Dul qadının tənhalığı  

 

Nəsr

 

"At first I did adore a twinkling star./ But now I worship a celestial sun".

 

"Əvvəlcə mən sayrışan ulduza

valeh idim. Ancaq indi ilahi günəşə sitayiş edirəm".

 

Şekspir. "İki veronalı" pyesi

 

Ruhiyyənin ailə xoşbəxtliyi

 

Ruhiyyə ilə Hüseyn beş il idi ki, xoşbəxt bir ailə həyatına sahib idilər. Elə güman etmək olardı ki, onlar hələ yeniyetməliklərindən bir-birinə vurulmuş və indi də taleyin bəxş etdiyi cənnət bağının meyvələrindən doyunca dadmaq istəyirlər. Onlar hisslərinə hədd qoymaq istəmirdilər, ehtiras dənizinin suları təkcə bədənlərini yuyub, büllur təmizliyinə çıxartmaqla kifayətlənməyib, könüllərinə də nüfuz edir, ondakı sehrli olan nə varsa üzə çıxarmaqla, bu mənzərənin seyri onlar üçün qeyri-adi həzz mənbəyinə çev-rilmişdi. Ruhiyyə az keçməiş hamilə olanda, uşağın dünyaya gəlməsinə bir neçə ay qalmış, onlar bu hədiyyənin xatirinə, ehtiraslarını müvəqqəti də olsa, cilovlamalı olmuşdular. Bədən yaxınlığına, intim hisslərə hədd qoyulsa da, onların könülləri bir-birini əzizləməyini, platonik yaxınlıqdan gələn dəlisov vurğunluğu dayandırmırdı. Yaşının xeyli artıq olmasına baxmayaraq, Hüseyn özünü cavan oğlan kimi aparırdı, arvadına zarafatla deyirdi ki, sənin ürcahına olduqca qüvvətli, sevdiyi zövcəsindən bir an da uzaqlaşmayan bir dayça, o, bu sözü rusca "jerebeü" deyə tələffüz edirdi, çıxmışdır. Əslində, bizim könlümüzün, daxili güclərimizin yaşı yoxdur, onlar illərə tabe olmurlar. Bu sözlərdən Ruhiyyə incimirdi, ərinin ehtirasını okean dalğası ilə müqayisə edirdi.

 

Müşahidə edənlər bilir ki, okeanda sahilə yaxınlaşan nəhəng su kütləsini ləpə adlandırmaq qətiyyən yaramır, dalğa nərə çəkərək sahilə çırpılır və oradan da geri min tonlarla sahilin qumunu aparır. Hüseyn də intim yaxınlıqda özünü belə kükrəyən dalğa kimi aparırdı və arvadına, həm də əvvəllər həyatında heç vaxt onun hiss etmədiyi bir cismani ləzzət verirdi. Ruhiyyə Andre Moruadan oxumuşdu ki, Viktor Hüqonun arvadı Adelin məşuqu Sent Byöv ona ürəyi yandığından ərinin gecələr dəfələrlə onu öz intim hücumları ilə narahat etdiyinə görə Hüqoya qarşı hədsiz nifrət bəslədiyini, qəzəbdən alışıb yandığını bildirmişdi. Bunları yəqin ki, Adel daim yorğun görünməsinin səbəbini özü məşuquna yazıçı ərinin hədd tanımayan ehtiras tutmalarının izahı şəklində etiraf etmişdi. Adeldən fərqli olaraq Ruhiyyə bu barədə şikayət deyil, yalnız hədsiz razılığını bildirə bilərdi, həm də Hüseyn bu məsələdə dahi yazıçı ilə də müqayisə oluna bilməzdi. Ərinin intim yaxınlıqdakı coşğun hisslərini o, həyatdakı hərtərəfli xoşbəxtliyinin arzu olunan bir əlavəsi, həm də bədən istəyinin də tam məmnunluq ifadəsi kimi qəbul edirdi. Əri onu görünməmiş bir qaydada əzizləyirdi, bu fiziki həzz töhfəsinə görə ona yalnız minnətdar ola bilərdi. Bəlkə də mərhum arvadı onun cismani hisslərinə lazımınca cavab verə bilmirmiş, ona görə də bu sahədəki susuzluq yanğısını söndürmək üçün ilk dəfə o, belə bir imkan tapıbmış.

 

Əri həm də zarafatcıl adam idi, özünə də istehza ilə baxmağı heç də qəbahət bilmirdi, əksinə, bunu başqalarının ona gülməməsi üçün müdafiə qalxanı hesab edirdi. Anektodlarında yəhudilər özlərinə amansızcasına güldüyü kimi, Hüseyn də həyatında baş vermiş hadisələri süni lovğalıq örtüyünə bükməklə, öz hərəkətlərinə istehza qaydası ilə yanaşmağı sevirdi. O, Ruhiyyəni ikinci dəfə evinə dəvət etdikdə qızın ondan olan narazılığına, əvvəlki cavabının yaratdığı hiddətə son qoymaq üçün bir öpüşlə onu ram etdiyini iftixarla danışır, bunun qiymətini qaldırmaq üçün özünü hətta Napoleonla müqayisə etməyə cürət edirdi. Deyirdi ki, Napoleon 1815-ci ilin martının ilk günündə hökmdar olduğu Elba adasını tərk edib, gəmi ilə Fransa sahilinə gəlmişdi və ordan paytaxta doğru irəlilədi. Yol boyu onu sevinclə qarşılayırdılar, Parisə bir güllə atmadan daxil oldu, kral ölkədən qaçmışdı. Onore de Balzak bunu "şlyapanın bir yellənməsi ilə imperiyanın təslim olması kimi" ağılasığmayan bir hadisə adlandırmışdı. Hüseyn isə lovğalanırdı ki, xətrinə dəydiyi qızın qəzəbini soyutmaq üçün sadəcə dodaqları ilə onun dodaqlarını qapamaqla, ona olan ehtirasını nümayiş etdirməklə hər şeyi həll etməyə müvəffəq olmuşdu.

 

O, qəribə bir adam idi, evlənəndən sonra Ruhiyyəyə sevgisi daha da artmışdı, bir an da olsun onu yaddan çıxarmırdı, gözlərini açanda da, yumanda da hər yerdə arvadını görürdü. Məclislərdə, adamların arasında olanda qızı qucaqlayıb öpməkdən özünü güclə saxlayırdı, elə bil ki, yüyənli at qayaya çatanda dördnala qaçışını dayandırmağa məcbur olurdu. Özü də anlaya bilmirdi, bu qadın onun üçün müqəddəslik təcəssümü idimi, yoxsa onu ovsunlamışdı, ona xilas ola bilmədiyi bir tələmi qurmuşdu? Doğrudan da bu qızda ona məlum olmayan, baş çıxarmadığı müəmmalar gizlənirdi. Arvadı onu qucaqlayanda bütün dərdlərini unudurdu, bütöv dünyanı bağışlamaq istəyirdi.

 

Ruhiyyə tez-tez fikrə dalırdı, özünün xoşbəxtlik saçan dünyasında da keçmişini unuda bilmirdi və bu, ərinin həssas diqqətindən yayınmırdı. Hüseyn ona dəfələrlə demişdi ki, bizim aramızda mövcud olmuş əvvəlki fərqləri yaddan çıxart, nikahımız  o fərqləri birdəfəlik silib, yoxa çıxarmışdır. Təkrar-təkrar arvadına deyirdi ki, axı mən səni sevirəm, bunu sən anlamalısan. Qarşılıqlı sevgimizin fonunda keçmişimizdə olanlar əhəmiyyətini itirmişdir. Ruhiyyə onun bu sözlərinə gülümsəməklə cavab verirdi və əri onun canlandığını hiss edib, pafosa güc verirdi, deyirdi ki, sən mənim qocalığıma şüa salan bir ilahəsən. Cəmiyyətin hansısa dedi-qodusu, qınağı ilahənin müqəddəsliyinə xələl gətirə bilməz.

 

Öz sözlərini mahiyyətini Ruhiyyənin daha yaxşı anlaması üçün deyirdi ki, sən mənim arvadımsan, bu halə səni hər cür səfeh ittihamlardan qoruyur. Qanuni arvada çevrilməsi ilə bu qızın keçmişi arasında göylə yerin arasında olan kimi nəhayətsiz bir fərq vardır. Kim keçmişi yada salmaq niyyətində olsa, ən sərt cavabı onun ərindən alacaqdır. Sonra yerli cahillikdən qidalanmış bir hadisəni ona danışdı.

 

Əyalətdən gəlmiş bir imkanlı adam dostunun köməkliyi ilə yüngül əxlaqlı, lakin çox gözəl bir qızla tanış olur və qısa müddətdən sonra ona vurulur, axı Sahibin yollarından baş çıxarmaq olmur. O, hətta arvadını boşayıb, bu qıza evlənmək barədə də düşünürdü. Özünün ciddi məqsədlərinin əlaməti kimi qızı teatra dəvət edir və lojaya bilet alır. Pərdə açılmamışdan qonşu lojada bir nüfuzlu adam arvadı və qızı ilə gəlib oturmuşdu. O, yaxındakı lojaya baxanda qız ona tanış gəldi və onu yadına saldı. Teatrın inzibatçısın çağırıb göstəriş verdi ki, qızı gecikmədən buradan uzaqlaşdırın. İnzbatçı əyalət adamına bunu çatdırdıqda, o, qonşunun da eşitməsi üçün bərkdən dedi ki, biz bilet aldığımıza görə burada oturmuşuq,  kiminsə qonağı deyilik, digər tamaşaçıdan xoşu gəlmədiyinə görə həmin adamın özü teatrı tərk edə bilər. Qonşu əsəbiləşib, bərkdən dedi:

 

- Mənim arvadımın və qızımın məclisində elə qadınlara yer yoxdur, onların məkanı teatr yox, küçədir. Orada onlar müştərilərini axtarıb tapırlar.

 

Əyalət adamı ona daha sərt cavab vermək istədi:

 

- Bu qızın ləyaqəti heç də sənin arvadınınkından və qızınınkından fərqli deyildir, ən azı onlara bərabərdir.

 

Əyalət adamı guya ictimai yerdə dava saldığına görə həbs edildi və bədbəxt qızın taleyində təsadüfün bəxş edəcəyi yenilik baş vermədi.

 

Hüseyn bu qəmli söhbətdən arvadının mütəəsir olmaması üçün əlavə etdi ki, ona görə də mən toyumuzun gecikməsinə imkan vermədim ki, cahil ağızların müdaxilə etmək şansları baş qaldırmasın. Həm də başa düşürdüm ki, bu addımım cəhalətə qarşı dözümsüzlüyümün ciddi bir nümayişi olacaqdır.

 

Ruhiyyə üçün ərinin mərdliyi, ictimai mühitin qınağına, cəhalət dalğasının gözlənilən hücumuna fikir verməməsi, ona olan saf münasibəti heç də adi məhəbbət təzahürü və ya xoşbəxtliyi udmaq gedişi deyildi, onunla evlənməsini, ailə qurmasını Hüseynin özünü qurban verməsinin əlaməti hesab edirdi. Şəhərdə yaxşı tanınan bu adam haqqında xoşagəlməz söhbətlər gedə bilərdi. Məhəbbət bu səhnəyə gəlib çıxanda, əslində çox sayda adi hisslərdən fərqli olanları əmələ gətirir, idarə edən təlimə, ideala çevrilir. Hüseyn onu çuğlayan məhəbbət idealı naminə özünü qurban verməyi bacarmışdı. Bu nikah arvadı ilə onun arasında bütün fərqləri, hər şeyi silib atdı, aralarındakı keçmişdə mövcud olmuş uçurum üzərində möhkəm körpü qura bildi. Həm də belə nümunələr, heç şübhəsiz, pis peşənin sahibi olan qızlara qarşı cinayətlərin vurduğu yaraları sağaltmağa, öz günahlarının haqqını ödəməyə azacıq da olsa kömək edir.

 

Toylarının birilliyi tamam olanda Ruhiyyə ərinə oğul hədiyyəsi bəxş etdi. O, iki il əvvəl də oğul doğmuşdu, lakin bu uşaq anasından uzaq düşmüşdü, çünki hələ körpə bətndə mayalanan vaxtdan anası ondan ayrılacağını bilirdi və surroqat ana olmağın əzablarını çəkməli olmuşdu. İndi isə körpə onun özünün və doğma ərininki idi, o, hətta ən ağır cəzaya da razı olardı, lakin bir daha oğlundan ayrı düşməyə heç cür dözməzdi. Hamnet adlı bu uşaq təkcə gözəl sifət cizgilərinə malik deyildi, həm də getdikcə ağıl qabiliyyəti səviyyəsinə görə də öz yaşıdlarından fərqlənirdi. Bir yaşı olanda o, danışmağa başladı, özü də sözləri olduqca dəqiq tələffüz edir, dayəsindən və anasından eşitdiklərini olduqca xoş bir avazla səsləndirirdi. Üç yaşı olanda o, artıq yüzə qədər sayır, əlifbanı öyrənmiş, sözləri oxuya bilirdi.

 

Atanın, ananın onunla öyünməyə, fəxr etməyə haqları var idi, çünki bu ağsifətli, gözəgəlimli uşaq həm də ətrafda baş verənləri qavraması ilə, özünü aparması, davranışı ilə çoxlarının təəccübünə səbəb olurdu. Hüseyn oğlunun belə nadir xüsusiyyətlərinə çox sevinirdi, yaşı 60-ı keçəndən sonra yeni arvadı onu dünyalara bərabər olan bir hədiyyə ilə sevindirmişdi. Uşaq həm anasına, həm atasına çox bağlı olmaqla, onların yanında özünü o qədər səlis aparırdı ki, onu atəşin qaydada sevməmək mümkün deyildi. Axı valideynləri Hamnetin timsalında ağıllarına gəlməyən bir xoşbəxtliyə çatmışdılar və onu hər vasitə ilə qorumağa çalışırdılar. Onun bu nadir adını isə Südabə xanımın Şekspirə olan məhəbbətinə görə belə qoymuşdular, dramaturqun yeganə oğlu da belə adlanırmış.

 

Hüseyn gələcək üçün böyük planlar cızırdı, oğlu, yəqin ki, məktəbdə əlaçı olacaq, dərs ili başa çatmamışdan bir si-nifdən digərinə keçməklə, orta məktəbi 6-7 ilə bitirəcəkdi. Hamnet, yəqin ki, ən nüfuzlu ali məktəbdə təhsil almalı idi. Hüseyn vaxtilə özü Leninqradda təhsil almışdı, oğlu isə, yəqin ki, Londondakı ali məktəblərin birində, yaxud da Oksfordda və ya Kembricdə universitet təhsili almalı idi. Bunun üçün valideynləri universitetə iri məbləğdə pul ödəməli idilər. Ona görə də ata bir neçə tikinti şirkətində işləməklə, daha çox pul qazanmağa çalışırdı və buna, əsasən, nail olurdu. Onun bankdakı hesabı şişməyə başlayırdı, birinci arvadı olan Südabə Səfərlidən də xeyli maddi irs qalmışdı və əsərlərinin yenidən çap olunmasına görə İngiltərədən ödənilən pulların axını kəsil-mirdi, əksinə, daha da artırdı. Mərhum arvadı həm bank hesabındakı pullarını, həm də gələcək qonorarlarını ona vəsiyyət etmişdi.

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 11 sentyabr.- S.20.