Bütün gözəl diləklərin
ünvanı
DƏYƏRLİ
MUSİQİŞÜNAS VƏ PEDAQOQ CƏMİLƏ
HƏSƏNOVANIN 60 İLLİK YUBİLEYİNƏ
"Mənə
bir hərf öyrədənin köləsi olaram"... "Beşikdən-qəbrə
qədər elm"... Bu müqəddəs ifadələrin
təsiri altında böyüdüm. Təəssüflər olsun ki, dövrümüzdə
bu kəlmələrə
layiq olmayan müəllimlər də
var. Əsl müəllim
qaranlığı aydınladan
günəşdir. Öyrədənin saçdığı işıq
öyrənən üçün
əsl xəzinədir.
Müəllim dostdur, sirdaşdır.
Cığırları doğru tapa
bilməyimizdə yardım
edən bələdçidir.
Elm qapısının açarını bəxş
etməklə uçurumdan
qurtaran xilaskardır.
Millətin xeyirxah əməllərində
müəllimlərin böyük
rolu vardır. Hələ ibtidai sinifdə təhsil alarkən müəllimlər bizə
paylaşmağın, bölüşməyin
necə dərin insani duyğu olduğunu izah edərdi. Şirin ömrünü tələbə yolunda fəda etmək, təmkinli və sadaqətli olmaq əsl müəllimə xas davranışdır.
Tələbələrin gələcəyini uğurlu görmək müəllimin həyat fəlsəfəsidir. Cəmiyyətdə hər uğurlu insanın tale yazısında
xüsusi yeri olan mütləq şəkildə bir və ya bir
neçə müəllimlər
olub. Nə xoş ki, Tanrı mənə də bu payı
əsirgəməyib.
Haqqında söz açacağım
insan bütün gözəl fikirləri varlığı ilə haqq edən Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasında dəyərli müəllimlərimdən
olmuş qayğıkeş
pedaqoq, insanpərvər
ziyalı, musiqişünas
Cəmilə xanım
Həsənovadır. Cəmilə
xanım ali
davranış tərzi,
nəcib xüsusiyyətləri
ilə müəllim ifadəsini gözümdə
ən yüksək mərtəbəyə qaldırır.
Tanıdığı ilk andan bu günə qədər diqqətini üzərimdən
ayırmayıb, məhz
buna görə üzərimdə haqqı
var.
Həsənova (İsmayılova) Cəmilə
İsmayıl qızı
1961-ci il sentyabrın 10-da Bakı şəhərində anadan
olub. 1968-1979-cu illərdə
Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil
alıb. 1979-1984-cü illərdə
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini
musiqişünaslıq ixtisası
üzrə davam etdirib. 1993-cü ildən
bu günə kimi Bakı Musiqi Akademiyasında "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi"
(indiki "Azərbaycan
ənənəvi musiqisi
və müasir texnologiyalar") kafedrasında
pedaqoji fəaliyyətlə
məşğuldur. 1993-cü ildə dosent, 2016-cı ildə professor elmi adına layiq
görülüb. Bakı Musiqi
Akademiyasının dissertantı
olub, dissertasiya müdafiə edərək,
1999-cu ildə sənətşünaslıq
namizədi, 2012-ci ildə
sənətşünaslıq elmləri doktoru elmi dərəcəsini alıb. Elmi tədqiqatlarının əsas mövzusu Azərbaycan musiqisinin məqam nəzəriyyəsi
və bəstəkar yaradıcılığı ilə
bağlıdır. Bir sıra
monoqrafiyaların, dərs
vəsaitlərinin, metodik
tövsiyyələrin, tədris
proqramlarının, yerli
və xarici jurnallarda, dövri mətbuat səhifələrində
çap olunmuş elmi və publisistik
məqalələrin müəllifidir.
Respublika
və beynəlxalq elmi konfranslarında məruzələrlə çıxış
edib. Heydər Əliyev Fondunun,
Azərbaycan Bəstəkarlar
İttifaqının və
"Musiqi dünyası"
elektron nəşrlər
mərkəzinin layihələrinin
iştirakçısı olub.
1999-cu ildən Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü
və hazırda məsul katibidir.
Maraqlı olacağını düşünərək, kitablarının siyahısını oxucular üçün təqdim etmək istəyirəm: "Azərbaycan bəstəkarlarının yaradıcılığında milli ladların təzahürü" (Dərs vəsaiti. Bakı, Mars-print, 2004), "Üzeyir Hacıbəylinin yaradıcılığında milli musiqinin nəzəri əsasları (Monoqrafiya. Bakı, Mars-print, 2009), "Azərbaycan musiqisinin məqamları" (Dərs vəsaiti. Bakı, Elm və təhsil. 2012), "Azərbaycan ladlarının tədrisinə dair Müntəxəbat (2-ci hissə), "Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar (Opera və musiqili komediyalar)" (Dərs vəsaiti (həmmüəlliflər T.Seyidov, A.İbrahimova). Bakı, Təhsil, 2015, "Sevda İbrahimova" (Monoqrafiya. Bakı, 2015), "Bülbül" (Monoqrafiya. Bakı, Şərq-Qərb, 2017), "Modern Azerbaijan Music at a Glance" (Baku, 2019), "Azərbaycan Bəstəkarlar İttifaqı - 2007-2012 (Bakı, 2012).
Bunlardan əlavə, C.Həsənovanın "Azərbaycan Bəstəkarlar İttifaqı - 2013-2019 (Bakı, Mütərcim, 2019), "Nailə Mehdiyeva" (Monoqrafiya. Bakı 2020), "Üzeyir Hacıbəylinin "Koroğlu" operasında milli ladların istifadə məsələləri" (Metodik tövsiyə. Bakı, Mars-print, 2002), "Fikrət Əmirovun "Sevil" operasında milli ladlardan istifadə məsələləri" (Metodik tövsiyə. Bakı, Mars-print, 2002), "Ü.Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" dərsliyinə əlavə-metodik tövsiyələr" (Bakı, 2010) kimi kitabları da vardır.
Dəyərli ziyalımız Cəmilə Həsənova
istər katib, istər müəllim kimi cəmiyyətdə daima
hörmətlə qarşılanıb. Bu
60 illik mənalı ömrü
ərzində çevrəsinə dəyər verib, dəyər görüb.
Onun doğum günü, nə xoş ki, yeni tədris ilinə təsadüf
edir. Fürsəti gözəl
şəkildə dəyərləndirib şərəfli
müəllim peşəsini şərəflə yerinə
yetirən, bu müqəddəs görəvi
həyat tərzinə çevirən bütün
müəllimləri Cəmilə Həsənovanın timsalında
yeni tədris ili, həmçinin,
qarşıdan gələn Müəllimlər Günü münasibətilə ürəkdən
təbrik edirəm. Cəmilə xanımı həmçinin,
ömrünün kamil
çağı, 60 illik yubileyi
münasibətilə ürəkdən təbrik edərək
möhkəm cansağlığı, məsuliyyətli elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər diləyirəm. Azərbaycan
musiqi mədəniyyətinin, musiqi elminin
inkişafında professor və ABİ-nin məsul katibi kimi ictimai, işgüzar
missiyasında yorulmamağını arzu
edirəm. Bəstəkarlar İttifaqının üzvləri,
əməkdaşları və şəxsən öz adımdan Cəmilə xanıma, şərəfli
ömür sahibinə dərin hörmətlə
daha böyük təmtəraqlı
yubileylər görmək arzumuzu
çatdırıram.
Aysel
KƏRİM
Prezident
təqaüdçüsü, Azərbaycan
Yazıçılar Birliyinin və Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü
525-ci qəzet.- 2021.- 10 sentyabr.- S.11.