Güney ədəbi incilərinin nəfis
mücrüsü
ESMİRA
FUADIN HAZIRLADIĞI "GÜNÜMÜZÜN GÜNEY
ƏDƏBİYYATI ANTOLOGİYASI" HAQQINDA QEYDLƏR
Filologiya
elmləri doktoru Esmira Fuadın böyük zəhmət və
məhəbbətlə tərtib etdiyi və 2018-ci ildə
"Elm və Təhsil" nəşriyyatında çap
olunan "Günümüzün Güney ədəbiyyatı
Antologiyası" kitabını hər dəfə nəzərdən
keçirəndə gözlərimin önündə
1996-2001-ci illərdə diplomatik xidmətdə
çalışdığım İran, Güney Azərbaycan
və İranın demək olar ki, bütün əyalətlərində
sakin olan Azərbaycan türklərinin vətənpərvər
yaradıcı gəncləri canlanır. İndi onlar 20-25 il
yaşlanıblar, ədəbiyyatda öz sözlərini deyib,
öz izlərini salıblar. Esmira xanımın toplayıb tərtib
etdiyi, maraqlı ön söz yazdığı və təqdim
etdiyi şairlərinin hər birinin həyat,
yaradıcılıq yoluna dair məzmunlu məlumat verdiyi bu
poeziya toplusunun bundan əvvəlki bənzər antologiyalardan
köklü fərqi bundadır ki, min səhifəni aşan
bu poeziya toplusunda yer alan şairlərimizin
əksəriyyəti bizim canlı müasirlərimizdir, ədəbiyyata
XX əsrin sonlarında gələn istedadlı, tamamilə
yeni təfəkkürlü ədəbi nəslin nümayəndələridir.
O zamanlar bu gənclərin bir çoxunu ya şəxsən
tanıyırdım, ya da yaradıcılıqlarına bələd
idim.
1979-cu
ilin fevralında İranda 54 illik qondarma "Pəhləvi"
şahlıq rejiminə son qoyulandan sonra ölkədə nəhayət
demokratik azadlıqların başlanacağına ümidlənən,
ölkədə mütərəqqi ideya - əməli fəaliyyətlərin
təşkilatçısı və fəal
iştirakçısı olan Azərbaycan türkləri
içərisində illərlə qəfəsə
salınmış quşlar kimi pərvazlana bilməyən
yaradıcılıq eşqi coşqun ümid və həyəcanla
təlatümə gəlmişdi.
1979-cu ildə
dünya şöhrətli alim, cərrah və bundan da ziyadə
dilçi-ədəbiyyatşünas, böyük azərbaycanşünas
doktor Cavad Heyətin (1925-2014) təsis etdiyi "Varlıq"
jurnalı ilə yanaşı, onlarla ədəbi-bədii nəşrlər
meydana çıxdı, xüsusilə, gənc şairlər
üçün geniş meydan açılmış oldu.
Lakin geniş xalq hərəkatının qələbəsi
ilə hakimiyyətə gələn tərəqqipərvər,
islahatçı və yenilikçi qüvvələrin,
görkəmli şəxsiyyətlərin, demək olar ki,
hamısı ilk bir neçə il ərzində
hakimiyyətdən uzaqlaşdırıldı, ya da həyatdan
qoparıldı, radikal ruhanilərin şəriksiz hakimiyyət
illəri başladı. Səkkiz il davam edən
İran-İraq müharibəsi də ölkədə azadlığa
susamış, ölkə əhalisinin üçdə birindən
çoxunu təşkil edən Azərbaycan türklərinə,
islam inqilabının lokomotivi olan bu böyük və qəhrəman
xalqa təbii insani haqları verməmək üçün
daha bir bəhanə oldu. Halbuki o illərdə
(1981-1988) İran İslam Respublikasının prezidenti də
(Əli Xameneyi - indiki Ali Rəhbər), Baş naziri də
(Mirhüseyn Musəvi) Azərbaycan türkü idilər.
İslam inqilabının rəhbəri Ayətullah
Xomeyni olsa da, o illərdə dövlətin və ordunun
aparıcı qüvvələri hələ Azərbaycan
türklərindən ibarət idi. Təəssüf
ki, bir sıra istedadlı və cəsarətli gənclər
təqiblərə və həbslərə məruz
qaldılar, ölkəni tərk edənlər çox oldu.
Amma Güney Azərbaycanda milli ruhlu ədəbi
hərəkat dayanmadı, bu ya digər şəkildə davam
etdi və indi də davam etməkdədir.
Ayrıca
vurğulanmalıdır ki, 1980-ci illərin əvvəllərindən
vüsət alan ana dilli (Azərbaycan
türkcəsi) ədəbiyyat, xüsusən, poeziya
günümüzədək keşməkeşli olsa da, şərəfli
yol keçib. Esmira Fuad bu prosesi kitaba ön sözündə
mükəmməl şəkildə ifadə edir: "Azərbaycan
türklərinin yaşadıqları əzəli-əbədi,
ata-baba yurdlarında ana dilində - doğma türkcədə
nə məktəbləri, nə dərs kitabları, nə
ilk, orta və ali təhsil imkanları, nə
də iş yerləri olub. Yad dildə danışan, bu dildə
oxuyub bütün iş həyatını quran qələm
adamlarının bu möhtəşəmlikdə ədəbiyyat
yaratmaları, bircə kəlmə ilə desəm, əsl
möcüzədir!!!"
Antologiyaya
tərtibçinin daxil etdiyi 114 şairin şeirin ən
müxtəlif növlərində, forma və
üslublarında yazdıqları şeirləri Arazın o
tayında soydaşlarımızın necə böyük vətənpərvərlik
hisslərinə, Azərbaycan sevgisinə və bu ülvi
sevginin sərhədsiz, intəhasız və əbədi
olduğuna şahidlik edir. Eyni zamanda, bu şeirlərin dərin
ictimai-siyasi məzmunu, Azərbaycan fəlsəfi fikrinin zəngin
ənənələrindən qaynaqlanan dərin təfəkkür,
ölkədə, dünyada, ümumən bəşəriyyətdə
gedən proseslərə şair münasibəti tarixi Vətənin
vaxtilə bölünmüş bu böyük qismində Azərbaycan-türk
ruhunun necə canlı və mübariz olduğunu
nümayiş etdirir. Məsələn, 1979-cu ildə Əhərdə
doğulmuş, Təbrizdə təhsil almış, psixoloq,
jurnalist, şairə xanım Məlihə Əzizpur
"İçinizdə hər an ad dəyişdirən
mikroblar!" şeirində yazır:
Bu bizik,
Tarix
yaşlı TÜRK!
Əsrlərin
çərçivəsinə sığmayan ƏR
Dustaqlara
yerləşməyən NƏR!
...Bu,
bizik!
TÜRK
oğlu TÜRK!
Oğuz
xaqan, Alp Ər Tunqa, Tomris,
Atilla, Babək,
Atatürk!
Elmi-ədəbi yaradıcılığında Bəxtiyar
və Şəhriyar sevgisini qəlbindən qopan
hissiyyatları ilə bir sıra maraqlı tədqiqat işlərini
oxucularımıza təqdim etmiş Esmira xanım Güney ədəbiyyatımızı
təmsil edən şairləri seçərkən
görünür vətən-millət şeirlərinə
üstünlük verib. Əlbəttə, bu şeirlərdə Vətən
dərdi, Azərbaycanın 30 illik Qarabağ yarası
qırmızı xətlə keçsə də, ümumbəşəri
mövzular, insanlığın dərdləri də dilləndirilir.
Bu möhtəşəm toplunun ilk şeirləri
1960-cı ildə Xiyav (indi Meşkinşəhr) şəhərində
doğulmuş Nigar Xiyaviyə məxsusdur. Şeirlərin təqdimatında
Esmira Fuad şair və şairlərin doğum tarixləri
üzrə xronoloji düzümü əsas
götürüb, yəni onların ən
"qocaman"ı elə "Azərbaycan
qızıyam" deyən 1960-cı il
doğumlu Nigar xanımdır. Nigar xanımın
"Buraxın yaşayım" şeirində deyilir:
Ürək
çırpıntılı bir quş yuvası
Başım fırtına meydanı, yanğı dəryası.
Buraxın
yaşayım, bu qara nəfəsi
Yorğun-yorğun
tövşəyim,
Boynuma qoyulan həyat payımı.
Buraxın eşidim.
İçimdə
boğulan hay-harayımı
Buraxın...
Rəsul
Qədiri (Təbrizdən) "Ağlama, gözəlim"
şeirində görün xalqın və Urmu
gölünün faciəsini necə vəhdətdə
anladır:
Sil gözlərini,
Ağlama
gözəlim,
"Urmu
gölü"nü boş ver, məni də,
Qoy
sevincini görə bilməyənlərin
göz
yaşı doldursun gölü.
Mən qəhqəhənə vurğunam.
Ağlama,
Dünyaya yazığın gəlmirmi heç?!
Ağlarsan
dünyanı sellər aparar...
Esmira xanımın Antologiyaya daxil etdiyi müəlliflərin
əksəriyyətinin poeziyasında Qarabağ dərdi, Təbriz,
Bakı, Araz mövzusu Vətən və Ana dili harayı ilə
eyni ahəngdə vurğulanır, bir ürək kimi
döyünür. Diqqətəlayiqdir ki, bu şeirlərin
hamısında nisgillə yanaşı, qurtuluş və
birliyə ümid də yer alır. Umud Zəncanlı
yazır:
...Qarabağdan
xəbərsizik,
Ayrılıqdan
yanan bizik,
Bakı,
Şəki, biz Təbrizik,
Ana Vətən sinə dağlar.
Ay ilk
bahar ağlar, gülər,
Xocalıdan
xəbər gələr,
Ağdam,
Laçın bayram eylər,
Xalq yurduna dönə dağlar.
...Ümid
gedər Xankəndinə,
Daşnak
düşə kəməndinə,
Bir-bir
çəkə öz bəndinə,
Şuşa çıxa günə dağlar.
Yaxud:
Qarabağ
bizimdir, bizim olacaq,
Can verərik
yolunda, yada vermərik.
Pozarıq
zalımlar yazan yazını,
Torpağın
yel, tufan, bada vermərik...
Hələ
bir neçə il əvvəl Muğandan
(indiki qondarma adı Parsabad) Mircamal İncik gələcək
qələbənin müjdəsini verirdi:
Səsləndi
"Heyratı", "Cəngi", "Koroğlu",
Üz
tutub igidlər cəbhəyə doğru,
Titrəyir
qorxudan qəsbkar ordu
Göstərib
ordumuz şan, Qarabağda!
...Arzumdur
elə ki, basıldı yağı,
Ucaldı
Şuşada vətən bayrağı,
Görəydim
yuxudan ayılan çağı,
Sökülmüş
bu səhər dan, Qarabağda!
Səid
Muğanlı "Adım həyəcandır" şeirində
deyir:
Bülbülün
nəğməsiyəm,
Xanın səsiyəm.
Tarix məndə
nəfəs alıb verir
Azığ
mağarasında,
Türkün
qızıl kitabıyam...
"Qarabağ
şikəstəsi"ndə
hay-hay
ağlayan dilsiz çənəyəm
Quzu tək
mələyən
Qarabağam, qarabaxtam.
Kəleybərdə doğulmuş, hazırda Təbrizdə
yaşayan Fərman Mövlan da bir çox həmməsləkləri
kimi yaradıcılıqla yanaşı, ictimai-mədəni fəaliyyətləri
ilə, vətənpərvər ziyalı mövqeyi ilə
diqqəti cəlb edir.
Yad əllərdə
qalan Vətən,
Çiçəkləri
solan Vətən,
Ölsün
anan, ölsün bacın,
Ölsün
mən tək balan Vətən!
- deyən şair Vətəni tərifləyib,
onun şərəfinə badələr qaldırıb, amma
onun üçün bircə daşı da daş
üstünə qoymayanları məzəmmət edir. Təəssüf ki, bu da acı həqiqətdir, həm
o tayda, həm bu tayda.
Topluda şairə xanımların şeirləri öz
həssas və qeyri-standart məzmun və formaları ilə
daha xarakterikdirlər. Görünür ki, Esmira xanım da
seçimində ülvi qadın duyğularının
özünəmxsus şəkildə ifadə olunduğu
şeir nümunələrinə üstünlük
vermişdir. Məsələn, 1978-ci ildə Təbrizdə
doğulmuş Vida Heşməti yazır:
Bu gecə
Bayat
sevginin bayatılarını
Gözlərimin
çayında üzdürəcəyəm...
Bu gecə
Qoxunu ciyərlərimə
çəkib,
Qaytarmayacağam.
Bu gecə
Yalnızlığımı
ayın hilalından
Asacağam...
Meşkində doğulmuş İbrahim Savalan şairliyi
ilə yanaşı, geniş ictimai-siyasi fəaliyyəti ilə
diqqəti çəkir. Dəfələrlə həbslərə, təqiblərə
məruz qalan, lakin yenə şeirlərində millət
savaşını davam etdirən şair yazır:
Qızım,
mən sənə
Nə
mahnı öyrədəcəyəm,
Nə yad
dildə surud
(himn marş anlamında - E.M.)
Nə də
Quran...
Get, hər
nəyə inanırsan, inan.
Topluda
şeirləri yer alan istedadlı müəlliflərdən
biri də Quzey Azərbaycanda yaxşı tanınan, hazırda
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan
Ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruzdur.
Onun "Vətən boyda nisgil"ni həyəcansız
oxumaq olmur:
Məni
dindirmə ki, diləm başabaş,
Vətənim boyda nisgiləm başabaş.
Babəkəm
ki, kəsilmiş əl-ayağım,
Mən
Araz boyda məftiləm, başabaş...
Mən
şəhidlər məzarının özüyəm,
Qəbir üstə qərənfiləm, başabaş.
Baxmayın
daldalanmışam özümə,
Susmuşam, yoxsa bülbüləm başabaş.
Qaradağlı
Əli Qayıb vətən, yurd, ana dili mövzusunu belə qələmə
alır:
Mən necə yazmayım ana dilimdən?
Parça-parça
olan obam, elimdən...
Mən necə yazmayım Qaradağımdan?
Bağrımda
sızlayan yara dağımdan,
Ələsgər
ocağı Qarabağımdan,
Erməni
bayrağı üstündə əsir,
Hələ də yadların əlində əsir.
1985-ci ildə
Zəncanda doğulmuş xanım Nəsim Cəfəri
yaralı vətən dərdini belə ifadə edir:
Ürəyim
sınıq bir küzə,
Gözlərim
İsa
bulağı...
Ondan bir
yaş kiçik olan Muğanlı Şəlalə
Cavanşir "Topnaq altında qalan dilimiz" şeirində
İranda onmilyonlarla türkün adından deyir:
Sən
ölmədin, mənim Türkcəm!
Sən
yaşayırsan bağrımızda,
Sən
yaşayacaqsan ağlımızda,
Sənin
üçün, yalnız sənin üçün
yaşayanlar var, Ana dilim!
Sən
bizim
gerçək qurtuluş bayrağımızsan, Türkcəm,
Qəlbimizdə
dalğalanan bayrağımızsan,
Bayrağımızsan!
Keçən
əsrin 90-cı illərindən tanıdığım,
Tehranda və Təbrizdə görüşdüyüm vətənpərvər
şair, müəllim, tədqiqatçı
"Mişov" mədəniyyət dərnəyinin,
"Mişov dağı" jurnalının qurucusu,
ardıcıl mədəni mübariz Aqşin Ağkəmərlinin
şeirlərini həyəcansız oxumaq olmur:
Vətən
Vətən! Səni ağladanlara güldüm.
Sənə
gülənlərə ağladım...
Səndən
olub da səni tanımayanlara
Həm
güldüm, həm də ağladım
Yaxud:
Şəhidlər
xiyabanı...
Əsarətin
sonu burdan keçir...
Azadlığın
- özgürlüyün
Yolu burdan keçir.
Bura şəhidlər xiyabanıdır.
Fəranək İpəyin incə, lirik sevgi şeirləri,
Süsən Rəzinin "Bir hekayədir Təbriz"i, Fəriba
Afaqın "Ana dilim", Səhər Xiyavinin "Azərin
iyirmi biri" şeirləri dərin ictimai məzmuna malikdir,
yalnız giley-güzar deyildir, əsl mübarizə
çağırışıdır.
Həmin illərdən ünsiyyətdə olduğum Sərabdan
Bəhruz İmaninin, Xoydan Həmid Şəhanəğinin
şeirlərini topluda oxumağım 1990-cı illərin
sonları və XX əsrin əvvəllərini yadıma
saldı.
İslam inqilabının ilk illərindəki kimi, 1997-ci ildə
Məhəmməd Xatəminin prezident seçilməsindən
sonra əsən mülayimləşmə yelləri, mətbuat
və nəşriyyat azadlıqlarına müəyyən qədər
yer verilməsi ölkədə, xüsusilə, Güney Azərbaycanda
azadfikirlilik ruporuna çevrilən onlarla qəzet-jurnalın nəşrinə
şərait yaratmışdı. O zaman Azərbaycan türkcəsində
yeni-yeni mətbu orqanlar, nəşrlər işə
başladı. Bir gün yaxından
tanıdığım professor Əli Daşqın
hazırladığı türkcə (azərbaycanca) - farsca
lüğətini mənə təqdim etdi, əlbəttə
onun və dəyərli məsləkdaşlarının milli
fəaliyyətlərini izlədiyimi söyləyib daha da ruh
verdim. İndi Esmira xanımın məhəbbətlə
hazırladığı və mənim sevə-sevə
oxuduğum bu qiymətli topluda Əli Daşqının iki
qızının: Maral Təbrizinin (1987) və Çiçək
Ağbulutun (1991) dərin məzmunlu şeirlərini görəndə
çox sevindim. Ot kökü üstə
bitər. Əli Daşqın ocağı ətrafa
azərbaycan sevgisi, türklük eşqi, vətən
sevdası yaymağa davam edir. Görün Maral nə
yazır:
Mən
türkəm,
Gözüm
qartal gözünə bənzər
Ürəyim
bozqurdun cəsarətinə...
Mən
türkəm,
Baxışım
Saramın sevgi yağmuru,
Yolum
Arazımın dalğalı seli...
Mən
türkəm,
Sevməyi
də, bilirəm,
Sevilməyi
də...
Adım
şanlı bayrağım,
Soyadım
bağrıma qazılmış
səsli
harayım...
Mən
türkəm,
Adımdan
bəlli deyilmi zatən...
Yaxud
Çiçəyin dediyi:
Bu
dağ, bu daş mənə yetməz,
bir
ölkə xəstəsiyəm,
Qopuzda can
tapan insan,
tarın
da bəstəsiyəm.
Çalar
könül məni tel-tel,
sızıldar iç kamanım,
Şikəstənin Qarabağda
həzin şikəstəsiyəm!..
Topludakı şeirlərin əksəriyyəti, Esmira Fuadın haqlı vurğuladığı kimi, böyük Dirəniş ədəbiyyatının parlaq nümunələridir. Buradakı şeirləri toplanan şair və şairələrin bir qismi Vətəndən kənarda, bəziləri Azərbaycan Respublikasında yaşayıb-yaratmalı olublar. Çoxları Güney Azərbaycanda, yaxud İranın müxtəlif şəhərlərində yaşayıb yaradıcı fəaliyyətlə məşğuldurlar. Buna baxmayaraq, bu şairlərin hər biri bir mayakdır, bir işıqdır, bir çağırışdır, tarixi Vətənə, doğma elə, xalqa xidmət nümunəsidir. Milli kimlik, milli qürur, Güneyli-Quzeyli Azərbaycan eşqi onların yaradıcılığının əsas qayəsidir.
Qadağanlar və senzura şəraitində
böyük ideyaları qısa, poetik kodlarla təqdim edə
bilmək, tariximizdəki azadlıq hərəkatlarının,
dövlətçilik ənənələrinin, qəhrəmanlıq
nümunələrinin, türklük və
turançılıq məfkurəsinin bu seçmə
şeirlərdə necə məharətlə
ifadə edildiyini görmək iftixar doğurur.
Şükürlər olsun ki, həm bu tayın, həm də
o tayın Qarabağ dərdini Ali Baş
Komandanımızın rəhbərliyi ilə şanlı
ordumuz artıq geridə qoydu. Əminəm ki, bu şanlı qələbəmiz
Güneydəki yazarlarımızın ilhamını
daha da qanadlandıracaq və yeni-yeni Azərbaycan şeirləri
doğulacaq.
Eynulla
MƏDƏTLİ
AMEA
Fəlsəfə institutunun elmi işlər üzrə
direktor müavini, tarix elmləri doktoru, fövqəladə və
səlahiyyətli səfir
525-ci qəzet.- 2021.- 16 sentyabr.- S.12-13.