Oğuz, türk-şumer dünyagörüşünün
novator tədqiqatçısı
RAZİM ƏLİYEV - 70
"Zəngəzur"
Cəmiyyətləri Birliyinin sədri
Razim
Əliyev "Oğuz -
dünyanı dərk etmək açarıdır", "Məxfilik
qrifi, yaxud mif, fəlsəfə, din və dil
düyünü", "Türk-şumer
dünyagörüşü və dil" kitabları və
onlarla elmi məqaləsi ilə bir çox yeni elmi yanaşma,
konsepsiyanın əsasını qoyub və qəbul edilən
kəşf, tapıntılara imza atıb. İlkin
Başlanğıc, Vahid, Mütləq, İşıq-Nur,
Antik-Arxaik Dünya, Şumer-Türk Etnogenezi, Zaman, Mif, Dil
haqqında dünyada mövcud və hakim olan bir çox
konsepsiyalara dair cəsarətli, məntiqli, dəlil-sübutlu
və bir çox hallarda həm də geniş spektrli
mübahisələrə yol açan araşdırmaları
onu elmi ictimaiyyətə yaxşı tanıdıb.
Fəlsəfə
elmləri doktorları Ağayar Şükürov və Tahirə
Allahyarova son kitabına ön sözdə yazır: "Razim
Əliyev dini-mifoloji təfəkkür tərzinin yeni -
"İnikas" prinsipini irəli sürmüş və əsaslandırmışdır.
Bunu çox maraqlı "güzgü"
fenomeni ilə əlaqələndirərək maraqlı təhlillər
aparmış, ilkin başlanğıca dair metafizik
anlayışlar müstəvisini zənginləşdirmişdir.
"İlkin səbəb" arqumentini
özünəməxsus şərh edən R.Əliyevin qənaətləri
ən müasir elmi müddəalarla səsləşir.
...Onun elmi tədqiqatçılara az
müyəssər olan bir vəzifənin öhdəsindən
gələrək humanitar (dil və fəlsəfə)
problematikası ilə metodoloji problematikanı vəhdətdə
təhlil etməyə nail olmuşdur. Ən
böyük xidməti dilin inkişaf qanunauyğunluqları
sahəsində mövcud stereotip çərçivə və
baxışları laxladan şübhəni
doğurmasıdır".
Şübhədən sonra axtarışlar,
tapıntılar, həqiqətlər, nəticələr gəlir. Artıq
Türkiyə və Azərbaycanda bir çox gənc tədqiqatçı
bu yöndə "mövcud stereotip çərçivə
və baxışları laxladan" elmi axtarış,
araşdırmalar aparmaqdadır. S.Kramer "Tarix
şumerdən başlayır" əsəri ilə
başlatdığı "yeni gələcəyin deyil, yeni
keçmişin" (Yaşar Qarayev) sirlərini
açanlardan biri R.Əliyevdir: "güzgü elm",
"güzgü-əks-inikas",
"güzgü simmetriyası" - ona elmin yeni
qatlarında orijinal, özünəxas kəşflər etməyə
açar verib. Mingəçevirdən tapılan qədim alban
yazılı abidəsini ilk dəfə oxuyan Razim müəllim
olmuşdu və yadımdadır ki, bu barədə AzərTAc
xəttilə müxtəlif dillərdə yayılan
informasiya, şərhdən sonra yaxın-uzaq ölkələrdən xeyli alim, araşdırmaçı
onun axtarışına çıxmışdı.
Yazıçılar
Birliyində kitabının təqdimatında
çoxsaylı, həm də əvvəlcə inamsız,
çaşdırıcı sual yağışlarını
cavablandıran Razim Əliyevin dərin məntiqi, mürəkkəb
görünən dərinlikləri əyani, sadə şəkildə
tabloda şərh etməyi unikal mənzərə idi.
Yutubda, teleradioda çoxsaylı
çıxışları ona şöhrət
qazandırıb. İnternet resurslarda çox sayda çıxış,
müsahibələri və dinləyənləri var. Bir
neçə dəfə Prezident yanında Bilik Fondu xəttilə
tarix, dil, ədəbiyyat müəllimləri
üçün mühazirələrini təşkil
etmişdik, hər dəfə heyranlıqla dinlənildiyinin
şahidi olurduq. Razim Əliyev ixtisasca fizikdir,
görünür təbiət, cəmiyyət, dil, tarix, zaman,
məkan əlaqəsinin ümumi, mütləq (və
qeyri-mütləq) prinsiplərini dərk etmək
üçün kainatın fiziki qanunlarını bilmək
işıq, açar rolu oynaya bilir.
"Sirli
Bakı - qədim İçərişəhər"
adlı məqalələr silsiləsi "Mədəniyyət
və İncəsənət" qəzetində ən çox
oxunan materiallardan idi. Kitablarında Atropatena, Alban, Azərbaycan
terminlərinin şərhi, şumerlər, etrusklar, mifologiya,
dünyanın dərki haqqında məqalələri
böyük elmi araşdırmalara yol aça bilən nəzəri
fikirlərlə doludur. Elmi, mədəni, mənəvi irsimizin
indiyədək dərk olunmamış, qaranlıq qalan, ya da qəsdən
düyünə, dolaşığa salınan, az işlənən,
çoxlarının baş vurmağa çəkindiyi sahələrdə
Razim müəllim cəsarətlə elmi araşdırmalar
aparır, şüurun, dünyanı dərkin dərin
qatlarına işıq salmağa cəsarətli metod, vasitə,
yanaşmalar ortaya qoyur, gənc tədqiqatçılara mayak,
örnək ola bilir. R.Əliyev Türkiyədə
bir neçə beynəlxalq konfransda
çıxışı ilə qardaş ölkədə
diqqət çəkib, dəvətlərin arası kəsilmir.
Azərbaycanda elmi, alimlik dərəcəsi almaq
üçün süni, lazımsız, çətin
keçilən baryerlər olmasaydı, yaxud kənarda
yaşayıb işləsəydi, elə
çıxışlarına, nəşr olunmuş
kitablarına görə Razim Əliyev çoxdan professor,
doktor olmuşdu.
Bu yubiley yazısında elmi dəyərləndirmələrdən
ayrılıb qayıdıram yubilyarımızın şəxsi,
fərdi kimlik tanıtımına. Qubadlıda Razim
Əliyevin qibtə ediləsi hörməti, nüfuzu var. Tale
həm də ona bu imkanı qazanmağı, özünü təqdim
etməyi nəsib edib. Sovetin diri vaxtında 30
yaşı olmamış rayon partiya komitəsinin 2-ci
katibi, ardınca da rayon İcra Hakimiyyəti
başçısının müavini vəzifələrində
işləyib. 33 illik dövlət qulluğundan
sonra təqaüd yaşına çatan günü, əvvəlcədən
də elan etdiyi kimi, ərizəsini qoyub pensiyaçı
ömrünü yaşamağa başlayıb. Prezident Sərəncamı
ilə "Dövlət qulluğunda fərqlənməyə
görə" medalı ilə təltif edilib, başqa təltifləri
də var. Ancaq rayon rəhbərliyi, ağsaqqallar təqaüdə
çıxandan sonra da onu rahat buraxmayıblar, gərəkli adam olduğunu bilib Rayon Ağsaqqallar
Şurasına sədr seçiblər. Yəni
bu gün də görünən yerdədir.
Razim müəllim savadlı, düşüncəli
olmaqdan qabaq əxlaqlı, sadə, mehriban, pislikdən uzaq,
ancaq yaxşı demək, yaxşılıq etmək
üçün yaranmış xeyirli el-oba adamıdır. Yaddaşıma
gələnlərdən; Qubadlının idman komandası
Rusiyaya dəvət almışdı. Əliyar
Əliyevin, "Məhsul" cəmiyyətinin pulu yox idi
aparmağa. Razim müəllim cibinin 2 min manatını verdi - təmənnasız. Sonralar
bildik bunu. 90-cı il yanvarın 21-də partbiletlərin
yandırılması mitinqində ağıllı
çıxışı, ermənilərin Yazı
düzündən Qarabağa koridor açmaq
üçün tank, vertolyotlu keçidinin
qarşısında ilk sırada raykomun 3 katibinin mərdanə
duruşu, rayonda fövqəladə vəziyyət rejimi qurmaq
barədə əmri icra etmək üçün gələn
rus hərbi dəstəsinin qarşısını almaq
üçün Sarıyataq dərəsində daş-qayalar
arxasında səngərlər
qurub atəş açmağa hazır dayanan yerli gənclərlə
apardığı danışıqlar, həbs olunanların
uzun siyahısını ləğv etmək üçün
rus komentdantlığı ilə mübahisələri,
respublikada ilk dəfə olaraq rayon partiya, sovet, milis dəstəsi
və xalq cəbhəsinin, yerli özünümüdafiə
dəstələrinin rəhbərlərindən ibarət
yaradılmış Rayonu Müdafiə Şurasının fəaliyyətinin
ən vacib istiqamətə - rayonun müdafiəsinə
yönəltmək üçün göstərdiyi səylər...heç
nə unudulmur, heç kim yaddan çıxmır. Feysbukda Razim Əliyevi "1 ¹-li Qubadlı"
yazırlar. Layiqdir, mənalıdır.
"Ziyalı xəstəliyi" Razim müəllimdən də
yan keçməyib, infarkt, açıq ürək əməliyyatından
tutmuş və s. Sağlam olun, Razim müəllim, sizin kimilərə
ehtiyacımız çoxdur!
Əmək fəaliyyətinə Qubadlının ən
böyük ümumtəhsil məktəbində müəllimliklə
başlayıb, dərs hissə müdiri olub, rayonun bu ən
çətin (bütün mənalarda) yeganə çoxminlik
kollektivində intizam, xoş, qaynar ab-hava yaratması ilə
tanınmışdı. Sözünün, elminin, əlinin
ağırlığı yaddaşlardadır. Neçə
nəfər tanıyıram ki, deyir Razim müəllim fizika fənnini
o qədər poetik, şairanə tədris edib sevdirirdi ki, humanitardan
döndüm oldum fizik.
Razim müəllimin savadı, ziyalılığı,
müəllimliyi, idarəçilik qabiliyyəti, elmi kəşfləri
ona həm də irsən keçib, yəni su gələn arxa
bir də gələr. Atası Yusif müəllim, anası Şamama müəllimə
sayılan ziyalılar,
müəllimlər müəllimi olublar.
Dayısı İliç Kərimov uzun illər rayon milis idarəsinin
rəisi olmuşdu, oğru, cinayətkarın da onun "de sən
öl"ünə düzgün cavab verməkdən
başqa yolu qalmırdı.
Babası
Nuşirəvan Kərimov XX əsrin əvvəllərində
Azərbaycanda maarifçilik ideyalarının
yayılmasında önəmli rol oynayan "Molla Nəsrəddin"
jurnalının "İstot" imzalı daimi
yazarlarından idi. Satirik şeirləri dillər
əzbəri olurdu, Zəngəzurun seçmə
ziyalılarından biri idi. Dədəsi
Molla Səfi də Zəngəzurun ağır taxtalı
kişilərindən biri olub. Yalnız
mollalıqla deyil, müəllimliklə də məşğul
olurmuş. N.Kərimov da babasının
yolunu davam etdirib. Şuşa Pedaqoji
Texnikumunu bitirdikdən sonra Qubadlıya qayıdaraq, öncə
öz kəndi Xocamsaxlıda ibtidai məktəb açıb.
Razim müəllimin böyük qardaşı, Sumqayıt
Dövlət Universitetinin sevilən və feysbukun ən
populyar maarifçi pedaqoqu, şair, professor Rafiq Yusifoğlunun
sözlərinə görə, babası Nuşirəvan
müəllim Sovet dövründə də evdə Quran oxuyar,
həm də öyrədərdi.
Sevimli
şairimiz Qasım Qasımzadə 1949-cu ildə
yazdığı bir şeirdə öz müəlliminə məhəbbətini
belə ifadə edib:
Nuşirəvan
müəllim öyrətdi bizə,
Yerlərin, göylərin neçə sirrini.
Qatdı
şərbət kimi o, dilimizə,
Vaqifin, Sabirin şeirlərini.
N.Kərimov pedaqoji fəaliyyətinə görə
Əməkdar müəllim adı ilə, Lenin ordeni,
Qırmızı Əmək Bayrağı, "Şərəf
nişanı" ordenləri və medallarla, müxtəlif fəxri
fərmanlarla təltif edilib. 1966-cı ildə vəfat
edib, qəbri Qubadlının Xocamsaxlı kəndindədir.
İndi nəcib insanın 28 il bizdən
incik qalan ruhu şaddır.
Razim
müəllimin əmisi Mirağa Əli oğlu Əliyev
fizika-riyaziyyat müəllimi olub, könüllü olaraq cəbhəyə
gedib, əfsanəvi 416-cı Taqanroq diviziyasının alay komissarı olub, "Qırmızı
Bayraq Ordeni" ilə təltif olunub. Azərbaycan
Pedaqoji İnstitutunda fəlsəfə elmləri namizədi
alimlik dərəcəsi alıb, partiya komitə katibi işləyib.
1948-ci ildən başlayaraq Qubadlı, Duvannı, İmişli
və Qasım İsmayılov rayon partiya komitələrində
I katib, Gəncə Vilayət Partiya Komitəsinin ikinci, sonra I
katib, 1954-cü ildən isə Azərbaycan KP MK-nın məsul
təşkilatçısı olub, təqaüdə
çıxandan ta 1973-cü ildə dünyasını dəyişənə
kimi APİ-də
dosent olub. Fəxri xiyabanda dəfn olunub. Bunlar xatırlanmalı kişilərdir.
Əsilli, köklü bir soyun layiqli, ləyaqətli
davamçısı olan Razim Yusif oğlu Əliyev nümunəvi
ailə başçısıdır. Yaddaşımdan bir yarpaq; 1993-cü
il avqustun son günüdür, hərbi hissələrimiz
yuxarıdan verilən əmrlə rayondan çıxıb,
Xanlıqda yerli camaatla erməni-rus hərbçiləri
arasında ağır ölüm-dirim döyüşü
gedir, biz Ermənistanla sərhəddən hücum gözləyirik,
bic erməni Hadrutdan keçib Cəbrayılın dağ kəndlərin
alıb enib gəlib Qubadlının
aşağısından yolu kəsib. Mən
də guya vəzifə borcumu yerinə yetirirəm, İcradan,
tərk edilmiş batalyonun ştabından Bakıya zəng
edirəm ki, ay qoymayın, Qubadlı əldən gedir.
Köçhaköç, qaçaqaçda, top-mərmi atəşləri
altında Razim müəllimin həyat yoldaşı -
mamaqızı İradə müəllimə piyada əlidolu
Qubadlı körpüsündən evlərinə gedir, narahat
sualıma cavabı yadımdadır: - Razim deyir ki, erməni qələt
eliyir...
Bir neçə gün əvvəl
Sumqayıtda bu cütlüyü yanaşı, mehriban, gülərüz
təbəssümlə gedən gördüm, əziz dostumun
belə ruhən gənc qalmasının nədənini
anladım. 70 yaşın mübarək, əziz Razim müəllim,
bundan sonra da sevənlərinlə, sevdiklərinlə
sağlam, uzun ömür yaşamanı Ulu Tanrıdan diləyirəm.
Növbəti yubileyini abad Qubadlımızda qeyd etmək arzusu
ilə.
Hacı
NƏRİMANOĞLU
525-ci qəzet.- 2021.- 16 sentyabr.- S.11.