Mən Şuşamızı gülən
gördüm
VƏ
YA YUXU KİMİ ÜÇ GÜN
Mobil
telefonuma zəng gəlir... Tanış nömrə
deyil. Açıram... Səs də tanış
gəlmir. Danışığımız
çox qısa olur. Salamlaşma,
tanışlıq, zəngin məqsədi, sağollaşma -
hamısı birlikdə heç bir dəqiqə də çəkmir.
Heydər Əliyev Fondu tərəfindən Şuşaya dəvət
olunuram - Vaqif Poeziya Günlərində iştirak etmək
üçün...
Bir anlığa yuxuda olduğumu düşünürəm. Çünki
ən böyük arzular - görmək istədiklərin, etmək
istədiklərin insanın yuxusuna tez-tez girir. Daim o haqda düşündüyün
üçün yuxuna da sirayət edir ən böyük istəklərin.
Bu da mənim ən böyük arzum idi - nə vaxtsa
Şuşada olmaq...
Yox, bu
arzumun yaşı Şuşa nisgili ilə
yaşıd deyil. Bu istəyin 40-a yaxın
yaşı var. Mən hələ uşaq olanda atam
Şuşada - sanatoriyada olmuşdu. Şuşanın
gözəlliklərindən, özəlliklərindən,
havasından, suyundan, tarixi abidələrindən o qədər
danışmışdı ki, bir könüldən min
könülə vurulmuşdum Şuşaya... Şuşa
bir növ mənim butam olmuşdu.
Yenicə yaşa dolmuşdum, yenicə o butamın dalınca Qərib kimi yola çıxmağa çalışırdım ki, Şuşanın yollarını duman aldı, çən aldı. Gedib çata bilmədim Şuşaya, gedib tapa bilmədim butamı. Bu nisgillə az qala 30 il yaşadım. Buna yaşamaq demək mümkündürsə... Ona görə də bu gözlənilməz zəngi əvvəlcə şirin röyalarımdan biri sandım...
Amma yox...
Bu, bir yuxu deyildi. Çünki
Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər
Ordumuz artıq Şuşanı işğaldan azad edib. Ona görə də buna inanmaq lazım idi.
Artıq bu il Şuşada milli
bayramımız olan Novruz bayramı qeyd olunmuş,
"Xarıbülbül" festivalı təşkil
edilmiş, bu qədim diyar Azərbaycanın mədəniyyət
paytaxtı elan olunmuş, yüzlərlə qonağa ev
sahibliyi etmişdi. Ona görə də bu,
yuxudan çox şirin bir həqiqət idi.
***
Bu da Şuşaya yollanacaq maşın karvanı. Bu karvanın
yolçuları Azərbaycanın tanınmış qələm,
sənət və siyasət adamlarıdır. Hər kəsin üzündə böyük bir
sevinc var. Çünki qeyrət qalası Şuşaya getməyə
hazırlaşırıq. Hər kəs
sevinclə bir-birinin əlini sıxır, təbrik edir,
xoş arzularını bildirir. Bu mənzərəni
mən Həcc və Kərbəla ziyarətinə gedənlərin
yolasalma mərasimində çox müşahidə etmişəm.
Şuşa da bizim ən müqəddəs ziyarətgahımızdır:
"Ziyarətimiz qəbul olsun!" - deyirəm
ürəyimdə...
Maşın karvanı yola düşür. Qeyri-ixtiyari ürəyimdən
bu sözlər keçir:
Qollarını
geniş aç,
Gəlirik,
Şuşa, gəlirik.
Bu nisgilli
ayrılıq
Çatdı
başa, gəlirik...
Nəhayət
güləcəyik,
Hüsnünü görəcəyik.
Demişdik
gələcəyik,
Qoşa-qoşa gəlirik.
***
Bəli, vaxtilə Ulu öndərimiz Heydər Əliyev,
daha sonra isə Prezidentimiz cənab İlham Əliyev bizim
Şuşaya qayıdacağımızı dəfələrlə
bəyan etmişdilər. Bu gün o
gündür. Biz Şuşaya
qayıdırıq. Həm də "Zəfər
yolu" ilə. Şuşanın
alınacağına bütün dünyada şübhələr
olduğu kimi, bir zamanlar bu yolun çəkiləcəyinə
də şübhələr var idi. Çoxları
bunun qeyri-mümkün olduğunu düşünürdü.
Ancaq gerçəkləşməsi
mümkünsüz görünən bir çox layihələr
kimi, bu layihə də uğurla həyata keçirildi.
İgid oğullarımız Şuşada erməniləri ram
etdiyi kimi, mühəndislərimiz də aşılmaz dağları,
keçilməz qayaları ram edərək zirvələri yol
etdilər. Bu gün bu müasir və rahat
yollarla cəmi 5-6 saata Bakıdan Şuşaya getmək
mümkündür. İndi istənilən
avtomobillə, istənilən sürətlə, istədiyin
vaxt Şuşaya getmək olar. Həm də o əsrarəngiz
təbiət mənzərələrini doya-doya seyr edərək...
***
Bələdçilərin dediyinə görə,
Şuşaya aparan əvvəlki yolla gedəndə bu
alınmaz qalanın möhtəşəmliyi bir o qədər
də aydın görünmürmüş. Amma "Zəfər
yolu"ndan baxanda Şuşa öz əzəməti
ilə insanı heyran qoyur. Buradan baxanda qəhrəman,
igid oğullarımızın necə çətin yollarla irəlilədiyi,
necə çətinliklərlə o qayalara
dırmandığı haqqında geniş təsəvvür
yaranır. Böyük qartal
yuvasını xatırladan bu yüksəkliklərə
baxdıqda qəhrəman Azərbaycan əsgərinin
gücünə, qüvvəsinə, cəsarətinə, qəhrəmanlığına
heyran qalırsan.
***
Şuşa
bizi gülərüzlə qarşıladı... Mən bunu
hiss etdim. Şəhər, sanki gülümsəyirdi,
sevinirdi, həyəcanlanırdı. Çünki
doğmaları gəlmişdi, əzizləri ilə
görüşmüşdü. O gün Günəş
də, sanki daha yaxşı işıqlandırırdı
Şuşanı. Bu göylər qızı
ağacların, kolların, güllərin, çiçəklərin
gözəlliyinə gözəllik qatmağa
çalışırdı, sanki.
Az-çox
səliqəyə salınan, ancaq Birinci Qarabağ
savaşında güllələrdən, tank, top mərmilərindən
"nəsibini alan", "yaralanan"
binalar da Günəşin gur şüaları altında
gülümsəyirdi... İkinci Qarabağ müharibəsi
zamanı Gəncəyə atılan top mərmisi ilə
dağıdılan yaşayış binasında yaralanan, ancaq
xoş bir təsadüf nəticəsində sağ qalan balaca
oğlanın qan içində, yara içində
gülümsəməsinə bənzəyirdi bu binaların təbəssümü.
Ağrılı olduğu qədər şirin
idi, əziz idi bu binaların gülümsəməsi.
Onların yarasını oxşamaq, tumarlamaq qədər əzablı
və əziz heç nə ola bilməz.
Düşünəndə ki, bu binalar işğalçı
düşmən tərəfindən tank, top atəşinə
tutulanda yaralananda neçə-neçə insan həlak olub,
xəsarət alıb, şikəst olub, insanı dəhşət
bürüyür. 30 il keçməsinə
baxmayaraq, ayağını basdığın yerdə əzizlərimizdən
kiminsə qurumuş qanı olar deyə ehtiyatlanırsan...
Ağlamaq istəyirsən, ancaq yenicə kiriyən Şuşa da kövrələr deyə
dözürsən...
***
Qapılar... Şuşada ən ağrılı mənzərə qapı mənzərələridir... Bir tayı qırıq taxta qapılar... Az qala otuz ildir, qıfılı açar görməyən pas basmış dəmir qapılar... Ancaq çərçivəsi qalan boş qapılar... Damı içinə uçan evlərin əksəriyyətində qapılar hələ də dözüb, dayanır. Şuşada həyət evlərinin giriş qapıları, darvazaları bu mənada, çox dözümlü çıxıb. Bu qapılar yazıq-yazıq, qəmli-qəmli baxır əzizlərinin üzünə...
Yıxılmayan, ayaqda durmağı bacaran bu qapılar, sanki sahiblərinin nə vaxtsa gələcəyini bilirmişlər. Ona görə dözüblər, ona görə dayanıblar ki, sahibləri onları görüb yerlə-yeksan olan evlərini tanısınlar. Bu mənada, Şuşanın bələdçiləridir bu qapılar. Artıq hər bir qapının yanında yazılan "kodlaşdırılmış adlar" - rəqəmlər bu evin kimə aid olduğunu dəqiq ifadə edir. Deməli, qapılar öz missiyalarını müvəffəqiyyətlə yerinə yetiriblər. Artıq hər bir şuşalı öz qapısının köməyi ilə öz astanasını, öz evini, öz həyətini tapıb. Qalır bu xarabalıqların yerində yeni evlər tikmək, kol-kos basmış həyət-bacada yeni bağlar salmaq. Ancaq qapılar yenə də öz yerlərində qalsa, yaxşı olar... İşğal tarixinin şahidləri kimi...
***
Şuşa həm də abidələr şəhəridir... Bu qədim şəhərin qədim abidələri onun tarixi haqqında çox söz deyir. Qədim bazar, karvansara, Şuşa qalası, Pənah xanın sarayı, Natəvanın evi və bu kimi abidələr Şuşanın qədim və şanlı tarixindən xəbər verir. Şəhərin on yeddi məhəlləsi, hər məhəllənin öz məscidi, öz bulağı olub. Təəssüf ki, o məscidlərdən bir neçəsi, o bulaqlardan çox azı erməni vəhşiliyindən "yaralı" çıxa bilib. Qalanı isə "şəhid düşüb", məhv olub, yerlə-yeksan edilib.
Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərində olduq. Bir neçə məscidinsə böyük ürəkağrısı ilə ancaq qalıqlarına baxa bildik. Bir müsəlman və azərbaycanlı olaraq bu mənzərələri müşahidə etmək çox çətindir, ağrılıdır. Ermənilərin məscidlərə qənim kəsilməsi onların dini mənsubiyyəti ilə bağlıdır. Bunu anlamaq çox da çətin deyil. Ancaq həyat mənbəyi olan bulaqların ermənilər tərəfindən nə üçün bu cür dağıdıldığını anlamaq mümkün deyil. Deməli, vəhşilik, vandallıq bu millətin genində, qanındadır.
***
Cıdır düzü Şuşanın baş meydanı kimi əsrlərdir, ad qazanıb. Şuşaya gələn hər kəsin mütləq üz tutduğu məkanlardan biridir bu meydan. Artıq Qarabağ atlarının yenidən çapıldığı, milli musiqimizin təkrar səsləndiyi, Azərbaycan şeirinin bir daha oxunduğu meydandır Cıdır düzü. Bu meydan həm də 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tariximizə şanlı səhifələr yazılan yerdir. Azərbaycan Ordusunun qorxmaz, cəsur əsgərləri Şuşaya məhz bu ərazidən, daha doğrusu, buradakı sıldırım qayalardan qalxaraq daxil olublar - canları, qanları bahasına...
Bəli, Cıdır düzü bir qəhrəmanlıq meydanıdır. Bu, dünən də belə olub, bu gün də elədir. Dünən igid ər oğullar bu meydanda qol güləşdirib, at çapıb, qılınc oynadıb, igidlik göstərərək ad qazanmışdılar. Bu gün də qeyrətli, cəsarətli, qorxmaz, igid oğullarımız ən yüksək adı məhz bu meydanda aldılar - qan tökərək, can alaraq, Şuşanı xilas edərək...
Cıdır düzünün uçurumla bitən sərhədinə yaxınlaşıram. Buradan nəinki yuxarı çıxmaq, aşağı baxmaq belə, vahiməlidir. İgid, mərd oğullarımızın ağır silahlarla birgə bu qayalarla üzüyuxarı qalxdığını, həm də döyüşə-döyüşə qalxdığını düşündükcə: "Bu Vətənin çörəyi sizlərə halal olsun!" - deyə düşünürəm.
***
Bu da sözünün işığına yığışdığımız Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi. Cıdır düzündən azca aşağıda, Şuşanın ən yüksək nöqtəsində Günəşin gur şüaları altında çıraq kimi yanan bu abidə düşmənə əsl gözdağıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə yenidən bərpa olunan və Vaqif Poeziya Günləri ərəfəsində açılışı olan bu abidə ən azı Cıdır düzü qədər dəyərlidir bizim üçün. Şuşanın simvollarından sayılan bu memarlıq incisinə tamaşa etmək insana qürur, fəxarət bəxş edir. Bu abidə alınmaz qalamız olan Şuşanın, bu məqbərədə uyuyan dahi söz ustası Vaqif isə ədəbiyyatımızın incisidir. Bu böyük sənətkarın söz xəzinəsi tükənməzdir... O xəzinədən hər kəsə pay düşüb, hər birimiz onun poeziyasından bəhrələnmişik. Vaqif Poeziya Günləri çərçivəsində də bunu hər kəs etiraf etdi. Səslənən çıxışlar, şeirlər sanki Vaqif poeziyasından od götürmüşdü, ona görə belə odlu-alovlu idi.
***
Şuşa gecələri... Qonağı olduğumuz "Xarıbülbül" otelinin ikinci mərtəbəsindən bu şəhəri, onun əsrarəngiz gözəlliklərini saatlarla seyr etməkdən gözəl heç nə ola bilməz. Günboyu şəhəri məhəllə-məhəllə, küçə-küçə, ev-ev gəzməyin yorğunluğu məni məğlub etməyə çalışır, hərdən göz qapaqlarımı ağırlaşdırır. Daha iri açıram gözlərimi. Şuşanı daha çox görmək, onun gözəlliklərini daha çox seyr etmək, daha çox yaddaşıma yazmaq üçün kirpik çalmağı belə, vaxt itkisi hesab edirəm.
Gəlmədiyim, görmədiyim Şuşanı əvvəllər, heç olmasa, yuxuda görməyə, yuxuda gəzməyə çalışırdım. Bu səadəti, heç olmasa, yuxularda yaşamağın özü də gözəl idi o vaxtlar... Amma Şuşada vəziyyət tamamilə fərqli idi. Şuşada olduğum müddətdə yatmaqdan qorxurdum... Bu gerçəkliyin yuxuya çevriləcəyindən qorxurdum. Qorxurdum ki, Şuşalı günlərim, saatlarım, anlarım birdən yuxuya çevrilər... Bundan çox qorxurdum...
***
Şuşaya səfərimizin ilk günü nahar edərkən, bizimlə birgə gəlmiş ziyalılardan biri, 60-70 yaşlı bir şuşalı ilə eyni masada əyləşmişdik. O, yeməkxananın pəncərəsindən tez-tez çölə boylanır, narahat şəkildə yerində qurcalanırdı. Birdən mənə tərəf dönüb dedi: "Mənə bir yumruq vura bilərsənmi?" Təəccübləndim. Maraqla rəngi sapsarı saralan o insanın üzünə baxdım. O, təəccübləndiyimi görüb dedi: "Bilirsənmi, mən az qala 30 il bu yerlərin həsrəti ilə yaşamışam. Ona görə məni vurmanı istəyirəm ki, bunun bir yuxu olmadığını anlayım".
Sonra o göz yaşlarına hakim ola bilmədi, ağladı. Mənim də gözüm doldu. Anladım ki, Şuşa ilə bağlı bu qeyri-adi hissləri, bu duyğuları, bu həsrəti, bu nisgili mənim kimi bütün Azərbaycan xalqı yaşayıb...
***
Ayrılırıq Şuşadan... Heç kim buradan ayrılmaq istəmir. Hər kəs avtomobilin əvvəlcə yan pəncərəsindən görə bildiyi qədər, daha sonra isə arxa pəncərəsindən Şuşa gözdən itənədək boylanır. Nəhayət, sıx meşələr Şuşanı görünməz edir...
Eybi yox... Biz yenə gələcəyik... Şuşamızla yenidən görüşəcəyik... Artıq bunun üçün heç bir maneə yoxdur...
***
Yolboyu düşünürəm: "Şükürlər olsun, sənə, İlahi! Bu üçgünlük səfər, həqiqətən də, yaşanan bir gerçəkmiş, yuxu deyilmiş..."
Qafar Qərib
525-ci qəzet.- 2021.- 14 sentyabr.- S.10;11.