Dəyərli alim, bacarıqlı təşkilatçı  

 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının baş direktoru, Azərbaycan Dillər Universitetinin Fəlsəfə ictimai elmlər kafedrasının professoru Məmməd Arif oğlu Əliyev hazırda ölkəmizin tanınmış, dəyərli alimlərindən olmaqla yanaşı, elm sahəsində təşkilatçılıq bacarığı ilə seçilir. O, 18 sentyabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1969-1979-cu illərdə orta, 1980-85-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil alıb.

 

Elmi fəaliyyətə 1985-ci ildə Azərbaycan Pedaqoji Rus dili Ədəbiyyatı İnstitutunda (hazırda Bakı Slavyan Universiteti) başlayaraq, Fəlsəfə kafedrasında laborant, baş laborant, müəllim, dosent, elmi katib, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışıb, həm bacarıqlı elm təşkilatçısı kimi respublikamızda onun hüdudlarından kənarda da tanınıb.

 

M.Əliyev elmi fəaliyyətində hər zaman ilklərə imza atıb. 1992-ci ildə "Mənəvi dəyərlərin dini anlayışı" mövzusunda fəlsəfə doktorluğu, 2008-ci ildə isə "İslam xristianlığın qarşılıqlı mənəvi-tarixi təsiri " mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.  2015-ci ildə  professor elmi adını alıb.

 

2017-ci ildə akademik Kamal Abdullanın təşəbbüsü ilə Dillər Universitetində yaradılan "Rusiyaşünaslıq Mərkəzi" Elmi-tədqiqat laboratoriyasının müdiri kimi Məmməd müəllim böyük fəaliyyət göstərib. Laboratoriya ölkəmizdə Rusiyanın sosial-tarixi, mədəni-tarixi ictimai-siyasi faktoru kimi prosesləri araşdırmalar aparan yeganə mərkəzdir.

 

Məmməd Əliyev dinlərarası dialoq, nitq etiketi sosial-etik problemlərlə məşğul olan "Məntiq",  "Din tarixi", "Fəlsəfə" fənlərindən mühazirələr aparır. 150-dən artıq məqalə, tezis, fənn proqramları, metodik vəsait monoqrafiyaların müəllifi olan Məmməd müəllim müxtəlif elmi jurnalların: "Mütərcim" (Dillər Universiteti), Elmi əsərlər (Slavyan Universiteti), "Elm cəmiyyət", "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" toplularının redaksiya heyətlərinin üzvü kimi fəaliyyət göstərdiyi elm sahəsini layiqincə təmsil edir.

 

Dinşünaslıq sahəsində nüfuzlu alim olan Məmməd Əliyev 20 noyabr 2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın baş direktoru vəzifəsinə təyin edilib.

 

Məmməd  müəllim Mərkəzi Elmi Kitabxana üçün narahat bir dönəmdə rəhbər təyin olunsa da, tez bir zamanda hər kəsi eyni amala xidmət etməyə, işi yenidən qurmağa kökləyə bildi. Təbii ki, bu da onun uzunmüddətli pedaqoji idarəetmə təcrübəsindən irəli gəlir.

 

Onun təşəbbüsü ilə MEK-in "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" şöbəsinin nəzdində "Heydər Əliyev Lektoriyası" yaradılıb. Lektoriyada görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədi ilə silsilə tədbirlər keçirilir. Bu lektoriya Azərbaycan kitabxanaları arasında bir ilkdir. 2021-ci ilin mart ayından lektoriyada "Heydər Əliyev və dil siyasəti", "Heydər Əliyev və Nizami  Gəncəvi irsi", "Heydər Əliyev və Azərbaycanda kitabxana işi", "Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi", "Heydər Əliyev və Azərbaycan mətbuatı", "Heydər Əliyev və Azərbaycan musiqisi" mövzularında tədbirlər keçirilib. Bu tədbirlərin mövzu seçimi, məruzəçilərin və qonaqların bura cəlb olunması işi hər zaman M.Əliyevin xüsusi diqqətindədir. Tədbirlər öz auditoriyasını genişləndirdikcə o, hamıdan daha çox sevinir, qürurlanır.

Kitabxananın beynəlxalq layihələrə qoşulması işində o, yorulmadan çalışır, bu layihələrin gerçəkləşməsi üçün ölkə xaricindən tərəfdaşların axtarılmasına, onların bu işə cəlb olunmasına çox diqqətlə yanaşır. Buna misal olaraq Moskvadan, Belarusdan, Türkiyədən olan həmkarlarla razılaşdırılan layihələri göstərmək olar.

 

Məmməd Əliyev MEK-də reallaşdırdığı digər bir layihə "Azərbaycan ədəbiyyatı və mübadilə fondu"nun təşkilidir. Doğrudur, kitabxananın fondunda azərbaycandilli 100 minlərlə əsər var idi. Lakin bu, ümumi fondda cəmlənmişdi. Onun təşəbbüsü ilə fond iki hissəyə - Azərbaycan və xarici dillərdə olan ədəbiyyatların  ayrıca saxlandığı fondlara ayrıldı ki, bu da oxuculara xidmət işində operativliyi təmin edəcəkdir.

 

MEK-də M.Əliyevin təşəbbüsü ilə gerçəkləşən ilklərdən birionun ideyası ilə burada respublika kitabxanaları arasında yeganə olan "Qarabağ müharibəsi qəhrəmanları" fondunun fəaliyyətə başlamasıdır. Fond hər iki Qarabağ müharibəsində iştirak etmiş şəhid və qazilərə, eləcə də Qarabağın tarixinə, etnoqrafiyasına, ədəbiyyatına, folkloruna həsr olunmuş materialların toplanması və kompakt halında oxuculara çatdırılması ilə məşğuldur.

 

M.Əliyevin elmimizə, təhsilimizə, kitabxanamızın yeni tələblərlə quruculuğu işinə verəcəyi töhfələr hələ qarşıdadır. MEK kollektivi gerçəkləşdirəcəyi bütün işlərdə M.Əliyevlə birgə çalışmaqdan çox məmnundur.

 

Bu günlərdə professor Məmməd Əliyevin doğum günüdür. Böyük bir ailənin üzvü olaraq AMEA MEK-in hər bir əməkdaşı onu bu münasibətlə təbrik edir, Məmməd müəllimə cansağlığı, yeni uğurlar arzulayır!

 

525-ci qəzet.- 2021.- 14 sentyabr.- S.11.