"Yenə
də iki" - "Bir rəsmin dedikləri" rubrikası
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
pedaqoq-rəssam, sənətşünas
Aybəniz Pənahovadır. Aybəniz xanımla
məşhur Sovet rəssamı Fyodor Reşetnikovin
"Yenə də iki" əsəri haqqında danışmışıq.
***
- Əsərə keçmədən
öncə rəssamın
yaradıcılığı haqqında qısa məlumat verə bilərsinizmi?
- XX əsrin tanınmış
rus rəssamı
Fyodor Reşetnikov rəngkar
və qrafik kimi fəaliyyət göstərib. Rəssamın
yaradıcılığı ilə tanış
olduqda, onun əsərlərində janr
müxtəlifliyi müşahidə
edilir. Əsasən portret, məişət
janrında tablolar yaradan rəssam satirik janrın görkəmli nümayəndələrindəndir.
Sosialist realizminin qabaqcıl nümayəndələrindən sayılan, əsərlərində
tarix və vətənpərvərlik, ictimai-siyasi
mövzulara yer verən rəssamın yaradıcılığının ana xəttini uşaqlarla bağlı mövzular təşkil edib. Onun məişət mövzusunda yaratdığı
əsərlərdə uşaqlara
qayğısı, təhsilin
önəmi kimi məsələlər qabardılıb.
Bu mövzuda silsilə
əsərlər yaradan
F.Pavlovun "Yenə də iki" əsəri Sovet rəssamlığının ən
məşhur və sevilən əsərlərindən
biridir.
-Tabloda təsvir olunan qəhrəmanlar və tablonun mövzusu bir-birini necə tamamlayır?
- 1952-ci ildə yaradılan "Yenə də iki" əsərində
ana üç uşağı ilə birlikdə təsvir olunub. Tablo ötən əsrin
50-ci illəri üşün
xarakterik olan sadə bir ailənin
həyatından bəsh
edir. Əsərin
əsas qəhrəmanı
10-11 yaşlarında qapıda
dayanan yeniyetmə oğlandır. Məktəbdən sonra dərhal evə gəlməyən oğlanın şaxtasından
yanaqlarının, qulaqlarının
qızarması, əynindəki
yaxası açılmış
palto, dağınıq
çantasında görünən
konki sübüt edir ki, o, uzun
müddət buz meydançasında konki sürüb, qartopu oynayıb. Bu hadisələrin ilk dəfə
baş vermədiyi ananın və digər uşaqların baxışlarından bəlli
olur. Utanaraq üzünü yana çevirmiş yeniyetmənin
simasında dərslərə
hazırlıqlı olmamasının
verdiyi məyusluq
"oxunur", lakin bu yaşda əylənərək
dostlarla qartopu oynamağın, xizək sürməyin daha maraqlı olduğunu düşünür.
- Deyəsən, oğlanı
bircə iti başa düşür.
- Bəli, oğlanı xoş qarşılayan yalnız
"xallı dostudur".
Sevgi ilə pəncələrini
sinəsinə qoyan it
onu məmnuniyyətlə
qarşılayaraq, dostunu
gündəliyindəki qiymətlərlə
qəbul edib nəvaziş göstərir.
Əllərini birləşdirərək əyləşmiş təsvir
olunan ana yorğun, məyus və kədərlidir.
Oğlunun kifayət qədər
oynadığının, dərslərdən
yayındığının fərqindədir. Gün
ərzində məişət
işləri ilə məşğul olanın
ananın sanki indicə əyləşdiyi
və oğlunun vəziyyətini gördükdən
sonra isə ruhən də yorulduğu hiss olunur. Baxışarından uşağı cəzalandırmaq
istəyi görünsə
də, digər tərəfdən də ona yazığı gəlir. Mərhəmətli ana oğlundan
çox inciyir, çünki o, tənbəl
və cahil böyüyə bilər.
Qardaşından böyük olan
bacısı isə, görünür ki, çalışqan tələbədir.
Masanın üzərinə
çantasından çıxardığı
dərslikləri qoyan
qız ev
tapşırıqlarını etməyə hazırlaşır.
Qız qardaşına iradla baxaraq yenə qənaətbəxş olmayan
qiymət almasını
qınayır. Bacısından fərqli olaraq məktəbə hələ
getməyən kiçik
qardaş baş verən hər şeylə əylənir,
qardaşına baxıb
gülümsəyir.
Rəssam tabloda canlandırdığı
obrazların simasındakı
əhval-ruhiyyəni, otaqdakı
atmosferi ustalıqla tamaçaşıya ötürür. Sanki oğlan evə gəlməzdən əvvəl
ana o biri uşaqları ilə birlikdə söhbət edir, xoş bir ovqat var. Amma yenə iki qiymət alıb evə gələn yeniyetmə evdəki xoş atmosferin, dialoqların kəsilməsinə səbəb
olur.
- 1952-ci ildə təsvir edilən tablo İkinci Dünya müharibəsindən 7 il sonra yaradılıb. Müharibənin izləri bu
tabloda yəqin ki, var.
- Görünür ki, bacı müharibədən
əvvəl, kiçik
qardaş isə sonra doğulub. Yeniyetmənin kiçik yaş dövrü isə birbaşa müharibə illərinə
təsadüf etdiyindən,
o, həmin dövrün
çətinliklərini, müharibə
şəraitini az da olsa
xatırlayır. Görünür ki, ataları müharibədən qayıdıb.
Ailənin bolluq içində
yaşadığı tablodakı
dekorasiyalardan asanlıqla
görünür. Məsələn, kiçik qardaşın sürdüyü velosiped,
yerə sərilmiş
xalça, mebellər,
uşaqların o dövrü
uyğun geyimləri və s. Həmin illərdə daha kasıb təbəqədən
olan ailələrdə
xalça əvəzinə
linolium, daha sadə mebellər və adi oyuncaqlar
olurdu. Divarda rəssamın "Tətilə gəldi"
əsərinə əlavə
edilmiş kiçik təqvim asılıb.
Ümumilikdə, müharibədən sonrakı dövrdə sadə işçi insanların həyat tərzini əks etdirən sovet interyerinin necə qurulduğunu tabloda müşahidə etmək
mümkündür.
- Əsərin rəng
koloriti barədə nə deyə bilərsiniz?
- Kompozisiyanın rəng həllinə nəzər
salsaq, qeyri-parlaq çalarların tablodakı
mövzu ilə uyğunluq təşkil etdiyini görərik. Otağın mavi-boz divarları, açıq qəhvəyi döşəmə,
şagirdin yaşılımtıl paltosu
və s. soyuq rəng çalarlarında
işlənib. Yalnız ananın
qırmızı önlüyü
soyuq rənglərin fonunda kontrast yaratması ilə fərqlənir.
- Hazırda əsər harda saxlanılır?
- Əsər Moskvada,
Tretyakov Qalereyasında
saxlanılır.
- Bu rəsm bizə nə deyir?
- Fyodor Pavloviç Reşetnikovun
"Yenə də iki" əsəri şagirdlərə çox
yaxın bir mövzuda yaradılıb.
Bir çox şagird pis qiymət aldıqda və bu barədə valideynlərinə məlumat
verməli olanda oxşar vəziyyətə
düşürlər. Müharibənin çətinliklərini xatırlayan, müharibədən
sonrakı çətin
dövrü yaşayan
uşaqlarının duyğularının,
həyat tərzinin əks etdirildiyi tabloda sosial mesaj da ötürülür.
Bu əsər bizi həyatda bütün səhvlərimiz
və çatışmazlıqlarımız
barədə düşünməyə,
qohumlarımıza və
dostlarımıza münasibəti
dəyişməyə vadar
edir. Əsərdə insanın özünü
düzəldəcəyinə, valideynlərinin məsləhətini
dinləyəcəyinə bir
ümid var.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 11 sentyabr.- S.24.