"10 sentyabr"dan
sonra
Sosial şəbəkələrdən gileylənənlər
çoxdur.
İKT əsrində bu zamanın yeniliklərindən xəbərsiz
olan, təvazökarlıqdan uzaq olsa da, deyim ki, hamının
sevimlisi tanınmış müəllimə olan mən
internetin qapısını bir neçə il
əvvəl açdım. Qarmaqarışıqlıq,
müxtəlif mövzular, çirkin böhtanlar, televiziyada
görəndə hövsələmi qaçıran reklamlar,
müxtəlif fikir paylaşmaları - dəlixana zənn
etdiyim bu aləm məni özünə bir şeylə
bağladı: uzun müddət uzaq düşdüyüm ədəbiyyat
aləmi - heyranı olduğum, mənəviyyatımın
sütunu, mənə elmlə birgə dünyanı
tanıdan bədii ədəbiyyat! Müasir ədəbi
prosesdən necə uzaq düşdüyümü o zaman
anladım. Bu aləmlə
tanışlıq üçün münbit şərait də
lazımdı axı. Uzun illər gərgin iş, ev-ailə
qayğıları, tələbə hazırlığı, əlavə
qazanc üçün gecələr dərziliklə məşğul
olmağım - bütün bunlarla bərabər, ədəbiyyatla
tanış olmağa necə vaxt tapa bilərdim?
Bazis əvvəldir axı.
Sosial
şəbəkədə ilk tanış
olduğum nəsr nümunəsi Rəşad Məcidin "10
sentyabr" hekayəsi oldu. Mətnə göz atıb
ümumi mənzərə ilə tanış
oldum. Çox duyğulu, ürəklə,
yanğı ilə yazılmış əsər idi. Hekayəni tam, "nöqtəsinə-vergülünəcən"
diqqətlə oxumaq üçün nahardan sonra bir çay
süzüb hər sözü ruhuma calaya-calaya əyləşdim
hekayənin hüzurunda. Dərsliklərdən
və uzun illər əvvəl həm ata evində, həm də
rayon məktəbində dərs deyən zamanlar çox
oxuduğum əsərlərə bənzəməyən,
müasir ruhlu gözəl bir əsərlə
qarşılaşdım.
Müəllif
bir hekayədə bütün cəmiyyəti əhatə edən,
yaşantımızı əzaba çevirən və bir
romanın mövzusu olacaq çox mətləbləri məharətlə ümumiləşdirə
bilmişdi. Sovet hökumətini tərifləyib indiki cəmiyyətə
qarşı qoyan, ancaq bununla belə, o hökumətin
zamanında aldığı "Jiquli" maşını
uzun illər növbəyə durub alan,
ömrü gecəqonduda keçən, mühəndis işlədiyi
zavoddan ona veriləsi mənzilin sonradan birotaqlı
olmasını görüb imtina edən insanın siyasi
düşüncələrindəki məhdudiyyətlər məndə
kədərli bir ovqat yaratdı.
Bütün inqilablar insanlara fəlakət
gətirir. İstənilən dövlət çevrilişləri
nə qanlı yollardan, faciələrdən
keçir. Və çox zaman çevrilişlər
o cəmiyyəti dəyişən insanların xoşbəxt
gələcək arzularının üstündən xətt
çəkir. Yeni qurulan çox vaxt
özü ilə əvvəlkindən də ağır və
dözülməz çirkinliklər, problemlər gətirir.
Bizim 18-ci ildə qurduğumuz doğma - milli
hökumətimizi dağıdan, 37-ci ildə on minlərlə
ziyalımızı məhv edən, onların ailələrini
sürgünə göndərən,
qazandığımızı, sərvətlərimizi
çapıb-talayan elə həmin Sovet hökuməti idi.
Əməliyyat etdirəcəyi qızına pul
tapa bilməyən adamın o varlı amerikana bəslədiyi
ümidlər puça çıxdıqdan sonra əlində
olan puldan dostları üçün qonaqlıq verən qəhrəmanın
süfrə başında dediyi sağlıq oxucunu kövrəldir.
Oxucuya aydın olur ki, bütün məhdud
dünyagörüşü və mənəvi aləmi ilə
bu adam əsl insandır. Həyatını
gecəqonduda keçirən qəhrəmanımız yenə
də bir vaxtlar sadiq olduğu və pərəstiş etdiyi
dövləti unutmur. Hökumət dəyişilsə də,
on iki il üzvü olduğu və sədaqətlə xidmət
etdiyi Kommunist Partiyasına, onun dövlətinə sadiq olan,
dövlət dağılsa da, uzun müddət partiya biletini
tutiya kimi qoruyub-saxlayan bu adamın qulluq etdiyi hökumət ən
ideal dövlət olmalı idi. Lakin o dövlət
90-cı ildə tanklarını həmin partbileti daşıyanların
üzərinə sürüb onları xurd-xəşil elədi. Cəmiyyəti
insanlar təmsil edir, insanları isə cəmiyyət
formalaşdırır. İnsanların mənəviyyatında
dövlətinə aid uzun müddətə
formalaşmış zəngin, müsbət xarakterik
xüsusiyyətlər o dövlətin qiymətli xəzinəsi,
əvəzolunmaz incisi, qranit
sütunudur. Bu incinin, sarsılmaz ideoloji
inamın qədrini bilməyən, vətəndaşını
özündən iyrəndirən dövlət, cəmiyyət
öz oturduğu budağı kəsir.
"Gül
kimi dövləti dağıtdılar", - deyən əsərin
qəhrəmanının müasirləri olan bizlər qəsbkar
hakimiyyəti dəyişmək istəyəndə,
"Azadlıq!" - deyə
qışqıranda, bəlkə də, o, heç meydana ayaq
basmayıb. Biz meydanlarda azadlıq təşnəsi ilə həftələrlə
dayanıb ayağımıza su enəndə aldığımız
azadlığın cəmiyyətə necə nöqsanlar gətirəcəyini
təsəvvür etmirdik. Kim bilərdi ki, dəyişdiyimiz
hökumət yenisi ilə əvəz olunanda
maşınımızı qorxudan çöldə
qoymayacağıq ki, şüşələrini, təkərlərini
acından çörəkpulu tapmayanlar oğurlamasınlar.
Ağlımıza da gəlməzdi ki, ali
təhsilli həkim, universitet bitirmiş mütəxəssis,
mühəndis gəlib gündəlik çörək pulu
üçün amerikalıya qulluq edəcək, taksi
sürücüsü olacaq. Biz o vaxt bilməzdik
ki, övladımızı həkimə əməliyyat etdirmək
üçün pula görə bir belə zülm çəkəcəyik.
Ali təhsilli oğlanlarımız,
qızlarımız qul bazarlarında gündəlik
çörəkpuluna növbə gözləyəcək, gənclərimizin
çoxu xarici ölkələrə üz tutub orda ən
ağır, çirkli işlərdə işləməyə
məcbur olacaqlar.
Amerikalıya üz tutub: "Bunlar Soveti - gül kimi
hökuməti dağıtdılar, bizi bir-birimizə
qırdırdılar, işsiz-gücsüz qoydular, nökərə
çevirdilər - özlərinə, öz xeyirlərinə
görə. Gəlirlər, neftimizi aparırlar, bizi adam yerinə qoymurlar. Barı
Qarabağı qaytaraydılar", - deyən qəhrəmanın
dünyagörüşü bir çox Sovet quruluşu pərəstişkarlarının
dünyagörüşünün bədii cəhətdən
ustalıqla ümumiləşdirilməsidir. Əsərdə insan psixologiyasının bir
nüansı diqqəti cəlb edir. Sovet hökuməti
vaxtında, demək olar ki, hamı eyni cür, konveyerdən
çıxmış kimi eyni rənglə
aldadılırdı: ən xoşbəxt bir ölkədə
yaşayırıq, dünya kapitalizmi bizə gəlməyəcək,
biz, dünyanın ən mehriban millətləri qurduğumuz
bu ideal dövlətin sayəsində bütün tarix boyu
yaradılan hər dövlətdən daha demokratik,
üstün olan bir dövlətdə, zamanda
yaşayırıq. Bizim sərhəddən o yana
heç bir ölkədə günəş belə gözəl
şəfəq saçmır - kimi ideyaları beynimizə
yeridən Sovet ideologiyasının aldatma ustalığı,
gücü və taktikası insanları necə də mənəvi
deqradasiyaya uğratmışdı. Ən məharətlə
aldadılan ən məharətlə aldadana pərəstiş
edib həmişə. Və zaman gəlir,
pərdələr çəkilir, ədalətin və həqiqətin
öz yerini tutması üçün çarpışmalar
başlanır.
Müəllif əsərin qəhrəmanının
Sovet dövləti zamanındakı və sonrakı - müstəqillik
dövründəki həyatını elə ustalıqla
müqayisə edib, insan psixologiyasının zaman və cəmiyyətlə,
cəmiyyətin qanunları ilə formalaşmasını
mükəmməl şəkildə elə sərgiləyib
ki, heyran qalmamaq olmur. Oxucu özü üçün nəticə
çıxarmalıdır: hansı zamanda necə
yaşayırsan? Sənə nə
lazımdır? Gələcəyin necə
olacaq? Sən bu dövlətin qanun və
qaydalarının həyata keçirilməsində necə
iştirakçı olmalısan? Bütün
bunlardan nəticə çıxar. Sən
dünyaya bir dəfə gəlirsən. Bu dünyanı
səndən qəddarcasına alan, səni
zəlil günə qoyan istənilən cəmiyyət
dönüb özünə baxmalı, qanunlarını sənin
həyatını gözəlləşdirmək, rahat
yaşaman üçün verməli, həyata keçirməlidir. Yoxsa o, məhvə məhkumdur.
Sən də öz növbəndə o cəmiyyətə
öz töhfəni verməli, sadəcə seyrçi
olmamalısan.
Əsərdə yadelli amerikalının yaşamı, onun həyat tərzi həmin dövr azərbaycanlısının yaşamı, xarakteri ilə ustalıqla müqayisəsi olunur. Bizim ağıl və idrakımız, xalqın bütün ümid və arzuları, torpaq uğrunda cavan canını qurban edən şəhidlərin intiqam arzusu o gövşəyən amerikalının ovurdlarında çeynənib gedir. Ölkəmizdə işləyib pul kisəsini dollarla dolduran amerikalıdan fərqli olaraq əsərin qəhrəmanı qızını əməliyyat etdirmək üçün 200 dolları tapa bilmir. Millətin orta və aşağı təbəqəsinin ümumi bir fikri olan bir tikə çörəyini tapıb yeyən bu insanın çətinlikləri oxucuya o qədər də faciəli görünmür əsərdə. Ölüm yox, itim yox. Ancaq o ölüm də, ən ağır faciəli günlər də, ağır problemlər də hamının qapısının astanasındadır, hər an içəri daxil ola bilər. Və daxil oldu da.
Hekayədə oxucuya aydın olur ki, keçmiş dövlətə aid bütün ümidləri puça çıxan insanın yeni dövlətdə bir ideologiyaya, onun ideoloji özülünü təşkil edəcək demokratik qanunlara ehtiyacı var. İstənilən dövlət bu ideologiyanın əsaslarını yaratmalı, qanunları insanların xoşbəxt və firavan həyatı naminə həmişə həyata keçirməli, xaotiklik və mənəm-mənəmliyin hökm sürdüyü və insanı bir tikə çörəyə möhtac edən cəmiyyətdə nöqsanlar aradan qaldırılmalı, xoş gələcəyə ümid, inam bərpa olunmalıdır.
Əsərin sonunda yazıçı içimizi ümidlə doldurur: "Fikir eləmə, yaxşı olacaq" - deyir. Bu inam, ümid bizdə otuz il yaşadı. Son Qarabağ döyüşləri, oğullarımızın dünyaya səs salan qəhrəmanlıqları, Qarabağın alınması müəllifin "Yaxşı olacaq" - deyə uzaqgörənliklə söylədiklərini təsdiq etdi. Bütün cəmiyyətlərin həyatında nöqsanlar olur. Bizdə də var, hətta çoxdur. Pandemiyanın tüğyan etdiyi bir zamanda aldığımız Qarabağın sevincini doyunca yaşamağa macal tapmamış, Qarabağın bərpası və orada məskunlaşmağa hazırlaşdığımız bir zamanda düşdüyümüz çətin vəziyyətdən də, cəmiyyətdə olan nöqsanlardan da tezliklə uğurla yaxa qurtaracağımıza ümidlə hamımız: "Yaxşı olacaq!" - deyək.
11 sentyabr 2021-ci il
HƏCƏR
525-ci qəzet.- 2021.- 14 sentyabr.- S.13.