“Qız Bənövşəyə gedən yol

 

 "Bir rəsmin dedikləri" rubrikası

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı  Bakı Xoreoqrafiya Universitetinin sənətşünaslıq kafedrasının müəllimi,sənətşünas Aysel Məmmədəliyevadır. Aysel xanımla Xalq rəssamı Səttar Bəhlulzadənin "Qız Bənövşəyə gedən yol" əsəri haqqında danışmışıq.

 

***

 

- Səttar Bəhlulzadə yaradıcılığına xas cəhətlər bu əsərdə özünü necə göstərir?

 

- Xalq rəssamı Səttar Bəhlulzadə Azərbaycan incəsənəti tarixində öz yerini qazanmış fövqəladə yaradıcılıq qabiliyyətinə malik rəssamlardandır. Milli bəşəri ənənələri əsərlərində bacarıqla əks etdirən rəssam Azərbaycan rəngkarlığında yenilikçi, novator sənətkar kimi tarixə düşüb. Bu mənada Səttar Bəhlulzadənin ölməz irsi təsviri sənətimizdə yeni unudulmaz səhifələr yaradıb. O, Azərbaycan təsviri sənətində mənzərə əsərlərinin ən kamil nümunələrini yaratmış rəssamlardandır. Onun mənzərələrində Azərbaycan təbiətinin gözəllikləri, dağların əzəməti, Xəzər dənizinin romantikası, doğma torpağın ruzi-bərəkəti parlaq boyalarla əksini tapıb.  "Qız Bənövşəyə gedən yol" əsəri bu qəbildəndir.

 

 

 

- Əsərin yaranma tarixçəsi haqqında deyə bilərsiniz?

 

- Rəssam bu əsəri 1953-cü ildə Quba rayonunda yaradıcılıq ezamiyyətində olarkən etüd formasında işləmiş, sonralar onun əsasında bitkin, mükəmməl rəngkarlıq əsəri yaratmışdı. Əsərdə S.Bəhlulzadə yaradıcılığının xarakterik cəhətləri, fərdi dəst-xətti, təcəssüm etdirdiyi təbiət motivlərinə yaxşı bələd olması bütün incəliyi ilə onların dərinliyinə nüfuz etməsi öz əksini tapır.

 

Qız Bənövşə Quba rayonunda məşhur bulaqdır. Bulağın belə adlandırılması Bənövşə adlı gözəl bir qızın faciəsini əks etdirən rəvayətlə bağlıdır. Belə deyirlər ki, keçmişdə dövlətli bir kişinin Bənövşə adında bir qızı olur. Bənövşə varlı qızı olmasına baxmayaraq, heç kimə yuxarıdan aşağı baxmaz, hamını bir gözdə görərdi. Onların sayı-hesabı bilinməyən qoyunlarını Yetim adlı bir çoban otararmış. Fərasəti, qoçaqlığlı, sədaqəti ilə ağasının hörmətini qazanmış Yetim ürəyinin hökmü ilə Bənövşəyə məhəbbət yetirir. Çoban məhəbbətini özünə ar bilməyən Bənövşə gizli görüşə razılıq verir. Sevgililər həmişə bulaq başında görüşməyi qərara alırlar. Bənövşə vədə yerinə Yetimdən əvvəl gələr, boynunu büküb sevgilisinin yolunu gözləyərdi. Bulağın sərin suyundan içdikdə onların məhəbbəti daha da alovlanardı. Görəsən, zalım ağa bu hissi anlayarmı? Əlbəttə, yox. Bir gün ağaya çatır ki, bəs qızın Yetimlə görüşür. Bunu eşidən ağa oğlanları qulaqlarına inanmır, qızı güdməyə başlayırlar. Vədə vaxtı yaxınlaşır. Bənövşə bulaq başına tələsir. Ağa əsabələri ilə gizlicə qızı təqib etməyə başlayır. Bənövşə bulaq başına çatıb boynubükük halda sevgilisinin yolunu gözləyir. Vədədən xeyli keçir, Yetim gəlib çıxmır. O saat ürəyinə damır ki, sevgilisinin başında bir hadisə var. Yəqin gizli sirlər aşkar olub, onlar bir daha görüşməyəcəklər. Bənövşənin boynunun büküyü bir az da artır. Dərdli bir bayatı çəkir:

 

Gözlərimi oysalar,

Üstə dərman qoysalar.

Mən səndən əl üzmərəm,

Dilim-dilim soysalar.

 

Bayatı bütün kəndə səs salır. Ağa Bənövşənin məhəbbətinin səsini kəsməyə çalışır, ancaq bayatı qor kimi Ağanın canına dolur:

 

Mən Yetimə vuruldum,

Gözləməkdən yoruldum.

Harda qaldı gəlmədi,

Ürəyimdən vuruldum.

 

Onlar görürlər ki, Bənövşənin səsini vaxtında kəsməsələr, hamı bu məhəbbətdən xəbərdar olacaq. Bu da ki, ağa üçün ölümdən betərdir. Bu ara Yetim özünü sevgilisinə yetirir. Onlar sarmaşıq kimi bir-birinə sarışırlar. Qan ağanın beyninə vurur. Gizləndiyi yerdən çıxıb oğlanları ilə birlikdə doğma qızı Bənövşəni xəncərlə doğrayır. Yetimlə oturduqları daş qana bürünür. Yetim bu amansızlığa dözə bilmir, bir ağı çəkir:

 

Ahu dağda xoş mələr,

Xoş inildər, xoş mələr,

Əgər bivəfa olsam,

Oturduğum daş mələr.

 

Sonra xəncəri çıxardıb ürəyinə sancır. Xalq Bənövşənin meyidini Ağaya vermir. Onları bulağın başında dəfn edirlər. Hər il yaz gələndə Bənövşənin qəbiri üstündə, aşiqlərin qanı tökülən yerdə boynu bükülü bir çiçək açır, məhəbbəti kimi ömrü az olur, dörd-beş gündən sonra solur. Xalq bu çiçəyə iki nakam məhəbbətin rəmzi olaraq Bənövşə adı verir. Bulağa isə Qız Bənövşə bulağı deyirlər. Bulaq müdam çağlayır. Sözügedən hekayədən təsirlənən təbiətin gözəlliyindən ilhamlanan rəssam bu tablonu yaratmağa qərar verir.

 

- Əsərin rəng koloriti barədə deyə bilərsiniz?

 

- Əsərin süjeti ön xətdən arxa xəttə doğru ardıcıllıqla uzanan təbiət mənzərəsinin əks olunmasından ibarətdir. Tabloda soyuq rənglər üstündür, axşamüstü, günəşin batması (sağ tərəfdə) təsvir olunduğundan tabloda işıq məhduddur, əsər akademik perspektiv əsasında qurulduğundan açıq görünüşü əks etdirdiyindən (arxa plandakı dağlara qədər) həcm müstəvi parametrləri geniş dərindir, ümumi tonallıq soyuq rənglərdən təşkil edilib nisbətən şəffafdır. Bədii məkan lirik görünüşlü təbiət səhnəsini əks etdirir. Əsərin kompozisiyası ön plandan arxa plana doğru düzgün formalı xətti quruluşa malikdir. Kompozisiya rəng bölgüsü baxımından əsər üç paralel hissədən ibarətdir: yaşıl-qəhvəyi alt hissə, göy orta hissə (arxa planda dağlar) mavi-açıq sarı üst hissə (səma). Bu hissələr ümumi ahəngdarlıq prinsipi əsasında bir-biri ilə əlaqələndirilib quruluş baxımından tamlıq yaradır.

 

- Tablo hazırda harda saxlanılır?

 

- Tablo Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət muzeyində saxlanılır.

 

- Bu rəsm bizə deyir?

 

- "Qız Bənövşəyə gedən yol" tablosunda rəssamın lirik-romantik hissləri üstünlük təşkil edir. Biz rəssamın bütün mənzərə rəsmlərində olduğu kimi, bu əsərində Azərbaycan təbiətinin zəngin məzmunlu, əsl poetik obrazını görürük. Bu əsər öz vətəninin gözəlliklərinə valeh olan rəssamın düşüncələrinin, həssas qüdrətli duyğularının bədii təcəssümüdür.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 15 sentyabr.- S.24.