Təbiətin bəxşişi - İsa
bulağı
İSA BULAĞI ŞUŞANIN İNCİSİDİR
Şuşa
göz yaşı kimi şəffaf və buz kimi soyuq
bulaqları ilə məşhurdur - İsa bulağı, Səkili
bulağı, Daşaltı bulağı, Soyuqbulaq, Şəmilin
bulağı... Azərbaycanda bu bulaqlar barədə eşitməyən
az insan tapılar.
İsa bulağı Qarabağın ən məşhur
istirahət yerlərindən biri hesab olunur. Bulağın oluğu yer
Şuşa şəhərindən o qədər də uzaq
olmayan məsafədə, Qarabağ silsiləsində, dəniz
səviyyəsindən 1600 metr yüksəklikdə, çox
gözəl mənzərəli qalın meşələr
qoynunda yerləşən səfalı istirahət guşəsidir.
Bir zamanlar bulağın ətrafı yaz və yay
aylarında təmtəraqlı,
çal-çağırlı olardı. Suyu buz kimi soyuq, faydalı,
eləcə də büllur kimi dumduru olan bu bulaq, yerli əhalinin
dediklərinə
görə, ilk dəfə XVIII əsrdə ərazinin
qalın meşəlik hissəsində İsa adlı əkinçi
tərəfindən tapılıb və elə onun da
adını daşıyır. Əlbəttə,
bununla bağlı başqa mülahizələrin olması da
istisna deyil.
İsa bulağı bir çox tarixi hadisələrin və
buraya istirahətə gələn insanların şahidi olub. Zamanında
yüz minlərlə insan bu bulaqdan su içməyə, bu
yerlərin gözəlliklərindən zövq almağa gələrdilər.
Bulaq buraya səfər edənlərin o qədər xoşuna
gəlib ki, vaxtılə xalq arasında belə bir deyim də
məşhurlaşıb: "İsa bulağında olmayan
Şuşada olmayıb". Bu yerlərin gözəlliklərindən
vəcdə gələn rəssamlar onun dünyəvi gözəlliyini
tablolara köçürüb, Şuşanın təbiətinin
əsrarəngiz cazibəsindən ilham alan
şairlər ona şeirlər yazıblar.
Ümumiyyətlə,
Qarabağ təbiətinin təkrarolunmaz gözəlliyinə,
onun nadir incilərindən olan ecazkar bulaqlarına həsr
edilmiş çoxlu əsərlər var. Belə əsərlərdən
biri sözləri Məmməd Rahimə, musiqisi isə Bahadur
Hüseynova məxsus olan "İsa bulağı"
mahnısıdır. Azərbaycanın unudulmaz sənətkarı,
Xalq artisti Gülağa Məmmədovun ifa etdiyi bu mahnı
1957-ci ildə Azərbaycan Televiziyasında lentə
alınıb.
Mövcud mənbələr sübut edir ki, bu bulaq qədim
zamanlardan bəri insanlar üçün təkcə həyat
mənbəyi deyil, həm də xüsusi diqqət çəkən
bir obyekt olub.
Əminliklə deyə bilərik ki, İsa
bulağının suyu insanları fiziki və ruhi xəstəliklərdən
sağaldır, onlara güc və sağlamlıq bəxş
edir, həyata və ətraf dünyanın gözəlliyinə
inam aşılayır. Təbii ki, bu
xüsusiyyətlərinə görə
şuşalıların özləri və şəhərin
qonaqları adətən bulağın ətrafında istirahət
etməyi xoşlayırdılar.
Bu məqalənin müəllifi də ötən əsrin
əllinci və altımışıncı illərində
atasının vətəni Şuşada olarkən, valideynlərlə
və qohumlarla birgə yayda İsa bulağına gəlirdi. Adətən,
orada istirahət etməyə getməzdən bir neçə
gün əvvəl hazırlıq işlərinə
başlanar, zəruri ərzaqlar alınar, lazımi əşyalar
götürülərdi. Bütün
bunlar bir qayda olaraq o zaman hər bir ailənin evində olan iri
toxunma sarı səbətlərə yığılardı.
Elə təkcə görünüşünə
görə belə səbətlər bu gün də insanlarda
xoş təəssürat və xatirələr oyadır. Şuşanın
tanıdığım yaşlı adamları müxtəlif
xəstəliklərin və virusların
yayılmasının səbəblərindən birini
insanların orqanizm üçün çox zərərli
olan plastik torbalardan istifadə etməsində görürlər.
Onların söylədiklərinə görə,
ərzaqları yalnız toxunma səbətlərdə saxlamaq
lazımdır. Belə olduğu halda
insanlar daha sağlam və müxtəlif xəstəliklərdən
uzaq olacaqlar. Toxunma səbətlər
mütləq hər bir evdə olmalıdır.
Hazırlıq işləri başa çatandan sonra
bütün bunlar baqaja doldurular və günorta saatlarında
şəhərdən çıxardıq. İsa
bulağına qismən çınqılla
örtülmüş torpaq yolla getməliydik. Gəlib
çatdıqdan sonra hamı büllur kimi təmiz, sərin və
dadlı sudan içmək
üçün bulağın başına toplaşardı. Bulaqdan
axan suyun bir hissəsi hasarlanmış kiçik su anbarına
axırdı və istirahətə gələnlər adətən
gətirdikləri qarpızları soyutmaq üçün bu
kiçik anbardan istifadə edərdilər.
Təmiz havada dincəlmək üçün münasib
yer seçildikdən sonra yerə palaz sərilər, palazın
üstünə salınmış süfrəyə və ya
qəzetə yeməklər düzülərdi. Palazın kənarlarına
qatlanan kətillər sərilər, balışlar
qoyulardı. Təmiz havada bulaq suyunun
şırıltısının, oxuyan quşların nəğməsinin,
meşədəki ağac və güllərin xoş qoxusunun
təsiri altında kiminsə sadə və dadlı yeməklərdən
imtina etməsi mümkün deyildi, pendirlə çörək
bir andaca ləzzətlə yeyilirdi.
Çəkilən kababı da yedikdən sonra bulaq
suyundan dəmlənmiş çay içilirdi. Mənalı
keçirilən asudə vaxt meşədə ağaclar
arasında gəzinti və xatirə fotoşəkilləri
çəkdirməklə başa çatırdı. Bundan sonra hamı açıq havada istirahət
yerini təmizləməklə və bidonları və
termosları bulaq suyu ilə doldurmaqla məşğul olurdu.
Ötən əsrin yetmişinci illərindən
90-cı illərin əvvəllərinə qədər mən
də bir neçə dəfə Şuşaya gəlmiş və
imkan daxilində bu bulağı ziyarət etmişdim. Və bu gün, illər
sonra etiraf edim ki, buraya hər gəlişim, bulağın
gözündən su içməyim, burada təbiətin qoynunda keçirdiyim
anlar yaddaşıma əbədi olaraq yazılıb.
Həmin
səfərləri dəfələrlə xatırlayaraq və
sonrakı illərdə müvafiq araşdırmaları təhlil
edərək bir qənaətə gəlirəm: o əfsanəvi
bulaq, həqiqətən, Şuşanın incisidir, Şuşa şəhərinin simvollarından
biridir.
Yaxın keçmişdə, xüsusən də yay
aylarında bulağın ətrafında poeziya və musiqi məclisləri
də təşkil olunardı. Ayrı-ayrı
musiqiçilər, çalğıçı dəstələri
istirahət edənləri əyləndirirdilər. Bulağa gələn hər
çalğıçı dəstəsinin öz xanəndəsi
olardı. Xan Şuşinskini də öz
dəstəsi ilə burada görmək olurdu. Azərbaycan
peşəkar vokal sənətinin banisi, təsnif ifaçısı,
SSRİ Xalq artisti Bülbül də sərin bulaq suyu
içmək və təmiz meşə havası ilə nəfəs
almaq üçün buraya təşrif buyurardı. Məşhur
tarzən, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimov və Azərbaycanın
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri,
bəstəkar Süleyman Ələsgərov və ölkəmizin
bir çox digər tanınmış musiqi xadimləri də
tez-tez buranın qonaqları sırasında olurdular.
Məşhur yazıçılar, şairlər, teatr səhnələrinin
görkəmli xadimləri də meşə
ağaclarının dincliyindən və sakitliyindən
zövq almaq və bir ovuc bulaq suyu içmək
üçün buraya təşrif buyururdular. Şuşa
sakinlərinin bəziləri daim buraya avtomobillə gəlir,
boş şüşələr və digər materiallardan
qablar gətirir, onları bulaq suyu ilə doldurur və özləri
ilə aparırdılar.
Azərbaycanın
bir çox guşələrindən və keçmiş
SSRİ-nin müxtəlif bölgələrindən Şuşanın
sanatoriya və istirahət evlərində dincəlmək
üçün gələn turistlər Şuşanın
tarixi və görməli yerləri ilə yanaşı,
mütləq qaydada ecazkar İsa bulağını və ətraf
sahələrini də görmək istəyirdlər. Həmin yerlərə gəzintilərə
çıxarkən, onlar təbiətin Şuşaya bəxş
etdiyi gözəlliklər qarşısında vəcdə gəlir,
İsa bulağının təmiz və şəffaf suyuna məftunluqla
baxırdılar. Hətta yayın ən
isti günlərində belə bulağın başında həmişə
sərin hava olurdu, axşamlar isə isti geyimsiz keçinmək
olmazdı. Şuşa hətta yayda belə
insanları sərin və təmiz havası ilə
qarşılayardı.
Bəli, həmin yerlər erməni vandalları tərəfindən
işğal edilənə qədər bütün bunlar
mövcud idi.
İşğaldan sonrası, o cümlədən Şuşa, İsa bulağının taleyi isə
hər kəsə bəllidir.
İşğal altındakı digər
torpaqlarımızdakı səfalı, büllur sulu bulaqlarımız kimi məşhur İsa
bulağı da 30 ilə yaxın ermənilərin istifadəsində
olub. İşğalçılar onun
adını "İsaak bulağı" qoyublar.
"Azərkosmos" ASC-nin Azersky peyki vasitəsilə 2019-su
ilin iyun-iyul ayları ərzində Azərbaycanın
işğal olunmuş ərazilərində təcavüzkar
Ermənistan tərəfindən törədilən qeyri-qanuni
fəaliyyətlərin monitorinqi nəticəsində
Şuşanın "İsa bulağı" istirahət
zonasının ərazisində 0.46 hektar sahədə meşə
zolağının tamamilə
qırılması aşkar edilmişdi.
İsa
bulağının və ətraf ərazilərimizin
işğal edilməsi ilə bağlı qəlbimizin çəkdiyi
iztirabları həyatdan vaxtsız getmiş sevimli şairimiz,
publisist, ssenarist Nüsrət Kəsəmənli
özünün "İsa bulağı" şeirində
dərin mənalı ifadələrlə tərənnüm
etmişdi. Burada qeyd etmək lazımdır ki,
şairin "İsa bulağı" şeirinin sözlərinə
mahnı da bəstələnib. Açığını
deyim ki, bu bulağın o illərdəki taleyinə həsr
olunmuş həmin mahnı çox səmimi və həyati,
eyni zamanda, kədər duyğuları ilə dolu bir
mahnıdır.
Şükürlər
olsun ki, Şuşa şəhərinin
simvollarından olan İsa bulağı artıq müzəffər
Azərbaycan Ordusu tərəfindən işğaldan azad
edilib. Bu, düşmən odusunu
darmadağın edərək Şuşadan qovan Azərbaycan
Ordusunun qəhrəmanlığı və cəsarəti sayəsində
mümkün olub. İnternet şəbəkəsində
Azərbaycan əsgərlərinin məşhur İsa
bulağını necə ziyarət etdikləri barədə
xeyli video-kadrlar yayılıb. Bundan sonra Azərbaycanın
incisi olan Şuşa şəhəri yenidən
canlanacaq və öz qonaqlarını əvvəlki qonaqpərvərliklə
qarşılamağa başlayacaq, İsa bulağı isə
yenidən bu şəhərə gələnləri bulaq
üstündəki istirahət məkanında dayanmağa məcbur
edəcək.
Bu
günlərdə Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun
Abbasovun mətbuata verdiyi məlumata görə Şuşa
şəhərinin əsas simvollarından olan İsa
bulağı və onun su təminatı artıq tam bərpa
edilib, təmir-bərpa işlərində istifadə olunan mərmər
üzərində milli ornamentlə "İsa
bulağı" sözü yazılıb.
Eyni zamanda qeyd etmək lazımdır ki,
Füzuli-Şuşa magistral yolunun çəkilməsi ilə
bağlı layihədə Şuşanın əfsanəvi
İsa bulağına gedən iki kilometrlik yolun tikintisi də
yer alıb. Bulağa gedən bu iki zolaqlı yol öz
başlanğıcını yeni Füzuli-Şuşa avtomobil
yolunun təxminən 82 kilometrliyindən götürəcək.
Əlbəttə, Qarabağın ən məşhur
istirahət yeri hesab olunan İsa bulağı haqqında
danışarkən yuxarıda qeyd etdiklərimiz onun
haqqında kifayət edəcək qədər informasiya vermir. Bu yazıda məqsədimiz
heç də Şuşa haqqında və
ilk növbədə şəhərin simvolu olan İsa
bulağı barədə dərc edilmiş çoxsaylı
kitab, jurnal, məqalələrdə əksini tapan müxtəlif
tarixi faktlara, məlumatlara bir yenilik gətirməkdən ibarət
deyil. Əsas məqsədimiz İsa
bulağının təmiz, şəffaf, göz yaşı
kimi dumduru suyu ilə bağlı yekunda bəzi fikir və
mülahizələrimi oxucularla bölüşməkdir.
Düşünürəm ki, ilk növbədə
müalicəvi əhəmiyyəti olan bu bulaq suyunun sənaye
üsulu ilə şüşə və plastik qablara
doldurulmasının təşkil edilməsi barədə
düşünməyin vaxtı çatıb. Əlbəttə,
fasiləsiz istehsal prosesini və suyun maksimum keyfiyyətini təmin
etmək üçün çoxlu səy və sərmayə
yatırmaq, eyni zamanda bir sıra təşkilati və texniki məsələləri
həll etmək lazımdır.
Əminəm ki, çəkilən zəhmət
özünü tamamilə doğruldacaq və bulaq suyunu
alıb onu ləzzətlə içmək istəyənlərin
sayı kifayət qədər çox olacaq. Bu suyu təkcə Şuşa və ətraf rayonların sakinləri
deyil, həm də ən azı bircə dəfə İsa
bulağına gəlib onun suyundan içən və bu
canlı nemətin mənbəyi haqqında yaşlı nəsildən
eşidən hər kəs almağa can atacaq.
İstifadə olunan qabların bənzərsiz dizaynı
və gözəl etiketi də bugünkü tələskən
alıcının diqqətini çəkə bilər. Etiketdə həm
Azərbaycan dilində, həm də xarici dillərdə bu
suyun unikal keyfiyyətini qısaca əks etdirmək
lazımdır. Düşünürəm
ki, Şuşanın yaxınlığında olan məhz bu
bulaqdan doldurulmuş suyun şüşə qablarında
satışının təşkil edilməsinin beynəlxalq
kontekstdə əhəmiyyəti barədə
danışmağa ehtiyac yoxdur. Son nəticədə
isə bütün bunlar, əlbəttə ki,
satışların artmasını stimullaşdıracaq.
İstehsal prosesinin təşkilindən danışarkən, fikrimizcə, ilkin mərhələdə suyun bir mənbədən şüşə qablara doldurulması üçün kiçik müəssisə yaradılmasına ehtiyac olacaq. Bu müəssisənin fəaliyyətinin yerində təşkil edilməsi məqsədəuyğun olardı.
Nümunə üçün deyə bilərəm ki, yaxın keçmişdə Şuşa rayonunun Turşsu kəndində "Turşsu" mənbəyindən qazlı suyun qablaşdırılması üçün kiçik bir sex uğurla fəaliyyət göstərirdi. Ötən əsrin altmışıncı illərində bu məqalənin müəllifi mənbənin yanında fəaliyyət göstərən və fikrimcə, burada təxminən 10-15 nəfərin işlədiyi bu sexi ziyarət etmişdi. Sexdə Sovet istehsalı olan avadanlıqlarda az miqdarda istehsal olunan bu məhsul, əsasən keçmiş DQMV-nin ərazisində satılırdı.
Əlbəttə ki, bu gün İsa bulağının suyunun qablaşdırılması üçün həm yerli, həm də xarici firma və şirkətləri cəlb etmək mümkündür və onlar müasir texnologiyalardan istifadə etməklə həm suyun qablaşdırılmasını, həm də onun saxlanması və çatdırılmasını həyata keçirə bilərlər. Lazım gələrsə, bu kiçik müəssisə mənbədən şəhərə su təchizatını təmin etməklə Şuşa şəhərinin özündə də fəaliyyət göstərə bilər.
Sözsüz ki, biz bu yazıda qaldırılan məsələnin müvafiq strukturlar tərəfindən öyrəniləcəyinə və təhlil ediləcəyinə inanmaq istərdik. Yalnız bundan sonra nəzərdə tutulanların həyata keçirilməsindən danışmaq olar.
Nəhayət, məqaləni bir maraqlı məlumatla yekunlaşdırmaq istərdim. "Report" İnformasiya Agentliyinin 2021-ci il 13 iyun tarixində verdiyi xəbərdə qeyd olunur ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində azərbaycanlı, əslən təbrizli olan rəssam Əbülfəz Bahadurinin əsərlərindən ibarət "Perspektvlər" adlı sərgi açılıb. Tədbirdə çıxış edən rəssam deyib: "ABŞ-da bu günə qədər bir çox sərgilərim keçirilib. Ən böyük sərgim 2011-ci ildə Qarabağ Fondu tərəfindən Vaşinqtonda təşkil edildi. Həmin sərgidə 89 əsərim nümayiş olundu. Hazırda ADA Universitetinin Vaşinqtondakı ofisində də əsərlərim sərgilənir. ABŞ-da fərdi sərgilər keçirmək heç də asan deyil. "İncəsənət liqası" məni ayın rəssamı elan edib. Sərgidə 20-dən çox əsərim nümayiş olunur. Onlardan "İsa bulağı" adlanan əsəri 40 günlük Vətən müharibəsi vaxtında ərsəyə gətirmişəm".
Düşünürəm ki, belə
sərgilərdə və ümumiyyətlə, gələcəkdə
keçiriləcək istənilən beynəlxalq forum və
sərgilərdə "İsa bulağı"nın suyu ilə
doldurulmuş şüşə qabların olması tədbir
iştirakçılarının, eləcə də həmin
sudan içməyə dəvət edilən
qonaqların da diqqətini cəlb edəcək və bundan
sonra yəqin ki, onlar bir daha bu büllur kimi təmiz bulaq
suyundan içmək istəyəcəklər.
Rövşən
AĞAYEV
525-ci qəzet.- 2021.- 15 sentyabr.- S.18-19.