Əbədiyyətdəki əziz
ünvanlarımız - Şəhidlər ölməz, Vətən
bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız
ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq.
Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla
qürur duyur, onları unutmayacağımıza,
unutdurmayacağımıza söz veririk! Allah hər birinə
rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
shahane.mushfiq@gmail.com
***
Barat Nizami oğlu Quliyev 22 dekabr 1991-ci ildə Bakı
şəhərində anadan olub. 1995-ci ildə ailə
vəziyyətilə əlaqədər Beyləqan rayonuna
köçüblər. 1999-cu ildə Beyləqan
rayonu 3 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul
olub. 2010-cu ildə həmin məktəbin
11-ci sinfini bitirib.
2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə
çağrılıb. Suraxanıda yerləşən
hərbi hissədə xidmət edib. 2012-ci
ildə xidməti başa vurub. 2014-cü
ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə
daxil olub. Beyləqan rayonu N saylı hərbi
hissədə Müddətdən Artıq Hərbi
Qulluqçu manqa komandiri kimi xidmətə başlayıb.
2015-ci il 30 dekabrda hərbi hissənin 2-ci
taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci
manqasında Zirehli PM 3 maşının
sürücüsü vəzifəsində xidmət edib.
2016-cı
il Aprel döyüşlərində fəal
iştirak edib və göstərdiyi şücaətə
görə fəxri fərmanla təltif olunub, həmçinin,
ona qiymətli qol saatı hədiyyə olunub.
2020-ci il sentyabr ayının 27-də başlanan Vətən
müharibəsində Füzulinin Alxanlı kəndindən
başlamaqla döyüşlərdə şücaətlə
iştirak edib. 28 sentyabrda ekipaj üzvləriylə
birgə mühasirəyə düşüblər. Zirehli döyüş maşını düşmənin
açdığı atəş nəticəsində
vurularaq sıradan çıxır. Döyüş
yoldaşlarının köməkliylə mühasirədən
çıxırlar. 29 sentyabrda artıq piyada döyüşlərə
davam ediblər.
Əmrə əsasən neytral ərazidə qalan şəhid
olmuş döyüş yoldaşlarının nəşini gətirmək
üçün yaradılmış əməliyyat qrupuna
öndə öz komandirinin yanında döyüşə
giriblər. Yarım saat ərzində ermənilərin
üç postunu yarıb keçib, düşmənin
saysız döyüşçüsünü məhv ediblər.
Şəhid yoldaşlarının nəşlərinə
çatmağa az qalmış Barat Quliyev
düşmənin açdığı snayper atəşilə
29 sentyabrda Füzulinin Qaraxanbəyli kəndində şəhidlik
zirvəsinə ucalıb.
Barat Quliyev şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
İsmayıl Kamal oğlu Süleymanov 19 aprel 1997-ci ildə
Neftçala rayonunun İkinci Qaralı kəndinə anadan
olub. İlk təhsilini 2003-cü ildə Neftçala
rayon İkinci Qaralı kənd məktəbində alıb.
Daha sonra təhsilini Neftçala rayon peşə
məktəbində davam etdirib.
Məktəbi bitirdikdən sonra Goranboy rayon N saylı hərbi
hissədə xidmətə başlayıb. 2016-cı ildə
başlanan Aprel döyüşlərinin
iştirakçısı olub. Goranboy
rayonu istiqamətində gedən döyüşlərdə
xüsusi qəhrəmanlıq göstərdiyinə görə
komandanlıq tərəfindən fəxri fərmanla təltif
edilib.
Hərbi xidmətini başa vurduqdan sonra Bakıda mühərrik
ustası olaraq işləyirdi. Subay idi və ailəsi
ilə birlikdə yaşayırdı.
2020-ci il sentyabr ayının 29-u könüllü
olaraq Vətən müharibəsinə yollanıb. Sonuncu dəfə qardaşı ilə oktyabr
ayının 7-si danışaraq hər şeyin yaxşı
olduğunu deyib və anasından muğayat olmağını
tapşırıb.
Cəbrayıl rayonu uğrunda gedən döyüşlər
zamanı xüsusi qəhrəmanlıq göstərib. Döyüş
zamanı qəlpə yarası alaraq şəhadətə
yüksəlib.
Şəhidimiz oktyabr ayının 10-da doğulduğu
Neftçala rayon İkinci Qaralı kəndinə son mənzilə
yola salınıb.
İsmayıl Süleymanov şəhadətindən sonra
"Vətən uğrunda" medalı ilə təltif
olunub.
***
İsmayıl
Rəhman oğlu Salmanov 17 may 1997-ci ildə Füzuli rayon
Alıxanlı kəndində anadan olub. 2003-2014-cü
illərdə orta təhsil alıb.
5 iyul 2016-cı ildə hərbi xidmətə yollanıb
və hərbi xidmətdə olduğu müddətdə
özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi
göstərib, məşqlərdə həmişə
yaxından işdirak edib, kollektiv arasında hörmət
qazanıb. 6 yanvar 2018-ci ildə hərbi xidməti başa
vuraraq qayıdıb.
13 avqust 2020-ci ildə könüllü olaraq müddətdən
artıq hərbi qulluqçu kimi xidmətə
başlayıb.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində
Cəbrayıl, Hadrut, Ərgünəş yüksəkliyi,
Xocavənd və Füzuli rayonlarının azad olunması
uğrunda qəhrəmanlıqla döyüşüb. O, 24 oktyabr 2020-ci ildə
İlanlı dağ uğrunda gedən döyüşlər
zamanı qəhrəmancasına şəhidlik zirvəsinə
ucalıb.
İsmayıl
Salmanov şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Sahil
Vüqar oğlu Salmanov 2002-ci il martın
11-də Tovuz rayonunun Düz Qırıqlı kəndində
anadan olub. 2008-2019-cu illərdə Düz
Qırıqlı kənd tam orta məktəbində təhsil
alıb.
2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
idi.
Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri olan Sahil Salmanov
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzulinin azadlığı uğrunda
gedən döyüşlərdə savaşıb və
oktyabrın 20-də Füzuli döyüşləri zamanı
Dördçinar kəndi istiqamətində qəhrəmancasına
şəhid olub. Tovuz rayonunun Düz
Qırıqlı kəndində dəfn olunub.
Sahil Salmanov şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Adəm
İkram oğlu Heydərov 2000-ci il
martın 26-da Qəbələ rayonunun Bum qəsəbəsində
anadan olub. 2006-2017-ci illərdə Bum qəsəbəsində
T.Yaqubov adına qəsəbə tam orta məktəbində
təhsil alıb.
Azərbaycan
Ordusunun əsgəri olan Adəm Heydərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Ağdərə istiqamətində
gedən döyüşlərdə savaşıb və
oktyabrın 13-də Ağdərə istiqamətində şəhid
olub. Qəbələ rayonunun Bum qəsəbəsində
dəfn olunub.
Adəm Heydərov şəhadətindən sonra "Vətən
uğrunda" medalı ilə təltif edilib.
***
Atəş
Yusif oğlu Aslanov 1993-cü il aprelin 1-də
Tovuz rayonunun Məşədivəllər kəndində anadan
olub. 2000-2004-cü illərdə Məşədivəlilər
kənd tam orta məktəbində, 2004-2011-ci illərdə
İ.Bayramov adına Aşağı
Quşçu kənd tam orta məktəbində təhsil
alıb.
2012-2014-cü illərdə Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında müddətli həqiqi
hərbi xidmətdə olub.
Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri olan Atəş
Aslanov 2020-ci il sentyabrın başlanan Vətən
müharibəsi zamanı könüllü olaraq Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. O, oktyabrın 25-də Füzuli
döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində
dəfn olunub.
Ailəli olan şəhidimizin bir qızı yadigar
qalıb.
Atəş
Aslanov şəhadətindən sonra "Vətən
uğrunda", "Döyüşdə fərqlənməyə
görə" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Davud
Taryel oğlu Qurbanov 1996-cı il
fevralın 15-də Bakı şəhərində anadan olub.
2002-2013-cü
illərdə R.Pirnəzərov adına 299 saylı Biləcəri
qəsəbə məktəb-liseyində, 2013-2017-ci illərdə
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
(ADNSU) "İstehsalat proseslərinin
avtomatlaşdırılması" fakültəsində təhsil
alıb. 2017-2019-cu illərdə həmin
fakültənin magistratura pilləsində təhsilini davam
etdirib.
Subay idi.
Müxtəlif telekanallarda montajçı vəzifəsində
çalışmışdı.
Davud Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi
xidmətə çağırılıb. Vətən
müharibəsinə qədər Azərbaycan Silahlı
Qüvvələrinin N saylı hərbi hissəsində xidmət
edib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Suqovuşanın azadlığı
uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Suqovuşan döyüşləri
zamanı şəhid olub. Qazax rayonunun
Birinci Şıxlı kəndində torpağa
tapşırılıb.
Davud Qurbanov şəhadətindən sonra "Vətən
uğrunda" və "Suqovuşanın azad olunmasına
görə" medalları ilə təltif edilib.
***
Elbrus
Şəmsi oğlu Yusifov 1985-ci il
mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan
olub. 1991-2002-ci illərdə N.Yusifov adına
Ağdam kənd tam orta məktəbində təhsil alıb.
2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub. Daha sonra isə müddətdən artıq həqiqi
hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirib.
2020-ci ilin 12-15 iyulunda baş verən Tovuz
döyüşlərində savaşıb.
Azərbaycan
Ordusunun kiçik çavuşu olan Elbrus Yusifov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Murovdağ istiqamətində gedən
döyüşlərdə savaşıb. Oktyabrın
1-də Murovdağ döyüşləri zamanı şəhid
olub. Nəşi uzun müddət tapıla
bilməyib. 21 dekabr 2020-ci il tarixində
Tovuz rayonunun Ağdam kəndində dəfn olunub.
Ailəli olan şəhidimizin 2 oğlu yadigar qaldı. Onun xalası
oğlu baş əsgər Elşad Məmmədov isə
2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid
olub.
***
Elton Baba
oğlu Qənbərli 1997-ci il fevralın
1-də Şərur rayonunun Ələkli kəndində anadan
olub. 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində,
2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb.
2014-2018-ci illərdə Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi
təhsil alıb.
2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında xidmət edirdi.
Azərbaycan
Ordusunun leytenantı olan Elton Qənbərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın
və Qubadlının azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Oktyabrın
20-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına
şəhidlik məqamına yüksəlib. Şərur şəhərinin Şəhidlər
xiyabanında dəfn olunub.
Elton Qənbərli
şəhadətindən sonra "Vətən
uğrunda", "Döyüşdə fərqlənməyə
görə" və "Cəbrayılın azad
olunmasına görə" medalları ilə təltif
edilib.
***
Xalid Qabil
oğlu Nəciyev 1992-ci il iyulun 3-də
Saatlı şəhərində anadan olub. 1998-2009-cu illərdə
Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə
təhsil alıb.
2009-2013-cü
illərdə isə Gəncə Dövlət Universitetində
(GDU) tarix-coğrafiya ixtisası üzrə ali
təhsil alıb. 2017-2018-ci illərdə tarix və
coğrafiya müəllimi olaraq çalışıb. 2017-ci ildən isə Təhsil Nazirliyinin Saatlı və
Sabirabad üzrə ictimaiyyətlə əlaqələr
şöbəsində çalışırdı.
O,
2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub.
Azərbaycan
Ordusunun leytenantı olan Xalid Nəciyev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Laçının azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb və noyabrın 5-də
Laçın döyüşləri zamanı Səfiyan
istiqamətində şəhidlik zirvəsinə yüksəlib.
Saatlı şəhərində dəfn olunub.
Xalid Nəciyev
şəhadətindən sonra "Vətən
uğrunda", "Döyüşdə fərqlənməyə
görə" və "Laçının azad
olunmasına görə" medalları ilə təltif
edilib.
***
İlkin
İslam oğlu Abıyev 1995-ci il
yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində
anadan olub. 2002-2013-cü illərdə Əsgərabad
kənd tam orta məktəbində təhsil alıb.
2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi
hərbi xidmətdə olub.
Azərbaycan
Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Murovdağ istiqamətində gedən
döyüşlərdə savaşıb. İlkin
Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri
zamanı şəhid olub. Biləsuvar
rayonunun Əsgərabad kəndində dəfn olunub.
İlkin
Abıyev şəhadətindən sonra "Vətən
uğrunda", "İgidliyə görə" və
"Kəlbəcərin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
İsmayıl
Məhəmməd oğlu Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində
anadan olub. 1996-2005-ci illərdə Q.Qocayev adına
Lahıc kənd tam orta məktəbində, 2005-2007-ci illərdə
isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil
alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
(AAHM) ali hərbi təhsil alıb.
2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin
Mingəçevir şəhərində yerləşən N
saylı hərbi hissəsində xidmət edirdi. Həmin ildə
XTQ kursuna yazılıb və kursu birinciliklə bitirib. 2011-ci ilin yay aylarından Xızıda N saylı hissədə
fəaliyyətə başlayıb.
İsmayıl
Səmədov müxtəlif illərdə nümunəvi xidmətinə
görə III dərəcəli "Hərbi xidmətdə
fərqlənməyə görə" medalı, "Azərbaycan
Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı,
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, III dərəcəli
"Qüsursuz xidmətə görə" medalı və
xeyli sayda təşəkkürnamələrlə təltif
olunub.
Azərbaycan
Ordusunun kapitanı olan İsmayıl Səmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb və
oktyabrın 11-də Füzuli döyüşləri zamanı
qəhrəmancasına şəhidlik məqamına
ucalıb. Zaqatala rayonunun Lahıc kəndində
torpağa tapşırılıb.
Ailəli olan şəhidimizin 2 övladı vətənə
əmanət qaldı.
İsmayıl
Səmədova şəhadətindən sonra "Vətən
Müharibəsi Qəhrəmanı" adı verilib, həmçinin,
o, "Vətən uğrunda" və "Cəbrayılın
azad olunmasına görə" medalları ilə təltif
edilib.
***
Xəyal
Ağabəy oğlu Məmmədov 1986-cı il
noyabrın 18-də Şəki şəhərində anadan
olub. 1993-2001-ci illərdə Şəki şəhərində
5 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə
isə Cəmşid Naxçıvanski adına
Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə
Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil
alıb. Hərbi təhsilini aldığı
müddətdə bir sıra dövlətlərdə təlimlərdə
olub.
Xidməti
dövründə "Azərbaycan
Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı,
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli
medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley
medalı ilə təltif edilib.
Azərbaycan
Ordusunun mayoru olan Xəyal Məmmədov 2020-ci il sentyabrın
27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın,
Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və
Qubadlının azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb, həmçinin,
döyüşlər zamanı yaralı hərbçiləri
döyüş meydanından çıxararaq fərqlənib.
Oktyabrın 7-də döyüşdən əvvəl ailəsinə
yazdığı son məktubunda bunları qeyd etmişdi:
"Mən gedirəm vətəni qorumağa. Müqəddəs
vəzifəmin icrasına. Ailəm və
övladlarım Allaha əmanət olsun. Hər
həs haqqını halal etsin. Vətən sağ
olsun". Xəyal Məmmədov oktyabrın
20-də Qubadlı döyüşləri zamanı snayper
gülləsi nəticəsində şəhidlik məqamına
yüksəlib. Şəki şəhərində
dəfn olunub.
Ailəli olan şəhidimizin iki qızı yadigar
qaldı.
Xəyal
Məmmədov şəhadətindən sonra 3-cü dərəcəli
"Vətənə xidmətə görə" ordeni,
"Vətən uğrunda", "Cəbrayılın azad
olunmasına görə" və "Qubadlının azad
olunmasına görə" medalları ilə təltif
edilib.
***
Kənan Faiq oğlu İsrafilov 8 noyabr 1990-cı ildə
Şəki rayonunun Şirinbulaq kəndində doğulub.
Cəmşid
Naxçıvanski adına hərbi liseydən
məzun olan Kənan 2008-2012-ci illərdə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
təhsilini davam etdirib. 2013-2018-ci illərdə
Murovdağda komandir vəzifəsini icra edib. Sonra isə 2018-ci ildən qərargah rəisi kimi
xidmətini davam etdirib.
2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi
Akademiyasında təhsilini davam etdirən Kənan 2020-ci ilin
iyun ayından Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində
tabor komandiri kimi xidmət edib. O, müxtəlif zamanlarda nümunəvi
xidmətinə görə "Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100
illiyi" yubiley medalı və bir sıra təşəkkürnamələrlə
təltif olunub.
27 sentyabr 2020-ci ildən başlayan Vətən
müharibəsində kapitan Kənan İsrafilov tabor komandiri
olaraq iştirak edib. Füzulinin, Cəbrayılın və
Suqovuşanın azad edilməsi uğrunda gedən
döyüşlərdə döyüş
tapşırığını yerinə yetirən kapitan Kənan
İsrafilov 5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində
gedən döyüşlərdə qəhrəmancasına
şəhidlik məqamına yüksəlib.
Kənan İsrafilov şəhadətindən sonra "Vətən
uğrunda" və "Suqovuşanın azad olunmasına
görə" medalları ilə təltif edilib.
***
Rəhim
Qədir oğlu Hüseynov 1984-cü il
iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə
Cəmşid Naxçıvanski adına hərbi
liseydə təhsil alıb. 2001-2005-ci illərdə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində ali hərbi təhsil alıb. 2005-2006-cı illərdə Silahlı qüvvələrin
təlim və tədris mərkəzində təhsilini
artırıb.
İngilis, rus, erməni dillərini öyrənib.
Mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin
tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə
götürdüyü öhdəliyi müvəffəqiyyətlə
yerinə yetirmiş Əməliyyat İmkanları
Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.
O, 2020-ci
ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli
Dəstək - qeyri-döyüş missiyasında Azərbaycan
sülhməramlı kontingentinin və eyni zamanda, Həmid
Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə
Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious
Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə
təltif olunan ilk və tək azərbaycanlı zabitdir.
Xidmət müddəti ərzində NATO təlimləri
və kursları çərçivəsində
dünyanın müxtəlif ölkələrində Azərbaycan
Silahlı Qüvvələrini layiqli şəkildə təmsil
edərək Azərbaycan bayrağını şərəflə
daşıyıb.
O,
müxtəlif illərdə nümunəvi xidmətinə
görə III dərəcəli "Qüsursuz xidmətə
görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin
90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı
Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan
Ordusunun 100 illiyi" yubiley medalı, "Əfqanıstanda
sülhməramlı missiyaya görə" medalına layiq
görülüb.
Azərbaycan
Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl
və Qubadlı rayonunun azadlığı uğrunda gedən
döyüşlərdə iştirak edib və oktyabrın
20-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına
şəhidlik zirvəsinə yüksəlib. II
Fəxri xiyabanda dəfn olunub.
Ailəli olan şəhidimizin Vətənə və
xalqa əmanət üç övladı qalıb.
Rəhim Hüseynov şəhadətindən
sonra "Qarabağ" ordeni, "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə" və "Qubadlının azad olunmasına
görə" medalları ilə təltif edilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 16 sentyabr.- S.14-15.