içindən qoca dənizçini sağ-salamat
sahilə çatdırmaq
asan işdir ki? Bunu o adam
edə bilərdi ki, içindəki mübarizə və yaşam hissi, əzmkarlığı həmin
o dəryadan da böyük olsun, o nəhəng balıqdan da. Və ən əsası,
Heminquey olsun.
"Balıq, sən məni lap əldən salıb öldürdün
ki...
Hər kəsə
öz canı şirindir. Bu qədər
yaşamışam, sənin
kimi nəhəng... canlı görməmişəm. Neynək,
öldür məni! Kimin kimi öldürəcəyi
vacib deyil!"
Təkcə bu hissə əsərin
bütöv yükünü,
onun mahiyyətini aşılayacaq qədər
incə, həssas və böyükdür. Ucsuz-bucaqsız okean, köhnə bir qayıq, qoca balıqçı və nəhəng, çox nəhəng bir balıq. Və nəticə: kimin kimi öldürəcəyi
vacib deyil ki...
Heminqueyin qəhrəmanı hər
şeyə rəğmən,
hər itkiyə, hər maneəyə rəğmən, inam hissini, mübarizə hissini itirmir. Yazıçı bu obrazların daxili mənini açmağı o qədər
çox sevirdi ki, hətta obrazını dəli eləməkdən, intihar
və onun səbəbini axtarmaq kimi ciddi məsuliyyətlə
üz-üzə qoymaqdan
da çəkinmirdi.
Bu səbəbdən, müəllifin bir çox əsərlərində
obrazın "təkləndiyini"
görürük. Bütün bunlar
sırf sözügedən
şəxsin kimliyini,
bütün insani keyfiyyətlərini aşkara
çıxarmaq üçün
idi.
Əgər "Hindu qəsəbəsi" hekayəsində "o, özünü
niyə öldürdü,
ata?" sualına qəhrəmanı "bilmirəm,
Nik, yəqin ki, dözə bilmədi" kimi soyuqqanlı cavab verməyə məcbur edirdisə, "Əcəl
zəngi"ndəki Robert Cordanı
ölüm haqqında
düşünməkdən belə çəkindirirdi:
"O, öz-özünə "ölüm
haqqında söhbətlərə
yetər" dedi. ...Onlar özlərini pis hiss edən kimi ilk ağıllarına
gələn şey ya nəyisə yandırmaq, ya da ki, ölmək
olur..."
Deməli, Heminquey obrazlarını istənilən situasiyada güclü, əzmkar göstərməyi sevsə
də, ölüm deyilən həqiqətin də varlığını
dərk edir və bir insan
kimi bundan çəkinir, obrazlarını
da çəkindirirdi.
Hansımız ölüm haqqında sakit düşünə bilirik ki?
Maraqlısı odur ki, bu
obrazlarında əzm,
yaşamaq üçün
çaba, həyata tutunmaq kimi ştrixlərə
rast gəlsək də, Heminquey özü özünə,
öz iradəsizliyinə
yenilib intihar etdi. Amma məncə, Heminqueyin
intiharına "iradəsizlik"
damğasını vurmaq
heç də ədalətli deyil. Çünki Heminquey bütün
yaşam əzmini obrazlarına xərclədi,
onları inandırdı,
həyata bağladı.
Gücünün tükəndiyini gördükdə isə intihar etdi. Bilirdi ki, artıq
yeni yaranacaq obrazlara həyat adına, həyata
tutunma adına verəcək heç nəyi qalmamışdı.
Heminquey tükənmişdi. Onu
ədəbiyyat tükətmişdi,
bütün gücünü
sovurmuşdu...
Heminquey yaradıcılığının zirvəsini yuxarıda da adını çəkdiyimiz "Qoca
və dəniz" təşkil edir ki, yazıçının
"Nobel mükafatı" almasının da böyük payı həmin əsərə düşür.
Ədibin
həyatına baxsaq, hətta müəyyən
zamanlarda "ulduz xəstəliyi"nə tutulduğunun
şahidi ola
bilirik. Ard-arda yazdığı uğurlu mətnlər Heminqueyə dünya şöhrəti gətirməklə
yanaşı, onu maraqlı, ekzotik əyləncələr axtarışına
çıxmağa həvəsləndirirdi.
Məsələn, Afrikada şir
ovuna çıxması,
sonradan bu səyahətlə bağlı
"Afrikanın yaşıl
təpələri" adında
sənədli povest yazması sözügedən
ekzotik sərgüzəştlərin
yalnız bir hissəsi idi.
Yəni
bütün bu əyləncəli və şöhrət dolu həyatın gedib intihara çıxması
adamı bir az düşünməyə
sövq edir.
Amma istənilən halda, Heminquey yaradıcılığı həyatı ilə paralel olaraq inkişaf edib. Ona görə də onun qəhrəmanlarından hansının daha çox özünün prototipi olub-olmadığı tez-tez sual və mübahisə doğurub. Bu, çox nadir görülən bir haldır. Ki müəllifin yaradıcılığı, az qala, başdan-sona özünü, öz həyatını, yaşadıqlarını tamı tamlığına özündə ehtiva edir.
Qəribəsi odur ki, Heminquey də intihar edən bir çox yazıçılar kimi intiharın əleyhinə olub. Məsələn, italyan yazıçısı Çezare Pavezedən bəhs edərkən "yaxşı yazıçıydı, amma inithar etdi, başa düşə bilmirəm ki, insan öz həyatına necə son qoya bilər?" - deyən Heminquey çox keçmədi ki, özünə də eyni müqəddəratı rəva gördü.
Həyatındakı bütün bu ziddiyyətlər oğlunun da dediyi kimi, "o, özü üçün həyat fəlsəfəsi yarada bilmədi" fikrini, tamamilə təsdiq edir. İntihar edən kəsin mütləqdir ki, həyatında hər hansısa bir boşluq olur. Boşluq dediyimiz bu məfhumun isə minlərlə, onminlərlə çaları var ki, bu, hər bir qurbanda özünün fərqli tərəfdən göstərir. Heminqueyin boşluğu isə dopdolu idi - büsbütün ədəbiyyat ilə...
Yazının son cümləsi də Heminqueydən və onun ədəbiyyatla çərçivələnmiş həyatından bir fraqmenti xatırladacaq:
"Kişinin yataqda ölməyə ixtiyarı yoxdur, ya döyüşlərdə
həlak olmalısan, ya da
beyninə bir güllə
çaxmalısan!"
Nihat Pir
525-ci qəzet.- 2021.- 10 sentyabr.- S.15.