Yeri görünən insan
Ömrümün müqəddəs atributlarından
biri hesab etdiyim, elm və təhsil məbədim olan Azərbaycan Texniki Universiteti ilə məni 40 illik zaman intervalı
bağlayır. Sentyabrın ilk günü, Ağdam şəhər 6 saylı
orta məktəbin Qızıl medallı məzunu olaraq Azərbaycan Texniki Universitetinə tələbə
kimi qədəm basmamın 40 ili
tamam oldu.
Bu universitetlə məni
40 illik ömür xatirələrim bağlayır
və yaşadır. Təbii ki,
bir ömür kontekstində böyük
rəqəm kimi görünən bu 40 ildə xatirələrimə
ən çox işıq saçan universitetin divarları arasında mənə dərs demiş korifey alimlər, pedaqoqlar olub. Hər gün universitetin kandarından içəri
ayaq basdıqda kino lenti kimi
onların müdrik, nurlu, təbəssümlü
simaları bir-bir gözlərim önündə
canlanır. Professorlar
Salman Qarayev, Niftulla Qədirov, Nadir Qasımzadə, Şamil Səmədzadə, Vaqif Məmmədov, Xanoğlan
İmanov, Əli Xəlilov, Şəmsəddin
Bağırov, Mahal Məmmədov və digərləri...
Əbədiyyətə qovuşmuş bu unudulmaz simaların
ruhları qarşısında
səcdə edə-edə,
bu gün çiyin-çiyinə çalışdığım
əziz müəllimlərim,
professorlar Vaqif Mövlazadəyə, Rasim
Əlizadəyə, Vaqif
Abbasova, Ayaz Abdullayevə Tanrıdan uzun ömür diləyirəm.
8 il əvvəl
Azərbaycan Texniki Universitetində tanışlığımızın
ilk günündən tale mənə
müqəddəs müəllimlərim
qədər sevdiyim və xətrini istədiyim bir insanla dostlaşmaq səadəti bəxş etdi - universitetimizin mətbuat xidmətinin rəhbəri, Əməkdar
mədəniyyət işçisi,
görkəmli jurnalist
Sabir Yusifovla.
Sabir müəllimlə
ilk tanışlığımızda onun böyük alicənablığı, yüksək
ziyalılığı, əsl
kübarlığı, peşəsinin
kamil bilicisi olmağı məni valeh elədi. Bədii kitablarımı
avtoqrafla jurnalist həmkarıma təqdim etdim. Aradan iki gün keçmiş
Sabir müəllim zəng edərək məni iş otağına dəvət
etdi. İki saatlıq söhbətimiz
əsnasında mən
həyatımı indiyədək
nurlandıran böyük
hərflərlə ürəyimin
başına yazdığım
müəllimlərim cərgəsinə
Sabir müəllimin də adını həkk elədim. O gündən sonra çox möhkəm dostluğumuz başladı.
Maraqlıdır ki, səhər
universitetə işə
gələndə təsadüfən
ən çox rastlaşdığım şəxs
Sabir müəllim olurdu. Görünür, bəlkə də
bu, bir təsadüf
yox, mənim Sabir müəllimə olan sonsuz istəyimin
və onunla çoxlu həmsöhbət
olmaq arzumun nəticəsi idi ki, Tanrı bizi tez-tez görüşdürürdü.
Maşınlarımızı uzaq məsafədə saxlasaq belə, bir-birimizə doğru hərəkət edib, çox böyük doğmalıqla görüşdükdən
sonra, ən az 10-15 dəqiqə
ayaqüstü söhbət
edərdik. Bütün bu söhbətlərimizin
ana mövzusu Qarabağ müharibəsi,
torpaqlarımızın işğaldan
azad olunması istəyi və milli dəyərlərimizin
qorunub-saxlanılması, yaşadılması
üçün ortaq
müzakirələrimiz olurdu.
İş yerimiz fərqli korpuslarda olduğu üçün,
onunla görüşmədiyim
gün sanki özümü narahat hiss
edir, mütləq
Sabir müəllimə
zəng edərək,
hal-əhval tutardım.
Sabir müəllim Azərbaycan mətbuatında çox böyük xidmətlərə imza atmış görkəmli jurnalistlərimizdən biri idi. Sabir Hacı oğlu Yusifov 1935-ci il sentyabr ayının 10-da Ordubad şəhərində anadan olmuş, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini jurnalist ixtisası üzrə bitirmişdir. Ömrünün sonunadək, çalışdığı 60 illik fəaliyyəti həmişə jurnalistika ilə bağlı olmuş və iş ünvanlarından asılı olmayaraq Sabir müəllim peşəsinə çox böyük şərəf və ləyaqətlə xidmət etmişdir. Onun həyat yoluna qısa nəzər salsaq görərik ki, fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri Komitəsi ilə bağlı olmuş və həmin qurumun sədr müavini vəzifəsinədək yüksəlmişdir. Daha sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə (indiki AZƏRTAC) köçürülən Sabir müəllim həmin qurumda da müxtəlif vəzifələrdə çalışaraq sədr müavini vəzifəsinə qədər ucalmışdır. Nəhayət, Sabir müəllim ömrünün demək olar ki, son 10 illiyini Azərbaycan Texniki Universiteti ilə bağlamış, 2012-ci ildən 2021-ci ilə qədər həmin universitetin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
Uzun illik jurnalist fəaliyyəti dövründə Sabir müəllimin yüksək peşəkarlığı və səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2000-ci ildə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, 2005-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif olunmuşdur. Bundan başqa, Sabir müəllimin fəaliyyəti çoxlu sayda Fəxri fərmanlar, təşəkkürnamələr, diplomlar və digər mükafatlarla dəyərləndirilmişdir.
Artıq 9 aydır ki, Sabir müəllim bizləri tərk edib, əbədiyyətinə qovuşmuşdur. Biz, bu il ilk dəfə sentyabr ayının 10-da Sabir müəllimin doğum gününü onsuz qeyd etdik. Aradan bir neçə ay ötməsinə baxmayaraq, mən yenə də universitetin həyətinə daxil olan kimi, gözüm ilk olaraq Sabir müəllimin bəyaz rəngli avtomobilini harada saxlamasını axtarır. Hər gün bu axtarışın xəyal qırıqlığına uğrayaraq, içimdə Sabir müəllimin nurlu, təbəssümlü simasını bağrıma basıb, ruhuna dualar oxuyur, sanki onunla söhbətləşirmiş kimi gəzdiyimiz trayektoriya boyu iş otağıma qalxıram. Stolumun üzərində "Ziya" qəzetində 50 illik yubileyimlə bağlı hazırladığı geniş materialı bir daha gözdən keçirib, Sabir müəllimin müdrik baxışları və tövsiyələri altında yeni iş günümə başlayıram.
Elçin İSGƏNDƏRZADƏ
525-ci qəzet.- 2021.- 16 sentyabr.-
S.16.