Hanı Əhməd Oğuz?..  

 

Bu sualı dost-tanış da verəcək, özümüz verəcəyik - gözəl şeirə qəribsəyəndə, el deyimlərinin mehrinə uçunanda, qınağa tutulası söz eşidəndə, "dəvə yerişli dünya" növşək vuranda, yaz yağışına qoşa ovuc açanlara, göyqurşağının altından enmeyə meyillənənlərə qoşulmaq istəyəndə, ağaclar çiçəkləyəndə, sellər oynayanda - daşanda, yaylaqlar dəyə-dəyə könül xoşluğuna dönəndə, bulaqlar dinəndə, "Bulaq" dinəndə, ildırım çaxanda, yayda Qaraxaç yaylağına gedəndə, həsrətlə Cücəkəndinə sarı baxanda, "Hanı Əhməd Oğuz? - soruşanlara deyəcəyik: Ürəyimizdə!..

 

Yolunu daşdı gördü,

Gözünü yaşdı gördü,

Gözü qamaşdı, gördü

dünyanı Əhməd Oğuz.

 

***

 

Görən necə çatacaq

soraq Əhməd Oğuza.

Şeirləri olacaq

çıraq Əhməd Oğuza.

 

Dürüst sözə vəl dedi,

Baxdı, əlbəəl dedi...

Tasalandı, "Gəl..." dedi

torpaq Əhməd Oğuza.

 

Göyün gözü dolacaq,

Ayın rəngi solacaq...

Xəyalımız olacaq

varaq Əhməd Oğuza.

 

Toz qopur yolda, izdə,

Taqət yoxdu dizdə...

Vaxtı vaxtdı, biz

varaq Əhməd Oğuza.

 

Ulduzlar saçaq-saçaq,

Dərdi qundaqlayacaq...

Bir qınaq yollayacaq

"Bulaq" Əhməd Oğuza.

 

***

 

Yenə bizim şeirlər,

Tər nərgizim - şeirlər,

Düzüm-düzüm şeirlər,

Bəs hanı Əhməd Oğuz?..

 

Rəşid FAXRALI

 

525-ci qəzet.- 2021.- 16 sentyabr.- S.16.