“Ucal, fidanım, ucal, mən də yetim böyüdüm…”  

 

 Novruz Gəncəli - 100

 

Bu gün Azərbaycan poeziyasının layiqli nümayəndəsi, Sovet ədəbiyyatının sütunlarından olan, öz dövründə populyarlıq qazanaraq nəsildaşlarının içində seçilən, şeirləri nəğmələrə çevrilərək dodaqlarda gəzişən, pyesləri teatr səhnəmizə yeni nəfəs gətirən şair, dramaturq Novruz Gəncəlinin anadan olmasından 100 il ötür.

 

Novruz İsmayıl oğlu Sadıqov  12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olub. Atası vəfat etdikdən sonra qardaşı Qulamhüseyn Sadıqovun himayəsində yaşayıb. Qradaşının işi ilə əlaqədar ailəvi şəkildə Gəncəyə köçüblər, uzun illər orda məskunlaşıblar. Novruz Gəncəli Gəncədə olarkən həyatı, ətrafı, təbiəti dərk edib, insan hisslərinə burada bələd olub, duyğuların poetik həllini tapıb. Elə ona görə də, Əhməd Cəmil gənc şairə “Gəncəli” təxəllüsünü verib. Novruz Gəncəli ömrünün sonuna qədər qələminin şirə çəkdiyi şəhərin adını öz isminin yanında şərəflə daşıyıb, bu təxəllüsə sadiq olub.

 

Novruz Gəncəli orta məktəbi bitirdikdən  sonra – 1939-cu ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsinə daxil olub. Novruz Gəncəli Azərbaycan Yazıçılar İttifaqının "Natəvan" klubunda, "Ədəbiyyat” qəzetində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında müxtəlif vəzifələrdə işləyib. 1945-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan şair bir müddət orada poeziya üzrə məsləhətçi kimi də fəaliyyət göstərib.

 

1947-ci ildə Yazıçılar Birliyində keçirilən toplantıda S.Vurğun onun bir şeirini ucadan oxuyur və sonda deyir:

“Ədəbiyyatımıza əsl şair gəlir”.

 

Ədəbi səhifələr vərəqləndikcə Novruz Gəncəli imzası da sevgi və hörmətlə yad ediləcək. Şairin seçmə şeirlərini sizə təqdim edirik.

 

NADİR YALÇIN

 

 

525-ci qəzet.- 2021.- 15 sentyabr.- S.23.