Nə yaxşı dünyada
yaxşılar varmış!..
Yaxşı
insan fikrin xarakter bütövlüyünün, duru
ömür yaşamağın, fəzilətləri
yaşatmağın fəlsəfi dərkini ifadə edir.
Yaxşı insan insanlığın cəfakeşidi,
yaxşı insan xeyirxahlığı ötüşən
aylara-illərə həmayıl bilir. Yaxşı insan
yaxşılığı yaxşı niyyətlə
açılmalı səhərlərin
sığalına-tumarına dönən meh bilir. Yaz yağışından sonra göy
üzünün göy yelənli qövsi-qüzehi bilir.
Yaxşı insanlar "Nə yaxşı dünyada
yaxşılar varmış" kəlmələrini
ömrün-günün salavatı bilir; Tofiq Şəfaət oğlu
Mehdiyev yaxşı insandı...
Hardan başlanır Vətən?
Vətən
kəlməsi yaxşı insanların ruhunu ifadə edir; Tofiq
Şəfaət oğlu yaşadığı (və
yaşayacağı!) ayları-illəri belə
yaşayıb...
"Hardan başlanır Vətən?" ritorik
sualı zaman-zaman hamını düşündürüb. Bu suala
müxtəlif cavablar verilib. Hər
cavabın gerçəklik çaları olub, hərə
özünün dünyaduyumuna, dünyadərkinə
müvafiq cavab verib. Hər cavab gerçəkliyi ifadə
etdiyinə görə kimsə ona etiraz edə bilməyib...
Tofiq
Şəfaət oğlu 1946-cı il
sentyabrın 14-də Şərqi Zəngəzurda-Zəngilan
rayonun Pirçivan qəsəbəsində (hazırda Zəngilan
şəhəri adlanır) anadan olub, göz açıb
dünya adına Zəngəzuru görüb. Zəngilanda
boya-başa çatıb. Sosialist Əməyi
Qəhrəmanı olan atası Şəfaət Mehdiyevin nəsihətlərinin,
anası Nazlı xanımin öyüdlərinin ilkinini Zəngilanda
eşidib. "Cismimin Vətəni Zəngilandı,
cismimin və ruhumun Vətəni Zəngəzurdu. Əli Vəliyevin
"Zəngəzur dağlarında" romanını Zəngəzur
dağlarında oxuyacağım gün üçün
yaşayıram...", - Tofiq müəllimin niyyətinin
uvertürası bu duyğusal,
düşündürücü, Vətən kəlməsinin
"can köynəyi" olası fikirdi; "Hardan
başlanır Vətən?" - Vətəni sevənlərin
ürəyindən...
Tofiq müəllimin vətənpərvərliyinin boyu
yaşının bütün çağlarında
görünüb. Həm də qibtə ünvanı olmaqla...
Tariximizi də çox sevib (sevir), ədəbiyyatımızı
da, mədəniyyətimizi də. Nizamini, Füzulini, Nəsimini,
Sabiri, Cavidi, Səməd Vurğunu, ... sevə-sevə
oxuyardı, türk ədəbiyyatına da yaxından bələd
idi. Sözarası onların kəlam qüdrətində
misralarını, fikirlərini xatırladardı. Bu səbəbdən Tofiq müəllimin söhbətləri
maraqla dinləni-lərdi.
"Turacı qızıl qəfəsə saldılar. Harayı
göy üzünü yerə ələmə gücündəydi;
Ay Vətən! Ay Vətən!" Açıb
buraxdılar. Bir kolluğa qondu. Şərqisi
göy üzünə yayıldı: "Can Vətən! Can
Vətən!" - kimi deyimləri dinləyənlərin Vətən
sevgisini kükrədərdi...
Sonralar zəngəzurluların Zəngəzur həsrətini
bir ürək tutumunca yumşaldılması,
qayıdışa inamın tarixin axarından alınıb vətənsevərliyin
qüdrətinə ötürülməsi məqsədi ilə
"Zəngəzur" ictimai birliyinin yaradılmasını
xəyaldan gerçəkliyə çevirdi. Hazırda bu cəmiyyətin
Ağsaqqallar Şurasının sədridir. İllər sonra, Vətən müharibəsində
qazanılan Zəfərdən sonra Zəngəzur tarixdən
tarixə qaytarıldı; Vətəni tarixi
bütövlüyü ilə sevənlər Zəngəzur dəhlizinin
açılmasını Zəngəzura qayıdışın
yolgöstərəni bilir. Zəfərə görə,
dəhlizə görə "Gözün aydın, Vətən!"
deyirəm, ruhən vətənsevərlərə,
ömrünün bir parçası Zəngəzurda qalanlara
"Gözünüz aydın!" deyirəm,
tanıdığım, sevdiyim Tofiq Şəfaət oğluna
"Gözün aydın, Tofiq müəllim!" deyirəm...
Tarix deyir
ki, Vətən Vətəni sevənlərin ürəyindən
başlanır...
Tofiq Şəfaət oğlu ömrünün
bütün çağlarında Vətəni
varlığıyla sevib.
Bakı Elektrik Maşınqayırma Zavodunda işləyəndə
də, Zəngilan rayon Partiya Komitəsinin birinci katibi olanda da. Mühəndis
Tofiq Mehdiyevlə birinci katib Tofiq Mehdiyevi hansı xarakter
ümumiləşdirib? - insana,
insanlığa sevgi, məsuliyyət, azərbaycançılıq.
Yerə-göyə inandığım qədər inanıram
ki, onu tanıyanlar da belə deyir...
Nəsil
şəcərəsini, soy-kökünü az-az adam mükəmməl (tarixi baxımdan nisbi
mükəmməlliyə haqq qazandıraq) bilir. Mehdixanlılar nəslinin neçə yüz illər
əvvəlki tarixindən günümüzəcən
yaşam coğrafiyasını incəliyinəcən bilir
Tofiq müəllim; mehdixanlıların (Mehdi və xan sözlərinin
etimalogiyası diqqəti çəkir) Qaraqoyunlular, Səfəvilər,
sonrakı dövrü tarixini də həmişə
qürurla xatırlayıb, bu gününü də. "Avşar-Dəlilər əşirətlərinin
tamqaları, fərqləndirici tayfa nişanlar" haqqında
elmi fikir deyənlərin təfəkkürünə heyrətlənirsən;
Tofiq müəllim belə təfəkkür sahibidir.
Xalq onu
sevirdi
Bir el məsəlini
xatırlayıram: "Hər kimi el sevərsə, bülənd
olar, ucalar".
Zəngilan Tofiq Şəfaət oğlunu sevirdi. Bu sevgi ehtiram,
cəfakeşlik, vəzifə borcunu sədaqətlə yerinə
yetirmə prosesində yaranan sevgi müqabilində gerşəkləşən
sevgi idi. "Elin o başı, bu
başı olmur" kəlamı da var. Yəni Vətən
bütövlüklə sevilir. Vətən
müqəddəs olduğu üçün Vətənə
sevgi də müqəddəsdi. Müqəddəslik
həmişə könül xoşluğu ilə
yaşadılıb. Könül
xoşluğunun başlanğıcı könül ziyarətidi.
Könül ziyarətinin fəlsəfəsini dərk
etməyənlər bu müqəddəsliyi qətiyyən
yaşada bilməz. Bir aqildən soruşurlar:
Yaşamaqmı gözəldi, yaşatmaqmı? Aqil
cavab verir ki, yaşada-yaşada yaşamaq daha gözəldi.
Yəni sən ömrünü xalq
üçün, dövlət üçün
yaşayırsansa, yaşadırsan. Və
gözəl yaşayırsan. Olmuşların zəmanəti
ilə deyə bilərik ki, Tofiq Şəfaət oğlu belə
yaşayıb, belə yaşayır...
1987-ci ilin dekabr ayının 26-da Zəngilan Rayon Partiya
Komitəsində MK-nın şöbə müdiri Surxay
Tağızadə plenum iştirakçılarına bildirdi
ki, MK-nın qərarına əsasən Muradxan Cabbarov I katib vəzifəsindən
azad edilir, bu vəzifəyə MK-nın kənd təsərrüfatı
şöbəsinin müdir müavini Tofiq Mehdiyev məsləhət
görülür. Surxay Tağızadə Tofiq Mehdiyev haqqında
tanıtma xarakterli "beş-üç" kəlmə demək
istəyəndə tanınmış təsərrüfat rəhbərlərindən
olan İmran Əhmədov MK nümayəndəsinə xitabən
deyib: "Ay yoldaş Tağızadə, sən kimi bizə
tanıdırsan, elimizdə böyüyən, hamının
tanıdığı, sevdiyi Tofiqimi? Biz onu
tanıyırıq da, sevirik də. Onun rəhbərliyi
ilə Zəngilanı daha sürətlə inkişaf etdirəcəyik
də".
Bu kəlmələr bir ağsaqqalın timsalında el
sevgisi kimi yaşanılmışdı.
Onunla ünsiyyətdə olanlar deyir ki, Tofiq müəllimlə
söhbətləşəndə vaxt elə bil donur,
vaxtın necə keçdiyini hiss etmirsən. Tofiq müəllim söhbətcil
adamdı, həm də onun söhbətlərindən
çox şey öyrənirsən...
Qətiyyətli
rəhbər
Ermənistan Azərbaycana qarşı həmişə
görünən və görünməyən təxribatlar
aparıb. Bir məqam diqqəti çəkir.
Ermənistanın Azərbaycandan ərazi iddiası elan
edilmədən başlayan müharibəyə səbəb
oldu. Havadarlarının siyasi, maddi və hərbi
yardımından bəhrələnən Ermənistan Azərbaycanın
20 faiz ərazisini işğal etdi. Neçə
illər çəkən danışıqlardan yayındı,
status-kvonu saxlamağa çalışdı. 2020-ci il sentyabrın 27-də Azərbaaycan
Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə
əks-hücum əməliyyatı başladı. Vətən müharibəsi noyabrın 10-da başa
çatdı. Azərbaycan Ordusu Zəfər
qazandı. Bu məğlubiyyət Ermənistanın xislətini
bir daha göstərdi: Azərbaycana qarşı bəd niyyətlərini
hərbi yolla həyata keçirməyə gücü qalmayan
işğalçı dövlət ekoloji təxribatlar
törətməyə başladı. Oxçu
çayının suyunu ermənilik həddində çirkləndirməklə.
Bu haqda mətbuatda da kifayət qədər
narazılıqlar ifadə edildi, dövlət səviyyəsində
etirazlar da bildirildi.
Bu fakt neçə on illər əvvəl də olub. Tofiq Mehdiyev Zəngilan
Rayon Partiya Komitəsinin birinci katibi olanda.
Onda İmperiya vardı, onda Moskva xofu da vardı. Ancaq Ermənistan
müxtəlif vasitələrlə Moskvanın nəzarətindən
yayına bilir, bu və ya digər informasiyanı yoxlamağa gələnlərin
"çox dərinə getməyinə" özlərinə
məxsus üsullarla imkan vermirdi.
O illərdə
Qafanda və Kacaranda mis-molibden mədənləri vardı. Bu müəssisələr güclü və
yaxşı işləyən təmizləyici qurğulara
malik idi. Ermənilər nə edirdi?
- mədənlərin suyunu təmizləmədən
Oxçu çayına axıdırdı. Onda Tofiq Mehdiyev əsl
vətəndaşlıq, əsl azərbaycançılıq
heysiyyəti ilə, vəzifə borcuna böyük sədaqətlə
Moskvadan SSRİ Əlvan Metallurgiya Sənayesi Nazirliyinin
nümayəndələrini, Azərbaycan Təbiəti
Mühafizə Komitəsinin sədrini dəvət edərək
faktı birlikdə sənədləşdirməyə qərar
verir. Birlikdə bu mədənlərdə
olurlar. Ermənilər komissiya gələndə
qurğuları işə salır, komissiya qayıdan kimi
qurğuların fəaliyyətini
dayandırırmışlar. Bu vəziyyət, erməniliyin
bu səviyyədə ört-basdır edilməsi, qətiyyətli
azərbaycanlı kişisinin qətiyyəti sayəsində Zəngilan
rayonu ərazisində Oxçu çayının təmizlik
dərəcəsini müəyyənləşdirən
laboratoriya açıldı, Oxçu çayının təmizliyinə
gündəlik nəzarət rəsmi qaydada təmin edildi...
1985-ci ildə rayonda cavan üzüm bağları
qırılırdı. Rayon Partiya Komitəsinin birinci katibi Tofiq
Mehdiyev rayon İcraiyyə Komitəsinin sədri Hürü
Mehraliyevanı və Aqrar-Sənaye İdarəsinin rəisi
İzzət Həşimovu söhbətə dəvət etdi.
Belə dəvətlər vəziyyəti
öyrənməyə, reallığı gümanlardan
ayırmağa xidmət edirdi. Birinci katib belə fəaliyyətin
başvermə səbəblərini də bilirdi, "niyə"lərini
də: Xankəndində laboratoroya işçilərinə
rüşvət vermək yolu ilə üzüm
bağlarında filoksera xəstəliyinin olduğu haqda saxta
arayış əldə edilməsiylə bağlar kütləvi
şəkildə məhv edilirdi.
Qətiyyət,
torpağa, rayon əhalisinə, rayonun dinamik inkişafına
sayğı nəticəsini verdi...
Böyük ürək yiyəsi olanların sevgisi də
böyük olur. Bu sevgi bir insan ömründən rişələnir,
minlərin, yüz minlərin ömrünü
nurlandırır.
Tofiq müəllim dilimizi, tariximizi sevərək
yaşatmağın təşnəsi olub.
Rayon
Partiya Komitəsinin birinci katibi Tofiq Mehdiyev Ali Sovetin
sessiyasında iştirak etmək üçün Bakıya gələndə
MK-da rayonun kuratoru, təşkilat partiya işi şöbəsinin
inspektoru Şamil Hüseynova deyir ki, mən sessiyada
çıxış edib Kirovabad, Vartaşen, Puşkin
adlarının dəyiş-dirilməsini təklif etmək istəyirəm.
Tariximizin dünənlərinə sayğı
kimi. "Nə vaxtsa yaxamızdan tutub soruşulacaq:
Nizami Gəncəvi deyirsiniz. Haradı o Gəncə?"
Nə deyəcəyik?.."
Tofiq
müəllim sessiyada çıxış edib, təklifini səsləndirib:
- ...Dünya dəyişir. Hər bir xalq öz
keçmişinə qayıdır. Tarixinə
hörmət edir. Nə zamana qədər
dahi şeyx Nizaminin yurdunun adı Kirovabad, erməni və yad mənşəli
adları da şəhər və rayonlarımız
daşıyacaqdır? Təklif edirəm
ki. Kirovabada öz əvvəlki Gəncə, Qutqaşenə
Qəbələ, Vartaşenə Oğuz adları verilsin!
Zal vətənsevər partiya işçisinin təklifini
böyük coşqu ilə qarşılayıb. Yəni elə
bil illərlə dünya üzünə baxması qadağan
edilmiş çeşmə çağlamağa məqam
tapıbmış.
O gözəl,
o gərəkli, o tarixi təklifi fasilədə sessiya
iştirakçıları qədərsiz minnətdarlıqla
qarşılayıb, neçəsinin qoşa qolları Tofiq
Şəfaət oğlunun kürəyində
çarpazlaşıb.
Xalq
şairi Bəxtiyar Vahabzadənin minnətdarlığı
tarixi minnətdarlıq olub:
-
Ananın südü halalın olsun, ay oğul!..
O gündən
illər keçib...
Kirovabadın
Gəncə, Qutqaşenin Qəbələ, Vartaşenin
Oğuz adlandırılması "Mən azərbaycanlıyam!"
deyənlərin hamısının ürəyini qürurla,
sevgilərlə silələdi. Çoxumuz bu təşəbbüsün
müəllifinə tanımaza-bilməzə təşəkkürlər
etmişik. Tarix şahiddir ki, bu təklif o günün xəlqi-milli
göyqurşağı olub...
Ata
ömründən düşən işıq
Yeməzli
- Gilətağ - Vənətli yolunun üstündə sərin
sulu bulaq vardı. Gedənlər-gələnlər
orda ayaq saxlayar, nəfəs dərər, bir-iki ovuc su içərdi.
Tofiq müəllim xatırlayır ki, 1954-cü
ildə yol keçəndə atasının təklifi ilə
maşınlarını burda saxlayıblar. Maşından düşər-düşməz
Şəfaət kişinin qaşları çatılıb, əllərini
ovxalayıb. Gah bulağa sarı baxıb,
gah gələn yola, gah gedən yola.
Bulağın
üstündəki abidə qəzəbləndiribmiş el
adamını, eli sevən, elin sevdiyi
adamı. Abidənin müıəllifi erməniymiş.
Abidədə ermənilik cizgiləri
varmış; sabahlara bu gündən ermənilik təxribatı
yaradılıbmış.
Şəfaət
kişi kolxozun sədri Əvəz Namazovu
və abidəni qurduranları çağırtdırıb:
Çox qısa müddətdə
suçunuzu-günahınızı düzəldin, - deyib...
Suç
düzəldilmişdi...
Bu hadisəni
Tofiq müəllimin bu və ya digər hadisəyə milli-xəlqi
münasibətinin qətiyyətinin hardan
qaynaqlandığının təsdiqi bilmək qəbahət
deyil...
Bu hadisə
Tofiq müəllimin ömrünə ata ömründən
düşən işıq kimi hopub...
Sədaqətli
dostluq
Tofiq
müəllim Azərbaycan Daxili işlər naziri olmuş
general-mayor Məhəmməd Əsədovu qədərsiz
sevgilərlə, bir ürək tutumunca ehtiramlarla
xatırlayır...
"Məhəmməd Əsədovu həyəcansız
xatırlamaq mümkün deyil. Daxili İşlər
Nazirliyində Məhəmməd Əsədova qədər
çox nazirlər olub. Lakin onların
heç biri nə OMON yaratmışdı, nə də ki,
Qarabağın, sərhəd bölgələrimizin
yollarını tanıyırdı. OMON-u yaradan Məhəmməd
Əsədov oldu..." (Tofiq Mehdiyev. Zamanın
axarında. B. 2020, səh. 282). Bu faktda fərdi
rəğbətdən daha çox xəlqi rəğbət
duyulur. Bu rəğbət, əslində,
yüksək vəzifəlilərə xalq üçün,
dövlət üçün, dövlətçilik
üçün necə işləməyin
yönümünü bəlləndirirdi. Yəni Tofiq
müəllimin özü də bu deyilənlərin
icraçısı olub, şübhəsiz...
Nə yaxşı dünyada yaxşılar
varmış.
Yaxşılıq etmək, fəzilətlərlə yaşamaq, ...onlardan öyrənilə-öyrənilə
yaşamaq, son nəfəsəcən...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci
qəzet.- 2021.- 14 sentyabr.- S.14;15.