Müstəqil Azərbaycanın aqro-ərzaq siyasəti

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra  əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına yönəldilmiş kompleks və sistemli tədbirlərin həyata keçirilməsi bir sıra ərzaq məhsulları üzrə xarici bazarlardan asılılığın müəyyən qədər azaldılmasına imkan verib. Lakin hələ də bəzi kənd təsərrüfatı və ərzaq  məhsulları (məsələn, taxıl və taxıl məhsulları)  üzrə beynəlxalq bazarlardan asılılıq ərzaq təhlükəsizliyinin və müstəqilliyinin təmin edilməsi baxımından təhdidlər doğurur, ona görə də bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir və həmin tədbirlərin  gələcəkdə də davam etdirilməsi gözlənilir. Bu, ondan irəli gəlir ki, aqrar-ərzaq kompleksinin  inkişafının tamamilə bazar mexanizminin öhdəsinə buraxılması özünü doğrultmur və bazara ərzaq məhsulları təklifinin  bazası kimi çıxış edən kənd təsərrüfatının inkişafı, demək olar ki,  mümkünsüz olur.

 

Aqro-ərzaq kompleksinin bazarın dağıdıcı təsirlərindən qorunması üçün həmin kompleksin dövlət tərəfindən müdafiə edilməsinə ehtiyac yaranır və sözügedən müdafiənin səbəbləri kimi  onilliklər ərzində formalaşmış arqumentlər  aşağıdakılar  götürülür: xarici ticarət arqumentləri; kənd təsərrüfatında gəlirlərlə bağlı olan arqumentlər; kənd ərazilərinin inkişaf etdirilməsilə bağlı arqumentlər; təbiətimühafizə arqumentləri.

 

Ölkəmizin  müstəqillik illərində yuxarıda göstərilən arqumentlərə əsaslanılmaqla aqro-ərzaq kompleksinin müdafiəsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb, bu tədbirlərin effekti  bir sıra kənd təsərrüfatı və ərzaq məhsulları üzrə beynəlxalq bazarlardan (idxaldan) asılılığın və özünütəminat səviyyəsinin yüksəlişi şəklində özünü göstərib. Bu, ölkəmizin ərzaq təhlükəsizliyinin get-gedə yüksəlişinin bariz nümunəsidir.

 

Aqro-ərzaq kompleksinin dövlət tərəfindən müdafiə edilməsi ilə bağlı arqumentlər əslində, biri digəri ilə bağlı olan arqumentlərdir. Kənd təsərrüfatında çalışanların gəlirlilik səviyyəsini yüksəltmədən onların istehsala marağını təmin edilməsi  kənddən şəhərə axının qarşısını alınması mümkün deyil. Kənddən şəhərə axının qarşısının alınması isə kənd ərazilərinin dayanıqlı inkişafına imkan yaradan çox mühüm amillərdən biri  hesab edilir. Bu, həm də təbiətimühafizə ilə əlaqədardır, belə ki, təbiəti mühafizə etmədən gələcək nəsillərin ərzaq məhsullarına təlabatının ödənilməsi böyük risklər altına düşür. Ona görə də aqro-ərzaq kompleksinin dövlət tərəfinbdən müdafiə edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsindən gözlənilən effektin əldə edilməsi sadalanan arqumentlərin kompleks və sistemli  nəzərə  alınmasını tələb edir.

Azərbaycanda aqro-ərzaq kompleksinin dövlət tərəfindən müdafiə edilməsi  üzrə həyata keçirilən tədbirlər çərçivəsində yerli istehsalçıların gəlirlərinin artırılmasına demək olar ki, həmişə diqqət yetirilib. Prezident tərəfindən  imzalanmış 22 mart 1999-cu il tarixli "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərmanın yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artırılmasına çox böyük təsiri olub. Fərmanda planlı təsərrüfatçılıq sistemində mövcud olmuş çoxsaylı vergi və ödəmələrin qüvvədə qalması səbəbindən  bir çox kənd təsərrüfatı məhsullarının istehsalının ziyanla başa gəlməsi vurğulanır və buna görə də bəzi məhsulların istehsalının kəskin azalması, kənddə işsizlik səviyyəsinin artması qeyd edilirdi. Vəziyyətin belə davam etməsi ölkə əhalisinin əsas növ ərzaq məhsullarına təlabatının ödənilməsi baxımından o zaman mövcud olan problemlərin daha da kəskinləşməsinə gətirib çıxara bilərdi. Ona görə də qeyd edilən lüzumsuz vergi və ödəmələrin ləğv edilməsi  bu yolla kənd təsərrüfatı əmtəə istehsalçılarının istehsala marağının gücləndirilməsi  böyük əhəmiyyət   kəsb edirdi.

 

Əsas növ ərzaq məhsulları sırasında dənilər və dənli paxlalıların ehtiyatlarında  yerli istehsalın payı ən aşağı səviyyədədir. 2015-2019-cu illərdə bu göstəricinin səviyyəsi dənli və dənli paxlalılarda 50,4-55, o cümlədən, buğda üzrə 42,6-48 faiz arasında tərəddüd edib.  Bu, sözügedən məhsul üzrə ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından problemin mövcud olduğunu göstərir. Onu da qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyi dedikdə diqqət daha çox ölkənin taxıl və taxıl məhsulları üzrə özünütəminatına yönəlir. Bu deyilənlər nəzərə alınmaqla, ölkəmizin taxıl istehsalçılarının bazarın neqativ təsirlərindən qorunmasına yönəldilmiş müdafiə  xarakterli tədbirlər həyata keçirilir. Həmin tədbirlər gələcəkdə də davam etdiriləcək. Çünki hələlik ölkəmizin taxıl və taxıl məhsulları bazarının  beynəlxalq bazarlardan asılılığını zəruri və yaxud arzu edilən səviyyəyə qədər azaldılması mümkün olmayıb.

 

Ölkəmizdə taxıl istehsalçılarının gəlirlərinin artırılması və onların istehsala marağının stimullaşdırılması üçün taxılın dövlət tərəfindən alışına təminatlı qiymətlər tətbiq edilir. Bu qiymətlər taxıl istehsalçılarına geniş təkrar istehsalı həyata keçirmək üçün kifayət qədər gəlir əldə etməyə imkan verir. Məsələ burasındadır ki, heç də bütün taxıl  istehsalçıları məhsullarını göstərilən qiymətlərə reallaşdırmaq imkanlarına malik olmurlar. Bunu onların istehsal etdikləri taxılın keyfiyyət xüsusiyyətləri qoyulan tələblərə cavab vermədikdə müşahidə etmək olur. Deyilənlər nəzərə alınmaqla, istehsal edilən taxılın keyfiyyətinin yüksəldilməsi məqsədilə məqsədyönlü tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi ölkəmizin ərzaq təhlükəsizliyinin və müstəqilliyinin daha da gücləndirilməsinə gətirib çıxara bilər.

 

Dövlətimizin maliyyə resursları artdıqca ölkəmizin aqrar-ərzaq kompleksinin müdafiəsinə yönəldilən maliyyə resurslarının həcmi də artırılıb, bu aspektdə həyata keçirilən tədbirlərin spektri daha da genişləndirilib. Bu tədbirlər "Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəs"ndə üç böyük qrupa -  ümumi sahə, bitkiçilik və heyvandarlıq sahəsi üzrə dövlət dəstəyi tədbirlərinə ayırılır.

 

Hazırda ölkəmizin aqrar-ərzaq kompleksində  kənd təsərrüfatını müdafiə edilməsinə daha çox diqqət yetirilir. Ölkəmizin ərzaq təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə həm   emal və qida sənayesi müəssisələrinin inkişafına diqqət yetirilməlidir. Sözügedən müəssisələri inkişaf etdirmədən kənd təsərrüfatının yüksək templərlə inkişafı və ölkə əhalisinin müxtəlif növ qida məhsullarına təlabatının dolğun ödənilməsi mümkün deyil. Bu müəssisələr, həm də kənd təsərrüfatının inkişafı baxımından lokomotiv rolunu oynayır. Bu baxımdan  ölkəmizin müxtəlif bölgələrində sözügedən müəssisələrin  yaradılması  hesabına onlar arasında rəqabətin dərinləşdirilməsi və kənd təsərrüfatı məhsulları istehsalçılarını emal müəssisələrinin lokal inhisarçılığından çıxarılması çox vacibdir.

 

Aqrar-ərzaq kompleksinin dövlət tərəfindən müdafiə edilməsi çərçivəsində həyata keçirilən tədbirlər əsas etibarilə daxili bazarın daha çox ehtiyac duyduğu məhsullar üzrə həyata keçirilməlidir. Bu məhsullar sırasında heyvandarlıq məhsulları xüsusilə qeyd edilməlidir. Heyvandarlıq  məhsullarına ölkə əhalisinin ayrı-ayrı təbəqələrinin təlabatı tam ödənilmir, məhz bu səbəbdən sözügedən məhsullar bazarının potensial tutumu daha çoxdur. Məsələn, sadə hesablamalar göstərir ki, ət və ət məhsulları bazarının potensial tutumu onun  real tutumundan iki dəfədən çoxdur. Deməli, hazırda heyvandarlığın inkişafına yönəldilən müdafiə tədbirləri davamlı xarakter daşımalı və ölkə əhalisinin bu  məhsullara tələbatının ödənilmə səviyyəsinin yaxşılaşdırılması üçün həmin tədbirlərə (mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına) zəruri maliyyə vəsaitlərinin ayırılması davam etdirilməlidir.

 

Qarabağın işğaldan azad edilməsi ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunma səviyyəsinin daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq.

Məlum olduğu kimi, işğaldan azad edilmiş əkin sahələri 100 min hektardan çoxdur. İşğaldan azad edilmiş əkin sahəsinin strukturunda taxıl əkin sahəsinin bütövlükdə ölkə üzrə əkin sahəsinin struktrundakı payına uyğunlaşdırılması  ölkəmizdə taxıl istehsalının ən azı 150-180 min ton  artımına gətirib çıxaracaq. Ölkəmizdə taxıl istehsalının artımı bu məhsuldan hazırlanan başqa məhsulların (məsələn, müxtəlif  yarmaların, makaron məmulatlarının və s.) artımına rəvac verəcək. Bu, ölkəmizin ərzaq müstəqilliyinin daha da güclənməsilə  nəticələnəcək.

İşğaldan azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələrin yaradılması nəzərdə tutulur. Bu, həmin regionda yerlərdə məhsulların satışına   kənd təsərrüfatı məhsullarının dəyərinin vaxtında ödənilməsinə imkan verəcək. Nəticədə kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsala maraqları davamlı xarakter alacaq,  kənd təsərrüfatının və bütövlükdə aqrar-ərzaq kompleksinin artan templə inkişafını təmin etmək mümkün olacaq.

 

Ölkəmizin ərzaq təhlükəsizliyinin və müstəqilliyinin təmin edilməsinə "Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə  nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi öz müsbət təsirini göstərəcək. Bu tədbirlərin müəyyən hissəsinin həyata keçirilməsinə baxmayaraq, hələ də bəzi tədbirlər icra edilməmiş qalır. Məsələn, sözügedən sənəddə əsas növ ərzaq məhsulları üzrə tövsiyyə edilən istehlak normalarının (insanların sağlam həyat tərzi keçirmələri üçün bu normaların işlənib hazırlanması çox vacibdir) işlənib hazırlanması vurğulansa da, hələ də həmin normalar təsdiq edilməyib. Bu səbəbdən də ölkənin ərzaq təhlükəsizliyi  üzrə əhatəli təhlillərin aparılması müəyyən çətinlik yaradır. Onu da qeyd edək ki, bu barədə Strateji Yol xəritəsində  dövlət ərzaq ehtiyatlarının formalaşdırılması üçün əhalinin yaş və cins qrupları, eləcə də bəzi digər əlamətlər nəzərə alınaraq, beynəlxalq normalara uyğun rasional fizioloji istehlak normaları işlənib hazırlanacağı və müəyyənləşdirilmiş normalara uyğun olaraq hər bir region - inzibati rayon üçün ərzaq məhsulları üzrə istehlak bazarının tələbatının müəyyənləşdiriləcəyi vurğulanır. Bu normaların işlənib hazırlanması əsas növ ərzaq məhsulları  üzrə formalaşdırılacaq resursların cari  və gələcək illər üzrə tələb olunan miqdarının müəyyənləşdirməyə imkan verəcək, eyni zamanda,  ölkənin ərzaq müstəqilliyinin  daha da möhkəmləndirilməsi üzrə adekvat qərarların qəbul edilməsi üçün  zəruri informasiyaların  əldə edilməsinə şərait yaradacaq.

 

İsmayıl XEYİRXƏBƏROV

AzDİU (UNEC)-nun Biznesin idarə edilməsi kafedrasının dosenti,

iqtisad elmləri namizədi

 

525-ci qəzet.- 2021.- 15 sentyabr.- S.17.