"Azərbaycan muğamını
dünyada tanıtmaq istəyirəm"
GƏNC
XANƏNDƏ, "MUĞAM FESTİVALI-2019"UN
QALİBİ MURAD LAÇINLI İLƏ MÜSAHİBƏ
Muğamlarımız,
xalq və bəstəkar mahnılarımızın məharətli
ifaçısı, gənc xanəndə Murad
Laçınlını ilk dəfə təxminən iyirmi il öncə muğam festivalındakı
ifasından tanımışam. O vaxt onun hələ 9-10
yaşı ola, ya olmaya idi. Üstündən
illər keçəndən sonra Muradın "Muğam
Festivalı-2019"dakı iştirakının şahidi
oldum. Bu, artıq gənc Murad idi. Bir
müddət sonra onunla birlikdə "Məclisi-üns"
televiziya proqramında olduq...
Amma
Muradı bəstəkar Şahid Əbdülkərimovun
"Şirin yuxun olaydım" mahnısının heyrətamiz
dərəcədə təsirli, ürəyəyatan, adamın ürəyinin
sarı siminə toxunan ifasından kəşf elədim. Axı, hər adamın başqasını kəşf
etdiyi nəsə bir an, hadisə olur. "Şirin
yuxun olaydım" mənim Muradı "görməyimdə"
belə bir məqam oldu. Başa
düşdüm ki, buna qədər onu sadəcə dinləmiş,
sadəcə ona baxmışam və baxmaq hələ görmək
deyil.
Uşaqlıqda
unudulmaz müğənni Rövşən Behcətin ifasında sevdiyim
bu mahnını üstündən 40 il keçəndən
sonra bir gəncin meydana çıxıb bu cür ifa edəcəyinə
heç vaxt inanmazdım. Zilə
qalxmalar, bəmə enmələr, boğazdakı qaynatmalar,
hamısı da öz ölçüsü, əndazəsində,
bəstəyə zərrə qədər də xələl
gətirmədən, ən başlıcası, ifaya ürək
qoyaraq... Mən hələ indiyə qədər bu qədər ismətli
səs görməmişdim. Muradın özünəməxsusluğu
ondadır ki,
mahnıya kənardan yox,
içəridən yanaşır. Biri var ki, divara lepka
vurasan, bir də var ki, daşı oyub naxışlayasan. Qərb mədəniyyəti
birinci, Şərq ikinci yolla gedib. Gənc
ifaçı səsi içəridən naxışlayır
və bu, təbiidir. O, Şərq, Azərbaycan xanəndəsidir
və onun ifasındakı milliliyin arxitekturasında, məncə,
məhz bu amil durur. Hələ gənc xanəndəni
müşayiət edən pianoçu xanım... Bütün ruhu, qəlbiylə mahnıya köklənib
ifa edir, hər notu sözün həqiqi mənasında
yaşayır. Lirik bəstə, ürəkdən gələn
ifa və virtuoz müşayiət... Nəticədə
bu balaca şedevr alınır. Yazmaqdan,
oxumaqdan yorulanda bu mahnını dinləyirəm, bütün
yorğunluğum çıxır. İndi
mənim hər mahnısını gözlədiyim müğənnim
var - Murad Laçınlı.
Bu gəncin ifasını siz də görün. Ola bilməz
ki, onun səsində gələcəyin virtuoz sənətkarının
addım səslərini eşitməyəsiniz. Onu sevək, təbliğ edək, zirvələrə
ruhlandıraq. Çünki bu laçın(lı)
oğlan cismən anadan, ruhən
isə xalqımızın xoşbəxtlik arzularından
doğulub.
***
- Murad, vətənpərvərlik
evdən, sənət ailədən başlayır. Ailənizdə sənət mühiti olubmu?
-
Atamın və babamın çox gözəl səsi olub. Xüsusilə, atamın arzusu olub ki, xanənədəlik
eləsin. Amma təəssüf ki, o vaxtlar
muğam sənəti üçün indiki şərait yox
idi. Buna görə də atam öz arzusunu
gerçəkləşdirə bilməyib. Onun arzularını mən gerçəkləşdirməyə
çalışıram.
- Xanəndə
olacağını nə vaxt başa düşdün və
buna qərar verdin?
- Orta məktəbdə
ikinci sinifdə oxuyurdum. Təsadüf nəticəsində
sinif rəhbərim boş sinif otağında zümzümə
etməyi eşitdi və məni direktor müavininin yanına
apardı. Mənə mahnı oxutdurdular.
Bəyəndilər. Valideynlərimə
məsləhət gördülər ki, məni 6 saylı
musiqi məktəbinə aparıb, xanənədlik dərslərinə
yazdırsınlar. O vaxtdan görkəmli sənətkarımız,
Xalq artisti Əlibaba Məmmədovdan dərs almağa
başladım.
- Sənətə
gəlməkdə ilk öncə özünü kimə
borclu bilirsən?
- İlk öncə mənə bu həvəsi verən
Allaha, sonra valideynlərimə, sonra da müəllimlərimə
borcluyam. Görəsən, valideynlərimin dəstəyi
olmasaydı, mən indi bu sənətdə olardımmı?
Atam günü bu gün də bütün
problemlərimin həllində mənim yanımdadır.
- Hər
işin ibtidası çətin olur. İlk dəfə
səhnəyə çıxdığın gün
yadındadırmı?
- O
günü yəqin ki, ömrüm boyu unutmayacam. 1999-cu ilin oktyabr ayı idi. 9
yaşımda ilk dəfə böyük səhnədə
muğam festivalında çıxış etdim. Yadımdadır ki,
boyum kiçik olduğuna görə, ayağım yerə
çatmırdı, buna görə ayağımın
altına qutu qoymuşdular ki, daha rahat ifa edə bilim. Mən o müsabiqədə "Qran Pri"
mükafatına layiq görüldüm.
- Lap
uşaq yaşlarından Heydər Əliyev, İlham
Əliyev, Vladimir Putin kimi şəxsiyyətlərin
qarşısında çıxışlar eləmisən. Bu şəxslər təkcə görkəmli
dövlət xadimləri yox, həm də dərin intellektə,
yüksək estetik zövqə malik duyğusal insanlardır.
Onların qarşısında oxumaq necə hiss idi? Həyəcanlanırdın, yoxsa uşaq olduğun
üçün kimlərin qarşısında oxuduğunun fərqində
deyildin?
- Mən
çox xoşbəxtəm ki, Ümummilli lider, dahi şəxsiyyət
Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin və
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin
qarşısında çıxışlar eləmişəm.
O vaxt uşaq olduğuma görə necə böyük məsuliyyətin
altına girdiyimi, şübhəsiz ki, lazımınca
anlamırdım. Bircə istəyim var idi - istəyirdim
ki, öz ifamı qüsursuz, səhvə yol vermədən
ifamı yekunlaşdırım.
- Mənim
üçün ən maraqlı nüanslardan biri Putinin sənin
ifanı necə böyük maraq və hətta sevgiylə
dinləməsi idi. Ola bilsin ki, öz düşüncələrimdə
çox irəli gedirəm, amma hər dəfə sənin məlum
videona baxanda hətta mənə elə gəlir ki, Putin
"Qarabağ yalnız belə istedadları olan xalqa məxsus
ola bilər" deyə
düşünür, Rusiyanın ermənipərəst siyasətinə
görə heç kəsə etiraf etmədiyi daxili bir
peşmançılıq duyur.
-
Yadımdadır ki, konsertdən sonra dedilər ki, Putin məni
axtarıb. Dediklərinizin nə dərəcədə
həqiqət olduğu barədə isə bir söz deyə
bilmərəm. Bu barədə
danışmaq sizin kimi sənət biliciləri və
tamaşaçıların haqqıdır. Amma istənilən halda bu, sizin tərəfinizdən
sənətimə verilən yüksək qiymətdir və
buna görə sağ olun.
-
Muğam sənətində Əlibaba Məmmədov, Qəzənfər
Abbasov kimi görkəmli sənətkarların şagirdi olmusan. Bunlardan hansı sənin bir xanəndə kimi
formalaşmağında daha böyük rol oynayıb?
- Hər
iki ustadımın formalaşmağımda rolu çox
böyükdür. Sağ olsunlar, üzərimdə əməkləri
çox olub. Muğam sənətinin incəliklərinin
öyrənilməsində ilk addımlarımı Əlibaba
Məmmədovun sinfində atmışam. Bəxtim
gətirib ki, muğam kimi mürəkkəb, çətin sənətin
əlifbasını belə görkəmli sənətkardan
öyrənmişəm. Hər işdə
olduğu kimi, muğamda da əsas özüldür. Bu varsa, sonrakı problemləri həll edə bilirsən.
Daha sonra Konservatoriyada təhsil alarkən əməkdar
müəllim Qəzənfər Abbasovun tələbəsi
olmuşam. Akademik təhsilimdə
ustadımdan öyrəndiyim çox şey olub. Hər iki müəllimimə ömrümün
sonuna qədər borcluyam.
- Amma
arada bir müddət səhnədə görünmədin. Bu, nə ilə bağlı idi?
- Bəli,
bir müddət səhnədən uzaq qalmalı oldum. Oğlanlarda müəyyən yaşdan sonra səsin
dəyişkənlik dövrü başlayır. Həmin dövrdə müəllimlərim oxumağı
tövsiyə etmirdi. Daha sonra hərbi
qulluqda oldum. Vətənə xidmət edib
qayıtdıqdan sonra fəaliyyətimi davam etdirdim. Sizin dediyiniz fasilə bu illərdə olmuşdu.
-
Hansı hadisəni sənətdə ilk uğurun sayırsan?
- İlk uğurum yəqin ki, Əlibaba Məmmədov kimi
dahi sənətkarın tələbəsi olmaq idi. Biz ona "əmi"
deyirik. Əmi məni kəşf etməsə,
üzərimdə zərgər həssaslığı ilə
işləməsəydi, mən indi, bəlkə də, bu sənətdə
olmazdım. Amma ilk rəsmi uğurumu nəzərdə
tutursunuzsa, bu 1999-cu ildə "Qran Pri" mükafatına layiq
görülməyimdir.
-
Muğam Festivalı 2019-un qaliblərindən
birisən. Festival çoxmu çətin
keçdi?
-
Bütün festivalların öz çətinliyi var. Uşaq
olanda insan məsuliyyəti çox da dərk eləmir. Amma
böyüyəndən sonra ustadların önündə
hər həftə yaxşı ifalar etmək böyük məsuliyyət
tələb edir. Mən də
çalışırdım ki, nə ustadlarımın, nə
də məni sevən dinləyicilərimi məyus edim.
- Bu
gün onlarla istedadlı gənc muğam ifaçısı
var. Onlardan kimin ifasını daha çox bəyənirsən?
- Əvvəla, gənclərin muğama gəlməsinə
görə Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun rəhbəri
Mehriban xanım Əliyevaya bütün gənc
ifaçılar adından minnətdarlığımı
bildirirəm.
Məhz Mehriban xanım başda olmaqla Heydər
Əliyev Fondunun qayğısı sayəsində muğam sənətinə
maraq gücləndi və istedadlı gənclər özlərini
bu sahədə axtarmağa başladılar. Yaşıdlarımın bəziləri ilə bir səhnəni
məmnuniyyətlə paylaşmışam, bəzilərini
isə maraqla dinləyir, əksərinin ifalarını bəyənir,
onların hər birinə uğurlar arzu edirəm.
-
Özünün digər muğam ifaçılarından fərqini
nədə görürsən?
- Mən
həmişə öz ifamda yeniliklər etməyə
çalışıram. İstəyirəm ki,
təkrardan qaçım, dinləyiciləri bezdirməyim.
Ona görə bir muğamı iki dəfə
eyni cür oxumuram. Hər dəfə
başqa cür alınır. Məncə,
muğam sənətinin əsas özünəməxsusluğu
elə bundadır. O, ifaçı üçün
geniş improvizə imkanları yaradır.
- Hər
xanəndənin öz sevimli muğamı olur. Məsələn,
ustadın Əlibaba müəllimin sevimli muğamı
"Hümayun"dur. Bəs sən necə,
öz muğamını tapmısanmı?
- Əslində, mənim sevimli muğamım
qeyri-ixtiyarı olaraq mənim sevimlimə çevirilib. Lap uşaqlıqdan
"Bayatı-Şiraz" muğamı ifamda çox bəyənilirdi.
Elə böyüyəndən sonra da bu rəğbət
davam elədi. Hansı tədbirə,
hansı məclisə dəvət alsam, məndən
"Bayatı-Şiraz" muğamını ifa etməyimi
istəyirlər.
- Səncə,
niyə məhz "Bayatı-Şiraz"?
-
Görünür, bu muğama məxsus lirizm, həzinlik mənim
ifa tərzimə uyğun gəlir.
-
Muğam ki, dedin, qəziyyə məlum, işi dəstgahdır...
- Dəstgah
yazdırmaq bütün xanəndələrin ən
böyük arzularındandır. Mənim də
hədəflərim var. Yeni dəstgah yazdırmaq
üçün hazırlıqlar görürəm. İnşallah, ən qısa zamanda bu arzumu da həyata
keçirmək fikrindəyəm.
-
Muğamla yanaşı, lirik mahnılara da meyl edirsən və
yaxşı da alınır: "Şirin yuxu olaydım",
"Biri sənsən, biri mən", "Belə qəmli
dayanma", "Yandım, elə yandım"... Klassik lirika nümunələrini seçəndə
nəyi əsas götürürsən? Məsələn,
necə oldu ki, "Şirin yuxun olaydım"
mahnısına müraciət elədin?
- Bizim
çox gözəl klassik musiqilərimiz var. Mənim ifamda
muğamla yanaşı, lirik mahnılar da bəyənilirdi. Buna görə bəzən lirikaya müraciət
edirəm. "Şirin
yuxu olaydım" mahnısını tez-tez dinləyirdim.
Yaxınlarımın, sənət
dostlarımın yanında bir-iki dəfə zümzümə
etdikdə onlar bunu çox bəyəndilər. Mən də qərara aldım ki, studiyada mahnını
yazdırıb, daha çox auditoriya ilə paylaşım.
- Səndən
əvvəl bu mahnını Rövşən Behcət,
İslam Rzayev kimi görkəmli sənətkarlar oxuyublar. Yaşıdlarının arasında da
mahnının ifaçıları var. Sən bu ifanla
mahnıya nəsə bir yenilik gətirə bilmisənmi?
- Mənə
elə gəlir ki, hər hansı mahnı, xüsusən də
klassik mahnılar hər bir ifaçının səsində
yeni tərzdə səslənməlidir. Yoxsa o
mahnıya müraciət etməyə dəyməz. Amma mən indi demək istəmirəm ki, öz
ifamla bu mahnıya hansısa yeniliklər gətirmişəm.
Bunu demək haqqı dinləyicilərindir.
- İstedad həmişə qısqanclıqla
qarşılanır, xüsusən də ilk vaxtlarda. Heç bu
hallarla rastlaşırsanmı? Əgər
rastlaşırsansa buna reaksiyan necə olur?
- Mən
həmişə sənət yoldaşlarımın,
ustadlarımın tənqidlərini ciddiyə almışam. Özüm heç kimin uğurlarını
qısqanmamışam deyə belə şeylərə əhəmiyyət
verməmişəm. Bizim hər birimizin
bir məqsədi var. Yaxşı ifaçı olmaq, xalq tərəfindən
sevilmək və yaddaşlarda qalmaq.
- Dinləyicilərin
və səlahiyyətli şəxslərin sənətinə
verdiyi qiymətdən razısanmı?
- Əlbəttə, razıyam. Dediyim kimi, tənqidləri
həmişə ciddi qəbul edib üzərimdə
çalışmışam. Mən
böyük ustadlardan dərs almışam. Hətta bəzi zamanlar onlarla bir səhnəni də
bölüşmüşəm. Ustadlarımın
uşaqlıqdan mənim gələcəyimlə bağlı
böyük ümidləri var idi. Həmişə
çalışmışam ki, onların ümidlərini
doğruldum.
-
Artıq xeyli müddətdir ki, musiqi məktəbində
müəllimlik edirsən. Şagirdlərin
arasında gələcəyinə ümid bəslədiyin istedadlar
varmı?
-
Artıq 7 ildir ki, Georgi Şaroyev adına
11 illik musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğulam.
İstedadlı gənclərimiz çoxdur.
Mənim də tələblərim arasında gələcəyinə
ümid bəslədiklərim var. Və bir müəllim ki, əlimdən
gələni etməyə çalışıram ki, onlara
doğru yol, doğru istiqamət göstərim.
- Bu
yaxınlarda toyun oldu. Bu münasibətlə səni
təbrik edir, xoşbəxt ailə həyatı
arzulayıram. Amma sənət adamı əksərən
sənətlə ailə arasında qalır,
qısqanclıqlar, söz-söhbətlər olur. Belə hallarla qarşılaşırsanmı?
- Təbriklərinizə
görə təşəkkür edirəm. Həyat
yoldaşım sənət aləmindən olan xanım deyil.
Amma ilk tanışlığımızdan
işlərimizdə bir-birimizə dəstək olmuşuq.
Qısqanclıq üçün şərait
yaratmadıqdan sonra belə söz-söhbətlər də
baş vermir.
- Gələcəklə
bağlı nə kimi arzuların, istəklərin var?
- Gələcəklə
bağlı arzularım, istəklərim sonsuzdur. Bunlardan biri və ən vacibi Qarabağımızda
dünyaya səs salan konsertlərdə çıxış
etməkdir. Azərbaycan muğamını
dünyada tanıtmaq istəyirəm.
Söhbətləşdi: Əsəd
CAHANGİR
525-ci qəzet.- 2021.- 11 sentyabr.-
S.22;23.