Vətən naminə - Vətən
uğrunda
1993-cü
il iyulun 23-ü - Ağdamın
işğal günü yaddaşımda əbədi donub
qalıb: həm də həmin mənzərəni canlı
deyil, dövlət televiziyasının ekranından qəlbimə,
yaddaşımın dərinliyinə
köçürmüşəm.
O vaxt
televiziyalar hadisələri istədikləri yerdən
birbaşa reportaj kimi yayırdılar: AzTV ilə də belə
olmuşdu: gündüz təxminən saat 3-də kameralar
köhnə (!!!) Ağdam-Bərdə yolunu
obyektivin ağzına verib Qarabağın mərkəzi şəhərinin
necə işğal olunmasına güzgü tuturdular. Yol boyu düzülmüş insanlar yayın istisində
bircə anlıq nəfəs dərmək üçün
yerə çökür və elə bu anda da o dünya ilə
bu dünya arasında haqq-hesab edirdilər.
Kameralar da yolun solunda çömbəlmiş
arvad-uşağı göstərirdi. Orta yaşlı qadın yaşı
qurumuş gözlərini silə-silə sol yanında yerə
uzadılmış kişi meyitini göstərərək
deyirdi:
- Buyurun,
bu da qohum, burda canını bizlərə tapşırıb,
haqqın dərgahına qovuşub. İndi bilmirəm ki, bu rəhmətliyi
harada dəfn edəcəyik...
Məncə,
bundan ağır dərd ola bilməzdi həmin
anda: öz torpağında can verəsən, amma harada dəfn
olunacağın bilinməsin.
Üstündən 30 ilədək vaxt ötüb, ancaq mən
bu sözləri heç cür unuda bilmirəm.
***
Jurnalistikada ustadım saydığım rəhmətlik
Zeynal Mirzə oğlu Babayevlə də belə olub. Özünün
danışdığına görə, ötən əsrin
50-ci illərində günlərin bir günü onu komsomolun
Mərkəzi Komitəsinə çağırıb dənizdə
boğulan qızları xilas edərkən son nəticədə
özü quduz dalğaların qurbanına çevrilmiş
oğlandan - məktəbli Tofiq Hüseynovdan yazmağı həvalə
edirlər.
Biz indi
danışanda belə deyə bilirik: "Həvalə edirlər".
O vaxt isə bu, mühüm partiya tapşırığı
sayılırdı, jurnalist üçün ölüm-dirim
məsələsi idi. Gənc jurnalist haqq
dünyasına qovuşmuş məktəblidən ya qəhrəman
səviyyəsində yazmalı, ya da onu bu səviyyəyə
yüksəltməli idi. Zeynal müəllimin
qismətinə ikinci variant düşmüşdü.
Məşhur kino rejissoru Eldar Quliyev 1972-ci ildə çəkdiyi
"Var olun, qızlar!" bədii filmində bu əhvalatı
ekranlaşdırmış və Tofiq Hüseynovu, yumşaq
desək, milli qəhrəman səviyyəsində göstərməli
olmuşdu.
Ümumiyyətlə,
Zeynal müəllimin jurnalistika həyatında belə qəhrəmanlar
az olmayıb. Daha birini
xatırlayıram. 70-ci illərin
ortalarında onu Bakıdan dəm-dəsgahla Zərdab rayonuna
yola salmağımız yadıma düşür - haqqında
yazacağı oğlanın ata yurdu bura idi. Fotomüxbir Üzeyir Muradovla birgə getmişdilər
bu səfərə. Bakıya qayıdandan sonra "Azərbaycan
gəncləri"nin bütöv bir səhifəsi
boyda məqalə yazıldı: "Əbədiləşən
ömür".
Son vaxtlaracan elə bilirdim ki, bu yazı qəzetdə dərc
olunmayıb. Hərçənd yazı bütün texniki tələblərə
tam cavab verirdi, üstəlik, komsomolun həmin günlərdə
açılan qurultayına da tamamilə uyğun gəlirdi.
Bu, bilavasitə özümün şahidi olduğum bir
faktdır. Amma dolayısı ilə şahidlik elədiyim
başqa bir fakt da var.
"...Özünün
21 yaşında". 70-ci illərin
ortalarında bütün Sovet İttifaqında komsomol təşkilatları
hər yerdə məşhur yazıçı Konstantin
Simonovun eyniadlı sənədli povestini oxuyur, əzbərləyir,
gündəlik həyatlarında yaşıdı olan yeni qəhrəmanın
meydana gəlməsi ilə fəxr edirdilər. Zarafat
deyildi, Anatoli Merzlyovun adı komsomolun elə təxminən həmin
günlərdə keçirilən növbəti
qurultayında MK-nın hesabat məruzəsinə
salınmış və arxada qalan dörd il
üçün komsomolçuların rəşadət
nümunələrindən biri kimi təqdim edilmişdi.
Əslinə
qalsa, Anatoli bir elə də böyük rəşadət
göstərməmişdi: Ryazan vilayətindəki
sovxozların birində taxıl zəmisinin yanmağa
başladığını görərkən heç yerə,
heç kəsə xəbər eləmədən traktorun
sükanı arxasına keçərək təkbaşına
zəmini söndürməyə başlamış və son
nəticədə nə bu istəyinə nail olmuş, nə
də alovun içindən özünü və texnikanı
salamat çıxara bilmişdi...
Sovet ordusunun əsgəri, ağdamlı Rahib Məmmədovla
da belə olmuşdu. 1987-ci il fevralın əvvəllərində
Gürcüstanda sel-su daşqınlarının
ağzından ZTR vasitəsilə 30-a qədər adamı
(halbuki adi halda ZTR-ə cəmi 14 nəfər
sığışa bilir) ölümün ağzından
xilas edərkən özü qurban getmişdi.
Onun bu şücaətindən yazmağı o vaxt
"Molodyoj Azerbaydjana" qəzeti redaksiyasına təzəcə
işləməyə gəlmiş filologiya elmləri namizədi
Rövşən Mustafayevə tapşırmışdılar. "Azərbaycan gəncləri"ndə
bu yazının sonrakı taleyi ilə mən məşğul
oldum: yazını tərcümə elədim, qəzetdə tərtibatını
verdim.
Rahib Məmmədov
19 yaşında, ölümündən sonra SSRİ-nin ən
hörmətli mükafatlarından olan "Qırmızı
ulduz" ordeni ilə təltif edildi...
Daha bir gənc
qəhrəmanın xalqa tanıdılmasında da iştirak
eləməli olmuşdum: əslən Zərdab rayonunun Şəftəhal
kəndindən olan Ramiz Kərimov orta məktəbdən sonra
Yeni Bakı Neft Emalı Zavodunda işə girmiş və
burada sonradan qəhrəman səviyyəsində qiymətləndirilən
hərəkətini eləmişdi: 77-ci il martın 6-sı,
gecənin bir aləmində baş verən partlayışdan
sonra zavod yanmağa başlamış, Ramiz də digər
yanğınsöndürən yoldaşları ilə birlikdə
alovu söndürmək, yoldaşlarını alovun içindən
xilas etmək məcburiyyəti qarşısında
qalmışdı. Üç nəfəri alovun içindən
çıxarmış, dördüncüdə alovlanan
şalbanlardan biri arxadan yolu bağlamış və elə bu
da Ramizin özünün də xilas olmaq ümidlərini kəsmişdi;
Ramiz yarıbayarı özü də yanmış və hadisədən
az sonra dünyasını dəyişmişdi.
Həmin il iyunun 23-də Leonid Brejnevin
imzaladığı fərmanla onun bu şücaəti
"Qırmızı ulduz" ordeninə layiq
görülmüşdü.
Biz indi bu qəhrəmanların həyatının cavan
çağlarında qurban getməsinin bütünlüklə
ideya, ideologiya naminə yozulmasını istəməzdik. Lakin
reallıq budur ki, həqiqətin gözünə
açıq gözlə baxmağı və Covet
imperiyası dövründə formalaşmış bəzi həqiqətlərin
əsl mahiyyətini heç olmazsa indi - üstündən illər
keçəndən sonra söyləməyi zəruri
sayırıq.
Mən tələbəlik
illərindən Ramizin yaxın qohumu Tahirlə tanış
idim. Hadisənin sorağı çıxanda
redaksiyada bir yır-yığış başlandı. Belə mövzularda ixtisaslaşmış Zeynal
müəllimin Zərdaba gedəcəyi məlum olanda mən
də müəyyən köməyimi əsirgəmədim.
Fotomüxbir Üzeyir Muradov Zeynal müəllimə
yol yoldaşı oldu. Bakıya qayıdanda
artıq bir səhifəlik yazı hazır idi. Hər cəhətdən abırlı, gözəgəlimli
bir mətn alınmışdı.
***
Şərur
rayonunun Ələkli kənd sakini Nargül İbrahimova əhd
edib, peyman bağladığı həmkəndlisi Adillə
ailə həyatı quranda təsəvvürünə belə
gətirə bilməzdi ki, ömür-gün yoldaşı ilə
3 ildən də az müddətdə birgə yaşayacaq və
bu dünya bərqərar olandan bəri hamının nifrinlə
qarşıladığı müharibəyə qurban gedəcək.
Həm də təkcə özü deyil, 28
yaşlı ömür-gün yoldaşı, Azərbaycan
Ordusunun baş leytenantı Adil İbrahimli də.
Nargül xanımı görmədiyim şəkildə
gördüm.
Həmin vaxta qədər heç görməmişdim
ki, mafəni qadın aparsın. Sonradan qadının
kimliyi ilə maraqlananda şəkildəki vəziyyəti təbii
sandım: həmin qadın şəhidin həyat
yoldaşı Nargül İbrahimova imiş. "Ona sonuncu dəfə
ancaq belə yaxın ola bilərdim" -
Nargül xanım mərasimdən sonra jurnalistlərə belə
demişdi. Məncə, normal qadın sevgisindən
ömürlük ayrı düşməsini bu sözlərdən
savayı ayrı cür ifadə edə bilməzdi.
Qaldı ki, onun şəhid həyat yoldaşının tabutu
altına girib son mənzilə aparmasına, jurnalist həmkarım,
ilahiyyatçı Hacı Mehman Fərəcullayev Qafqaz Müsəlmanları
İdarəsindəki həmkarlarına istinadla bu hadisəyə
belə şərh verdi: "Bu hadisə
dinin, imanın pozulması deyil. Əslində, cənazənin
altına yaxın ətrafda kişi
xeylağı olmayanda qadın girə bilər. İndiki halda
isə bu, an məsələsidir: qadının ürəyinə
bu hiss gəlibsə, bu, onun müstəsna hüququdur, bu
hüquqdan yalnız onun özü özünü məhrum
edə bilər. Ayrı heç kimin ixtiyarı
yoxdur ki, bu məsələyə müdaxilə etsin".
Elə bu
sözlər də: "Bilmədim kimi qucaqlayım ki, onun ətrini
ala bilim..."
"Mənim atam qəşəng atadır. Atam şəhid
oldu, biz instituta girəndə qayıdacaq".
Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə
Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhərindəki
14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib.
2008-ci ildə təhsilini davam etdirmək üçün Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə
daxil olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə daxil olub. 2015-ci ildə hərbi
məktəbi bitirərək leytenant rütbəsini alıb.
Sonra Təlim-Tədris Mərkəzində zabit
kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan
Ordusunda xidmətə başlayıb.
2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə
qəbul olan Adil orada xidmət göstərdiyi zaman Türkiyədə
"Komando" kursunu fərqlənmə diplomu ilə bitirib.
Adil ailənin ortancıl övladı olub. Uşaqlıqdan
bəri vətənpərvərliyi və
yaşıdlarından din-imanı ilə seçilib. Atası Asəm bəy Birinci Qarabağ müharibəsinin
qazisidir. 1992-ci ildə müharibəyə
könüllü gedib. Bu günə qədər
də veteran vəsiqəsini götürməyib. Deyir
ki, məğlub savaşın qalib əsgəri ola bilməzdim.
O,
özü kimi də oğul böyüdüb. Çox sevdiyi
atasının adını daşıyan, "dədə"
deyə müraciət etdiyi Adili belə yad edir: "Mənə
dedi ki, halallıq ver, mən gedirəm, əmim kimi hərbçi
olacam. Hələ zarafatla deyirdi ki, mən əmimgildən
də yuxarı məqamda olacam. Bəlkə də onun qulağına
Allah-Taala demişdi ki, sən elə bir böyük zirvədə
olacaqsan ki..." (Burada ata qəhrindən
göz yaşına qərq olur, sözünü tamamlaya
bilmir).
Lakin atanın nə demək istədiyini
anlayırıq, onun dədəsi həqiqətən ən
yüksək məqama çatıb. Elə bir məqam ki,
biz istəsək də, onu təsvir belə edə bilmərik.
Adilin həyat yoldaşı Nargül xanım onu 12
yaşından bəri tanıyır. Evlilikləri cəmi üç il olsa da, onların sevgisi uzun bir yol qət edib.
O deyir: "Mən onu tanıyan vaxtdan bəri həmişə
deyirdi ki, gündəliklərin arxasında olan qan
yaddaşını dəyişmək istəyirəm. Belə idi onun Vətən sevgisi, dillə təsvir
etmək mümkün deyil. Bu, bəlkə
də onun dinə böyük inancından irəli gəlirdi.
Adil işində peşəkar olduğu kimi, ailədə
də gözəl başçı idi. Mən Adil
kimi ailə başçısı, ata görməmişəm.
Böyüklə böyük kimi, kiçiklə
kiçik kimi davranırdı. Qızına
bir ayrı, oğluna bir ayrı, mənə bir ayrı cür
yanaşırdı.
Həyat elə gətirdi ki, qızı ilə cəmi 12 gün vaxt keçirə bildi... Evə gələndə ayaqqabısını belə çıxarmamış Əbəlfəzi öpürdü. Övladlarına qarşı sevgisi belə idi.
Adillə üç ildir ki, evliyik. Toyumuzdan bir həftə
sonra təlimə getdilər. Heç bir
ad gününü, heç bir evlilik ildönümünü
birlikdə keçirə bilmədik. Daim
kurslarda, təlimlərdə oldu. Həsrət
çəkdik. İndi də məni ömürlük həsrətdə
buraxıb getdi..."
Adil cavan olmasına baxmayaraq, xeyli peşəkar hərbçi
olub. Son vəzifəsi isə qrup komandiri və baş kəşfiyyatçı
idi. Döyüş yoldaşları onun cəsarətindən,
müharibənin ən qızğın döyüşlərindəki
şücaətindən, son damla qanınadək
vuruşmasından danışır. O, Murovdağ
uğrunda gedən döyüşlərdə, Suqovuşan,
Füzuli, Hadrut, Xocavənd, Şuşa
döyüşlərində iştirak edib.
40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib, yaralı olsa da, qəhrəmancasına vuruşub, lakin mənfur düşmən yenidən ona atəş açıb...
Noyabrın 7-də Adil ölümün qarşısında sinə gərib, ən son məqamda isə Şəhidlik şərbətini dadıb.
Həyat yoldaşı Nargül xanım deyir ki, Adillə son dəfə oktyabrın 26-da danışıb. Nargül xanım qardaşı Elton Qənbərli şəhid olduğu üçün telefonda ağlayırmış. Nə qədər təmtəraqlı səslənsə də, faktdır: həyat yoldaşı Nargülə deyib ki, qardaşın Elton Şəhid olduğu üçün ağlama, o, ən uca məqamdadır, ona görə ağla ki, mən sağam.
Nargül xanım ona söz verir. Və son məqamda Adili
çiyinlərində daşıyanda da göz yaşı
axıtmır, məğrur şəkildə dik dayanır...
Adil
İbrahimli 2020-ci il noyabrın 20-si
Bakıda, İkinci Şəhidlər xiyabanında torpağa
tapşırılıb. Ölümündən sonra Vətən
Müharibəsi Qəhrəmanı adına
layiq görülüb.
Bu ailənin hərb sevgisi 39 illik hərbçi əmisi,
Hərbi Hava Qüvvələrinin polkovniki Elman İbrahimovdan
gəlir. Adil də, Elton da ona oxşamaq istədikləri
üçün hərbçi olublar.
Əmisi
Elman İbrahimov deyir ki, Adil, Elton, İbrahim və onların
bütün yoldaşları, bütün şəhidlərlə
fəxr edir: "Onların qanı yerdə qalmayıb. Biz bütün dünyada başıaşağı
idik, lakin indi onların sayəsində
alnıaçığıq". O, ailəsinə deyir
ki, başınızı dik tutun, sizin göz
yaşlarınız sevinc göz yaşları
olmalıdır.
İndi Adildən iki körpə balası və xatirələri
qalıb. Məhz o xatirələrlə yaşayıb
yaşadacaqlar.
Adil İbrahimli ölümündən sonra
"Vətən uğrunda" medalına da layiq
görülüb. Şəhid ailəsi Bakının Ramana qəsəbəsində
üçotaqlı mənzillə təmin olunub.
Şakir
YAQUBOV
525-ci qəzet.- 2021.- 11 sentyabr.- S.10.