Üzeyir bəy: Ömrün şərəfli iki ili  

 

 

1936-cı ildə Sovet tarixində ilk parlament seçkiləri keçiriləndə Azərbaycan professional musiqisinin banisi  Üzeyir Hacıbəyli də (təbii ki, o zaman soyadı hər yerdə Hacıbəyov kimi göstərilirdi)  tam haqlı olaraq SSRİ Ali Sovetinin deputatları sırasında yer almışdı. Namizədliyinin belə bir mötəbər quruma irəli sürülməsi və seçilməsi ilə əlaqədar böyük bəstəkarın əleyhdarları baş qaldırmışdılar.

 

Müxtəlif ünvanlara Üzeyir bəyi ləkələyən, onun Sovet quruluşuna yad və düşmən münasibət bəsləməsindən, keçmişdə Müsavat partiyası ilə əməkdaşlığından, doğma qardaşının xaricdə  yaşamasından və s. söz açan çoxsaylı imzalı-imzasız məktublar göndərilirdi. Şübhəsiz, bu tipli məktublardakı informasiyalar xarakterindən asılı olmayaraq bolşevik xüsusi xidmət qurumlarının diqqətindən kənarda qala bilməzdi.  Seçkilər başa çatandan və Üzeyir bəy deputat mandatı alandan az sonra Azərbaycan KP (b) MK-nın partiya və sovet orqanları ilə iş şöbəsinin rəisi Brener birinci katib M.C.Bağırova  7 yanvar 1937-ci il tarixli məlumatında yazırdı:

 

 "Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov - partiyasız, bəstəkar. Naxçıvan seçki dairəsindən SSRİ Millətlər Sovetinə seçilib. Üzeyir Hacıbəyov haqda daxil olan məlumatlarda onun 1919-1920-ci illərdə müsavatçılarla əlaqə saxlaması, bir müddət Müsavat qəzetini redaktə etməsi, qardaşının Parisdə yaşaması və uzun illər boyu Hacıbəyovun ona maddi yardım göstərməsi bildirilir. Üzeyir Hacıbəyov özü Azərbaycanda Sovet hakimiyyəti (Bakı kommunası nəzərdə tutulur - V.Q.) qurulanda İrana qaçmış və yalnız aradan bir müddət keçəndən sonra Bakıya qayıtmışdı. Hacıbəyov  təsdiq edir ki, 1919-cu ildə 3-4 ay ərzində "Azərbaycan" adlı Müsavat qəzetində işləyib. Əvvəlcə sıravi əməkdaş olub, ardınca isə bir müddət müvəqqəti redaktor kimi çalışıb. Hacıbəyov onu da təsdiq edir ki, Parisdə Ceyhun Hacıbəyov adlı qardaşı yaşayır. 1910-cu ildə ora təhsil almağa gedib. Hacıbəyovun sözlərinə görə, 1924-cü ildən qardaşı ilə heç bir əlaqəsi yoxdur. Hacıbəyov bildirir ki, 1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin icazəsi ilə artistlərdən ibarət truppa götürərək Ənzəliyə qastrol səfərinə yollanıb və 7-8 aydan sonra, təxminən 1919-cu ilin ortalarında Bakıya qayıdıb".

 

***

 

Bu məlumatda bir neçə qeyri-dəqiq məqam var. Amma məsələ onda deyil.

 

Göründüyü kimi, deputat toxunulmazlığı almasına, yeni sovet musiqisinin korifeylərindən biri kimi məşhurlaşmasına baxmayaraq, Üzeyir bəyin həyatının milli dövlətçilik dövründə keçən iki ili bəstəkarın bədxahlarının və Azərbaycanın müstəqilliyinə düşmən kəsilənlərin yadından çıxmırdı.

...1918-ci il mayın 28-də Tiflisdə Misaqi-Milli-İstiqlal Bəyannaməsi qəbul ediləndə Üzeyir bəy Azərbaycanda, ümumən Qafqazda deyildi. Yəqin ki, Vətəndə olsaydı, bu tarixi sənədə imza atanların, yaxud ən qızğın tərəfdarlarının sırasında birincilər cərgəsində onun adını görərdik. Çünki 1905-ci ildən sonra bütün həyatı,  mədəni-ictimai və publisist fəaliyyəti mübaliğəsiz şəkildə milli dirçəliş, milli özünüdərk ideyasına, ana yurda  sahib çıxmaq amalına xidmət etmişdi. Bütün varlığı ilə xalqı  "müsəlman ümmətindən türk millətinə" çevirmək uğrunda mübarizə aparanların  biri də gənc Üzeyir bəy olmuşdu.

 

Ancaq həmin həlledici günlərdə o, Vətəndən uzaqda idi.  1918-ci ilin martında daşnak-bolşeviklərin Bakıda törətdiyi dəhşətli Mart soyqırımından xilas yolu axtaran minlərlə həmvətəni kimi, Üzeyir bəy də baş götürüb mühacirətə - İrana yollanmışdı. Onilliklər boyu dahi bəstəkarın həyatının bu dövrü üzərindən ya tam sükutla keçilmiş, ya da Arazın qarşı sahilində yaşadığı narahatlıq və əndişə dolu aylar sadəcə  "qastrol səfəri" kimi qələmə verilmişdi.

 

Çox güman, şəraitin təsiri altında Üzeyir bəy özü Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırova 7 may 1938-ci il tarixli müraciətində həyatının həmin dövrünə bir qədər fərqli bucaq altından işıq salaraq yazırdı:

 

"1918-ci ildə vətəndaş müharibəsinin başlanması ilə əlaqədar  tamaşalarımız  dayandı. Artistlər hamısı böyük maddi ehtiyac içində idilər   məndən İrana müvəqqəti qastrol səfərinə getməyi xahiş etdilər. Lakin belə səfər üçün Bakıdakı Sovet hakimiyyətinin icazəsi tələb olunurdu. Mən yoldaş Alyoşa Caparidze ilə şəxsən tanış idim. Bizi Hənəfi Terequlov (Üzeyir bəyin qaynı, Zaqafqaziyada bolşevik hərəkatının fəal iştirakçılarından biri - V.Q.) tanış etmişdi. Yoldaş Caparidze camaatla təbliğati söhbətlər aparmaq məqsədi ilə Bakı kəndlərinə gedəndə məni də özü ilə götürürdü. Odur ki, artistlərimizin çətin vəziyyəti barədə ona danışdım və teatr truppası ilə birlikdə Ənzəliyə qastrol səfərinə getməyimizə icazə (buraxılış vərəqəsi) vermələrini xahiş etdim. İranda uğursuzluqla keçən qastroldan və üzləşdiyimiz çoxsaylı əzab-əziyyətdən sonra geri qayıtmağı qərara aldıq. Bu həmin vaxt idi ki, türklər artıq Bakıdan çıxmış, onların yerini ingilislər tutmuşdu. Bakıda Müsavat hökumətinin mövcudluğunu  geri qayıtdığım zaman öyrəndim. Təbii ki, opera teatrı  müsavatçıların sərəncamında idi. Burada tamaşa göstərmək xahişimlə əlaqədar bildirdilər ki, bu məsələ ilə teatr özü məşğul olacaq. Mənə isə təklif etdilər ki, türk dilində rəsmi dövlət orqanının - "Azərbaycan" qəzetinin redaktorluğunu üzərimə götürüm. Çünki hələ 1905-1908-ci illərdən qəzet işi ilə yaxından tanış idim. "Azərbaycan" qəzeti partiyalı xarakter daşımırdı. Partiya mənsubiyyətindən asılı olmayaraq  onun səhifələrində hər kəs çıxış edə bilərdi. Müvəqqəti redaktorluq vəzifəsini üzərimə götürəndən üç ay sonra İran qızdırmasına yoluxduğumdan müalicə üçün Gürcüstana (Qocur yaylağına) getdim. Geri qayıdandan az keçməmiş Müsavat hökuməti devrildi və hakimiyyət qəhrəman Bakı proletariatının əlinə keçdi".

 

Qastrol variantı nə dərəcədə inandırıcıdır? Əgər Üzeyir bəy özü bu barədə danışırsa, təbii ki, inanmamağa haqqımız yoxdur. Amma istənilən halda bu məcburi qastrol idi. Onun əsasında pul qazanmaqdan daha çox özünün və yaxınlarının həyatını xilas etmək niyyəti dayanırdı.

 

Bakı cəhənnəmindən Üzeyir bəyin yardımı ilə xilas olan aktyor - SSRİ Xalq artisti  Mirzəağa Əliyev də Sovet dövründə "Revolyusiya və kultura" jurnalında çap etdirdiyi "Xatirələr"ində rəsmi təbliğatın cızdığı çərçivədən kənara çıxmayıb erməni terrorundan qaçışı utancaqlıqla sıradan bir qastrol  kimi qələmə verərək yazmışdı: "Üzeyir və Zülfüqar Hacıbəyovlar başda olmaqla Rəşt və Ənzəli şəhərlərində tamaşa göstərmək üçün İrana getdik. O zamanlar Rəşt, Ənzəli, Lahican şəhərləri, bir sözlə, bütün Gilan mücahidlərin əlində idi. Burada işlərimiz yaxşı getmədi. İngilislər hər gün Rəşt şəhərinə təyyarə ilə bomba tökdükləri zaman "Xurşid" (Həbib bəy Kərimovun xatırladığına görə, "Sinemayi-Xurşid" adlanan bu teatr irəvanlı Alış bəy adlı bir şəxsə məxsus idi - V.Q.) teatrı yanmışdı. Dörd ay (əslində 6 ay - V.Q.) işsiz qalıb Bakıya qayıtdıq".

 

Səhnəmizin başqa bir  fədaisinin - Əhməd Anatollunun xatirələrində də eyni süjet təkrar  olunur: "Üzeyir Hacıbəyovla aktyor heyətini və teatrın geyimlərini, musiqi alətlərini götürüb birlikdə İrana yola düşdük... Sonra Rəşt şəhərinə getdik Mollalar oynamağa imkan vermədiklərindən çox çətinlik çəkdik".

 

Həmkarlarının  təsdiqinə rəğmən Üzeyir bəyin M.C.Bağırova məktubundakı faktlar ortaya  haqlı suallar çıxarır: əgər bəstəkar həqiqətən də Bakıdakı bolşevik liderləri ilə yaxın idisə, hətta onlarla müəyyən işgüzar əlaqələri vardısa (məsələn, Bakı kommunasının ikinci adamı Alyoşa Caparidze ilə birlikdə təbliğati fəaliyyət)   o zaman nə üçün Vətənini tərk etmişdi? Yəqin ki, bolşeviklər də bütün Qafqazda tanınan belə bir populyar ictimai xadimin yanlarında olmasından  məmnunluq duyar, siyasi dividend götürməyə çalışardılar. Xüsusən aralarında "müsəlman əhali" ilə  uçurumun olduğu şəraitdə bu göydəndüşmə fürsət idi.  Həmin dövrdə Üzeyir bəyi yüz minlərlə insan tanıyır, şəxsiyyətinə və sənətinə böyük hörmətlə yanaşırdılar və heç şübhəsiz, onun ardınca getməyə tərəddüd etməzdilər.

 

Burada maraqlı bir məqam da diqqəti cəlb edir. Əgər Üzeyir bəyin bolşevik ideyalarına hər hansı rəğbət olsaydı, o, Ənzəlidən Bakıya deyil, Həştərxana gedərdi. Çünki yaxından tanıdığı Nəriman Nətimanov başda olmaqla Azərbaycan hümmətçi bolşevikləri bu şəhərdə cəmləşmişdilər...

Amma məsələ ondadır ki, milli intibah ideyasının atəşin tərəfdarı kimi tanınan  Üzeyir bəy erməni hökmü altındakı Bakıda yaşamağı heç vaxt şərəf və ləyaqətinə sığışdıra bilməzdi. A.Çaparidze ilə yaxın münasibəti faktlarla təsdiqini tapmasa da (hərçənd istisna da edilə bilməz!), onun köməyi ilə qastrol adı altında Bakını tərk etməsi inandırıcı görünür. Bu işi özü deyil, bolşeviklərlə çalışan qaynı və həmkarı Hənəfi Terequlov vasitəsi ilə həll etməsi də mümkün sayıla bilər.

 

Başqa sözlə desək, Üzeyir bəy 1918-ci il Mart qırğınından sonra qastrol bəhanəsi ilə ölkəni tərk etməyi Şaumyanın rəhbərliyi altındakı daşnak-bolşeviklərin at oynatdıqları Vətəndə qalmaqdan daha üstün tutmuşdu.  

 

Həmin dövrdə Cənubi Azərbaycan şəhərlərindəki vəziyyət də Bakıdan yaxşı deyildi. Əslində, nicat yolu axtaran "qastrolçular" yağışdan çıxıb yağmura düşmüşdülər. Bakı kimi Rəşt və Ənzəli də od içində idi. Bolşevik taunu artıq bura da yol tapmışdı. Mədəniyyətə düşmən kəsilən mövhumatçılar da öz yerində...

 

Amma bütün çətinliklərə baxmayaraq, Azərbaycan sənətçiləri İranda həqiqətən   tamaşalar göstərmişdi. "Arşın mal alan"ı, "O olmasın, bu olsun"u və milli teatrımızın repertuarından  digər əsərləri oynamışdılar. Tamaşalar böyük gəlir gətirməsə də, ümumən uğurla keçmiş, insanlarda teatra maraq yaranmışdı. Üzeyir bəy və həmkarlarının fəaliyyətindən bəhs edən iranlı müəllif Rəşid Yasəmi "Ədəbiyyati-müasirə" əsərində yazırdı: "... teatr işində təcrübə qazandıqlarına və bu sənətin incəliklərini bildiklərinə, habelə gözəl oyunçular və xoş səsə malik sənətkarlar olduqlarına görə işləri çox irəli getdi. Xüsusən, Qafqazın "Arşın mal alan", "Məşədi İbad", "Əsli və Kərəm" operettalarını əvvəl türkcə oynadılar, sonra yavaş-yavaş farscaya tərcümə edib farsca bilən türklərin iştirakı ilə oynadılar, işləri çox xoşa gələn tərzdə irəli getdi. (Sitat Q.Məmmədlinin "Üzeyir Hacıbəyov. Həyat və yaradıcılığının salnaməsi". Bakı, 1984) kitabından götürülüb.

 

Sonralar, yəni 1959-cu ildə Moskvada çap olunan "Sovremennıy İran" kitabında Üzeyir bəyin qonşu ölkənin mədəni həyatında iştirakı  belə qiymətləndirilmişdi: "İranda musiqili teatr müvəffəqiyyət qazanırdı. Teatr sənətinin bu janrı Azərbaycan musiqili komediyasının təsiri altında inkişaf edir və Azərbaycan pyesləri İran teatrının repertuarında uzun müddət əsas yer tuturdu. Xüsusilə bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" və "Məşədi İbad" adlı komediyaları tamaşaçı kütləsi tərəfindən  daha çox sevilirdi".

 

Bəli, 1918-ci ilin mayında Üzeyir bəy Vətəndə deyildi. Yoxsa bir vaxtlar Puşkin Senat meydanına, dekabristlərin yanına can atdığı kimi, o da  xalqı üçün taleyüklü məsələlərin həll edildiyi Tiflisə getməyi hər şeydən üstün tutardı.

 

Amma özü vətəndə olmasa da, tamaşaları teatrların repertuarında əsas yer tuturdu. Qafqazda qan axıdıldığı, atəş səslərinin ara vermədiyi, siyasi və milli düşmənçiliyin hər vasitə ilə körükləndiyi həyəcanlı günlərdə "Arşın mal alan"ın, yaxud "Məşədi İbad"ın həyatsevər, koloritli qəhrəmanları bir neçə saatlığa da olsa, insanları dəhşətli reallıqlardan ayırırdı. Milli mənsubiyyətindən asılı olmayaraq   sakit və idillik həyat nostalgiyası yaşadırdı.

Mayın 28-də təkcə Azərbaycan türkləri deyil, xalqımıza əbədi düşmən kəsilən haylar da milli dövlətlərini - Ararat respublikasını yaratdıqlarını elan etmişdi. "Ölkənin" belə adlandırılması qonşularımızın böyük iştahası ilə bağlı idi - yalnız "Qədim Ermənistanın bütün əraziləri üzərində nəzarət ələ keçiriləndən sonra tarixi Ermənistan" elan olunacaqdı.  "Tiflisski listok" qəzeti günün bu siyasi xəbər ilə eyni səhifədə mayın 29-da "Artistiçeskoe obhestvo" binasında erməni artistləri "Oqanyan və Kostanyanın Bakıdan gəlmiş truppasının Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" operasını ifa edəcəklərini"  bildirirdi.

 

Bir gün sonra isə eyni artistlər eyni binada Üzeyir bəyin "Arşın mal alan" operettasını tamaşaya qoymuşdu. İstiqlal elan etmiş erməni siyasilərinin  həmin tamaşada olub-olmadıqlarını söyləmək çətindir. Hərçənd belə bir iştirak istisna edilməməlidir. Əslində isə bizim üçün bu iştirak faktı o qədər də əhəmiyyətli məsələ  deyil, başqa bir amil daha önəmlidir - guya milli dövlət yaratmış    erməni seçkinlərinin  ilk iki günü,  müstəqil mədəni həyatın ilk addımları Üzeyir bəyin irsinə müraciətlə səciyyəvi olmuşdu.

 

Hər bir millət  tarixindəki diqqətəlayiq hadisələri öz sözü, musiqisi, rəqsi və s. ilə bayram etdiyi halda, qonşularımız fitnəkarlıq və zor gücünə də olsa, dövlət qurmalarının sevincini Üzeyir sənətinin sehri altında yaşamışdılar...

 

Dünyanın qəribə paradoksları var. Ermənilər Tiflisdə Üzeyir sənətindən zövq aldıqları bir vaxtda  bu ecazkar musiqinin müəllifi erməni terrorundan, soyqırımdan xilas olmaq üçün özünün və yaxınlarının həyatını taleyin ümidinə buraxmalı olmudu. Bizim günlərdə - son  otuz ilə yaxın müddət ərzində Üzeyir bəyin yurdunda - Şuşada at oynadan hay tayfası bəstəkarın tək sənətini deyil, torpağını və vətənini də oğurlamağa çalışırdılar. Amma arzuları puç oldu - Azərbaycan əsgərinin iradəsi sayəsində sonda Şuşada əzəmətli "Üvertura" səsləndi. Üzeyir bəy birincilər sırasında "evinə" döndü. Vandalların məhv etdiyi büstü və heykəli öz yerinə qaytarıldı. Yəqin ki, yaxın zamanlarda ev-muzeyi də bərpa olunacaq. Artıq bu dönüşün əbədiliyi  heç kimdə şübhə doğurmur.

 

Azərbaycan torpaqlarının işğalı ilə Üzeyir musiqisinin "işğalı" həmişə paralel aparılmışdı. Hələ 1917-ci ildə publisist Eynəli Sultanov rusdilli Tiflis mətbuatında qətiyyətlə bu "mədəni istilaya" qarşı çıxmışdı. Nəticədə teatr afişalarında indiyə qədər heç bir dilə tərcümə olunmayan "Arşın mal alan"ın həqiqi müəllifinin adının göstəriməsinə nail olmuşdu. Amma Tiflis miqyaslı bu qələbə ermənilərin sonrakı oğurluq faktlarının qarşısını ala bilməmişdi.

 

Eyni notlar Üzeyir bəyin dostu Müslüm Maqomayevin məqalələrindən birində də vurğulanmışdı: "...Yeri gəlmişkən, keçmişdə Vladiqafqazda divarlara yapışdırılmış afişaları da qeyd etmək istərdim. Haman afişalarda "Arşın mal alan" adı yazılmış, fəqət heç bir yerdə onun müəllifi göstərilməmişdi. O vaxt erməni xadimlərindən birisi mənə sübut etmək istəyirdi ki, "Arşın mal alan" əslində, qədim zamanlarda ermənicə yazılıb oynanmışdır. O, bu pyesin keçmişdə Türkiyədə də oynandığını iddia edirdi. Bütün bu rüsvayçılıqlara son qoymaq zamanı deyilmi?"

 

Krım türklərinin dövlətində - Krım Direktoriyasında mühüm vəzifə tutan Yusif Vəzir də yerli "Millət" qəzetində bu "rüsvayçılığa" qarşı çıxmışdı: "Son zamanlar musiqişünasımız və Azərbaycanın iftixarı olan Üzeyir bəy Hacıbəyov musiqimizi nizama salmağa başladı. Yazdığı opera və operettaları ilə şöhrət qazandı. Yalnız özünü deyil, bütün millətini aləmə tanıtdı. Bu gün Krımda tatarlar və ermənilər tərəfindən tamaşaya qoyulan "Arşın mal alan", "O olmasın, bu olsun" operettaları hamısı Üzeyir bəyindir. Təəssüf olunur ki, musiqarımızın əsəri Krımda karikatura şəklində camaata göstərilir".

 

(Məşədi İbad demiş, "burada mənim yadıma Leyli və Məcnun əhvalatı düşür". Polşada eyni vaxtda çalışdığımız erməni səfiri Aşot Qaloyan məni inandırmağa çalışırdı ki, "Arşın mal alan" operettasında Vəli ilə Asyanın məşhur "Pulun var? - Var, var!" dueti (ermənicəsi "Poğel ka? -Ka, ka!") erməni etno misiqi nümunəsidir. Müəllif musiqisi olduğunu, Üzeyir bəyə məxsusluğunu dəlil-sübutlarla qabağına qoyanda "Onda Hacıbəyov bizdən götürüb. Mən gözümü açanda bu musiqini eşitmişəm" - deyirdi. "Sənin baban da, atan da gözünü açanda bu musiqini eşidib. Çünki özünüzün qulağa xoş gələn heç nəyiniz yoxdur" - desəm də, ermənini inadından döndərmək olmurdu. Və yenə Məşədi İbad demişkən "yıxıb yerə ağzına-ağzına vurmaqdan" başqa bir çıxış yolu qalmırdı...)

 

Bəstəkar İranda olanda operettaları Bakı, Tiflis, Həştərxan, Bağçasaray, Saratov və Daşkənddə ifa edilirdi. Azərbaycanda hakimiyyəti qəsb edən  erməni-rus alyansı - Sentrokaspi diktaturası da Üzeyir sənətinin qarşısına sədd çəkə bilməmişdi. "Arşın mal alan" həmişəki kimi Mayılov teatrının reprtuarından  düşmürdü. Amma ermənicə oynanılır, erməni musiqisi kimi qələmə verilirdi.

 

1918-ci il sentyabrın 15-də Bakı düşmənlərindən təmizləndi. Üç gün sonra Azərbaycan Cümhuriyyəti hökuməti müvəqqəti paytaxt Gəncədən Bakıya köçdü.  Oktyabrın 4-də isə artıq həyatın qaydaya düşməyə başladığı paytaxtda teatr mövsümünün açılışı oldu. Mart qırğınından bəri üzləri gülməyən,  daim qorxu və təhlükə altında, yas və ələm içərisində yaşayan azərbaycanlı əhali "Mikado" teatrına ("Araz" kino-teatrı - V.Q.) tələsirdi. Üzeyir bəyin ölməz "Arşın mal alan"ı tamaşaya qoyulmuşdu. Bu dəfə... ana dilində, Azərbaycan türkcəsində!

 

Müstəqillik Azərbaycan torpağına Üzeyir sənəti ilə gəlirdi... Rəsmi hökumət qəzeti - rus dilində çıxan "Azerbaydjan" 7 oktyabr tarixli sayında yazırdı: "Uzun fasilədən sonra oktyabrın 4-də nəhayət ki, müsəlman teatrı Bakıda  qış mövsümünü açdı. "Mikado" teatrı ağzınadək dolu idi. Artistlərdən Hüseynzadə və Anaplının iştirakı ilə Üzeyir bəyin "Arşın mal alan" operası oynandı".

 

Bakıda bu sevincli günlər yaşananda Üzeyir bəy vətənə qayıtmaq üçün son hazırlıq işlərini görürdü. Oktyabrın 22-də 600 nəfərdən çox mühaciri Ənzəlidən gətirən "Arxangelsk" gəmisi Bakı limanına yan aldı. Nargin adası yaxınlığında fırtınaya qopmuş, sərnişinlər üzücü saatlar yaşamalı olmuşdular. Amma hər şey xoşbəxt sonluqla bitmişdi. Mətbuat hadisəyə laqeyd qalmamışdı. "Azərbaycan" qəzeti 24 oktyabr 1918-ci il tarixli sayında yazırdı: "Mart hadisəsindən sonra İrana getmiş olan məşhur musiqişünas və müsənnif Üzeyir bəy Hacıbəyov dünən "Arxangelsk" paroxodu ilə Bakıya gəlmişdir".

 

Məhrumiyyət dövrü arxada qalmışdı. Üzeyir bəy yenidən Bakıda idi - Azərbaycan Cümhuriyyətinin paytaxtı kimi tam başqa gözlə, başqa libasda görünən Bakıda! Onun gəlişindən bir həftə əvvəl - oktyabrın 14-də paytaxtda dövrün ən müqtədir artistlərinin iştirakı ilə musiqili dram truppası təsis edilmiş,  məşhur tragik  Hüseyn Ərəblinski rejissor vəzifəsinə dəvət olunmuşdu.

 

Qəzetin rusca çıxan versiyasi da eyni gündə "Bakıda, Qubernski küçədəki 43 nömrəli evdə yaşayan" Üzeyir Hacıbəyovun ayın sonuna qədər müsəlman teatrının səhnəsində oynamaq istəyən, Azərbaycan türkcəsini bilən yerli və digər millətlərdən olan qadınları qəbul edəcəyini" xəbər verirdi.

 

Bakıya qayıdan kimi Üzeyir bəy yalnız teatr və musiqi deyil, publisist fəaliyyətini də bərpa etmişdi. Rus dilində yazdığı üç hissədən ibarət "İran haqda məktublar" ("Meşə qardaşları", "Əhali və cəngəlilər" (qocaman jurnalist Qulam Məmmədli səhvən "Əhali və cəngəlliklər" şəklində tərcümə etmişdi - V.Q.), "İran gözləntiləri") "Azərbaycan" (rusca) qəzetinin 1918-ci il noyabr saylarında dərc olunmuşdu. Silsilə məqalələrdə yerli feodal Mirzə Kuçek xanın şah rejiminə qarşı  İranın şimalındakı mübarizəsindən bəhs olunurdu.

 

Noyabrın ortalarından Zülfüqar bəyin rəhbərliyi altında "Hacıbəyov qardaşları müdriyyəti" ardıcıl şəkildə Bakıda teatr, opera və operetta tamaşalarının təşkilinə başlayır. Dövrün mətbuatından da göründüyü kimi, əksəriyyəti anşlaqla keçən bu konsertlərdə ara-sıra dirijor pultunun arxasında Üzeyir bəyin özü dayandığı diqqəti çəkir. Tezliklə tamaşaların sayı həftədə üç dəfəyə çatdırılır.

 

Qastrol səfərlərinə yollanan Azərbaycan artistləri Üzeyir bəyin əsərlərini İstanbulda və Orta Asiyada uğurla oynayırlar. İstanbulda "Arşın mal alan" musiqili komediyasını görən Fransanın "Pate" film-studiyasının rəhbərliyi tamaşanı Parisdə tamaşaya qoymaq və  əsasında film çəkmək təşəbbüsü ilə çıxış edir.

 

Bakıda hökumət teatrında bəstəkarın "Arşın mal alan", "O olmasın, bu olsun", "Leyli və Məcnun" tamaşalarına baxan Müttəfiq qüvvələr komandanlığının təmsilçiləri  Üzeyir bəyə truppası ilə həmin əsərləri Londonda, yaxud Parisdə göstərməyi təklif edirlər. Versal Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov da gənc respublikanı tanıtmaq üçün  zəngin və özünəməxsus əsərlərin, ilk növbədə isə Üzeyir bəyin milli koloriti və ümumbəşəri keyfiyyətləri ilə seçilən operettalarnıın Avropa səhnələrində tamaşaya qoyulmasının  vacibliyini  hökumətə məlumatlarında dönə-dönə vurğulayır. Baş nazir Nəsib bəy Usubbəyov  təkliflə razılaşır.

 

Nəticədə "Azərbaycan" (rusca) qəzetinin 1919-cu il 283-cü sayında aşağıdakı sətirləri oxuyuruq: "Qərbi Avropa xalqlarını Azərbaycanın mənəvi mədəniyyəti ilə tanış etmək üçün Azərbaycan teatr qüvvələrinin Parisə göndərilməsi məsləhət görülüb. İşin təşkili bəstəkar Üzeyir Hacıbəyova tapşırılıb". Sanki arzular artıq çin olurdu. Təəssüf ki, nəqliyyat və maliyyə çətinlikləri, sonra isə Cümhuriyyətin süqutu nəcib niyyətin həyata keçirilməsinə imkan vermir.

 

(Ardı var)

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2021.- 11 sentyabr.- S.14-15.