Dünya, səni and
verirəm ədalətə!..
ƏFQANISTANIN DƏRDLƏRİ SƏNƏT MÜSTƏVİSİNDƏ
"Heç
vaxt, heç kəs onlara qalib gələ bilməyəcək"
- 10 illik Sovet-əfqan müharibəsinin (1979-1989) dəhşətlərinə
həsr olunmuş "9-cu rota" filminin hərbçi qəhrəmanının
əfqan xalqı haqda söylədiyi fikirdir bu. Təbii ki,
filmin rejissoru Bondarçuk Sovet İttifaqının (əfqanlar,
bizim babalarımız kimi, ona "Şurəvi" deyirdilər)
bu müharibədəki məğlubiyyətinə dünya
miqyasında haqq qazandırmaq üçün ekran əsərində
mütləq belə bir fikrə yer ayırmalıydı.
Əslində isə söylənilən tərif əfqan
xalqına deyil, Sovet ordusuna ünvanlanmışdı; yəni
Sovetin əldə edə bilmədiyi qələbəni
heç bir dövlət qazana bilməz (sətiraltı mənada:
"Buna yol da verilməz")
Filmdə Sovet-rus əsgərlərinin humanizminə də
geniş yer ayrılıb. Sovet ordusunun 9-cu
rotası bir əfqan kəndini düşmənlərdən təmizləməkçün
(o vaxt o düşmənlər mücahidlər idi və Sovet əsgərləri
onları "dux", yəni "ruh"
adlandırırdı) ora girirlər. Əsgərlərdən
biri həyətlərin birini bomboş, qapı ağzında
isə kiçik, 10 yaşlı oğlan
uşağını görüb avtomatını endirərək
çıxıb getmək istəyəndə arxadan ona dəyən
güllələr kürəyini deşik-deşik edir.
Sən demə, humanistcəsinə davranıb
uşağa qıymamağı ona həyatı bahasına
başa gələcəkmiş. İntiqam olaraq rota
bütün kəndi yandırıb çıxır. Bəli, bu, filmdir. Əfqanıstana
"öldürməkçün deyil, əmin-amanlıq
yaratmaqçün girən sülhməramlı" Sovet
ordusu haqda bir ekran dastanı.
2007-ci ildə,
"9-cu rota"dan iki il sonra Amerikanın çəkdiyi
"Çərpələng uçuran" filmini bir növ
Əfqanıstandakı nüfuzları uğrunda müharibə
aparan iki fövqəldövlətin ekran müharibəsi də
adlandırmaq olar. Filmdə belə bir kadr var: Sovet ordusunun
Əfqanıstana girməsiylə ölkəsindən baş
götürüb Amerikaya qaçmaq istəyən bir maşın
dolusu əfqanı Sovet əsgərlərinin nəzarəti
altında olan keçid məntəqəsində yoxlama
üçün saxlayırlar. Rus əsgər maşına
diqqət edərkən gözü, qucağında körpəsi
olan, gənc əfqan xanıma sataşır: "Yarım
saatlığa o qadını mənə kabinədə vaxt
keçirməyə verməsəniz, sizi məntəqədən
buraxmayacam" - deməsiylə maşındakıları dəhşət
bürüyür. Lakin yaşlı əfqan rus əsgərinin
ona tuşlanmış silahı qarşısında dayanaraq,
ölümü bahasına olsa da, buna yol verməyəcəyini
bildirir. Doğrudur, Sovet mətbuatında bu kadrla
bağlı Amerika kinosuna çox hədyanlar söylənsə
də, fakt faktlığında qalır:
işğalçının apardığı müharibənin
bir "sifət"i var, o, namus, abır-həya
tanımır.
Ancaq qeyd edim ki, Amerika da Əfqanıstana hücumundan
sonra əfqan xalqına russayağı mədhiyyələr
söyləməyi unutmamışdı. Məhz belə
mədhiyyələr Əfqanıstanın işğalı
siyasətini pərdələməkçün ən
uğurlu vasitə olub işğalçıların əlində.
ABŞ-ın həmin filmdən iki il sonra
çəkdiyi, əfsanəvi kino qəhrəmanı Rembonun
Əfqanıstandakı şücaətlərindən bəhs
edən növbəti filmin sonunda bu titrlər gedir: "Film
Əfqanıstanın igid xalqına həsr olunmuşdur".
Diqqət etsək, "9-cu rota" ilə bu filmdəki qeyd
etdiyim cümlələr arasında məna və mahiyyət fərqi
deyil, cüzi bir ifadə fərqi var. Bu filmlərin ümumi cəhəti
birdə ondadır ki, onlar bu ölkələrin tarixən
"imperiyalar məzarlığı" ləqəbi
qazanmış Əfqanıstandakı müharibələri
haqdadır.
"BİR
DƏ QAYIT VƏ ÖZÜNÜ YADA SAL"
Mövlana Cəlaləddin Rumidən gətirdiyim bu kəlamı
xatırlatmaq yerinə düşür, məncə. Çünki
Əfqanıstanın keçmişi dünyanın bu mütəfəkkir
şairinin də keçmişiylə bağlıdır.
Belə ki, Ruminin anadan olduğu Bəlx şəhəri
indiki Əfqanıstan şəhəri adlansa da, əvvəllər
İranın Xorasan vilayətinə aid olub. Mövlananın təxəllüsləri
sırasında Cəlaləddin Bəlxi də var. Həmçinin,
Zərdüştün də Bəlxdə anadan olduğu
bildirilir. Digər böyük mütəfəkkir
şair Əlişir Nəvainin də dünyaya gəlişini
ilk salamlayan doğma torpaqdır Əfqanıstan.
Təbii ki, bu gün Mövlananın Türkiyə,
Əlişir Nəvainin Özbəkistan dühaları kimi
tanınması onların Əfqanıstanla
bağlılığını təkzib etməməlidir. Sözsüz, bu, köhnə
tarix olsa da, Əfqanıstanda 20-yə yaxın millətin
(özbək, türkmən, tacik və sair)
yaşadığını nəzərə alsaq, hər bir
şərqli öz qəlbində dühalarını əziz
tutduğumuz Mövlana, Nəvai qədər doğma bir
Əfqanıstan görəcək. O Əfqanıstan ki, bu
gün öz ağrı-acısıyla dilləndirir hər
birimizi. Niyə? Axı niyə
tanımadığımız Talibana bu qədər nifrət,
hiddət yaransın bizdə? Bəlkə
onlar Əfqanıstanın dünyada keçmişimiz olan
Mövlana, Nəvai, Zərdüşt adıyla sevilməsini
istəyirlər, öz keçmişləri olmaq
arzusundadırlar? Niyə axı biz
Talibanın balaca bir qızın, corabsız gəzdiyinə
görə, guya ayağını kəsib sonra da bu ayaqla
futbol oynaması şayiəsinə inanmalıyıq? Bu "faktı" mənə tanınmış
jurnalistlərimizdən biri söyləyərək ona
inanmağıma çalışmışdı. Şəxsən mən görmədiyimçün
buna inana bilmirəm. Talibanın rəsmi bəyanatınasa
inanmaq istəyirəm: "Qadınların işləməsinə,oxumasına maneə olmayacağıq!"
SİYASƏTİN
SƏNƏTDƏKİ ƏSL SİMASI...
Siyasət siyasətçilərin öz mətbəxində
hazırlansa da, onun əsl simasını tərəqqipərvər
ictimaiyyət çox vaxt sənət əsərlərində
- güzgüdəki kimi görə bilir. Xüsusilə
müasir fotoqrafiya sənətində bu mümkündür.
Bu sənət əsərlərindən birinə diqqət edək:
...Adda-budda kollar görünən
bir dərədə qürub vaxtıdır. Başı
çalmalı, ağ ləbbadəli, uzun
ağ saqqallı bir qoca köhnə, sınıq-salxaq
taxtın üstündə oturub kitab oxuyur. Arxa
planda uca dağlar görünür. Uca
dağların da, qocanın da başı sanki səmadan
baxır. Güman etmək olar ki,
qocanın oxuduğu Qurandır. Şəkildə
qocadan başqa heç kəs görünmədiyindən,
onun bu oturduğu məkanda tək olmadığını məhz
əlindəki o müqəddəs kitab
pıçıldayır seyrçiyə. Qocanın
öz mənəviyyatıyla oturduğu məkanın təbiəti
bir vəhdət təşkil edir: o, əfqanıstanlıdır.
Təsvir etdiyim bu foto sənəti nümunəsinin
müəllifi Əfqanıstana, onun başı müharibələrdən
açılmayan xalqına məhəbbətlə tanınan
- əslən azərbaycanlı- fransız fotoqraf Reza Deqatidir.
AZƏRBAYCAN,
DEQATİ VƏ ƏFQANISTAN...
Reza
Deqatinin Əfqanıstana aid əsərlərilə
çoxumuz onun Bakıda keçirilən sərgisində tanış olmuşuq. Mən isə bu əsərlər
haqda hələ 15 il öncə, Azərbaycanın
görkəmli sənətşünası, mərhum
yazıçı və jurnalist Sara xanım Nəzirovan vasitəsilə
məlumat ala bilmişdim. Parisdə olarkən
Reza Deqatinin fərdi sərgisində iştirak edən Sara
xanım onun belə bir sərgisinin Bakıda da keçirilməsinin
təşəbbüskarı olmuşdu. Sonra
ömrü vəfa etməsə də, sərginin şəhərimizdə
reallaşması onun ruhuna bir rahatlıq verib, məncə.
2009-cu ildə Sara xanımla birlikdə Parisdə
olan hüquq müdafiəçisi Tamilla xanım Zeynalova ilə
görüşüb Deqatinin Əfqanıstana məhəbbətini
əks etdirən əsərləri haqda sənətə dəyər
verən bir ziyalı sözü dinləmək istədim.
Tamilla xanım çoxlarının
tanımadığı Əfqanıstanı məhz Deqati
kamerasının gözü ilə gördüyünü
söylədi.
Onun dediklərindən bir daha
anlaşıldı ki, Deqati böyük sənətkardır.
İlk növbədə ona görə ki, tək
konkret bir insanın dərdini bütün bəşərə
aid edə bilir. Deqati üçün
Əfqanıstan mövzusu öz ağrı-acısıyla tək
bir ölkənin deyil, bəşərin dərdidir. Onun fotolarındakı əfqan uşaqlar
bütün dünya uşaqları kimi gözəl və
şirindir, lakin uşaq əllərindəki qabar və kirlə,
sifətlərində və paltarlarındakı toz-torpaqla
onlar həm də kasıb və köməksiz həyatlarını
təcəssüm etdirirlər. Əfqanıstan
zəngin təbiətinin bir hissəsi olan bu uşaqlarla qurmaq
istəyir öz gələcəyini. İmkan verəcəklərmi?..
Hazırda Əfqanıstanda vəziyyət yenə də
gərgindir və orada nə baş verdiyi hələ tam
aydın deyil.
Bildiyimə görə, Deqati çəkilişlər
üçün yenə də Əfqanıstana yollanıb.
Mən dəqiq bilirəm ki, onun çəkdiyi
fotolardan həqiqəti öyrənə biləcəyəm.
Başı üzərində dünya siyasətbazlarının
qara buludları dolaşan Əfqanıstanı müşahidə
edən, özünü heç bir siyasi qüvvəyə mənsub
bilməyən Deqatinin kamerası həm də tərəqqipərvər
dünyaya əmin-amanlıq çağırışı ola biləcək.
BƏS
KİNO?
Fotoqrafiya sənətindən danışarkən fotonun
kino sənətinin əsasında durduğunu da
unutmamalıyıq. Məqalənin əvvəlində
Əfqanıstan mövzusunda dünya kinosunun iki nümunəsini
xatırlatdım. Belə nəticəyə
gəlmək olar ki, fotoqrafiyada sənətkarın siyasi mənsubluğu
aşkar görünməsə də, kinoda bunu gizlətmək
olmur. Bu mənada, Əfqanıstan
müharibələri haqda çəkilmiş filmləri
antisovet və antiamerikan deyə 2 cəbhəyə bölmənin
özü də hardasa həqiqətə yaxın olmaq deməkdir.
Yəni həmin filmlərdə bu fövqəldövlətlərin
Əfqanıstanda öz nüfuzlarını möhkəmlətməklə
bağlı bir-biriylə davası var. Bu xüsusda nə qədər
film adı sadalamaq olar: Rusiyanın "Qara nərə
balığı" (1992), "Ayaq" (1991), "Pişəvərvadisi"
(1991), "Qardaşlıq" (2018), "Yük" (1990),
"Əfqan" (1991), "Karvan ovu" (2003), Amerikanın
"Çarli Nilson müharibəsi" (2007), "Bir
nömrəli məqsəd" (2012), "Sağ qalan"
(2013), "Kavaleriya" (2018), "Reportyor xanım" (2016),
"Quzular üçün şirlər" (2007) kimi filmləri
həmin qəbildəndir. Bu filmlərin hamısında bir həqiqət
var: İstilaçı qüvvələr qanlarını bu
ölkənin üstünə töküb gedirlər, onu
sakit yaşamağa qoymurlar. Milyon-milyon əfqan
bu üzdən qaçqın düşür öz
diyarından. Əfqanıstan qadınlarının
oxuduqları xalq nəğmələrinin məzmunu belə,
müharibədən-müharibəyə dəyişir: bir nəğmədə
"Sevgilim rus əsgəri olduğu üçün ürəyim
yara bağlayıb" oxunanda, sonrakı nəğmədə
bu, "Sevgilim amerikan əsgəri olduğu üçün
ürəyim yara bağlayıb" şəklinə
düşür. Beləcə, müharibələr
poliqonuna çevrilən Əfqanıstanın öz
kinematoqrafları da gah rus, gah amerikan mövqeyindən
çıxış edirlər.
Məsələn, Əfqanıstanın məşhur
rejissorlarından Barmak 1982-ci ildən ÜDKİ-də -
Moskvadakı kinematoqrafiya institutunda təhsil almış və
onun 2003-cü ildə Taliban hakimiyyəti əleyhinə
çəkdiyi "Usama" filmi dünyanın bir çox
mötəbər festivallarının yüksək
mükafatını qazanmışdı. Hazırda Fransada yaşasa
da, filmləri vətənində Taliban tərəfindən
qadağan olunsa da, işğalçı dövlətlərə
münasibətini gizli saxlamağa məcbur olaraq o, doğma
ölkəsindəki acınacaqlı vəziyyəti sadəcə
Talibanla bağlamadan bildirmişdi: "Məsələ
ondadır ki, təhlükə mənbəyi təkcə
Taliban deyil!"
Bəli, Əfqanıstanın dünya üzrə tərən-pərən düşmüş görkəmli insanları Əfqanıstanın acınacaqlı vəziyyətinin günahkarı olaraq yalnız Talibanı, vəhşət kimi təqdim olunan bu qüvvəni görmürlər. Bu məqamda Əfqanıstan mövzusunda çəkilib 2008-ci ildə "Oskar" almış digər bir filmi xatırlatmaq istərdim. Məşhur əfqanıstanlı yazıçı Xalid Hüseyninin "Çərpələng uçuran" əsaəri əsasında çəkilib bu film. O da ölkəsindən didərgin düşən bir əfqanıstanlı olaraq, elə mükafatından məlum olduğu kimi, sığındığı Amerikanın mövqeyindən baxaraq, Əfqanıstandakı xaosu Sovetin və Talibanın ayağına yazmalı olur və ürək ağrısıyla bildirir: "Mənim ana vətənim, 10 illərdir ki, müharibə şəraitində yaşayır. Mədəniyyətimiz, tariximiz yer üzündən silinmək üzrədir". BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən "Xalid Hüseyni" Fondunun təsisçisi olaraq Xalid Hüseyni, hazırkı vəziyyətdən qorxuya düşüb Vətənindən qaçan əfqanlardan onların pənah apardıqları ölkələrin üz çevirməməsiylə bağlı çağırış edib. Qeyd edim ki, bütün bunlara baxmayaraq, yazıçının Əfqanıstanda əmin-amanlıq yaratmaq vədləri ilə hakimiyyəti ələ alan Talibana da münasibəti birmənalı deyil. O, Talibanın verdiyi vədlərə əməl edəcəyinə ümid bəsləyir. Həm də bu, tək Xalid Hüseyninin deyil, dünyaya əmin-amanlıq arzulayan bütün tərəqqipərvər bəşəriyyətin bəslədiyi ümiddir.
Fars şairlərindən biri yazır: "Əfqanıstan Asiyanın ürəyidir və əgər bu ürək ağrıyırsa, onda bütün bədən şikəstdir".
Mən də ürək ağrısıyla
deyirəm ki, dünya, səni and verirəm ədalətə:
bu ürəyi ağrıtma!
Sədaqət
KAMAL
525-ci qəzet.- 2021.- 10 sentyabr.- S.10.