Yuxulardan qopub gələn Şuşa
nağılı...
III yazı
Gülüşümüzü
qaytaran Şuşa
Bu gün bələdçimiz olmadığından
Şuşanın küçələrini sadəcə hisslərimizin
ümidinə gəzirik. Biz oteldən çıxanda saat 16:00-da Cıdır
düzünə tur olacağını demişdilər. Amma başımız gəzintiyə elə
qarışdı ki, bir də baxdıq deyilən vaxtdan
keçib artıq, yəni otelə qayıtmağın mənası
yox. Yaxşısı budur,
özümüz tapaq Cıdır düzünü. Yolçu yolunda gərək deyibən yolumuza davam
edirik.
Qarşımıza çıxan bir heyva
ağacının üstündəki meyvələr şair
dostumuz Fərid Hüseynin diqqətini cəlb edir və
daşın üstünə çıxıb başlayır
heyva dərməyə. Günel Şamilqızı yığdığı
meyvələri torbaya yığır, mən onları kameraya
çəkirəm, Ramil Əhməd kənarda Şuşadan
30 il əvvəl çıxmış anasıyla
görüntülü danışıb, Şuşanın
küçələrini ona göstərir, İntiqam
Yaşar isə buralarda evini tapmış bir şuşalı
ilə söhbət edir. Fərid bir budağa əl atdı,
üstündəki heyva bir az
çürük idi, deyəsən. Budağı
buraxdı ki, bu heyva çürükdür.
Üstündən beş saniyə
keçmədən bizə çönüb gülə-gülə:
"Günümüzə bax ee, Şuşada ağacdan meyvə
dəririk, hələ üstündəki heyvanı da bəyənmirik,
elə bil bazardayıq" - dedi, hələ özünü
məzəmmət də elədi: "Zalım, dünənə
qədər Şuşa vardı, bu ağac vardı? Dər
getsin də meyvəni..." Onda bu sözünə həm
çox gülmüş, həm də çox
düşünmüşdüm... Həqiqətən
də, nə şükürlü günlərdir.
Qəribədir Şuşa. Hansı küçədən keçirsən keç, axırda mütləq gəlib mərkəzə çıxırsan. Biz nabələd olduğumuz üçün belə deyil, olan budur. Biz də növbəti dəfə mərkəzə gələndə yorulub əldən düşdüyümüz üçün Fərid hərbçilərdən birindən Cıdır düzünə necə gedə biləcəyimizi soruşdu. Yolu tərif etdilər, amma bizə uzaq göründü. Fərid neçə dəqiqəyə gedə biləcəyimizi xəbər alanda başqa bir hərbçi dörd dəqiqəyə getdiyini dedi. Söhbətdə məlum oldu ki, o yolu dörd dəqiqəyə gedən xüsusi təyinatlı əsgərdir. Biz qəhqəhələrimizi saxlaya bilməzkən Fərid bütün xəyalları suya düşmüşcəsinə dilləndi: "Ay qardaş, o xüsusi təyinatlıdır deyə dörd dəqiqəyə gedir e, biz o yolu bir saata gedə bilmərik. Sıldırımları aşanlarla dikdə təngnəfəs olanları tən qoyursan?" Əsgərin qəhqəhəsi də bizim səsimizə qarışıb Şuşanın küçələrində xoş əks-səda yaratdı.
Şuşada ilk avtostop edənlər
Başqa əlac isə yoxdur, gülə-gülə deyilən istiqamətdə getməyə davam edirik. Hərbçilərdən azca aralanmışdıq ki, yanımızdan qapısı açıq bir mini avtobus keçdi. Hamımızdan daha çox yorulmuş Fərid zarafat xatirinə qışqırdı: "İsmi-pünhan xatirinə, Şahi-mərdan xatirinə, bizi də aparın". Elə bunu demişdi ki, avtobus bir az qabaqda dayandı. Onsuz da Cıdır düzünü axtarmaq sevincimizdən gülməyə bəhanə axtaran bizi təzədən gülmək tutdu. Avtobusa yaxınlaşdıq ki, içindəki gənclər də gülürlər. Cıdır düzünə getdiyimizi bilib bizi də aparırlar, sağ olsunlar. Yolda danışırıq ki, deyəsən, Şuşada ilk avtostop edənlər biz olduq axı.
O hərbçi bu yolu necə dörd dəqiqəyə gedib bilmirəm, biz maşınla 5-6 dəqiqəyə ancaq çatdıq. Çatanda Fərid bayaq xeyli zəhmətlə dərdiyi heyvalardan onlara da verir. Beləcə yol pulumuzu "heyvayla ödəyib" maşından düşürük.
"Gözəllik önündə heç vaxt, heç vədə,
Belə təzələnib durulmamışdım..."
Rəşad Məcidin 1979-cu ildə Cıdır düzünə həsr etdiyi şeirin misralarıdır. Qarşımızda açılan mənzərəni başqa cür təsvir etmək mümkün deyil, təəssüf ki... Ucsuz-bucaqsız düzün gözəlliyi, dağları ağuşuna almış yaşılın səma mavisiylə öpüşməsi, sıldırım qayaların insanı vahiməyə salan əzəməti, uçurumun "gəl" səslənişi... Hamısı insanın nitqini lal edir. Sadəcə sonsuzluğadək bu gözəllik qarşısında susmaq və seyrinə dalmaq istəyirsən.
Bir daşın üzərində oturub düşünürəm: burdan gələnləri, keçənləri, bu qayaların şahid olduqlarını. Görəsən, neçə yüz illərdir o yaşılla o mavi elə hey öpüşür? Neçə yüz illərdir bu qayalar öz sərtlikləriylə dünyaya meydan oxuyur? Neçə yüz illərdir o cığır, bax, o cığır uzanıb gedir ənginliklərə?
Xan qızı Natəvan burda hansı qayanın üzərində oturarmış? Üzeyiri burdakı hansı mənzərə cuşa gətirib? Vaqif hansı daşın üzərində yazıb şeirini? Bəs biz? Biz bu gözəlliyi necə əldən vermişdik o vaxt?
Ətrafa nəzər yetirirəm. Deyib-gülən kim, şəkil çəkdirən kim, bir kənarda xısın-xısın göz yaşını silən kim, bu möhtəşəm mənzərənin seyrinə dalan kim... Mənsə acgözlüklə içirəm sanki bütün bu gördüklərimi. Beynimin deyil, ruhumun yaddaşına köçür hamısı.
Ürəyim dözmür, bir az da aşağılara getmək istəyirəm. Dik olduğundan sürüşkəndir həm də. Bir dəfə ayağım sürüşür. Ramil narahatlıqla getməməyimi xahiş edir. Amma dinləmirəm. Qayaların arasıyla bir az da aşağıya doğru düşürəm. Məqsədim isə Şuşanın azad edildiyi o məşum əməliyyatı özümçün təsəvvür etməkdir.
"Nə qədər zirvələr fəth edib Qacar,
Amma bu
zirvəyə qalxa bilməyib..."
Rəşad Məcid bu şeiri yazan vaxtacan
Şuşanın, Cıdır düzünün ən
böyük düşməni Qacar idi. Amma şair nə biləydi
ki, vaxt gələcək Qacarın fəth edə bilmədiyi
zirvəni bir xain kütlə (erməni xalq deyil!)
satqınlıqla, xəyanətlə, min bir hiyləylə zəbt
edəcək və biz 30 il Şuşaya həsrət
qalacağıq. Sonra elə bir vaxt olacaq ki, hansısa bir erməni
dığasının Cıdır düzündə getdiyi
yallı səbrimizi daşıran son damla kimi
damarımızda axan qanı coşduracaq, beynimizi silkələyəcək,
ruhumuzu intiqama, qisasa kökləyəcək və nəhayət,
xalqımızın, dövlətimizin bu ədalətsizliyə
qarşı üsyan bayrağı qalxacaq.
Gün gələcək ki, bu zirvələr yaşı
Qarabağın, Şuşanın işğalından
kiçik, vətən eşqi isə bütün sevdalardan
böyük Azərbaycan oğullarını qələbəyə
aparacaq. Bir gün öncə Zəfər yoluyla gələrkən
düşündüklərimi bu gün də burda -
Cıdır düzündə təkrar fikirləşirəm.
Bir insanın qəlbində vətən sevgisi,
qisas hissi nə dərəcədə güclü
olmalıdır ki, bu cür çətin, mümkünsüz
yolları əliyalın, qayalara dırmaşa-dırmaşa,
kol-kosdan tuta-tuta, dizi çapılıb, əlləri qanayaraq
çıxa və hələ düşmənlə əlbəyaxa
da olub torpağını azad edə? Görəsən,
dünyanın başqa bir yerində, tarixin başqa bir
zamanında buna bənzər nümunə varmı?
Müharibə zamanı və qələbədən
aylar sonra Bakının təhlükəsizliyində, sakit
evimizdə oturarkən, düzü, Şuşanın
azadlığı haqqında danışılan və
çox qısa zamanda mifə çevrilmiş, qəhrəmanlıq
örnəyi olan bu real həyat hadisələrini təsəvvür
etməkdə çətinlik çəkirdim. Şuşa
necə bir yerdir ki, bununçün bu qədər
ağlasığmaz işlər görülüb? Onda ailəmizdə Şuşanı görən tək
insan olan anam deyirdi ki, Şuşanı başqa cür azad etmək
mümkünsüzdür. Əsgərlərimiz
elə o qayalardan çıxıblar. Yaxşı,
bəs necə?
İndi
Cıdır düzündə bir qayanın üzərində
oturmuş halda bütün bu aylar ərzində dinlədiklərimi
təkrar xatırlayır və deyirəm: "Niyə belə
az danışıblar?" Bu ki, yalnız qəhrəmanlıq
yox, həm də ən böyük
çılğınlıq örnəyidir. Sən demə, vətən eşqi, torpaq həsrəti,
millət qeyrəti insana ən çılğın hərəkətlər
də etdirə bilərmiş.
"Əbədiyyətdəki
əziz ünvanlarımız..."ı xatırlarkən
"525-ci
qəzet"in səhifələrində 2020-ci il
dekabrın 8-dən etibarən başlayıb bu günə
kimi davam etdiyim Vətən müharibəsi şəhidlərinə
həsr olunmuş "Əbədiyyətdəki əziz
ünvanlarımız" adlı silsilə məqalələrimdə
Şuşanı azad edərkən və ya Şuşanı
azad etdikdən sonra şəhid olmuş onlarla qəhrəmanımız
haqqında yazmışam. Onların həyatını,
keçdiyi döyüş yolunu araşdırıb, ailəsindən,
silah yoldaşlarından dinlədikdən sonra gəldiyim ortaq
nəticə bu olub ki: Azərbaycan əsgərinin ən
böyük arzusu məhz Şuşanı azad etmək olub. Çünki uca qayalar başında yerləşən
bu nazlı şəhər Qarabağın tacı olmaqla
yanaşı, işğalı ən mümkünsüz
görünən, amma təəssüf ki, reallaşan yer
olub.
İndi
bu gözəlim yaşıllığa, bu ucsuz-bucaqsız
düzə, bu sıldırım qayalara baxanda Şuşa
fatehləri bir-bir gəlir gözümün önünə. Üzərində durduğumuz bu torpaq nə
qanları, nə canları alıb ağuşuna. Bəlkə
yağan qar, yağış, əsən külək bu aylar
içərisində o qanların izini silib bu daşların
üzərindən, amma keçən gün, axıb-gedən
zaman, dəyişən dövr və yaşanan heç bir
xoşbəxtlik bizim qəlbimizdən, ruhumuzdan şəhidlərimizin
xatirəsini, onlara olan minnətdarlıq borcunu silə bilməyəcək.
Dünya durduqca, ən sonunca azərbaycanlı
bu həyatda nəfəs aldıqca bizə bu günləri
yaşadan, öz həyatından keçib bizə həyat bəxş
edən o şəhidlərimiz də yaşayacaq.
Yüzlərlə qazimiz, müharibə
iştirakçımız var-hər birimizin fəxarət
yeridirlər.
Özüm də bilirəm ki, bu torpaqlara ayaq
basmaq, buraları görmək məndən daha çox
balasını bu yurd üçün torpağa
tapşırmış şəhid valideynlərinin, həmin
qazilərimizin, döyüşçülərimizin
haqqıdır. Azad etdikləri bu yerlərin
havası, suyu ən çox onların halalıdır. İçlərində gələnləri də
var, sözsüz. Ancaq qismət məni bir
azca önə salıb. Axı işi
gördüklərini yazmaq, təbliğ etmək olan jurnalist
də mütləq gəlməli, dağıdılmış
şəhərlərin xarabalıqlarını, aparılan
quruculuq işlərini görməli və yazıb ictimaiyyətə
təqdim etməlidir. Ümidvaram, o
insanlarımız öz haqlarını mənə halal edərlər.
Həm də əsas odur ki, artıq bu torpaqlarda
yad izi, düşmən tapdağı yoxdur. İndi burada gəzən ayaqlar öz
soydaşlarımızın ayaqları, burda ucalan səs azərbaycanlıların
səsidir.
"Xarıbülbül"də
poetik gecə...
Cıdır
düzünü də gəzəndən sonra yol
üstündə hörmətli yazıçımız,
deputat Aqil Abbas, "525-ci qəzet"in baş redaktorunun
müavini, Əməkdar jurnalist Yusif Rzayev, "Ədəbiyyat"
qəzetinin əməkdaşı Günel Musa, Əməkdar
jurnalist, şair Elçin Mirzəbəyli və
başqalarıyla təkrar Natəvan bulağını,
Şuşa qalasını ziyarət edib otelə gəlirik.
Şuşadakı axşamlar
"Xarıbülbül" otelinin həyətindəki
şux söhbətlərlə yadda qalan oldu. Hansı yana
baxsan şair, ədəbiyyat adamıdır burda. Ədəbiyyat
adamında da söz tükənməz ki... Səhər
tezdən Vaqif Poeziya Günlərinin ikinci tədbirinə
qatılmaq təlaşı olmasa, bu söhbətlər səhərə
kimi uzanar, yəqin ki.
Həm də Şuşada komendant saatı olduğundan
uzaqlaşmaq da mümkün deyil. Bir ara hər kəsdən
ayrılıb təmtəkcə qaranlığın
ağuşuna təslim edirəm özümü. Bütün
səs-küydən, insanlardan uzaqlaşıb Şuşa
gecəsiylə, başım üzərindəki ulduzlarla
yalnız qalmaqdır qəsdim. Tənha bir küncə çəkilib
telefonumda mahnı da qoşuram: Nəzakət Teymurova "Qal,
sənə qurban" deyir. Mahnının nəqarət
hissəsi yenicə başlamışdı ki, altında
oturduğum ağacdan bir sarı yarpaq süzülə-süzülə
düz üstümə düşür. Sanki Şuşa "özünü ağacdan
atan" bu yarpağın diliylə sabah Bakıya yola
düşməli olan mənə "qal, sənə
qurban" - deyir. Gülümsəyib, o sarı
yarpağı Şuşadan və bu gecədən xatirə
kimi özümlə götürürəm.
Görünür, şair dostlarımız da gecənin
sehrinə varmaq üçün otelin həyətində gəzmək
fikrinə düşüblər. Tanış simalar yanımdan
keçirlər. Mənim burda tək oturub
musiqi dinləməyim isə heç birinə təəccüblü
gəlmir, axı onlar da ruh adamlardır. Ruhun
dilindən yaxşı anlayırlar. Alim
Qasımov "Xatirədir" deyə fəryad etməyə
başlayıb. Hə, Şuşadan da
"qalanı xatirədir". Ədəbiyyatşünas,
şair Ələmdar Cabbarlı və hörmətli tənqidçimiz
Əsəd Cahangir söhbət edə-edə
yaxınlaşırlar. Yanımdan keçəndə
ayaq saxlayırlar. İkisinin də musiqiyə
olan həssaslığına yaxşı bələdəm.
Bir neçə dəqiqə birgə otururuq.
Hər ikisi öz sevdikləri xanəndənin
adını deyirlər və növbəylə hər ikisini
dinləyirik. Onların sayəsində
özümçün Murad Laçınlı və Malik Həsənov
adlı istedadları kəşf edirəm. Bakıya qayıdandan sonra da dəfələrlə
dinləmişəm. Sonra onlar da
ayrılıb gəzintilərinə davam edirlər.
Biz də şair dostum, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşarla otelin həndəvərində gəzirik. Bu dəfə mahnı oxumur, şeir deyirik. Hər ikimiz fərqli müəlliflərdən sevdiyimiz və əzbər bildiyimiz şeirləri söyləyə-söyləyə gəzirik. Mən də çox sevdiyim şair və Bakı Slavyan Universitetində müəllimim olmuş Salam Sarvanın şeirini söyləyirəm. İntiqam da şairin "Öz üstümə qoşun göndərən şaham" misrasını təkrarlamaqdan yorulmur. Elə bu dəm pencəyi çiynində həyətdə təkcə gəzişən Salam Sarvanla qarşılaşırıq. Ona elə indicə misralarını oxuduğumuzu deyirik, gülümsünür. Sonra ayaqüstü söhbət edirik. İntiqama deyirəm ki, şair həm də mənim müəllimim olub. Şairlə ayaqüstü söhbətləşib ayrılırıq. Hələ səhərə hazırlaşmalıyıq.
Poeziya günlərinin ikinci günü...
Səhər tədbirin ikinci hissəsinə qatılırıq. Bu dəfə bütün tədbir tamamilə poeziyaya həsr olunub. Bir-birinin ardınca Sabir Rüstəmxanlı, Nigar Həsənzadə, İbrahim İlyaslı, Vaqif Bəhmənli, Əkbər Qoşalı, Xəyal Rza, Asim Yadigar, Arif Buzovnalı, Fərid Hüseyn və başqaları şeirlərini oxuyur, Şuşa sevincini bölüşürlər.
Şeirlərin arasında xanəndələr Nisbət Sədrayeva və Xəyal Hüseynovun ifaları çox gözəl ab-hava yaratdı.
Sonra növbə gəlib çatdı tədbirin kulminasiya nöqtəsinə: "Nizamidən Vaqifə" adlı poetik kompozisiyaya. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova, Elşən Rüstəmovun Nizamidən üzü Vaqifəcən müxtəlif şairlərin yaradıcılıqlardan söylədikləri qəzəllər, şeirlər hər birimizə sonsuz poetik zövq yaşatdı. Çoxunu əzbər bildiyimiz şeirlər bizi sanki zamanda səyahətə səsləyirdi. Gedib düşdüyümüz isə o zaman idi ki, orda ədəbi məclislər keçirilir, şairlər öz şeirlərini aramla, eşqlə bir-birlərinə oxuyurdular.
Bu möhtəşəm dördlüyün kompozisiyanın sonunda söylədiyi
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ
- bayatısı isə sanki poeziya günlərinin yox, son bir ilin məntiqi yekunu idi. Bəli, aləm cənnətə döndü, amma Qarabağ heç zaman yaddan çıxmadı və budur, yenidən Qarabağda Azərbaycan səsi ucalır.
"Qarabağ şikəstəsi" ilə yekunlaşan tədbirin sonunda Vaqif məqbərəsini bir daha ziyarət edib otelimizə geri döndük. Vaqif Poeziya Günləri "Ədəbi müstəvidə Qarabağın dünəni və bu günü" adlı simpoziumla başa çatdı.
Şuşaya hələlik vida...
Şuşa səfərimizin sonuna gəlib çatmışıq. Bir neçə saatdan sonra Bakıya yola düşəcəyik. İndi vaxt təəssüratları öyrənməyindir. Həm yaşlı, həm də cavan şairlərimizdən Şuşa səfəri, Vaqif Poeziya Günləri haqqında təəssüratlarını öyrənirəm. Hamısının sözləri eyni qapıya çıxır: sevincli və qürurluyuq. Amma hamısının gözlərində gizli bir təəssüf də var. Bu, hazırda Şuşada keçirdiyimiz son saatların təəssüfüdür. Çünki içi mən qarışıq kimsə bu gözəl şəhərdən getmək istəmir.
Nəhayət, zaman yetişir və avtobusumuz üzü Bakıya doğru yol alır. Bizi Şuşaya gətirən Zəfər yolu bu dəfə yenidən görüşmək ümidiylə bizi yola salır. Gələrkən gördüyümüz tanış yerlərdən keçə-keçə söhbətimizdən də qalmırıq.
Mən hər kəsin düşüncələrini, təəssüratlarını öyrənirəm, özüm isə dillənmirəm, hisslərimi kimsəyə açmıram. Bu qarışıq hisslərimi vərəqlərə pıçıldayacağım anı gözləyirəm. Üç gündür, az qala, burda yaşadığım hər an yaddaşımda əbədi iz qoyub və mən bunların hamısını sevdiklərimlə, oxucularımla bölüşməyə tələsirəm. Özü də bilirəm ki, nə bu nağıl kimi yaşananlar, nə də onların mənə hiss etdirdikləri bir yazının mövzusudur. Hələ ordaykən hiss eləmişdim yaxın zamanda yaradıcılığıma "Şuşa silsiləsi"nin daxil olacağını.
Budur, əziz oxucu! Siz Şuşa haqqındakı silsiləmin sonuncu yazısını oxudunuz. İki həftədir bu silsiləni izlədiyiniz və sətirlərin arasında bizimlə bərabər səbrlə, sevgiylə Şuşanın küçələrini dolandığınız üçün hər birinizə təşəkkür edirəm! Bu səfərin mənə qazandırdığı ən böyük nemət isə budur: mən nəhayətində indi qəlbən inanır, dərk edirəm ki, əziz Şuşamız azaddır və ən qısa zamanda hər bir vətəndaşımız o gözəl torpaqları görə biləcək!
Sonda mütləq qeyd etməliyəm ki, Şuşaya hansı fəsildə getmənizdən asılı olmayaraq, özünüzlə qalın geyim götürməyi unutmayın: Zirvədə hava həmişə soyuq olur!
Bakı-Şuşa-Bakı...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 15 sentyabr.- S.12-13.