“Türk Ədəbiyyatı” dərgisindən Nizami dünyasına dəyərli ərməğan…
Bir
neçə il öncə - Ədəbiyyat
və İncəsənət arxivində araşdırma
apardığım vaxtlarda Xəlil Rza Ulutürkün
“Gündəlik”lərinə rastlamışdım. Gündəlikdə 1981-ci ilə aid bir epizod diqqətimi
çəkmişdi. Xəlil Rza yazırdı:
"Xəmsə" yaradıcısının anadan
olmasının 840 illiyini bayram kimi keçiririk. Böyük qazax şairi
Oljas Süleymenov Heydər Əliyevə deyir:
- Axı
840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?
Heydər
Əliyev:
- Tələsməyimiz əbəs
deyil. Biz Nizami ilə bəşəriyyəti
qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkar,
elə bir dahidir ki, hər il onun bayramını keçirməyə
dəyər"
Həmin
tarixdən 40 il zaman keçib. Nizami Gəncəvinin 880 illiyidir. Yuvarlaq rəqəm
olmasa da, prezident İlham Əliyevin sərəncamı ilə
bu il “Nizami ili” elan olunub. Mənəvi
dəyərləri get-gedə dəyişən bir dünyada
Nizami irsinə göstərilən bu sayğı ədəbiyyat,
mədəniyyət, mənəviyyat tariximizə dövlət
qayğısının, eləcə də, Nizami kimi düha,
ədalət və barış adamı yetirən bir millətin
dünyaya, insanlığa simvolik mesajıdır.
Ölkəmizdə bununla əlaqədar keçirilən
tədbirlər, konfrans və simpoziumlar, aparılan elmi-nəzəri
araşdırmalarla yanaşı “Nizami ili” çərçivəsində
ölkəmizin hüdudlarından kənarda da dahi ədibin
yaradıcılığına böyük dəyər verilməkdədir. Bu mənada, Türkiyə ədəbi
mühitində böyük nüfuza malik, türkcə
danışan qardaş
xalqları ortaq ədəbi türkcədə birləşdirən
və mənəvi dirçəlişimizdə önəmli
yeri olan “Türk ədəbiyyatı” dərgisinin sentyabr
sayının Nizami irsinə həsr olunması təqdirəlayiq
bir addımdır.
Dəyərli
baş redaktor, “Ədəbiyyatımızın fədakar dostu
və yorulmaz təbliğatçısı” İmdat Avşar
dərgiyə giriş olaraq qələmə aldığı
“Həsbi-hal”da maraqlı bir məqama diqqət çəkir:
“ Bu il Türkiyədə həm “Yunus Əmrə və
Türkcə ili”, həm də “Məhmət Akif və
İstiqlal Marşı ili” olaraq elan edilərkən qardaş
Azərbaycanda “Nizami ili” qeyd
olunmaqdadır.
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutu ilə ötən il
keçirdiyimiz iki ölkə arasındakı ədəbi
bağlılığı inkişaf etdirmək istiqamətində
anlaşmamıza əsasən, bu sayımızda Nizami
yaradıcılığına yer verməyi uyğun
gördük. Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatının
dünya gözəli Nizami Gəncəvinin Yeddi gözəli”,
dosent Təhminə Bədəlova “Nizami Gəncəvinin “Məxzənül
Əsrar” məsnəvisində tarixi şəxsiyyətlər”,
dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin həyatı
və yaradıcılığı ilə bağlı
araşdırmalar”, dosent Siracəddin Hacı “Nizami Gəncəvinin
“Yeddi gözəl” məsnəvisində dövlətçilik
prinsiplərinin təsviri və təşviqi” adlı məqalələri
ilə jurnalın bu sayına önəmli töhfələr
verdilər. Bu məqalələrin Şərqin
klassik ədəbi zirvələrindən olan Nizami Gəncəvinin
həyatı, sənəti, düşüncələri,
şeirlərində işlətdiyi dil və əsərləri
ilə bağlı fərqli mövqelər təqdim edəcəyinə
ümid edirəm”.
İmdat
bəy elə ilk qələmə aldığı cümlələrdən
olduqca həssas bir tarixi məqamı müqayisə edir:
Türkiyədə Məhmət Akif və Yunus Əmrə ili, Azərbaycanda isə Nizami ilinin qeyd
olunmasını...
Mütəfəkkir
ziyalı Əhməd Kabaklı Yunus Əmrəni “ədəbi
türkcənin memarı”, Məhmət Akifi isə “Türkiyəni
yoğuran” milli düşüncə sahiblərinin öndə
gedəni hesab edirdi.
Zamanın
qarşıya çıxardığı mənəvi əngəllər
səbəbiylə türk dilində yazmasa belə, türk
düşüncəsinə, türk dövlətçiliyinə
bütün ruhuyla sadiq qalan Nizami Gəncəvi “azərbaycançılığı
yoğuran”, türklüyə xas milli iradəni təbliğ
edən, ilahi ədalətin təcəllisinin təntənəsini
sözə çevirən, əsərləriylə insansevərlik
toxumu səpən işıqlı bir şəxsiyyət idi.
Akademik
İsa Həbibbəyli böyük Azərbaycan şairi Nizami
Gəncəvi haqqında qəbul edilmiş Prezident sərəncamının
yeni nəsillərdə milli iftixar, azərbaycançılıq,
vətənpərvərlik duyğuları aşılamaq,
milli-mənəvi özünüdərk proseslərini daha
geniş şəkildə təbliğ etmək
üçün qarşımızda yeni perspektivlər
açdığını qeyd etməklə doğru qənaətə
vardığımızı göstərir və Nizamini “Azərbaycan
ədəbiyyatının dünya gözəli” adlandırır.
Dosent Zəhra
xanım Allahverdiyeva isə ədibin farsca divanının
böyük bir qisminin talan edildiyini, türkcə
divanının isə tamamən yox edildiyini
vurğulamış, şairin haqqında ən qədim və
dəqiq qaynaq kimi Nizaminin gənc müasiri Məhəmməd
Əvfi tərəfindən 1228-ci ildə yazılmış
“Lübabül-əlbab” təzkirəsindən üzübəri
yazılan təzkirə və nəzəri materialları elmi
təhlil süzgəcindən keçirərək “Nizaminin həyatı
və
yaradıcılığı ilə bağlı
araşdırmalar” adlı dərin elmi tutumlu, sanballı bir məqalə
ortaya qoymuşdur.
Dosent
Siracəddin Hacı “Nizami Gəncəvinin “Yeddi gözəl”
məsnəvisində dövlətçilik prinsiplərinin təsviri
və təşviqi” adlı məqaləsində şairin məsnəvilərində
təmsil olunan ədalətli dövlət quruculuğu məsələlərindən
danışmış, Bəhram şahı gövhərə,
Yezdigirdi isə daşa bənzədərək bədii təzadlar
üzərində müqayisələr aparmaqla maraqlı bir
yazı hasilə gətirmişdir.
Qeyd edək
ki, həm Zəhra xanım Abdullayevanın, həm də Siracəddin
Hacının bu il Nizami
yaradıcılığı ilə bağlı doktorluq
dissertasiyalarını müdafiə şurasına təqdim
etməsi də anım ili ərəfəsində Nizami irsinə
töhfədir.
Dosent Təhminə
xanım Bədəlova “Nizami Gəncəvinin “Sirlər xəzinəsi”
əsərində tarixi şəxsiyyətlər” məqaləsində
“Nuşirəvan və bayquşların söhbəti”ndə ədalətli
Nuşirəvanın, “Sultan Səncər və qarı” hekayəsində
Sultan Səncərin və eləcə də Harun ər Rəşidin,
Həzrəti İsanın, Həzrəti Süleymanın
şəxsində ədəbi xarakter olaraq işlənmiş
tarixi şəxsiyyətlərdən söz
açmışdır.
“Nizami Gəncəvinin
“Sirlər xəzinəsi” məsnəvisi və dünya ədəbiyyatı”
mövzusunda doktorluq dissertasiya üzərində
çalışan Təhminə xanımın tərtib etdiyi
“Nizami Gəncəvi və “Kəlilə və Dimnə” motivləri kitabı, eyni zamanda “Heç bir
hünər ədalətdən gözəl deyildir”, “Nizami Gəncəvinin
oğluna mərsiyəsi” və sair məqalələri də
elə Nizamişünaslığa dəyərli bir ərməğan
kimi alqışalayiq işlərdir. Ədəbi
vicdanı və elmi etikanı həyat qayəsinə
çevirə bilən hər bir araşdırmaçı
öz tədqiqat obyektinin mənəvi varisidir. Bu mənada,
Təhminə xanımın Nizami Gəncəvi şəxsiyyəti
fenomeni qarşısında mənəvi övlad borcu – nəcib
ziyalılığı, elmi fədakarlığı,
ustadı Nizami kimi “bir incini belə cilasız qoymamaq cəhdi”
illər boyu bir oxucu kimi diqqətimi çəkməkdədir.
Dərginin üz qabığından başlayaraq hər
bir səhifəsini Nizaminin kitablarının, türbəsinin,
portretlərinin, Gəncə şəhərində şairin əsərlərində
anlatdığı hekayələrin təsvir olunduğu abidənin
şəkillərinin bəzəməsi ədəbi-bədii
toplunun dolğunluğunu daha da artırır və dərginin
ədəbi duyarlılıq və böyük zəhmət həssas
hesabına ərsəyə gəlməsindən xəbər
verir.
Bu ilin “Nizami
ili” adlandırılması ilə bağlı sərəncamın
imzalandığı ərəfədə İmdat
Avşarın Azərbaycan ədəbiyyatşünaslığına
əvəzsiz xidmətlərinə görə “Nizami”
mükafatı ilə təltif olunması gördüyü işlərin
miqyası və mənəvi dəyərini müşahidə
etdikcə aldığı mükafatın və
qazandığı sevginin, rəğbətin dəyərli
baş redaktora ana südü kimi halal haqqı olduğunu
söyləməyimizə əsas verir.
***
Nizami mövzusu ilə bərabər dərgidə
bir-birindən maraqlı elmi, ədəbi-fəlsəfi
yazılar və əsrarəngiz şeir çələngi
yer almaqdadır.
“Mustafa
Kutlu və yoxsulluq içimizdə”, “Bir ədəbi mühit
olaraq Ankara”, “Bizim caddədən portretler”, “Yaşayan hekayəmiz”
kitablarından imzasını tanıdığımız
dr.Necati Tonga “Raşit Ulaşla “Bir çox yolçuluğun
tamamlanmamış hekayəsi” adlı müsahibəsində sənət
dünyasına Raşit Ulaş adlı yeni bir isim
tanıdır.
Talip Merd
cəmi 53 il ömür yaşamasına baxmayaraq incəsənət
tarixində dəyərli bir mövqe qazanmış gözəl
bəstəkar Mədəni Əbdüləziz Əfəndinin
həyat hekayəsini itik bir mənəvi dəyər kimi gün
işığına çıxardır.
Barış
Berhem Acar “Gökyüzünden Yeraltına qəhrəmanın
sonsuz yolçuluğu” adlandırdığı
yazısında Dostoyeski, Frans Kafka, Atilla İlhan və Yusuf
Atılganın əsərləri əsasında göydən
yerə, yer altına enən qəhrəmanın ədəbi
macəralarını təhlil edir.
Professor
Rahid Uluselin “Renessans dövründə bir çağın
dahiləri: Füzuli və Mikelancelo” adlı fəlsəfi
yazısı Şərq və Qərb mədəniyyətinin
iki böyük dühasının
yaradıcılığı fonunda intibah
çağının dünyaduyumu və
dünyagörüşündən bəhs edir.
Ahmet Duran
Arslan “Esendal kimləri oxuyur, kimlər kimi yazmaq istərdi?”
yazısında öz suallarına Memduh Şevket Esendalın
“Oğullarıma məktublar” və “Qızıma məktublar”əsərlərinin
dərinliklərinə səyahət edərək cavab
axtarır.
Harun
Ceylan “Ədəbiyyat tarixçilərimiz və Cumhuriyyət
dönəmi şeiri” elmi araşdırmasında Abdülbaki
Gölpınarlı, Ahmet Hamdi Tanpınar, Mehmet Kaplan, Nihat Sami
Banarlı, Birol Emil kimi ədəbiyyat tarixçilərinin nəzəri
mülahizələrini Behcet Necatigil, Atilla İlhan, Turgut Uyar,
Sezai Karakoç, Hilmi Yavuz, Bahaettin Karakoç kimi şairlərin
yaradıcılığı fonunda təhlil edir.
Nəsr
bölümündə Hakan Kaya “Qaldır başını və
göyə bax”, Dərya Çətin “İgidlərə salam olsun!” adlı maraqlı hekayələri ilə
oxucularla görüşür.
Zəkəriyyə
Şimşəyin artıq üçüncü aydır ki,
Afrika haqqında qələmə aldığı silsilədən
olan “Afrika: öyrənilmiş çarəsizlik” incələməsi
Afrikanın bozqırlarındakı həyatın bozluğunu ən
yalın halı ilə başa salır.
Türkiyədəki
meşə yanğınlarının təsiriylə
yazdığı “Türkü qoru, İlahi” şeiriylə
Şahnaz Şahin duyğularını dilə gətirir,
Əjdər Ol, Mustafa Kubur, Ağacəfər Həsənli,
Bülənt Sayak, Vəhdəddin Oqtay Bəyazlı, M.Faruq Həbiboğlu,
Kazım Bal, Burhan Kazım Çalık, Aqşin Yenisey bir dəstə
şeir çələngi ilə oxucuları salamlayır.
Yenicə
işıq üzü görən – Ömer Seyfəddinin
“Kızılelma neresi?”, Kamil Uğurlunun “Arif Ağanın duz
dəyirmanı”, “Varis Yolçuyevin “Altın cep saatı”
(çeviri:İmdat Avşar), Necati Kanterin “Bürde” və
başqa kitablar haqqında kiçik annotasiyaların verilməsi
isə oxucuda ədəbi ortamı izləməyə geniş
imkan yaradır.
***
Krımda – Bağçasaray yaxınlığında bir mədrəsə var: adına “Zəncirlənmiş məbəd” deyirlər, məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir adamın alnının ortasından zərblə dəyə bilər. Bələdçisi deyirdi ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına isə girəndə ona hörmət – ehtiram əlaməti olaraq mütləq başını əymək, təzim eləmək lazımdır. Məbədin girəcəyində asılmış zəncirlər məhz simvolik olaraq buna işarədir.
Yazımın bu yerində həmin məbədi xatırlamağım Türk dünyasının müqəddəs ocaqlarından biri olan Türk Ədəbiyyatı Vəqfini əlbət ki, öz düşüncəmdə mənəviyyat məbədi kimi görməyimlə bağlıdır. “Türk ədəbiyyatı” dərgisi isə türkcənin işığına toplaşan söz adamlarının mənəvi xanədanıdı.
Azərbaycan ədəbiyyatına nəhayətsiz sayğının tərcümanı olan və son dərəcə yüksək elmi səviyyədə, böyük zəhmət hesabına ərsəyə gələn “Türk Ədəbiyyatı” dərgisinin eylül sayı isə dahi Nizaminin söz mülkünə və nizamişünas alimlərə olduqca böyük ərməğandır.
Başda Vəqfin başqanı dəyərli Sərhat bəy Kabaklı olmaqla, Nizami dünyasına bu töhfəni bəxş edən bütün yaradıcı heyətə - İsa Kocakaplan, Emek Üşenmez, Necati Tonga, Gökhan Tunç, Saadet Örmeci, Aleyna Malkoç, Atilla Ceylan, Nuray Örnek, Enver Uğur Aykola səmimi salamlarımı və dərin təşəkkürümü bildirirəm.
Az öncə “Nizami” mükafatından söz
açmışdım. Bu, Azərbaycan ədəbiyyatşünaslığına
önəmli qatqılarda bulunan əziz İmdat bəyin
aldığı saysız mükafatlardan biridir. Düşünürəm ki, böyük mütəfəkkir
Əhmət Kabaklı tərəfindən bina edilən
yarım əsrlik tarixi olan bir mənəviyyat abidəsinə
- “Türk ədəbiyyatı” dərgisinə baş redaktor
seçilməyi İmdat bəyin
yaradıcılığı boyunca ala biləcəyi ən
böyük mükafatdı. Ədəbiyyatımızın
və ruhumuzun “gönüldaşı” İmdat Avşara bu
şərəfli medalı alın
açıqlığı ilə daşımağı; bədii
yaradıcılığı və iş fəaliyyətində
yeni-yeni uğurlara imza atmağı arzulayıram!
Xəyalə
ZƏRRABQIZI
525-ci qəzet.- 2021.- 10 sentyabr.- S.14.